Azərbaycan mətbuatında “patı” adlandırılan narkotik vasitə ilə bağlı sensasiyalı məlumat yayılıb. Bildirilir ki, Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin Almaniya hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, son dövrlər Azərbaycanda bəlaya çevrilən “patı” Xankəndidə ermənilər tərəfindən hazırlanır. Bununla bağlı alman kəşfiyyatında dəqiq informasiya var. Məlumatda əlavə olunur ki, ermənilər 44 günlük İkinci Qarabağ Müharibəsində Azərbaycan gəncliyinin döyüş ruhu qarşısında rüsvayçı şəkildə məğlub olduğunu həzm edə bilmədiyindən gəncləri zəhərləməklə qisas almaq planını işə salıb. Mənbənin bildirdiyinə görə, Xankəndidə istehsal olunan “patı” İran vasitəsilə Azərbaycana ötürülür. Məlumata görə, əvvəllər “patı” Zəngilanda istehsal edilib. Zəngilan işğaldan azad edildikdən sonra ermənilər bu işi Xankəndidə davam etdirirlər. Ehtimal olunur ki, “patı” tez-tez xarici ölkələrdən Xankəndiyə gələn və nömrəsi dəyişdirilən maşınlar vasitəsilə daşınır.
Bu məlumatı konkret faktlar üzrə təsdiqləmək hələlik mümkün olmasa da, deyilənlər əsassız deyil. Çünki, bu, Qarabağ ərazisində ermənilərin narkotik vasitə hazırlamasına dair ilk məlumat deyil.
Azərbaycanın işğal olunmuş ərazilərində narkotik becərilməsinə və satılmasına dair məlumatlar hələ ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət strategiyasına dair 2000-ci il tarixli hesabatında əksini tapıb. ABŞ Dövlət Departamentinin hesabatında işğal edilmiş Azərbaycan ərazilərindən narkotik vasitələrin kütləvi şəkildə daşınması üçün istifadə olunduğu bildirilib. Həmçinin Ermənistana coğrafi yerinə görə narkotik vasitələrin beynəlxalq dövriyyəsində potensial subyekt kimi baxılıb. Azərbaycanın işğal olunmuş sərhədyanı ərazilərində çətənə kollarının yetişdirilməsi faktına Aavropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağ üzrə məruzəsində də yer verilib.
BMT-nin hesabatında isə narkotik maddələrin üç marşrut üzrə daşındığı əksini tapıb. Bunlar
Əfqanıstan-İran-Dağlıq Qarabağ
Əfqanıstan - Pakistan - İran - Dağlıq Qarabağ,
Əfqanıstan - Orta Asiya - Dağlıq Qarabağ
marşrutlarıdır.
Azərbaycan hökumətinin 2019-cü ildə verdiyi açıqlamada bildirilib ki, ermənilər əsasən İran-Azərbaycan sərhədinin 132 kilometrlik nəzarətsiz qalan hissəsində, bir qədər də konkret desək Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının ərazisində narkotik bitkilər becərib, bunun üçün hətta laboratoriyalar inşa edilib. Bununla bağlı sənədlər Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana ofisinə təqdim olunub, hətta monitorinq qrupu yaradılıb, lakin Ermənistan həmin qrupu işğal altında olan ərazilərə buraxmayıb.
Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələrin becərilməsi və satışının təşkil olunması 2013-cü ilin iyun ayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatlarla da sübut edilib. Əməliyyatlar zamanı İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib, onlardan nə az, nə çox 40 kiloqram 500 qrama yaxın narkotik vasitə götürülüb.
Araşdırma nəticəsində narkotik vasitələrin bir hissəsinin məhz Azərbaycanın işğal edilmiş ərazilərində yetişdirildiyi, buradan əvvəlcə İrana, daha sonra yenidən Azərbaycana gətirildiyi məlum olub. Qrup üzvləri bildiriblər ki, narkotik vasitəni onlara verən iranlı Ərsalam Həlim müştərilərin əsasən Qarabağda yetişdirilən marixuanaya üstünlük verdiklərini deyib. Hətta erməni hərbçilərə sifariş olunan növbəti marixuana partiyasının keyfiyyətini yoxlamaq üçün qrupun Azərbaycandan olan üzvü Babək Bağırov İrana da gedibmiş. Orada ona bildiriblər ki, marixuananı Qarabağ ərazilərində erməni zabit və əsgərlər yetişdirərək sifarişlər əsasında İrana ötürürlər, buradan isə Azərbaycan və başqa ölkələrə göndərilir.
Ermənilərin Qarabağda narkotik vasitələr becərməsinə dair məlumatlar İkinci Qarabağ Müharibəsi zamanı və müharibədən sonra bir daha təsdiqini tapıb.
Məsələn, 2020-ci ilin oktyabr ayında Füzuli rayonunun işğaldan azad olunan ərazilərində narkotik bitkilərin əkildiyi ərazi və laboratoriya, həmçinin külli miqdarda narkotik vasitə aşkarlanmışdı.
Ağdam və Qubadlı rayonlarında da narkotik əkilən ərazilərə rast gəlinmişdi.
Kəlbəcərdə isə müharibədən sonra narkotik becərilən sahə aşkarlanıb. Bunu sosial şəbəkələrdə yayılan video təsdiqləyir.
Hesabatlarda əksini tapan məlumatlar, istintaq materialları, videofaktlar göstərir ki, ermənilər, xüsusilə də erməni hərbçilər Qarabağ ərazisində narkotik vasitələrin becərilməsi ilə planlı şəkildə məşğul olublar. Hətta bir sıra mənbələrdə əksini tapan məlumatlara görə, ermənilər Azərbaycan ərazilərini işğalda saxladıqları 28 il müddətdə saflaşdıraraq satdıqları narkotik vasitələrdən 16-17 milyard dollar gəlir götürüblər. Bütün bunlar ermənilərin indi də Qarabağ ərazisində, konkret olaraq Xankəndidə narkotik istehsalı ilə məşğul olduğunu deməyə əsas verir.
Bu qənaətə gəlirik ki, süni narkotiklərin Xankəndidə yetişdiriməsinə dair yayılan məlumatlar kifayət qədər əsaslıdır.