Dünən “Kanal13” kanalında altında Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Mingəçevir filialının sədri, II qrup Qarabağ əlili Cəfərov Oktay İsa oğlunun Prezidentə müraciəti yayımlanıb. Kanalda yayımlanan “Qarabağ əlili İcra başçısının cəzalandırılması üçün Prezident İlham Əliyevə müraciət etdi” sərlövhəli video-müraciətdə şikayətçi bildirir ki, şəhər İcra Hakimiyyəti başçısı Qarabağ Müharibəsi iştirakçılarına, qazilərinə və şəhid ailələrinə ögey və qaba münasibət göstərir, bizdən (veteranlardan-red.) qisas almağa gəlib, işi, gücü bina evlərini satmaqdır, bundan başqa şəhər rəhbərliyi sahibkar Babək Abdullayevin dönər köşkünü qanunsuz sökdürüb.

Faktyoxla Lab. məsələ ilə bağlı araşdırma aparıb.

Yayımlanan videonun şərh bölümündə Mingəçevir şəhər İH-nın açıqlaması verilib. Orada qeyd olunub ki, “Oktay Cəfərovun şəhər İcra Hakimiyyətinin başçısının kiçik sahibkar Babək Abdullayev tərəfindən özünün istifadəsində olan çayxananın ərazisinə dönər köşkü qoyması və beş nəfərin işlə təmin etməsinə baxmayaraq həmin köçkün götürülməsini tələb etməsi barədə müraciəti ilə əlaqədar bildiririk ki, B.Abdullayevin köşk qoyduğu torpaq sahəsi onun istifadəsində deyil, Bəkirov Rafiq Bahadil oğlunun icarəsindədir. Həmin ərazidə dönər köşkünün özbaşına qoyulması şəhərin memarlıq görünüşünə xələl gətirir və icarəyə verilmiş torpaq sahəsində deyil, ümumi istifadədə olan torpaq sahəsindədir”.

Şərhdə bildirilir ki, həmin dönər köşkü yaşayış binasına çox yaxındır ki, bu da həmin binada yaşayan sakinlərin narazılığına səbəb olur, belə ki, gün ərzində köşkdən gələn spesifik qoxu sakinlərin mənzillərinə daxil olur.

“Həmin köşkün könüllü götürülməsi üçün dəfələrlə Babək Abdullayevə edilən xəbərdarlıqlara məhəl qoymamış və Oktay Cəfərovun televiziyada (youtube kanalı nəzərdə tutulur-red.) belə çıxışını təşkil etməklə şəhər İcra Hakimiyyətinin başçısına təzyiq göstərmək, onun qanuni hərəkətlər etməkdən çəkindirmək məqsədi güdməsi aydın biruzə olunur”- deyə bildirilən açıqlamada əlavə edilib ki, vətəndaşların ümumi istifadə yerinə B.Abdullayev tərəfindən özbaşına qoyulmuş dönər köşkünün götürülməsi ilə bağlı Şəki Kommersiya Məhkəməsində Mingəçevir Bələdiyyəsi tərəfindən iddia qaldırılmışdır.