Suriyada yerləşən PKK-PYD terror təşkilatının qanadı olan “Nubar Ozanyan briqadası” Azərbaycan ordusunun Qarabağda apardığı antiterrorr tədbirlərindən sonra terrorçu erməniləri dəstəkləmək məqsədi ilə açıqlama verib. Terror qruplaşması Azərbaycanı təhdid edərək bundan sonra Azərbaycana qarşı sərt və güzəştsiz davranacaqlarını bəyan ediblər.

Faktyoxla Lab. Azərbaycana qarşı təhdid yağdıran “Nubar Ozanyan briqadası”nı və bu terror təşkilatının erməni terrorçularla əlaqələrini araşdırıb.

Araşdırma zamanı məlum oldu ki, Suriyada vətəndaş müharibəsi başlayandan dərhal sonra ortaya çıxan İŞİD təhlükəsi, həmçinin regional və qlobal mənada yaranan fürsətlərdən istifadə edən PKK/PYD terror təşkilatı bu ölkənin ərazisində özünə ərazi yaradıb, eyni zamanda bir çox dövlətlərin dəstəyi ilə silah, material və texnika əldə edib.

Bu mərhələdə İŞİD-ə qarşı mübarizə “pərdəsi” altında marksist/leninçi baxışları olan yüzlərlə şəxs və bir neçə təşkilat PKK/PYD sıralarına qoşulmaq üçün Suriyaya gediblər. Türkiyədə fəaliyyət göstərən 6 terror təşkilatının üzvləri də Suriyaya dəstək məqsədilə bu ölkəyə gedərək, 2016-cı il martın 12-də PKK terror təşkilatının dəstəyi ilə Xalqların Birləşmiş İnqilab Hərəkatı (XBİH) adı altında yeni terror təşkilatı yaradıblar.

Xalqların Birləşmiş İnqilab Hərəkatının (XBİH) digər məqsədi Türkiyəyə və eyni zamanda Azərbaycana qarşı fəaliyyət göstərən terror təşkilatlarını dəstəkləmək, bu təşkilatları bir mərkəz ətrafında birləşdirmək, hərbi təlim vermək və silahlı qarşıdurmalarda təcrübə qazanmasını təmin etməkdir. Belə terrorçu qruplaşmalardan biri də 4 il bundan əvvəl, əsasən erməni əsilli şəxslərdən təşkil olunan “Nubar Ozanyan briqadası"dır. “Nubar Ozanyan briqadası”nın yaradılma tarixinin xüsusi olaraq “24 aprel 2019 - cu il"in seçilməsi də ayrı bir mesaj xarakterli təbliğat formasıdır.

Terror qruplaşmasının adını 2017-ci ildə Suriyanın Rakka əyalətində öldürülən, kommunist/marksist qruplaşma olan “Türkiye İşçi Kendli Kurtuluş Ordusu” (TİKKO) üzvü Nubar Ozanyandan götürməsi, batalyonun təsis məqsədinin erməni xalqının, dilinin və mədəniyyətinin, eləcə də Suriyanın şimalındakı icma üzvlərinin “İŞİD və Türkiyəyə qarşı” qorumaq olduğunu bəyan etməsi bir çox mətləblərdən xəbər verir.

“Nubar Ozanyan briqadası”- 3 batalyondan ibarət briqadadır (750 nəfər Suriya ermənisidir) və YPG terrorçusu Nubar Ozanyanın adını daşıyır.

Nubar Ozanyan (kod adı: Orhan Bakirdjian) 1956-cı ildə Yozgatda anadan olmuşdur. İbtidai təhsilini başa vurduqdan sonra radikal sol ideologiya ilə tanış olmuş və TKP/ML terror təşkilatına qoşulmuşdur. 1980-ci il 12 sentyabr dövlət çevrilişindən sonra Fransaya sığınmış, sonradan TKP/ML-in hərbi qanadı olan “Türkiye İşçi Kendli Kurtuluş Ordusu”-na (TIKKO) qoşulmuşdur. Ozanyan 1991-92-ci illərdə Qarabağa gedərək Azərbaycana qarşı terror müharibəsində iştirak edib.

1992-ci ildə Tunceliyə köçən Ozanyan, bu bölgədə Türkiyə Silahlı Qüvvələrinə qarşı da vuruşub. 2013-cü ildə o, Şimali İraqa köçüb və bu bölgədə TIKKO üzvlərinə təlim keçməyə başlayıb. 2015-ci ilin iyul ayında Suriyada yeni yaradılan "Beynəlxalq Azadlıq Batalyonu"nun (BAT) aparıcı kadrlarından biri olub. BAT-ın üzvü olan erməni, ərəb, fələstin, yunan, kanadalı, belçikalı və fransız əcnəbi terrorçulara təlim keçib. 2016-cı ilin sonlarında bir müddət yenə Tunceliyə gedən Ozanyan 2017-ci il avqustun 14-də DAEŞ-in paytaxt elan etdiyi Raqqa şəhərində anti- terror əməliyyatı zamanı məhv edilib.

“Nubar Ozanyan Briqadası”-nın lideri “Nubar Melkonyan” kod adlı birisidir. Bu ad 2 terror təşkilatının təmsilçisi: “TKP/ML TİKKO”-nun adını daşıdığı “Nubar” və ASALA terror təşkilatının üzvü, Qarabağda məhv edilən Monte Melkonyanın soyadlarından düzəldilib. Təşkilatın əsas məqsədi Türkiyə və Türk düşmənçiliyini ön plana çıxarmaqla terror ittifaqı yaratmaq, ASALA ideologiyasını yenidən canlandırmaqdır. Terror təşkilatında Suriya ilə yanaşı Ermənistan, Livan və bəzi Avropa ölkələrindən də üzvlər var.

2020-ci ildə yayılan məlumatlara görə, PKK terror təşkilatının dəstəyi ilə “Nubar Ozanyan Briqadası”nın üzvləri Azərbaycan Ordusuna qarşı döyüşmək üçün Qarabağa göndəriliblər. “Nubar Ozanyan Briqadası”nın ilk bəyanatlarında bu inkar edilsə də, təşkilatın bəzi üzvlərinin Qarabağa getdiyi barədə dəqiq məlumatlar var. Bu təşkilat, Suriyadan Qarabağa terrorçu göndərməkdə yardım, Suriya ermənilərinin (xüsusilə Hələb və ətrafından) müharibədə iştirak etmək üçün Qarabağa getmələrini təşfiq, Qarabağa getmək istəyənlərə hərbi təlimlər keçəcəyini və geri qaytarılan torpaqlarda sabotaj tipli aksiyalar təşkil edəcəyini rəsmən bəyan etmişdir. mənbə

Araşdırmalarımız zamanı o da məlum oldu ki, 44 günlük Vətən müharibəsindən öncə, hələ 2020-ci ilin iyun ayında Ermənistanla razılıq əldə edən PKK/PYD terror təşkilatı 300 terrorçunu İran üzərindən Ermənistana köçürmüşdür. Bu terrorçuların əksəriyyətinin PKK-nın Suriya qolu olan PKK/YPG-nin erməni əsilli üzvlərindən ibarət olan “Nubar Ozanyan Briqadası”nın üzvləri olduğu bildirilib. mənbə

Digər fakt. 44 günlük müharibə zamanı “Sabah” qəzeti kəşfiyyat bölmələri tərəfindən texniki olaraq izlənilən simsiz danışıqların mətnini- “Nubar Ozanyan Briqadası” ilə bağlı bəzi detalları əldə etmişdir. Belə ki, 2 oktyabr 2020- ci il tarixində səhər saat 04:20-də Basarkeçər (ermənilər Vardenis adlandırırlar-red.) ərazisindəki PKK hərbi düşərgələrinin birindən PKK-nın Qəndildəki “əsas” qərargahına edilən zəngi dinləmək mümkün olub. Kürd dilində gedən söhbətdə Qarabağ döyüşlərində məhv edilən terrorçuların adları sadalanmışdır. Məxfi rabitə söhbətlərində Azərbaycan tərəfindən öldürülən terrorçular üçün “Azadlıq müharibəsi şəhidləri karvanına qatıldılar” sözləri işlədilmişdir. mənbə

Həmin ərəfədə məhz Suriyadan Ermənistana kömək üçün gətirilən muzdlu döyüşçülərin olduğunu təsdiq edən daha bir fakt 1 oktyabr 2020-ci il tarixində “Suriya İnsan Haqları Monitorinq Mərkəzinin” (Syrian Observatory Human Rights - SOHR) yaydığı məlumatda təsdiqini tapmışdır. Məlumatda deyilirdi ki, "Etibarlı mənbələr SOHR-ə bildiriblər ki, erməni və ərəb əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə üçün Ermənistana aparılıb". mənbə

Daha bir fakt. “Bellingcat”-ın əməkdaşı, Azərbaycana qarşı təbliğatda ön sıralarda dayanan "Alexander McKeever" adlı tvitter istifadəçisi 20 noyabr 2020 tarixli paylaşımında suriyalı döyüşçülərin Azərbaycanın Cəbrayıl rayonunda toplaşdıqları haqda məlumat paylaşmışdır. Onun sözlərinə görə, bu şəxslər Azərbaycan tərəfindən muzdlu olaraq gətirilmiş suriyalılardılar. 

Sonradan xüsusi faktyoxla texnologiyaları ilə bu şəxslərin Suriyadan məhz Ermənistan tərəfindən döyüşmək üçün Cəbrayıla (o vaxt işğal altında idi-red.) gəldiklərini sübuta yetirmişdik. (ətraflı bu linkdə

Alexander McKeeverin fotosunu paylaşdığı bu əsgəri isə biz “Nubar Ozanyan adına erməni briqadası” haqda tanıtım çarxında rast gəlmişdik. Bu fakt, YPG, PKK, ASALA, “Nubar Ozanyan” və digər terror qruplarının üzvlərinin, muzdlularının, əsgərlərinin Ermənistan tərəfindən döyüşdüyünü sübut edən faktlardan yalnız biridir.

Araşdırmalarımız zamanı o da məlum oldu ki, 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən sonra da batalyon təkrar Suriyaya qayıtmış və oradan Türkiyə və Azərbaycana “kamikadze” göndərmək üçün hazırlıq gördüyünü dilə gətirərək hər iki ölkəni təhdid etmişdir. Bölgədəki etibarlı mənbələr Suriya rejimi ilə yaxın münasibətdə olan terrorçu qruplaşmanın rejimin nəzarətində olan ərazilərdə rahat fəaliyyət göstərdiyini və orada fəaliyyət planlamasını həyata keçirdiklərini bildirmişlər. Türkiyənin “Yeni Şafak” qəzetində dərc olunan xəbərdə qeyd olunurdu ki, Ermənistanın Qarabağda ağır məğlubiyyətindən sonra PKK-erməni terror qruplaşmaları “səs-küylü” fəaliyyət planlarına keçiblər. Erməni terror briqadası Qarabağ məğlubiyyətində məsuliyyət daşıyan Rusiya da daxil olmaqla Türkiyə və Azərbaycanda mülki hədəflərə qarşı "kamikadze hücumları" həyata keçirməyi planlaşdırdığı barədə məlumatlar əldə edilmişdir. mənbə

Nəticə:

- “Nubar Ozanyan Briqadası” Suriyada fəaliyyət göstərən erməni terror birləşmələrindən biridir;

- Bu terror qruplaşmasının Azərbaycanı və Türkiyəni davamlı təhdid etməsi faktı doğrudur;

- Qarabağda keçirilən anti-terror əməliyyatından sonra qəzəblənən “Nubar Ozanyan Briqadası” digər erməni terror təşkilatları ilə birlikdə Azərbaycana qarşı təhdidlər yağdırması yeni hal deyil. Anoloji hal bu terror qruplaşması tərəfindən dəfələrlə dilə gətirilib;