Milli Məclisin deputatı Razi Nurullayev sentyabrın 14-də “Facebook”da səhifəsində Türkiyədən Bakıya qayıdan zaman İstanbul Hava Limanında Azərbaycan vətəndaşı olan qadının 3 yaşlı (uşaq Kanada vətəndaşıdır) övladının PCR testi olmadığı üçün təyyarəyə buraxılmaması haqda status yazıb.

Deputat qadına kömək etmək üçün bir neçə yerə (?) zəng etdiyini bildirsə də cəhdlərinin nəticəsiz qaldığını qeyd edib. Razi Nurullayev eyni zamanda tətbiq edilən qaydalarının sərtliyindən şikayət edib və qaydalarda mütləq şəkildə yumuşalmalara gedilməyin vacibliyini bildirib.

Qanunverici orqanın təmsilçisinin belə status yazması, qəbul olunmuş qanun və qaydalara etinasızlığı, qanunun yanından keçilməsinin mümkünlüyünü dilə gətirməsi qəribə səslənir.

Faktyoxla Lab. digər ölkələrdə tətbiq olunan qaydalarla bağlı araşdırma aparıb.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) rəsmi saytında ölkələrə daxil olmaq üçün həmin ölkələrin tələb etdikləri qaydalar və qanunlar öz əksini tapıb. Həmin sayt vasitəsilə Azərbaycana hansı ölkələlərin vətəndaşlarının gəlmələrinə icazə verilməsi və ölkəyə daxil olan zaman hansı şərtlərin yerinə yetirməsi ilə bağlı qeydlər var. 

Burada Azərbaycan ərazisinə daxil olan şəxslərdən PCR testinin nəticəsinin tələb olunan sənədlər siyahısında olması qeyd olunub.  O da qeyd olunur ki, bu sənəd 1 yaşdan yuxarı bütün şəxslərdən tələb olunur.

Bununla yanaşı cari ilin 24 iyul tarixində Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilməsi barədə Qərar qəbul edib.

Baş nazir Əli Əsədovun imzaladığı Qərarın izahında göstərilib ki,  

Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar aşağıdakı şərtlərlə sərnişinləri reysə qəbul edirlər:

 əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə:

1) yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan sərnişinləri, o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) – qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.

 Eyni zamanda 1 yaşınadək uşaqlarda uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələbi ləğv olunur

Hər iki mənbədə ölkəyə daxil olan şəxslərdən tələb olunan sənədlər aydın şəkildə göstərilib.

Bu məqamda ötən günlərdə baş verən bir hadisəni xatırlayaq. Sentyabrın 5-də 2022-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Braziliya - Argentina matçı yerli ölkənin səhiyyə orqanının nümayəndələri və hüquq mühafizə orqanlarının əmıkdaşlarının müdaxiləsi ilə yarımçıq dayandırılıb.

Dünyanın gözü qarşısında, milyonlarla futbol həvəskarının TV ekranlarından izlədiyi qarşılaşma başladıqdan 4 dəqiqə sonra ölkə qanunlarını qorumaq üçün yarımçıq saxlanılıb

Buna səbəb dörd argentinalı futbolçunun- qapıçı Emilyano Martinez, müdafiəçi Kristian Romero və yarımmüdafəçilər Emilyano Bundiya ilə Giovanni Lo Selsonun Braziliyaya daxil olan zaman İngiltərə ərazisində olmaları barədə yerli qurumlara səhv məlumat vermələri olub. Adları çəkilən məşhur futbolçular saxlanıldıqdan sonra ölkədən deport olunublar.

Yəni, Braziliyanın müvafiq qurumları qarşılaşmanın statusundan və baş verə biləcək hər hansı qalmaqalı nəzərə belə almadan qanunun aliliyini dünyana nümayiş etdirmiş olublar. 

Nəticə: Hər bir ölkənin müəyyənləşdirdiyi qaydalar, qəbul etdiyi qanunlar var ki, hər kəs bu qanunlara hörmətlə yanaşmalı və ona əməl etməlidir.