Sosial şəbəkələrdə MHP lideri Dövlət Baxçalının Elazığda keçirilən mitinqdə prezident Rəcəb Tayyib Ərdoğanla bağlı tənqidi fikirlərini əks etdirən video yayılıb. İddia olunur ki, bu video yenidir.
Faktyoxla Lab. Türkiyə mənbələrinə istinadən faktı araşdırıb.
Araşdırma zamanı bəlli olur ki, Dövlət Baxçalının Rəcəb Tayyib Ərdoğanı tənqid edən çıxışı yeni deyil, köhnədir. “Google”da Baxçalının Elazığ mitinqlərini axtardıqda, ilk qarşılaşdığımız 2 iyun 2015-ci ildə keçirilən “Bizimlə Elazığ” mitinqi olur.
Videoda iddia edilən hissənin bu mitinqdən, Baxçalının çıxış etdiyi kürsüdə "Elazığda bizimlə gəzin" yazısının olduğu aydın olur.
MHP liderinin 2 iyun 2015-ci il tarixli görüşü “7 iyun” seçkiləri ilə bağlı olub. 2015-ci ildə isə indiki siyasi şəraitdən fərqli bir ab-hava var idi. İyunun 7-də keçirilən seçkilərdə Əhməd Davudoğlu AK Partiya başqanı idi və Prezident üsul-idarəsi hələ qəbul edilməmişdi. Buna uyğun olaraq, bugünkü seçki sistemində mühüm yer tutan ittifaqlar da qurulmamışdı.
Mitinq zamanı MHP müxalifətdə idi və 7 iyun seçkilərindən də parlamentdə ən çox yer alan üçüncü partiya olaraq çıxdı.
15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra Prezident idarəetmə sisteminə keçid başladı. Bu tarixdən etibarən MHP yeni hökumət sistemini dəstəklədi və AK Partiya ilə birlikdə “Xalq Alyansı”nı qurdu. Bu iki partiya 2018-ci il seçkilərinə birlikdə qatıldığı kimi, 2023-cü il seçkilərinə də birlikdə qatılacaq.
“Xalq Alyansı” 2023-cü il ümumi seçkiləri öncəsi yeni partiyaların iştirakı ilə daha geniş bir quruluşa sahib oldu. Yeni qoşulan BBP və RP öz siyahılarından namizədlər irəli sürəcəklərini açıqladıqdan sonra 28 martda Dövlət Baxçalı da tvit ataraq partiyasının parlament seçkilərinə alyansın vahid siyahısı ilə deyil, öz namizədləri ilə girəcəyini bildirdi. Məhz bu tvit “Xalq Alyansı”nda problem olub-olmaması ilə bağlı müzakirələri gündəmə gətirdi.
Paylaşımdakı tvit də bu müzakirənin bir hissəsi olaraq alyansın dağıldığına dair şərhlərə səbəb oldu.
♦ Video köhnədir.
♦ Dövlət Baxçalı bu sözləri 2 iyun 2015-ci ildə Elazığ mitinqində deyib. O zaman MHP müxalifətdə idi.