Faktyoxla Lab. azərbaycanlı aktivistlərin, Vətəndaş Cəmiyyəti təmsilçilərinin və media nümayəndələrinin Şuşa-Xankəndi yolunda keçirdikləri aksiya haqda erməni və İran mediasının 13-15 dekabr tarixləri üçün monitorinqini aparıb. Diqqəti daha çox cəlb edən bəzi yazıları təqdim edirik.
lurer.com saytında gedən məqalədə İranın, azərbaycanlı eko-aktivistlərin, vətəndaş cəmiyyəti təmsilçilərinin Şuşa-Xankəndi yolunda keçirdikləri aksiyanı tamaşa adlandırdığı yazılıb. Həmin məqalədə deyilir ki, rəsmi Tehranın fikirlərini təqdim edən İranın “ParsToday” qəzeti Laçın dəhlizi ətrafında baş verənlər haqda belə yazır: “...Bakı Rusiya sülhməramlılarını zəif və qərəzli qüvvələr kimi təqdim etməyə, onların hərəkətlərini tənqid etməyə çalışır. Digər tərəfdən, Bakı Ankaranın Suriya və İraqdakı məqsədlərinə çata bilməyən türk hərbçilərini Qafqaz bölgəsinə köçürməyə çalışır. Beləliklə, Azərbaycan Rusiya sülhməramlılarını Türkiyə ordusunun əsgərləri ilə əvəz etməyə, yaxud təmas zonasında Rusiya-Türkiyə birgə mövcudluğuna nail olmağa çalışır. Lakin qeyd etmək lazımdır ki, NATO-nun fəal üzvü olan Türkiyə ordusunun mövcudluğu Qafqaz regionunda ciddi problemlər yaradacaq...”.
"İranın dövri nəşrinin bu qiymətləndirməsi əslində rəsmi Tehranın açıqlanmayan mövqeyini əks etdirir. Tehranın bu qorxusu başa düşüləndir, çünki sabah NATO üzvü olan Türkiyə ordusunun bölmələrinin bölgədə peyda olacağına zəmanət yoxdur. Qeyd edək ki, Azərbaycan, o cümlədən sözdə “Xəzər beşliyi” adlandırılan üzv dövlətlər çərçivəsində bir sıra sazişlər imzalayıb ki, bu sazişlərə əsasən yuxarıda qeyd olunan ölkələrdə xarici hərbi bazalar yaradıla bilməz. Ancaq son Qarabağ müharibəsinin nəticələri o müqavilələri də iflasa gətirib çıxara bilər. Hətta Azərbaycanda türkdilli dövlətlərin də vahid ordunun yaradılmasının əsasını qoya biləcəyindən danışmağa başlayıblar. Azərbaycanın bu istəkləri çox genişdir və Azərbaycan rəhbərliyi gündən-günə tədricən “Elçibəy”ə çevrilir. Elçibəyin başına gələnləri isə hamının xatırladığını düşünürük. Bu reallıqdır."- deyə məqalədə qeyd olunur.
İranlı deputat: Bakının Laçın dəhlizinin qarşısını almağa yönəlmiş hərəkətləri atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır.
Bakı hökumətinin Laçın dəhlizinin qarşısını almaq məqsədi daşıyan hərəkətləri Qarabağda atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır. Bu barədə İran parlamentinin üzvü Ara Şahverdyan özünün Twitter mikrobloqunda yazıb. “Bu dəhlizin qarşısını almaq və ələ keçirmək üçün istənilən hərəkət Qafqazda sönmüş yanğını yenidən alovlandıracaq kobud və təhlükəli fantaziyadır” (mənbə)
İranlı ekspert: “ekoloji fəallar” adı altında etiraz edənlər əslində hərbçilərdir
İran mediası yazır ki, Qafqaz məsələləri üzrə iranlı ekspert və analitik Ehsan Movəhedian Laçın dəhlizində yaranan vəziyyətlə bağlı danışıb və Azərbaycanın ermənilərə qarşı soyqırım törətmək istədiyini bildirib. O, qeyd edib ki, “ekoloji fəallar” adı altında etiraz edənlər əslində hərbçilərdir.
ILNA-ya açıqlama verən Ehsan Movəhhediyan bildirib ki, 12 dekabrda Bakı Respublikasının (Movəhhediyan Azərbaycan Respublikasını hər zaman belə adlandırır- red.) silahlı qüvvələri eko-aktivist adı ilə Laçın koridorunda Rusiya Sülhməramlıları ilə qarşı-qarşıya dayanıb aksiya keçiriblər. Bu koridor Ermənistanı Qarabağ regionu ilə birləşdirən yeganə yoldur. Qarabağ regionun əksər sakinləri ermənilərdir və onlar hazırda blokadadılar.
O fikirlərinə davam edərək deyib: Onların məqsədi soyqırım törətməkdir. Bu haqda Ermənsitan Baş naziri Nikol Paşinyan da fikir bildirib. N.Paşinyan azərbaycanlı hərbiçilərin məqsədinin Qarabağa daxil olub, orada soyqırımı törətmək olduğunu deyib. Əlbəttə, məqsəd tək bu deyil. Azərbaycanlılar Qarabağda olan dəyərləri 50 və 100 milyard olan 2 qızıl yatağnı ələ keçirmək istəyirlər. İlham Əliyev bu yataqların istismarı üçün Böyük Britaniya şirkıəti ilə müqavilə bağlayıb.
O, əlavə edib: Qızıl yataqlarının koridor üzərində olduğu üçün Bakı ordusu buranı zəbt edib, rus sülhməramlılarını sıxışdırıb çıxarmaq istəyir ki, Britaniya mütəxəssisləri bu yataqları rahat talaya bilsinlər. Bu hərəkətin əsas ilhamvericisi iqtisadi maraqlardır. Dünən (12 dekabrda) ora jurnalistlər gedib,daha sonra tanklar hərəkətə gəlib.
Qafqaz üzrə ekspert deyib: Dünən Putin Əliyevə zəng edib. Çünki situasiya olduqca kritikdir. Mümkündür ki, Qarabağda Bakının hərbi əməliyyatları başlasın. Ona görə də İran İslam Respublikası öz diplomatik təsir imkanalarını işə salmalı və hərbçilərimiz Bakının regionda yeni avantüralardan yayındırmalıdır. Bizə, KİV-ə isə Azərbnaycanın hərəkətlərini dəqiq xarakterizə edən məlumatlar yaymaq qalır. (mənbə)
Gevorq Papoyan iranlı həmkarına Laçın dəhlizinin bağlanması ilə bağlı məktub yazıb
15 dekabrda Ermənistan Respublikasının Milli Assambleyasının “Vətəndaş sazişi” fraksiyasının deputatı, maliyyə, kredit və büdcə məsələləri komitəsinin sədri Gevorq Papoyan məlumat verib ki, Parlamentin Ermənistan-İran dostluq qrupunun rəhbəri kimi o, İran parlamentindəki həmkarı Seyid Mehdi Fərşadana Azərbaycanın Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması və faktiki olaraq 120 minə yaxın insanı girov qoyması faktı ilə bağlı məktub göndərib. “Mən Azərbaycanın Dağlıq Qarabağı təbii qazla təmin edən kəməri bağladığına dair və 22 minə yaxın uşağı istilikdən və təhsil hüququndan məhrum edən anti-insani aktı da təqdim etdim”, - deputat Facebook səhifəsində yazıb. (mənbə)