İranın Rusiyaya Ukrayna ilə döyüşlərdə müxtəlif növ silahlar, o cümlədən pilotsuz uçuş aparatları, kamikadze dronlar verməsinə dair beynəlxalq səviyyədə irəli sürülən ittihamlar və bir sıra faktlar İranı yeni sanksiyalar təhlükəsi ilə üz-üzə qoyub. Rusiyanın Kiyev şəhərinə son raket hücumlarında İran dronlarından geniş istifadə olunmasına dair kəşfiyyat məlumatları, aşkar edilmiş silahların monitorinqi və digər əsaslı arqumentlər sanksiyalar üçün hüquqi əsaslar yaradıb. Ukrayna hökumətinin Kiyev şəhərinin və digər ərazilərin bombalanmasında İranın hərbi-sənaye kompleksinin iştirakına dair təqdim etdiyi materiallar isə İrana qarşı beynəlxalq sanksiya və embarqoların tətbiqini daha da aktuallaşdırıb. mənbə

İranın hərbi silahalarının Ukraynada istifadəsinə dair hansı faktlar mövcuddur?

Ukrayna Müdafiə Nazirliyi həmin hücumları İranın Təyyarə İstehsalat Sənayesi Şirkəti (HESA) tərəfindən buraxılan “Şahed-136” tipli kamikadze pilotsuz təyyarələrin həyata keçirdiyini açıqlayıb və uç PUA-nın zərərsizləşdirdiyinə dair kadrlar yayılıb



Həmçinin, Ukrayna ərazisində zərərsizləşdirilmiş İran istehsalı olan “Geran-2” (M412 Geran-2) PUA-larının qalıqları sosial mediada nümayiş olunub.  



Ukrayna Müdafiə Nazirliyi, həmçinin, İranın “Mohajer-6” PUA-larının döyüşlərdə iştirakına dair faktları təqdim edib. Ukrayna Silahlı Qüvvələri tərəfindən yayımlanan videoda pilotsuz təyyarənin kifayət qədər böyük fiziki ölçüyə malik olduğu göstərilir. 

Ukraynanın Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov deyib ki, İran Rusiyaya 1750 pilotsuz uçan aparatın ilk partiyasını təqdim etdikdən sonra Moskva daha çox sifariş verib. Təkcə son bir həftə ərzində İran istehsalı olan 100-dən çox özünü məhv edən (kamikaze) pilotsuz təyyarə elektrik stansiyalarına, kanalizasiya təmizləyici qurğulara, yaşayış binalarına, körpülərə və digər hədəflərə çırpılıb. mənbə

Ukrayna Müdafiə Nazirliyi və təhlükəsizlik orqanları Rusiya hərbi qüvvələrinin arsenalında İran istehsalı olan “Şahed-136”, “Mohajer-6”, “Geran-2” (M412 Geran-2) PUA-ları və “Fateh-110”, “Zolfaghar” (“Zülfüqar”) raketlərinin yer aldığını və hərbi-mülki infrastrukturlara zərbələr endirdiyini bildirir.

Xarici KİV-lər, o cümlədən nüfuzlu “Washington Post” nəşri də İrandan Rusiyaya silah dəstəyi göstərilməsini əks etdirən material dərc edib. Yüksək rütbəli dövlət rəsmisinə istinad edən qəzet bildirir ki, Tehrandan artan silah axını Rusiyanın kəskin silah itkilərini kompensasiya etməyə və Moskva ordusu üçün azalan dəqiq idarə olunan sursat ehtiyatını bərpa etməyə kömək edir. Bu məqsədlə İrandan Rusiyaya PUA-larla yanaşı, “Fateh-110” və “Zülfqar” raketlərinin yeni partiyasının tədarükü planlaşdırılır. mənbə

Avropa Birliyinin yüksək rütbəli məmurları avqust ayında Tehranın Rusiyaya tədarük etdiyi İran pilotsuz uçan aparatlarını, “Şahed” seriyasını və “Mohajer-6”nı müəyyən ediblər. Hər iki növün qalıqları son həftələrdə Ukrayna qüvvələri tərəfindən tapılıb, təhlil edilib və fotoşəkilləri çəkilib.

Ukrayna ilə müharibədə İranın kamikaze dronlarından istifadə etdiyini Rusiyanın rəsmi hərbi strukturları tərəfindən də etiraf olunub. Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai şuranın üzvü, Rusiya Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov faktı təsdiqləyib. O, TV-yə müsahibəsi zamanı canlı yayımda mikrofonun söndürülməsini unudaraq söhbət zamanı PUA-ların döyüşlərdə istifadə olunduğunu bildirib.

Bütün bu təkzibolunmaz faktlardan sonra Ukrayna Prezidenti Vladimir Zelenski Müdafiə və Xarici İşlər Nazirliklərinə İran istehsalı olan silahların Rusiyaya tədarükü ilə bağlı əldə edilmiş dəlilləri rəhbər tutaraq beynəlxalq hüquqa uyğun addım atılması və İrana qarşı müvafiq tədbirlərin görülməsi barədə tapşırıq verib. Həmin tapşırığa əsasən, sentyabrın 23-də İran İslam Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili Mənuçöhr Moradi Rusiyaya pilotsuz təyyarələrinin tədarükü ilə əlaqədar Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və səfir akkreditasiyasından məhrum edilib

ABŞ Dövlət Departamenti və Avropa İttifaqı da məsələyə sərt reaksiya verib. Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib ki, Böyük Britaniya və Fransa da İranın Rusiyaya pilotsuz təyyarələr verməsini BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin pozulması (2231 saylı qətnamə İran və İngiltərə, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ arasında Tehranın uranın zənginləşdirilməsi üzrə fəaliyyətini məhdudlaşdıran, İranın nüvə silahı inkişaf etdirməsini və embarqo qoyulmuş silahların satışını qadağan edən, digər hərbi qadağaları əks etdirən sazişdir) deməkdir. İran Rusiya-Ukrayna müharibəsində rusları pilotsuz uçuş aparatları və raketlərlə təmin etməklə Qərbin sanksiya tələblərinə qarşı çıxır. Departament bu səbəbdən İrana qarşı sanksiyaların genişləndirilməsi təşəbbüsü ilə çıxış edib.

Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Josep Borrell də “Şahed-136” pilotsuz uçan aparatları ilə bağlı “konkret sübut” əldə etdiklərini bəyan edərək İrana qarşı növbəti sanksiya paketinin anonsunu verib
Beləliklə, ABŞ və Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketində birgə qərarlarını qətiləşdirib və sənəd ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) və Dövlət Departamenti tərəfindən müzakirə olunmaqdadır. mənbə

Yeri gəlmişkən, bir neçə gün əvvək neft və neft-kimya məhsullarının satışı və daşınması ilə məşğul olan bir neçə İran şirkəti şübhəli daşınmalarada ittiham olunaraq ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisi tərəfindən cəzalandırılıb. OFAC İran neft və neft-kimya məhsullarının Cənubi və Şərqi Asiyada satışı ilə məşğul olan beynəlxalq şirkətlər şəbəkəsinə sanksiya tətbiq edib. Sanksiya paketində İranın neft və neft-kimya məhsullarını maliyyə köçürmələrini və daşınmasını qeyri-qanuni yollarla həyata keçirən və sanksiyalardan uzaqlaşmaq üçün müxtəlif “asan vasitlər”dən istifadə edən BƏƏ, Honq-Konq və Hindistana məxsus iranlı broker-şirkətlərin adı yer alıb. Onların sırasında “Triliance Petrochemical Co. Ltd”, “Fars Gulf Petrochemical Industry Co”, “Zhonggu Storage and Transportation Co. Ltd”, “WS Shipping Co. Ltd”, “Kimiya Pars Co”, “Tibalaji Petrochem Private Limited”, “Sierra Vista Trading Limited”, “Clara Shipping MMC” kimi tanınmış brokerlər vardır. mənbə

ABŞ-la yanaşı, Avropa Birliyi də (AB) İrana qarşı eyni xarakterli yeni sanksiyalar tətbiq edib. Sanksiyalarla bağlı açıqlama verən İsveçin xarici işlər naziri Ann Linde bildirib ki, AB öz etiraz hüququndan istifadə edərək mövcud addımı atıb, İranın ciddi insan haqları pozuntularına görə məsul olan şəxslərə və qurumlara qarşı yeni hədəflənmiş sanksiyalar qəbul edib”.

Bunlar, hələ yumşaq sanksiyalardır. İranın PUA və raket tədarüklərini davam etdirəcəyi təqdirdə ABŞ və AB-nin ən sərt sanksiyalarına məruz qalacağı gözlənilir. 

Bütün bunların fonunda ortaya başqa bir mənzərə də çıxır, İrana qarşı yeni sanksiyalar bilavasitə Ermənistanı da əhatə edə bilər, İrəvan son günlərdə aktiv şəkildə İranın oyunlarını oynayır. 
İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahyan İrəvanda həmkarı Ararat Mirzoyanla görüşdən sonra keçirdiyi brifinqdə bildirib ki, İran bölgədə “tarixi sərhədlər”də heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcək və “qırmızı xətləri”ni keçməyə imkan verməyəcək. Ermənistanı qorumaq üçün “bütün addımları atacağıq” deyən nazir dolayısı ilə hərbi dəstəyi də istisna etməyib.  mənbə

Fakt budur ki, İran hazırda Rusiya-Ukrayna müharibəsində meydandadır və Ukrayna şəhərlərini bombalayır. ABŞ və AB bunu açıq kənar müdaxilə hesab etməklə Tehrana qarşı növbəti cəzaları masaya qoyub. Belə vəziyyətdə isə İran Ermənistanla hərbi-texniki əməkdaşlığın qapısını açır, Ermənistan Ordusunu PUA və raketlərlə təmin etmək niyyətini bəyan edir. İranın ali dini lideri Ayətullah Xameneinin baş hərbi köməkçisi, general-mayor Yəhya Rəhim Səfəvi etiraf edib ki, İran pilotsuz təyyarələrinin alınması üçün Ermənistanın müraciətini təmin edəcək. Yəni, Ali dini lider səviyyəsində Ermənistanın silahlandırılmasına hazırlıq görülür.

Ancaq İran və Ermənistan unudurlar ki, qeyd edilən silahlar BMT və NATO səviyyəsində monitorinqə cəlb edilib və həmin hərbi vasitələrin tədarükünə görə, ağır sanksiyalarla üzləşmiş və qarşıdakı aylarda daha sarsıdıcı yeni sanksiyalarla cəzalanacağı istisna olunmayan İran bu addımlarının qarşılığında yaxın tərəfdaşı- Ermənistanı da odun içinə atır. Qərb “qırmızı xətti” keçmiş İranla yanaşı, silah bazarlığında ortaq olan dostlarını da bağışlamaq niyyətində deyil.