Amerikalı jurnalist kimi təqdim olunan, Ukraynanın Donbas vilayətində yaşayan Patrik Lankaster hazırda Ermənistanın Gorus şəhərindədir. 44 günlük müharibə dövründə olduğu kimi amerikalı jurnalist yenə də ermənipərəst mövqedən çıxış edir, qərəzli və birtərəfli reportajlarla Azərbaycan əleyhinə təbliğat aparır. Onun yaydığı "Azərbaycan hərbiçiləri Qarabağı tərk etməyə çalışan erməni qaçqınlara atəş açıb" və “Azərbaycanlılar erməni uşaqların əllərini və başlarını kəsirdilər” sərlövhəli son iki video da bu qəbildəndir.
"Azərbaycan hərbiçiləri Qarabağı tərk etməyə çalışan erməni qaçqınlara atəş açıb" adlı video-reportajda ayağından güllə yarası almış (siması kameralardan gizlədilir-red.) bir erməniyə tibbi yardım edən, rus dilində mükəmməl danışan qadın tibb işçisindən (siması kameralardan gizlədilir-red.) ayaqüstü müsahibə təqdim olunur. Yaralının ayağını sarımaqdan çox, həmin yaranı nümayiş etdirən “tibb işçisi” dayanmadan Azərbaycan əleyhinə təbliğat aparır, qaçqınların Qarabağı tərk edərkən atəşə tutulmasından danışır.
Araşdırmanın gedişatında məlum oldu ki, heç bir rəsmi və ciddi media resursunda Azərbaycan hərbiçilərinin Qarabağı tərk etməyə çalışan qaçqınların atəşə tutulması faktı qeyd olunmayıb.
Digər tərəfdən, siması kameralardan gizlədilən qadın özü bildirir ki, erməni yaralı müsahibə verilən gündən 2 gün əvvəl yaralanıb. Yəni, belə çıxır ki, "Qarabağdan çıxmağa cəhd edəndə" deyil, hadisələrdən bir neçə gün öncə yaralanıb. Kadrlara baxarkən də yaranın yeni olmadığını rahatlqla anlamaq mümkündür.
Sifəti göstərilməyən erməninin qanunsuz silahlı dəstələrdən birində döyüşdüyü və Qarabağda keçirilən anti-terror tədbirlərində, hüquq mühafizə orqanlarının qanuni tələbinə məhəl qoymayıb, müqavimət göstərərkən yaralanması tamamilə mümkün haldır. Operatorun “yaralı hansı kənddəndir?” -sualına isə tibbi işçisi olmaqdan çox, məxfilik prinsiplərini qorumağa çalışan təhlükəsizlik əməkdaşı kimi cavab verir: "Mən sizə kəndin adını deyə bilmərəm. Bilmirəm, bu məlumatı niyə sizə deməliyəm”.
İkinci video haqda isə çox danışmağa dəyməz. Rus dilində danışa bilən 15-16 yaşlı yeniyetməni tapıb ondan hadisələr haqda fikir soruşurlar. O isə əvvəldən əzbərlədiyi mətni cümlələrin yerini dəyişik salmaqla təkrarlayır. Gah Azərbaycan Ordusunun gecə saatlarında gəldiyini deyir (halbuki əməliyyat günorta saatlarında başlayıb-red.), gah polislərin səsgücləndiriclərlə anlamadığı sözlər işlətdiyini (Azərbaycan polisi əməliyyatda iştirak etməyib-red.), gah həyacandan zirzəmidə, gah da tövlədə gizləndiklərini, gah onları qoruyacaq kimsənin olmadığını, gah da onların qoruyan əsgərlərin yemək yedikləri vaxt atəşə tutulduqlarını yöndəmsiz formada Lankasterin izləyicilərinə çatdırır. Blogerin yaxınlaşdığı erməni qadın isə inanılmaz “erməni nağılı” danışır: “Azərbaycanlılar uşaqların əllərini, ayaqlarını, başlarını kəsirdilər və onlar hazırda əlsiz-ayaqsız gəzirlər”.
Bəs bloger Patrik Lankaster bu videoları niyə yayır və hələ 44 günlük müharibə dövründə ermənilərin xeyrinə reportajlar hazırlayan bu şəxsin marağı nədir? Ukraynanın Donbas vilayətini Rusiya ərazisi sayan, Ukrayna ərazisində Malayziya Hava Yollarına məxsus “MH17” təyyarəsinin vurulmasında ukraynalıların günahı olduğunu iddia edən, Ukrayna tərəfindən sanksiya tətbiq olunan şəxslər siyahısına salınan, bir çox qalmaqallı saxta xəbərlərin müəllifi olan Patrik Lankaster əslində kimdir?
Faktyoxla Lab. bu suallara aydınlıq gətirməyə çalışıb.
Patrik Lankaster 30 iyul 1982-ci ildə ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində anadan olub. 19 yaşında ABŞ Hərbi Dəniz Donanmasına daxil olub və növbəti 5 il ərzində o, "Kitty Hawk" adlı təyyarədaşıyan gəmidə xidmət edib. Hərbi Dəniz Qüvvələrinin sənədlərinə görə o, kriptologiya üzrə texnik kimi çalışıb və çox güman ki, məxfi sənədlərlə işləyib.
2006-cı ildə HHQ-dən tərxis olunduqdan sonra, Lankaster bir neçə il özünü daşınmaz əmlak sahəsində sınayıb. (LinkedIn profilində belə yazılıb) 2008-ci ildə ABŞ-ın daşınmaz əmlak bazarı çökəndə və qlobal maliyyə böhranı başladıqdan sonra o, tikinti sektoruna baş vurub. Burada da uğur qazana bilmədyi üçün Avropaya gedib və Berlində məskunlaşıb. Özünü əl atdığı heç bir işdə realizə edə bilməyən Patrik Lankaster 2011-ci ildən blogerlik- müstəqil video-jurnalist fəaliyyətinə başlayır. Yunanıstanda qloballaşma əleyhinə nümayişlərin iştirakçısı olaraq ilk video-materiallarını hazırlayır. Elə həmin il (2014-cü ildə) Ukraynada baş verən hadisələrlə əlaqədar bu ölkəyə səfər edirək “Krım referendumu”ndan materiallar hazırlayır. Ukrayndan hazırladığı ilk videoda maraqlıdır ki, Lankaster daha çox müxalif fikirli insanlardan müsahibə alıb, onların fikirlərini yayıb. Bu müddət ərzində Patrik Ukrayna qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında münaqişə haqda çəkdiyi videoları rusiyalı media-oliqarx, erməni əsilli Marqarita Simonyanın rəhbəri olduğu əvvəllər “Russia Today” kimi tanınan, sonradan “RT”-yə çevrilən kanala təqdim edir (belə görünür “əməkdaşlıq” uğurlu alınıb). Məhz bu videolardan sonra Lankasterin adı “RT”, “Rossiya-1”, “Rossiya-24” və “Zvezda” kanallarında hallanmağa başlayır. O, 2014-2017-ci illərdə erməni Margo Simonyanın rəhbəri olduğu “Russia Today”-də (RT) rəsmi olaraq video-reportyor kimi çalışıb. Onun haqqında Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin “Donetsk veçirnii” kimi rusdilli qəzetlərində məqalələr dərc olunub.
Patrik Lankaster Donbasda olarkən Nadejda Astatina adlı xanımla tanış olub. O, 2017-ci ildə provaslavlığı qəbul edib və Nadejda Astatina ilə ailə qurub. Maraqlıdır ki, bu xanım haqqında dəqiq məlumat yoxdur. Sosial mediada 10 fərqli hesabı var ki, bəzilərində adı "Nadejda", bəzilərində isə "Olqa" kimi qeyd olunub. Ümumiyyətlə cütlüyün tanış olmaları, sonradan yaranan əlaqələrində müəmmalı təsadüflər çox müşahidə edilir.
Lankasteri tanıyanların onun haqqında söylədiklərindən...
Patrik Lankaster multidissiplinar jurnalist adlandırmaq çətindir. Belə ki, onun hazırladıqları videolar tam olaraq ya Rusiya-Ukrayna, ya da Ermənistan-Azərbaycan münaqişəsi haqdadır. Və bir xətt dəyişməz olaraq qalır: Ukrayna və Azərbaycan əleyhinə saxta məlumatlarla bəzədilmiş qərəzli və birtərəfli təbliğat.
Müşahidələr göstərir ki, o çox qorxaq adamdır. Adətən cəbhə xəttində olmur. Qaynar nöqtələrdən hazırladığı reportajları isə yalnız döyüş əməliyyatları başa çatandan, tam sakitlik çökəndən sonra hazırlayır. Səhnələrin çəkilişi zamanı isə onu demək olar ki, hər dəfə bir neçə hərbçi müşayiət edirlər.
“Strateji Dialoq İnstitutu” müəyyən edib ki, Lankaster Donbas bölgəsinə köçdükdən sonra isə sıx əməkdaşlıq edən influnserlərdən biri, britaniyalı Qraham Fillips olub. Lankaster kimi, Filips də müharibə başlayandan sonra idarə etdiyi sosial media kanallarının izləyici sayının əhəmiyyətli dərəcədə artdığını görüb və yöndə səylərini artırıb. Bu səbəbdən Lankaster ilə yaxından dostluq edib, onunla birgə layihələr hazırlayıb. Amma sonradan nədənsə bu iki “dostun” münasibətləri korlanıb və Fillips facebook statusunda Lankasteri jurnalist kimi sərt tənqid edib. Onun sözlərinə görə, “Lankaster ingiliscə parlaq ifadələr səsləndirən, lakin maşın faralarının gur işığında dovşan kimi çaxnaşma içində qaçan zərərsiz bir təlxəkdən başqa bir şey deyil”. Növbəti şərhində isə Filips Lankasteri “savadsız, əsəbi bir şarlatan, jurnalist zehni isə bitki qabığından daha aşağı səviyyəli olan” adlandırıb.
“GRID”-in araşdırmaçı jurnalisti Jason Paladino Lankaster haqda “həmkarlarım və mən onun köhnə dostları və müxbir yoldaşları ilə danışdıq və hamısı Patrikin obyektiv mühakimə qabiliyyətinin olmadığını və Ukraynanın şərqindəki Rusiya tərəfindən dəstəklənən qüvvələrə həmişə rəğbət bəslədiyini” deyib. Paladino bildirib ki, onun düşüncələri və maraqları spekulyasiyalara açıqdır. Amma məhz bu cür təbliğat fəaliyyəti Lankasterin istifadə etdiyi vəsaittoplama platformalarının genişləndirilməsi üçün sərfəlidir. Paladino qeyd edir ki, Lankasterin auditoriyası Ukraynanın işğalından sonra xeyli artıb, ona görə də kanala maddi dəstək verən izləyicilərin çox olduğunu güman etmək olar.
“Bellingcat” və “GRID” araşdırmalarından məlumdur ki, Lankaster fərqli mövqeyi olan jurnalistlərlə ünsiyyətdən imtina edir. “Grid” Lankasterlə dəfələrlə əlaqə saxlamağa çalışıb. O, əvvəl razılaşsa da, naməlum səbəblərdən mesajlara cavab verməyi dayandırıb. Lankasterin dostları və ailəsi də onun haqqında danışmaqdan ya imtina ediblər, ya da ümumiyyətlə zəngləri cavablandırmayıblar.
Lankster özü haqqında mif yaradan və bunun üçün hər cür saxta məlumatlar yayan biri kimi qələmə verilir. Misal üçün, Lankasterin “LinkedIn” profilində deyilir ki, o, “Sky News Thomson” və Reuters”-də ştatdankənar işləyib. Amma “Reuters”-in sözçüsü “Grid”-ə açıqlamasında bildirib ki, “Patrick John Lankaster heç vaxt “Reuters”-in əməkdaşı, frilanseri və ya stringeri olmayıb. Yalan xəbərdir”
Lankasterin sosial media imperiyası
Xarici ekspertlər onun qəribə və qərəzli fəaliyyətində 2 əsas xətti qeyd edirlər. Ehtimallara görə, birincisi, o, Rusiyanı kapitalizm və liberal dəyərlərlə hələ də tam pozulmamış "sonuncu ada" kimi görən anti-amerikaçı amerikalı obrazı yaradılır. İkincisi, müxtəlif informasiya kanalları bağlanan Rusiyanın məlumatlarını Amerika tamaşaçısına öz dilində çatdırmaq məqsədi güdülür. Ukraynada genişmiqyaslı müharibədən və Qərb ölkələri tərəfindən Rusiya təbliğat mediasının bloklanmasından əvvəl “RT”-nin youtube kanalının 1,9 milyon abunəçisi və ildə 1,8 milyard baxışı olub. Bu rəqəm isə “CNN”-in youtube kanalından çoxdur. Onu da yaddan çıxarmayaq ki, həddindən artıq sağçı amerikalılar “CNN”-ə alternativ axtarır və axtardıqlarını nədənsə “RT” kanallarının aqressiv ritorikasında tapırlar. mənbə
Lankaster 2014-cü ildən sonra çoxsaylı sosial media platformalarından məharətlə istifadə etməklə qlobal auditoriyaya çıxış yaratmağı və bunun müqabilində böyük "sosial media imperiyası" qura bilib. Onun “Twitter”, “YouTube”, “Telegram” və Rusiyanın facebook “klonu” olan “VK”-da 550 minə yaxın izləyicisi var. Təkcə “YouTube” kanalındakı videolara 30 milyondan çox baxış olduğu, kanalının trafikinin isə 45 milyona çatdığı araşdırmalar nəticəsində bəlli olub. mənbə
Müəmmalı əlaqələr necə yaranıb?
Birinci məqam. Amerikalı kinorejissor və yazıçı Devid Ferris müsahibələrindən birində bildirir ki, 2014-cü ildə Ukraynanın Donetsk şəhərində yerləşən “Qırmızı Pişik” Hostelində bir qrup frilanserlə birlikdə Lankasterlə tanış olub. Qrupda fransız foto-jurnalist Antuan Delaunay və amerikalı jurnalist Kristofer Allen təmsil olunurmuşlar. Ferris bildirib ki, həmin vaxtlarda Lankaster müntəzəm olaraq “Russia Today”-lə əlaqə saxlayıb, onlara informasiyalar satırmış.
Ferrisin dediyinə görə, Allen, Ferris və Lankaster separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” kimi tanınan ərazinin Ukrayna ilə qeyri-rəsmi sərhədində saxlanıldıqdan sonra aralarındakı münasibət korlanıb. Hadisə belə olub: Ukrayna kəşfiyyatının əməkdaşları tərcüməçisi, mühafizəsi, media akkreditasiyası olmayan bu şəxsləri saxlayıb, getdikləri ictimai avtobusdan düşürərək köhnə Sovet stilində olan otelə gətiriblər. Ferrisin dediyinə görə, ABŞ səfirliyi onlarla ertəsi gün əlaqə saxlayıb və onları oradan çıxara bilib. Lakin Lankaster “sui-qəsdçi”, “anti-imperialist” separatçıdan müsahibə almaq istədiyini bildirib və onlarla getməkdən imtina edib. Onun bu hərəkəti Alleni bərk qəzəbləndirib. Ferris xatırlayır ki, mübahisə yataqxananın mətbəxində yumruq davası ilə nəticələndi. “Kris Patrikin yayımına etiraz etdi, çünki bu, jurnalist etik peşə normalarına uyğun gəlmirdi”- deyə Ferris bildiklərini danışıb. mənbə
“Qrid” qrupun Ukrayna hüquq mühafizə orqanları tərəfindən saxlanmasını və ya ABŞ səfirliyinin müdaxiləsi faktını təsdiq edə bilməyib. Lakin bəllidir ki, qısa müddətdən sonra Lankaster DXR-ə köçüb və fəaliyyətini bu şəhərdə davam etdirib.
Maraqlıdır ki, Lankasterin toyu bir çox rus xəbər agentlikləri, o cümlədən Rusiya Müdafiə Nazirliyinə məxsus “Zvezda” kanalı tərəfindən işıqlandırılıb. mənbə
Daha bir fakt. Lankaster LinkedIn hesabında qeyd edir ki, o, 2015-ci ildən müharibədən zərər çəkmiş Donbass sakinlərinə kömək etmək üçün vəsait toplayır. 2018-ci ilin dekabrında Patrik özünün fb səhifəsində Donetskdə humanitar yardım çantaları və qutuları fonunda görüntülənən bir şəkil yerləşdirmişdir.
Lankaster bu statusda etiraf edir ki, humanitar yardımın toplanmasında Fransa vətəndaşı Erik Krausun böyük rolu olub. Erik Kraus kimdir? O, Fransada yaşasa da "rus elitasına" yaxın adam sayılır. Kraus vaxtilə Rusiya xüsusi xidmət orqanlarının keçmiş rəhbərinə yaxın bir şirkətdə işləyib. 2001-ci ilə qədər Kraus, “Forbes” siyahısında adı çəkilən rusiyalı bankir Nikolay Tsvetkova məxsus olan “NIKoil” səhmdar bankında baş strateq vəzifəsində çalışıb. Bundan sonra Kraus Rusiyanın "Sovlink" şirkətində strateq vəzifəsini tutub. O zaman “Sovlink” rusiyalı Viktor Vekselberqə məxsus olan Rusiya kommersiya bankı “Alba Alliance”-ın törəmə şirkəti idi. Bu şirkətin də Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrinin mövcudluğu söylənilirdi. mənbə
Unikal pul dilənmək bacarığı
Ukraynanın açıq mənbəli kəşfiyyat qrupu “Molfar” Patrik Lankasterin sosial media hesabları vasitəsilə topladığı vəsaitlərin miqdarını araşdıra bilib. Saytın yazdığına görə, Lankaster aldığı qonorarla yanaşı külli miqdarda ianələr toplaya bilir. O, Rusiyadakı bank hesabına köçürülən qonorarlarla yanaşı, “Mənə qəhvə al” və “Patreon” kimi ianə platformalarından da istifadə edir. “Molfar” və “VICE News”-un hazırladığı hesabatda bildirilir ki, onun "Mənə Qəhvə Al" platformasında yaratdığı hesaba 2022-ci ildə hər ay 1250 dollar ödəyən təxminən 50 izləyicisi olub. Ümumilikdə hesabda 77.000 ABŞ dolları məbləğində ianə toplanıb.
“Patreon” platformasında isə Lankasterə ayda 3-200 dollar arası ianə edən 1000-dən çox abunəçisi var.
Faktyoxla Lab. olaraq Patrik Lankasterin bu hesablarını yoxladıq. Patrik Lankasterin 20 fevral 2021-ci ildə facebook sosial platformasında paylaşıdğı status diqqətimizi cəlb etdi.
Onun yazdığı “Bu gün Ermənistanda baş nazir Nikol Paşinyanı istefaya məcbur etmək üçün keçirilən gündəlik etiraz aksiyasının "Yeni başlanğıc" olduğu bildirilir. Bildiyiniz kimi, Azərbaycan 2020-ci ilin sentyabr ayında tanınmamış Artsax Respublikasının (əksər ölkələr tərəfindən Rəsmən Azərbaycan ərazisi kimi tanınmasına baxmayaraq, əhalinin 100%-i buranı Ermənistanın tərkib hissəsi hesab edir) işğal etməyə başladı. Azərbaycanın bu hücumları hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb olan 44 günlük müharibəyə səbəb olur”-fikirlər Azərbaycan tərəfindən bu blogerə qarşı sanksiyalar tətbiq edilməsi üçün yetərli arqumentlərdir.
Həmin statusun davamında Lankaster əsl niyyətini bəlli edir: “Müharibə zamanı Artsaxda olduğu kimi, indi də nə baş verdiyini bütün dünyaya göstərmək üçün İrəvandayam. Mən tamamilə müstəqil və çoxizlənilən jurnalist olduğum üçün və ən əsası layihəmi burada maliyyələşdirmək üçün sizin köməyinizə ehtiyacım var. Zəhmət olmasa, indi 3$ ianə edin”.
Elə həmin müraicətdə “Patreon”, “Mənə kofe al” (Buy me a coffee), “Paypal” platformalarındakı hesablarını, “Sberbank Russia” kart nömrəsini və hətta kripto-valyuta elektron pul kisəsinin nömrəsini yazaraq açıq çağırışla ermənilərdən pul istəyir.
Bu hesabları incələdikdə öyrəndik ki, “Patreon”-dakı hesaba ya sayt tərəfindən blok qoyulub, ya da ümumiyyətlə Lankasterin hesabı silinib.
Onun “Paypal” və kredit kart hesabı da bağlanıb.
Biz, “Fundrazr” platformasında araşdırma apardıqda öyrəndik ki, açdığı “Müstəqil jurnalist “Ermənistan-Azərbaycan müharibəsində” çağırışına indiyə qədər 4,035 ABŞ dolları vəsait toplandığı görünür.
O, çağırışın effektini artırmaq üçün 23 fevral 2021-ci ildə kütlə düşüncəsinə təsir edən sözlərlə ermənilərə müraciət edib: “Yenidən yardım etsəniz bütün dünyada 8 000 000-dan çox insana “Artsax”da baş verənləri çatdıra bilərik. Xahiş edirəm, bu işdə mənə kömək edin, daha çox ianə edin”
Daha sonra Krımda baş verənləri işıqlandırmaq üçün müvafiq auditoriyaya müraciət etsə də, nəticələri ürəkaçan olmadığı üçün yenidən “Azərbaycan -Ermənistan” mövzusuna qayıdıb və 11 mart 2022-ci ildə yeni mətnlə daha bir çağırış edib. Araşdırma nəticəsində erməni istifadəçilərin bu platformada Lankasterə açıq dəstək olduqları və ən əsası saxta təbliğat apardıqları aşkar edilir.
Lankasterin “Mənə kofe al” (Buy me a coffee) platformasında isə işlərinin daha yaxşı getdiyi bəlli olur.Cover fotosuna terrorçu qruplaşmanın üzvləri ilə fotosunu yerləşdirən Lankaster müraciətində böyük auditoriyasının olduğundan danışır və həm də kanallarını reklam edir.
Qeyd edək ki, istənilən istifadəçi bu platforma ilə hər biri “5 dollara” olan 1,3, 5 və 10 “kofe” “alıb” müəllifə hədiyyə edə bilər.
Burada da erməni istifadəçilər üstünlük təşkil edirlər.
Yekun olaraq yenidən qayıdaq Lankasterin Azərbaycan əleyhinə hazırladığı videolara. Patrik Lankasterin hazırladığı videoları izlədikcə bir məqam davamlı olaraq diqqət cəlb edir: onun hazırladığı təbliğat videoları eyni ssenarili, bir-birinə çox oxşar və primitivdir. Misal üçün, vaxtilə Ukrayna müharibəsi haqda hazırladığı videoların demək olar ki, böyük əksəriyyətinin üz qabığı aqressiv çalarlarla bəzədilir. “Ukrayna Mariupolu təslim etdi”, “Rusiya ordusunun Xersonda ustad dərsi”, “Mülki əhaliyə qarşı fosfor bombaları”, “Ukraynalı əsgər ukraynalı qadını zorladı”, “Donbas Rusiyadır” və s. Eyni dəst-xətti biz Qarabağda da görmüşük. Elə son videoların aqressiv xəbər başlıqlarını xatırlamaq yetərlidir: "Azərbaycan hərbiçiləri Qarabağı tərk etməyə çalışan erməni qaçqınlara atəş açıb", “Azərbaycanlılar erməni uşaqların əllərini və başlarını kəsirdilər”, “Arsax Ermənistandır”.
Başqa bir anologiyaya baxaq. Rusiyanın pikabu.ru saytında “Müstəqil jurnalist Patrik Lankaster” məqaləsində bir fraqment diqqətimizi cəlb etdi. Müəllif Lankasterin 2 videosundakı uyğunsuzluqları analiz edib. Videoların birində siması göstərilməyən bir qadın Ukraynadakı əsgərlərin vəhşiliklərindən danışır. İzləyiciyə isə belə bir kadr təqdim olunur.
Demək,
- Lankasterin etibarlı mənbəyi “Ukraynalı qadındır” və bir də hansısa Larisadır. Bəli, bu şəxslərin dedikləri tutarlı faktdır və çox ciddi qarşılanmalıdır.
Bizim qeyd: Lankasterin Gorusda çəkdiyi videodakı ayağıyaralı şəxsə tibbi qulluq edən qadının dediklərini xatırlayaq. Həmin tibb işçisi də öz təxəyülünün məhsulunu rəsmi, ciddi və təkzibobolunmaz fakt kimi səsləndir və Lankaster isə heç bir müdaxilə etmədən bu videonu olduğu kimi yayır. Eyni ssenari deyil?
- İzləyicinin emosional silkələnməsi baş verir, bir az da təsirli olsa bütün tamaşaçılar ağlayacaqlar, hətta Lankaster özü də.
Bizim qeyd: “Azərbaycanlılar erməni uşaqların əllərini və başlarını kəsirdilər” deyən qadının danışdıqlarını xatırlayın. Heç nədən məlumatı olmayan icləyici bu deyilənlərdən dəhşətə gələr. Amma bu qadın Lankasterin yaratdığı açıq tribuna ilə ağlagəlməz, təsəvvür olunmaz yalanlar danışır və nə sənəd göstərir, nə də sübut.
Pikabu-da yayımlanan məqalədəki ikinci video da Lankasterin primitiv saxta xəbər hazırlanmasının ifşasıdır, hansılara ki, biz həm 44 günlük müharibədə və son günlərdə çox rast gəlmişik.
Nəticə:
- Amerikalı jurnalist kimi təqdim olunan Patrik Lankaster erməni Marqarita Simonyanın rəhbərlik etdiyi “RT”-nin əməkdaşıdır və bu amil onun hazırladığı bütün reportajların obyektivliyinə kölgə salır.
- Onun Ukrayna və Azərbaycan əleyhinə hazırladığı materiallarda qərəzli mövqe tutması maddi maraqlarının təmin olunması ilə bağlıdır.
- Son günlərdə Ermənistanın Gorus şəhərindən hazırladığı videolar əsaslı deyil, heç bir dəlil və sübutu yoxdur, dezinformasiya xarakterlidir.
- Onun qarşı tərəfdən mövqe öyrənmədən qərəzli məlumat yayması jurnalistlərin peşə etikası və peşəkar fəaliyyət prinsiplərinə ziddir.