Özünü gah jurnalist, gah da vəkil kimi təqdim edən, Türkiyədə doğulmuş, əslən Azərbaycan türkü olan Ziya Türkyılmaz bir neçə gün bundan öncə ölkəmizə qarşı düşmən mövqeyi ilə seçilən İranın “Səhər” telekanalında Azərbaycana qarşı fikirlər səsləndirib. İrana və ermənilərə sevgisi ilə seçilən Ziya Türkyılmazın belə çıxışları çox olub. Bu çıxışında da Z.Türkyılmaz həmişəki kimi klassik Tehran tezislərini səsləndirib və bildirib ki, çox yaxında İsrail dağılacaq və onunla münasibətləri olan ölkələrin alnında bu qara ləkə əbədi olaraq qalacaq. Kanalın efirindən doğma vətəni Türkiyəni belə İsraillə əməkdaşlıq etdiyinə görə hədələməkdən çəkinməyib və qeyd edib ki, Türkiyə də bu əməlinə görə cavab verəcək. Hətta bir az irəli gedərək ermənilərin bu regionun ən qədim xalqlarından olduğunu iddia etməkdən belə çəkinməyib.
Ziya Türkyılmaz müsahibəsində Azərbaycanın və İranın eyni soy-kökdən gəldiyinə dair absurd fikirlər səsləndirib və qeyd edib ki, Azərbaycan İrana qarşı olan düşmən mövqeyindən vaz keçməli, necə təhlükəli oyunun içində olduğunu anlamalıdır.
Türkyılmazın belə açıqlamaları yeni deyil. Misal üçün, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə olan hücum barəsində yalnız molla-fars rejiminin fikirlərini təkrarlayıb, olayın şəxsi məsələlərdən qaynaqlanan adi məişət hadisəsi kimi dəyərləndirib. Burada qeyd etməlyik ki, Türkyilmaz ailəsinə məxsus “rasthaber” saytı fars-molla rejiminin Avropadan türk dilində yayımlanan əsas təbliğatçısıdır. Bu sayt, son vaxtlar Azərbaycanı təhdid edən İrana məxsus agentura şəbəkəsi aşkarlanıb, ifşa edilməsindən ciddi narahat olduğunu açıq-aşkar sezdirir.
Bundan başqa, “rastxeber” 22 noyabr 2022-ci il tarixində Ermənistanın Tehrandakı yeni səfiri Arsen Avakyanın etimadnaməsini Tehran xarici işlər nazirinə təqdim etməsindən dərhal sonra “Tesnim Nyus”-a verdiyi eksklüziv müsahibəni dərhal tərcümə edərək yayıb.
Ermənistanın Tehrandakı səfirinin müsahibəsində iranlı jurnalistin 44 günlük müharibədən sonra İran – Ermənistan münasibətlərinin yeni mərhələsi ilə bağlı verdiyi suala səfir elə ilk cümləsindən diplomata yaraşmayacaq şəkildə yalan və böhtanla cavab verir. O, 2020-ci ildə Türkiyə ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində terror təşkilatlarından istifadə etməsi yalanını cəmiyyətə aşındırmağa çalışır. Faktyoxla Lab. olaraq dəfələrlə erməni-fars vahid tezisli dezinformasiyanı rədd edəcək arqumentlərlə yazılarla çıxış etmişik deyə, bu mövzuya toxunmyacağıq. Amma erməni səfirin “İslam İnqilabının Rəhbərinin (İmam Xamenei) də öz bəyanatlarında qeyd etdiyi Ermənistanla İran arasında minilliklərə malik sərhəd yolunun inkişafı hər iki tərəfin birgə səyi ilə mümkün ola bilər” cümləsi belə əslində İran – Ermənistan əlaqələrinin hansı çirkin məqsədlər zəminində inkişaf etdiyini qeyd etməliyik.
Bu müsahibədə diqqətimizi çəkən digər məqam da var. Həmin müsahibənin götürüldüyü otaqda divardan asılmış xəritənin ötürdüyü subliminal mesaj. Fotodan da görünür ki, İranın rəsmi xəbər agentliyinin müxbiri qonşu müsəlman dövlətinin ərazisini özününkiləşdirmiş bir dövlətin səfirindən belə təxribatçı xəritə mesajının fonunda müsahibə götürür. Ən azından diplomatik etika naminə xəritəyə etiraz etmək bir tərəfə, heç olmazsa yayılan fotolarda gizlədilməsinə cəhd etmək mümkün idi. Lakin biz bunları görmürük. Müsahibəni erməni səfir verir, Tehranın rəsmi xəbər agentliyi yayır, “rastxeber” isə dərhal tərcümə edərək yayır.
Bu və digər səbəblərdən Faktyoxla Lab. olaraq Almaniyada fəaliyyət göstərən rasthaber.com portalının necə İran-Ermənistan əməkdaşlığının tərkib hissəsinə çevrilməsinin səbəbini araşdırdıq.
Apardığımız araşdırmalar zamanı, Türkiyənin İğdır və Qars bölgələrindən Almaniyaya köçən soydaşlarımızın kompakt şəkildə məskunlaşdıqları “cəfəri məzhəbinə” bağlı olan məscidlər inşa etdiklərini müəyyənləşdirdik. Həmin məscidlərin ən böyüyü Berlin şəhərində “İmam Rza İslam Mərkəzi” (Islamisches Zentrum Imam Riza Berlin) adı altında fəaliyyət göstərən məsciddir ki, həmin məscid də uzun müddət İranın təsir dairəsində olan Kadir Akarasın sədri olduğu “Əhli - Beyt Alimlər Dərnəyinə” bağlı olub.
Daha sonra 2019-cu ildə məscidin imamı Sabahattin Türkyılmaz (Ziya Türkyılmazın qardaşı-red.) özünün facebook hesabından “Kövsərdən niyə ayrıldım?!” adlı bir yazı qələmə alaraq həmin qurumla əlaqələrini kəsdiyini elan edib.
İranda 1979-cu ildə baş verən inqilabın əsas lokomotivi sayılan “vilayəti – fəqih” saxta doktrinasının müdafiəçilərindən olan, Xameneyi ilə şəkil çəkdirib bunu fəxarətlə sosial mediada paylaşan Sabahattin Türkyılmaz “Kövsər Mədəniyyət Mərkəzi”ndən, yəni “Əhli – Beyt Alimlər Dərnəyi”ndən ayrılma səbəbini mədrəsə və məscid inşa etmək sistemindən uzaqlaşıb, şiələrin Türkiyədə universitet açmasının zamanının gəldiyi və bu yöndə addım atılması ilə bağlı verdiyi təkliflərə Dərnəyin xoş baxmaması ilə əlaqələndirmişdi.
“Vilayəti-fəqih” doktrinasındakı “Mehdini gözləmək” bəhsi ilə dəfələrlə xütbələr verən Türkyılmaz hər nə qədər dədə-babalarının Azərbaycandan gəldiyini iddia etsə də, Xomeyni doktrinasındakı milliyyətçiliyin rədd edilməsi səmtini böyük həvəslə izləyir, bu istiqamətində şövqlə çalışır. Türkyılmaz bir xütbəsində Xomeyninin, “2500 illik imperatorluğu yıxmışıq” deyəndə İran coğrafiyasında qurulan bütün imperatorluqların batil elan etdiyini deyir və “bəziləri İslamı İran üçün istəyirlər, ancaq mən İranı İslam üçün istəyirəm” şüarını əlində bayraq edərək onun milliyyətçi və məzhəbçi qüvvələrə lazım olan cavabı verdiyini dəfələrlə eşitdirib.
Son dövrlərdə soydaşlarımızın İranda haqlı olaraq öz hüquqlarını müdafiəyə qalxdıqlarını nəzərə alsaq, Türkyılmazın Xomeynidən sitat gətirərək: "Milliyyətçi olanlar bizim işimizə yaramaz. İslam milliyyətçilik ilə müxalifdir. Milliyyətçiliyin mənası budur: Biz milləti, milliyyəti istəyirik, amma İslamı istəmirik. O, (Şah) da mən əvvəlcə İranlı, sonra milliyyətçi, daha sonra müsəlmanam deyirdi. Bu İslam deyil." – şəklindəki açıqlamaları olan videosunu sosial şəbəkələrdə paylaşmasının özü belə onun kimin tərəfində dayandığının açıq-aşkar göstərir. Sünni-şiə qardaşlığından danışan Sabahattin Türkyılmaz nəyə görəsə kurasiyasında olan rasthaber.com internet portalı vasitəsi ilə 44 günlük Vətən müharibəsində Azərbaycana verdiyi dəstəkləri ilə seçilən Türkiyə cəfərilərinin lideri Səlahəddin Özgündüzə qarşı imza kampaniyası həyata keçirib.
Guya “fədakarlıqları və şəhadətləri ilə dövrün “zalım rəhbərlərinə” qarşı mübarizə cəbhəsini formalaşdırmağı bacaran, əslində isə İrana bağlı olan agentura şəbəkəsinin hüquqlarını müdafiə edən bu şəxs hətta Tale Bağırzadə və eyni zamanda Azərbaycanda İrana bağlı olan digər mollalarla bağlı çağırışlar edir, statuslarında və moizələrində Azərbaycanı hədələyərək ölkəmizdə hansısa təhlükələrin olacağı haqqında sərsəm fikirlər səsləndirir.
Araşdırmalarımız zamanı, Sabahattin Türkyılmazın imam-cüməsi olduğu məscidin İran xüsusi xidmət orqanlarının yaratdığı “Hizbullah” terror təşkilatı ilə sıx surətdə əlaqədə olduğunu Alman mediasında aşkar etdik. Bəlli olur ki, alman mediası dəfələrlə ölkədəki “Hizbullah” üzvlərinin, ilk növbədə Almaniyadakı məscid dərnəklərinə sıx bağlı olduqları, ianələr və üzvlük haqları hesabına maliyyələşdikləri barədə araşdırma yazılar yayıb. Alman kəşfiyyatının bəzi məlumatlarına görə, “Hizbullah”-ın bu ölkədəki şəbəkəsinin “Hamburq İslam Mərkəzi” (İH), Münsterdəki “İmam Mehdi Mərkəzi” və Bremendəki “Əl-Mustafa Camaatı” kimi tanınmış qurumlarla yanaşı, Türkyılmazın rəhbərlik etdiyi “İmam Rza məscidi” ilə də əlaqələri var.( istinad)
Bundan başqa, 9 yanvar 2020-ci ildə Berlində İmam Rza İslam Mərkəzinin, yəni Sabahattin Türkyılmazın təşkilatçılığı ilə “ABŞ tərəfindən öldürülən şəhidlər” adlı mərasim keçirilib ki, həmin mərasimdə iranlı general Qasım Süleymani və “Hizbullah”-ın briqada komandiri və “Həşd əl-Şaabi”-nin rəhbərinin müavini Əbu Mehdi Mühəndisini “şəhid” adlandırılıb.
Almaniyanın "Bild" qəzeti hadisəni "Bu inanılmazdır! Paytaxtımız Berlinin mərkəzində baş terrorçu şəhid olaraq anıldı" deyə təqdim edib. istinad
rasthaber.com saytının baş redaktoru, özünü hər yerdə hüquqşünas, ekspert, hətta bəzən də tarixçi kimi təqdim edən, tez-tez Tehran mediasında, xüsusən də “Səhər” telekanalının efirində görünən Ziya Türkyılmaz haqqında isə müəyyən edə bildiklərimiz bunlardır. Bəlli olur ki, molla rejiminə müxalif olan “İran Xalq Mücahidləri Təşkilatı”nın yüksək rütbəli şəxslərindən birinə qarşı Almaniyada həyata keçirdiyi sui-qəsddən sonra naməlum şəraitdə təyyarə ilə İrana qaçırılıb. Tehran universitetində hüquq təhsili alıb. Hazırda Türkiyədə QHT rəhbəri və sayt redaktoru kimi çalışır.
O, neçə illərdir Tehranın əsas xəbər agentliklərində, sayt və qəzetlərində Türkiyə və Azərbaycan əleyhinə danışır. Müsahibələrində Azərbaycan əleyhinə ifadələr işlədir və bildirir ki, Azərbaycan İranın daxili işlərinə qarışır, nahaqdır və İrandan üzr istəməlidir.
Z.Türkyılmaz “Səhər” kanalına dəvət olduğu bir verilişdə özü də dərk etmədən qarşı tərəfə gərgin anlar yaşadıb. O, aparıcının verdiyi sualdan özünü itirib, gah aparıcını, gah da öz dediklərini təkzib edib. Qəfildən İran konstitusiyasını açaraq 15-ci maddəni oxuması isə şok effekti yaradıb.
Həmin maddədə isə qeyd olunub ki, ölkənin rəsmi yazışma dili fars dilidir. Amma digər məhəlli dillərə də tədris və nəşrlərə icazə verilir. Lakin bu sözləri onun qətiyyən Cənubda yaşayan soydaşlarımızla bağlı dediyini düşünməyək. Türkiyədə doğulan, Azərbaycan türkü olmasına baxmayaraq, Ziya Türkyılmaz İranda yaşayan soydaşlarımızın öz dilində təhsil alması, media orqanları açması, ədəbiyyat dərc etməsi haqqının olduğunu bilsə də mövzunu görməzdən gəlir, əvəzində öz soydaşları haqda danışarkən “o xalq” ifadəsini işlədir.
Ziya Türkyılmaz 2020-ci ilin sonlarında, 44 günlük müharibə zəfərlə başa çatanda da eyni şəkildə, amma bu dəfə İranın “Şafakna” agentliyinə verdiyi müsahibədə Azərbaycan əleyhinə danışmış, bildirmişdi ki, İran daim Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, ancaq Azərbaycan isə belə demək mümkünsə hər zaman İrana xəyanət edib. istinad
Yenə də iranlı rəsmilərin illərdir dilə gətirməkdən yorulmadıqları yalanların təkrarı. Ziya Turkyılmaz deyir ki, İranın Ermənistana yardım etməsi ilə bağlı iddiaları pantürkistlərin iddialarıdır və Azərbaycan dövləti İrana qarşı o qədər "nankorluq" edib ki, axırda İran rəsmiləri məcbur qalıb Azərbaycana qarşı münasibətlərində ehtiyatlı davranmağa başlayıblar.
Zindanlarda məhv edilən, işgəncə görən, oxumağa məktəbi, danışmağa dili olmayan öz millətindən üz döndərən Ziya Türkyılmaz çəkinmədən iddia da edir ki, güya Azərbaycan prezidenti Qarabağ məsələsini önə sürərək iqtidarını davam etdirir, müxalifətə göz açdırmır. Tanış cümlələr deyil?! Daha əvvəl də ermənipərəst, ermənilərin Türkiyədəki media qurumlarında çalışmış Arzu Qeybullayeva da bənzər cümlələrlə çıxış edirdi:
“Bu müharibə açıq-aydın Əliyevin rəhbərliyini legitimləşdirmək üçün qalan yeganə kart idi. O, ömürlük prezident olacaq. Bəs bu bizi hara aparır?” mənbə
Göründüyü kimi, Ermənistanın İrana yeni təyin olunan səfirinin müsahibəsini dərc edən Türkyılmaz qardaşlarının idarə etdiyi “rasthaber” saytı həmişə Tehran yalan maşının xaricdən idarə olunan əsas vinti olub. Bu qardaşların Almaniyada və Türkiyədə aktiv şəkildə hərəkət edən İran agentura şəbəkəsinin bir qisminin məhz Azərbaycanla bağlı mənfi fikrə sahib olmasının səbəbkarına çevrilməsi faktdır. Bu 30 illik müddət ərzində Ermənistana yardım edən İranı hər şeyə rəğmən müdafiə etmələri, Azərbaycana qarşı aqressiv davranışları, Arzu Qeybullayeva kimi ermənipərəstlərlə eyni fikirləri səsləndirmələri onların hansı düşüncəyə xidmət etdiyini ortaya çıxarır.