Sosial mediada yayılan bir paylaşımda, hərbi çevrilişdən sonra Nigerdə hökuməti ələ keçirən əsgərlərin maliyyə nazirini “48 saat ərzində ölkənin pullarının necə oğurlandığını izah edə bilməsən, güllələnəcəksən” deyərək təhdid etdikləri iddia edilib. Postu müşayiət edən videodakı şəxsin də nazir olduğu iddia olunub.
Faktyoxla Lab. xarici mediaya istinadən məlumatı dəqiqləşdirib.
26 iyul 2023-cü ildə Nigerdə bir qrup əsgər ölkədəki sosial-iqtisadi böhranı əsas gətirərək, hökuməti ələ keçirdiklərini və prezident Məhəmməd Bazumu devirdiklərini açıqladılar.
Çevriliş xəbərindən sonra sosial mediada ağlayan dövlət adamının videosunda Nigerin maliyyə nazirinin ölümlə təhdid edildiyi iddiaları yayılıb. Amma videodakı şəxs maliyyə naziri Əhməd Jidoud deyil, keçmiş ədliyyə naziri Marou Amadudur.
İddia edilən video 27 dekabr 2021-ci ildə yayılıb. Videoda görünən şəxs 2011-2021-ci illərdə Nigerin ədliyyə naziri vəzifəsində çalışmış Marou Amadudur. Sözügedən videoda Amadu Nigerdə yeni beyin mərkəzinin konfransı zamanı ağlayaraq, ədliyyə naziri postunu ona həvalə etdiyinə görə ölkənin sabiq prezidenti Mahamadu İssoufuya təşəkkür edib.
Yuxarıda qeyd olunan konfransdan digər görüntülər də mövcuddur. Bu görüntülər iddiadakı şəkillərlə müqayisə edildikdə Amadunun geyimi ilə videonun çəkildiyi yer uyğunlaşdırıla bilər.
Nigerin hazırki maliyyə naziri Əhməd Jidoud isə bu şəxsdir.
Maliyyə nazirinin ölümlə təhdidi edilməsi ilə bağlı heç bir sübut yoxdur. Beynəlxalq və yerli xəbər mənbələrindən edilən mətbuat araşdırmasında “Ölkənin oğurlanmış pullarını 48 saat ərzində açıqlamasanız, güllələnəcəksiniz” ifadəsi və ya ölüm təhlükəsi olduğu xəbərinə rast gəlinmir. Üsyançılar isə hələ ki, maliyyə siyasətləri ilə bağlı heç bir açıqlama verməyiblər. Lakin maliyyə nazirinin çevrilişdən sonra mətbuata açıqlaması da yoxdur.
Nəticələr
- Videodakı şəxs maliyyə naziri Əhməd Jidoud deyil, keçmiş ədliyyə naziri Marou Amadudur.
- Video 2021-ci ilin dekabrında yayılıb.
- Marou Amadou ədliyyə naziri kimi ona həvalə etdiyi mandata görə keçmiş prezident Mahamadu İssoufuya təşəkkür edərkən ağlayır.