Xəbər verildiyi ki,  Dövlət Sərhəd Xidmətindən (DSX) daxil olmuş müraciətə əsasən 2021-ci il 3 iyul tarixindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Cəbrayıl rayonu ərazisində keçmiş silah-sursat anbarının təmizlənməsi əməliyyatlarına başlanılıb.  Agentliyin mütəxəssisləri tərəfindən həyata keçirilən təmizləmə əməliyyatları zamanı 157 ədəd partlamamış hərbi sursat (PHS), 1185 ədəd müxtəlif çaplı patron, 5 kq partlayıcı (TNT) və 17 ədəd ağ fosfor tərkibli 82 mm-lik minaatan mərmisi  aşkar edilib.

Öncə qeyd edək ki,  İkinci Qarabağ müharibəsi zamanı erməni tərəfi israrla fosfor mərmilərindən istifadə etmədiklərini sübut etməyə çalışırdılar. Lakin azad edilmiş ərazilərdə qalan dəlillər əksini göstərir.

44 günlük müharibə zamanı dəfələrlə Ermənistan Silahlı Qüvvələrinin ağ fosfor tərkibli döyüş sursatından istifadə etdiyi bildirilib. Ötən il noyabrın 3-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter-də ermənilərin Tərtər sakinlərinə qarşı fosforlu mərmilərindən istifadə etdiyi barədə məlumat paylaşıb.  Paylaşımda bildirilib ki,  mülki şəxslərə və ya mülki obyektlərə, həmçinin meşələrə və ya bitki örtüyünün başqa növlərinə ağ fosforlu mərmilərlə hücumlar BMT-nin “bəzi silah növlərinin qadağan olunması haqqında” konvensiyasının “yandırıcı silahın tətbiqinin qadağan olunması və ya məhdudiyyəti haqqında” III Protokolu ilə qadağan edilib.

Cəbrayılda aşkarlanan ağ fosforlu mərmilər ilk deyil. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin  (ANAMA) yaydığı məlumata görə, dekabrın 25-də Tərtər rayonunun işğaldan azad olunmuş Suqovuşan kəndində keçmiş düşmən postu ərazisində 122 mm-lik D-4 (P-4) ağ fosfor tərkibli istifadəsi Beynəlxalq hüquq normalarına zidd olan top mərmiləri aşkarlanıb.  

Xatırladaq ki, Ermənistan 44 günlük müharibənin sonunda qadağan olunmuş sursatlaran istifadə ilə bağlı açıqlamalara cavab olaraq Azərbaycanı "Dağlıq Qarabağın dinc əhalisinə qarşı fosfor sursatından istifadə etməkdə" günahlandırıb. Ermənistanın ombudsmanı Arman Tatoyan bu barədə Facebook səhifəsində məlumat yayaraq Azərbaycan ordusunu mülki yaşayış məntəqələrinin yaxınlığındakı meşələrə od vurmaqda ittiham edib.

Azərbaycan Müdafiə Nazirliyi  ermənilərin yaydığı məlumatın yalan olduğunu açıqlayıb:  “Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur.  Xocalı rayonunun Qarabulaq kəndinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması nəticəsində mülki əhalinin xəsarət alması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.   Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açır”.

Erməni tərəfi qaldırdığı hay-küyə baxmayaraq ittihamlarını dəlillərlə sübut edə bilməyib. İttihamlar qəbul olunmayıb. Məsələn, hərbi ekspert, təqaüdçü birinci dərəcəli kapitan Vasili Dandıkin Arman Tatoyanın yayımladığı videonun inandırıcı hesab etməyib.  O bildirib ki,  bu tüstü bombaları da ola bilər.   Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoli Tsıqanok şübhələrini dilə gətirib. "İsrailin Qəzza zolağına qarşı fosfor döyüş sursatından istifadə etdiyi məlumdur. Video görüntülər qorunub saxlanılıb: raket uçur, açılır və oradan fosfor tökülür. Ancaq burada belə deyil".

Ermənistanın həm birinci Qarabağ müharibəsində, həm də 2016-cı ilin aprel döyüşləri zamanı qadağan olunmuş sursatlaran istifadə etməsinə dair məlumatları işğaldan azad edilmiş ərazilərdə fosfor mərmilərinin aşkarlanması bir daha sübut edir.

2016-cı ilin may ayında Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq  Ermənistan silahlı qüvvələrinin  mülki əhalini, obyektləri ağır artilleriya və iri çaplı silahlarla atəşə tutmaqla yanaşı fosforlu top mərmisindən də istifadə etdiyini açıqlayıb.  

Xatırladaq ki,  2016-cı il may ayının 10-da Tərtər rayonunun Əskipara kəndi istiqamətində partlamamış ağ fosforlu mərmi aşkarlanmışdı.  ANAMA-dan verilən məlumatda bildirlirb ki,  mərmi yerə düşərkən zədələnib və həmin ərazi fosforla örtülüb. 122 millimetrlik mərminin içərisində 3 kiloqram 80 qram ağ fosfor olub.   Çəkisi 27 kiloqram 70 qram olan sursat yerin 2 metr 30 santımetr dərinliyində tapılıb. Torpaq yumşaq olduğu üçün mərmi partlamayıb və fosfor 2 metr dərinlikdə torpağa hopub.  Həmin vaxt Müdafiə və Xarici İşlər nazirliklərinin birgə təşkil etdiyi səfərdə 13 ölkənin hərbi attaşeliyinin 20-dən çox təmsilçisi, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri də bu faktla  yerində tanış olublar.   Fakt  hərbi attaşelərin iştirakı ilə qeydə alındıqdan və sənədləşdirildikdən sonra partlatma yolu ilə  zərərsizləşdirilib.

Qeyd edək ki,  ağ fosforlu mərminin istifadəsi 1980-ci il Cenevrə Konvensiyasına əsasən qadağan olunub.   Ağ fosforlu silahlar 2004-cü ildə Ermənistanın da qoşulduğu 1997-ci ildə qəbul edilən  "​Bomba terrorizmi ilə mübarizə haqqında" Beynəlxalq Konvensiyaya əsasən “yandırıcı silahlar və ya qurğu” kimi də təsnif edilir.

Tanınmış, mərhum rusiyalı hərbi ekspert Aleksey Sinitsın birinci Qarabağ müharibəsində erməni tərəfinin kimyəvi silahdan geniş istifadə etməsi barədə jurnalistlərə açıqlama vermişdi.:   “1992-ci ilin aprelində şəhərin hərbi komendantı Ələkbər Əsgərovun xahişi ilə Şuşaya getdim. Meşəlik ərazidəki postlardan birində qəribə bir mənzərə ilə qarşılaşdım -   hərbçilərin  əksəriyyətinin bədənində qırmızı səpgilər vardı.  Nə qədər çalışsaq da bu sirli xəstəliyin səbəblərini  aşkarlaya bilmədik.  Həmin vaxt  əsgərlərdən biri bir həftə əvvəl erməni tərəfdən  top mərmisi atılandan sonra  belə bir durumla üzləşdiklərini bildirdi.  Ərazidən bir neçə paslanmış "ox şəkilli elementlər", top mərmilərini təchiz edən kiçik atıcılar yığdıq. Ertəsi gün bədənimizdə, xüsusilə də əllərimizdə  sızanaqlar əmələ gəldi.  Şübhə ola bilməzdi - ermənilər kimyəvi tərkibli mərmilərdən  istifadə etmişdi.   Yanımızda həvəskar operator var idi. Azərbaycan mövqelərinə edilən bu kimyəvi hücumla bağlı  reportaj hazırladım.  Sonra bu reportaj  Moskvaya göndərildi, mərkəzi televiziyada nümayiş olundu”.

Ekspert qeyd edib ki, iki  gün sonra xarici jurnalistlər də daxil olmaqla  Azərbaycan Səhiyyə Nazirliyinin  komissiyası Şuşaya gəlib. Araşdırma nəticəsində mütəxəssislər ermənilərin Laçınla Şuşa arasındakı ərazidə qadağan olunmuş sursatdan istifadə etdiyini təsdiqləyiblər.  Bir neçə gün sonra həm Şuşa, həm Laçın işğal edildiyindən  "kimyəvi bombardman"  məsələsi də arxa plana keçib.

Birinci Qarabağ müharibəsinin şahidlərindən biri,  litvalı hərbi jurnalist Riçardas Lapaytis də Ermənistanın kimyəvi silah istifadə etməsi faktına dair ciddi araşdırma aparıb. Cəbhədə olarkən dəhşətli faktların şahidi olan jurnalist dərc etdirdiyi araşdırmada Ermənistanın hərbi strukturlarının Şuşaya qarşı  kimyəvi silahdan istifadə etdiyini yazıb.

Lapaytis 1992-ci ilin may ayında Naxşıvan MR-in Sədərək rayonu,  həmçinin Ağdamın kimyəvi silahlardan hücuma məruz qaldığını qeyd edib.  Təkcə 1992-ci il may ayının 12-də Ağdam şəhərində 15 belə bomba atılıb.  Bunlardan 4-ü məhz mərkəzi xəstəxananın ərazisinə düşüb.  Kimyəvi hücum zamanı   yaralananlar  Bakıdakı xəstəxanalara aparılıb.

Məhkəmə tibbi ekspertizası onların bədənlərində iprit,  fosgen (ağ ciyərləri zədələyir - red) və sianid qrupuna aid zəhərli maddələr aşkar edib. Həkimlərin bütün cəhdlərinə baxmayaraq yaralılar həyatlarını itirdilər. Xəstəliyin əlamətləri ağır boğulma, böyrək çatışmazlığı, sulu dəri xoraları, ürək çatışmazlığı olub. Ağdamda yaralanan 1969-cu il təvəllüdülü Aydın Hüseynov da  axşam saata 10-da eyni yaralarla xəstəxanaya çatdırılsa da  gecə saat 3-də dünyasını dəyişib.

Jurnalist qeyd edir ki, bu hadisədən sonra kimyəvi silahlardan daha açıq şəkildə istifadə edilməyə başlanılıb.  5 iyun 1992-ci ildə Tovuz rayonunun Muncuqlu kəndinə, sonra Cəbrayıl şəhərindəki internat binasına,  Tərtər şəhərinin mərkəzi hissəsinə, Füzuli rayonu ərazisinə belə mərmilər atıldı. Füzuliyə qarşı təkcə kimyəvi bomba deyil, eyni zamanda güllədən də istifadə olunub.  Erməni snayperlər şəhərin beş sakinini məhz belə güllələrlə  qətlə yetiriblər.

Litvalı jurnalist əlavə edib ki,  bu istiqamətdə araşdırma apararkən Azərbaycan Səhiyyə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi ilə  görüşüb, ondan laboratoriya testlərinin nəticələrini, ölüm sənədlərini, qurbanların adlarını və kimyəvi hücumların edildiyi yerlərin adlarını alıb: “Müharibə zonasından qayıtdıqdan sonra mən Litvanın Səhiyyə Nazirliyində də oldum. Toplanmış faktları təqdim etdim. Məni narahat edən suallara fəlakət təbabəti üzrə məsləhətçi Y.Ceveçka cavab verməyə razılıq verdi. Öyrəndim ki, bunlar çox təhlükəli, qadağan edipmiş maddələrdir. Onların təsir zonasına düşən insanlar boğulmağa başlayır. Orqanizmə düşən damcılar daxili orqanları yandırır. İprit və fosqen daha təhlükəlidir. Onların təsiri ərazisinə düşən əhalinin 50 faizi ölür, qalanları isə elə böyük doza alırlar ki, ölümcül dozadan 3-50 dəfə çoxdur. Böyük bombanın partlayışından sonra bulud 20-30 km yayıla bilər. Kiçik partlayışda isə əhatəsi 200-300 kv.metr olur. Maddələr düzənd toplanır, torpağı və suyu zəhərləyir".

Beləliklə, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin yaydığı məlumatın həqiqi olduğunu deyə bilərik.  Araşdırmamız göstərir ki,  fosfor və digər kimyəvi bombalardan istifadə  Ermənistan tərəfi üçün  adi bir təcrübə olub.

Bu qənaətə gəlirik ki, ANAMA-nın Cəbrayılda aşkralanan  fosfor tərkibli sursatların ermənilrə aid olması ilə bağlı hesabatı əsaslıdır.