Son 2 gündə “X” (keçmiş tvitter) sosial media platformasında müsəlmanların yeni əkilmiş ağac tinglərini kökündən çıxardaraq məhv etdiklərini əks etdirən video paylaşılır. Paylaşımlarda qeyd olunur ki, müsəlmanları qəzəbləndirən ağac əkilməsinin İslama zidd olmasıdır. Paylaşımlarda müsəlmanlar təhqir olunur, İslam dini haqqında xoşəgəlməz fikirlər səslənir
Bu video bir çox media orqanları tərəfindən də paylaşılıb.
Faktyoxla Lab. yeni əkilmiş tinglərin kökündən çıxarılması səbəbini və bu hadisənin İslam qaydaları ilə hər hansı əlaqəsinin olub-olmamasını araşdırıb.
Məlum olur ki, yeni basdırılmış tinglərin "müsəlmanlar" tərəfindən məhv edilməsi videosu yeni deyil.
Videodakı hadisə 9 avqust 2020-ci ildə Pakistanda baş verib. İqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal proqram çərçivəsində Pakistan hökuməti ölkədə bir gündə 3,5 milyon toxum əkmək üçün ən böyük ağacəkmə kampaniyasına start verib. “Milyardlıq ağac sunamisi” adlanan bu kampaniya çərçivəsində beş il ərzində təxminən 10 milyard ağac əkmək planlaşdırılıb.
Lakin 9 avqustda hökumət təmsilçiləri Pakistanın şimalındakı Hayber bölgəsində iki yerli icma arasında uzun müddətdir ki davam edən qarşıdurma səbəbindən problemlə üzləşiblər. Yerli adminstrasiyanın rəhbəri Mahmud Aslam bildirib ki, münaqişə tərəflərindən biri hökumət təmsilçilərinə həmin mübahisəli torpaqlarda ağac əkilməsinə icazə verib və hətta bu prosesdə iştirak ediblər.
Qarşı tərəfin bu ürəyiaçıqlığı digər qruplaşmanı narazı salıb və onlardan icazə alınmadığı üçün belə barbar metodlarla “ağaclara qarşı terror” törədiblər.
Lakin az sonra etiraz aradan qaldırılıb, günahkarlar məsuliyyətə cəlb olunub, ərazidə isə əvvəlkindən də artıq tingi əkilib.
Digər tərəfdən qeyd edək ki, İslam digər dinlər kimi ətraf mühitə qayğı və sayğı ilə yanaşmağın tərəfdarıdır. Müqəddəs kitabda təbiət-Allahın yaratdığı möcüzələrdən biridir və inanclı hər bir kəsin təbiəti qoruyub, daha da inkişaf etdirməsi borcdur” deyə yazılıb. Buna görə də ağac əkmək və Yer kürəsinə qulluq etmək nəinki İslam dini ilə ziddiyyət təşkil edir, əksinə ağac əkmək, təbiəti qorumaq təşfiq edilir.
Nəticə:
-Bir qrup insanın yeni əkilmiş tingləri çıxardaraq, məhv etməsini əks etdirən video yeni deyil, 9 avqust 2020-ci ildə Pakistanda qeydə alınıb.
-Ağacları kökündən çıxaran şəxslər bunu İslama zidd olduğu üçün deyil, ərazi mübahisəsinə görə ediblər
-Müqəddəs Kitabda ağac kəsilməsi deyil, əksinə ağac əkmək, təbiəti qorumaq təşfiq edilir