Son günlər sosial medianın Türkiyə seqmentində daha çox iranyönümlü hesablar vasitəsi ilə paylaşılan bir video diqqətimizi çəkdi. Video əslində bizə çoxdan tanışdır, harada şəkilməsi haqda hamının məlumatı var. Video Türkiyə ərazisində baş verən zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək gödəkçənin ciblərinə konfet və çərəz qoyulmasından bəhs edir. Həmin videonu isə tez- tez qardaş ölkənin Mərmərə bölgəsində dini konfranslar verən, İrana yaxınlığı ilə bilinən islamianaliz.com xəbər portalının yazarı Arif Özel adlı bir şəxs öz facebook səhifəsində paylaşıb və videonun üstünə isə “İrandan zəlzələdən zərərçəkənlər üçün göndərilən paltarlardan birinin cibindən çıxanlar” deyə bir qeyd yazıb.

Faktyoxla Lab. türkiyəli oxucuları üçün bu videonun mənbəyini, harda çəkildiyini yenidən analiz edib.

Araşdırmalarımız zamanı məlum oldu ki, sözügedən video müxtəlif teleqram kanallarında, sosial media hesablarında paylaşılıb. Maraqlısı budur ki, 8 fevral tarixində Türkiyənin nüfuzlu “Sabah” qəzetinin rəsmi facebook səhifəsi “Azerbaycanlı küçük çocuk depremzedeler için montunun cebine kuruyemiş doldurdu. Bapbalaca uşaqlar, qocaman ürəklər başlığı ilə paylaşıb. 

Azərbaycanda isə rəsmi televiziyalardan ilk olaraq “İctimai TV” 9 fevral 2023-cü il tarixində, saat 13:40- da facebook səhifəsində və youtube kanalında yayıb. 

Bu video sosial medianın Azərbaycan seqmentində böyük rezonans doğrumuş və istifadəçilər tərəfindən bir neçə min dəfə təkrar-təkrar paylaşılmışdır. 

Arif Özel isə həmin videonu “İTV”-nin rəsmi səhifəsində paylaşılandan yalnız iki gün sonra öz səhifəsində yayımlayıb. Yəni, 11 fevral günü Türkiyə vaxtı ilə saat 23:45-də.

Videoya diqqətlə baxsaq, görərik ki, video Bakıda, Tbilisi prospektindəki Heydər Əliyev adına İdman Kompleksində çəkilib. Bunu təsdiq edən hətta başqa fotolar və videolar da mövcuddur.

Videoda gödəkçəni gətirən xanımın Azərbaycan dilində danışdığını izah etməyə yəqin ki, ehtiyac yoxdur. Amma bu faktları bildiyi halda, Azərbaycan haqqında, onun rəhbərliyi haqqında ağlasığmaz iddialar səsləndirən, İranın Azərbaycanda agentura şəbəkəsini yerli-yersiz müdafiə edən, iranyönümlü təbliğatı az qala hər tvit, statusunda aparan, Türkiyədə baş verən zəlzələni bəhanə gətirərək İranı türk xalqının gözündə belə saxta metodlarla şirin göstərmək istəyən Arif Özel haqda qısa arayış verməyə ehtiyac var.

Əslində Arif Özelin psixoloji portretini çəkməkdənsə, onun Azərbaycanla bağlı iki statusuna baxmaq kifayət edir ki, haqqında ilkin fikir formalaşsın. 

 

Arif Özelin bu statusunu iranyönümlü hesablardan 12-si paylaşıb və onlardan biri də Özgür Aksadır.  Bu profil oxucularımızın yaxından tanıdığı “KudüsTV” adlı kanalın təsisçisi Nureddin Şirinə yaxın olan “Qüds Könüllüləri Dərnəyi”nə aiddir. Tehrana yaxınlığı ilə tanınan bu dərnək, dəfələrlə Xomeyninin və Türkiyə Respublikasının düşməni Şeyx Səidin anım günlərini xüsusi təmtəraqla qeyd etməsi ilə xatırlanır. (mənbə)              

Nəticə olaraq:

♦ Türkiyə ərazisində baş verən zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək gödəkçənin ciblərinə konfet və çərəz qoyulmasından bəhs edən videonun İrana heç bir aidiyyatı yoxdur.

♦ Həmin video Azərbaycanda çəkilib

♦ Arif Özelin bu videonu paylaşması zəlzələni bəhanə gətirərək İranı saxta metodlarla təbliğ etmək cəhdidir.

♦ Belə oğurluq paylaşım həm də məlumatın təhrif olunmasıdır.