İqtisadçı Qubad İbadoğlu Azərbaycanda son bir ildə işsizlik və yoxsulluğun 2 dəfə artmasına dair iddia ilə çıxış edib. Özünün FB səhifəsində yazdığı postda bildirib ki, işsizlik 50 faizə, yoxsulluq 30 faizə qədər artıb. Sitat: “2020-ci ildə Azərbaycanda işsizlərin sayı 376 min nəfər qeydə alınıb ki, bu da 2019-cu illə müqayisədə 125 min nəfər və ya 50 faiz  çoxdur.  Beləliklə də, işsizlik səviyyəsi  2003-cü ildən sonra ən yüksək həddə çatıb. Müstəqil eksperlər 2020-ci il üçün işsizlik faizinin rəsmi göstərildiyi kimi 4,86 faiz  deyil, 16,51 faiz olduğunu iddia edirlər”.

16,5 faiz işsizlik səviyyəsi o deməkdir ki, ölkədə 1,7 milyon nəfər insan işsizdir. Həqiqətənmi Azərbaycanda bu qədər sayda vətəndaş işsizdir?

Faktyoxla Lab. bu iddianı araşdırıb.

Azərbaycanın əhalisinin sayı 10 milyon 127 min nəfərdir. Ölkə əhalisin təxminən 5,3 milyon nəfəri iqtisadi fəal əhalidir. Yəni, müxtəlif sahələrdə müxtəlif fəaliyyət növü ilə məşğul olanlardır. Onların təqribən, 1,7 milyon nəfəri muzdlu işçidir, yəni əmək müqaviləsi əsasında çalışanlardır. Yerdə qalan 3,5 milyon nəfər kənd təsərrüfatı və müxtəlif sahələrdə günəmuzd, mülk-hüquqi müqavilə ilə, eyni zamanda əmək qeydiyyatı olmadan çalışanlardır. (Mənbə)

Əmək qanunvericiliyinə əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs sayılır. Digər sosial qruplar, məşğul, yəni işləyən hesab olunur.

Ölkəmizdə əhalinin 18 yaşadək olan kateqoriyası üzrə sayı 2 milyon 600 min nəfər təşkil edir. Yəni bu yaşadək olanlar uşaq və yeniyetmələr və ilkin gənclərdir.  Uşaq və yeniyetmələrin, yəni 15 yaşadək şəxslərin işləməsi, əməyə cəlb edilməsi qadağandır. Bu yaşadək əhalinin sayı 2 milyondur. Əmək Məcəlləsinə əsasən, 15-dən 18 yaşadək olan şəxslərin isə işləməsinə bir sıra hallarda, yalnız müəyyən istsnalar əsasında icazə verilir. 

Beləliklə, ölkə əhalisinin 25 faizini təşkil edən yuxarıdakı kateqoriyanın işləmək hüququ olmadığından onların da işsiz kimi təqdim edilə bilməz.
2021-ci il yanvarın 1-i vəziyyətinə görə, Azərbaycanda 1 milyon 228,8 min pensiyaçı qeydiyyatdadır və bu da ölkə əhalisinin 12,3 faizini təşkil edir. Yaşa görə pensiya və ya müavinət alan şəxslər işsiz kimi qeydiyyata alınmırlar. Bununla yanaşı, ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Yaşa görə müavinət alanların sayı 100,2 min nəfər, əlilliyə görə - 182,5 min nəfər, ailə başçısını itirməyə görə 49,2 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 52,7 min nəfər, digər müavinətləri alanların sayı isə 27,2 min nəfərdir. Beləliklə, pensiya və ya müavinət alanların birlikdə sayı 1,7 milyon nəfərdən çox olmaqla ölkə əhalisinin 18 faizini təşkil edir.

Göründüyü kimi, bütün məşğul əhalinin və sosial kateqoriyaları hesabladıqda ölkə üzrə onların sayı 9 milyon nəfərdən çoxdur. Azərbaycandan kənarda xarici ölkələrdə işləməyə və yaxud müxtəlif səbəblərdən yaşamağa gedənləri də nəzərə alsaq bu rəqəm 9,5 milyon nəfəri ötür. Bu isə ölkə əhalisinin 93-94 faizini təşkil edir. Beləliklə, işsizlərin sayı ölkə üzrə təxminən 350-370 nəfərə bərabərdir və rəsmi statistikada əks etdirilən 375,9 min göstəricisinə tamamilə uyğundur.

Sual oluna bilər ki, son bir ildə işsizlərin sayı niyə 100 min nəfərə yaxın artıbdır? Məlum olduğu kimi, 2020-ci ildə pandemiyanın qlobal miqyasda xarakterik əlamətlərindən biri işsizliyin artmasına, insanların gəlirlərinin azalmasına təsirləri ilə bağlıdır. Azərbaycan qlobal iqtisadiyyatın bir parçasıdır, 190 ölkə ilə iqtisadi-ticari əlaqələr həyata keçirir. Pandemiya dünyanın bütün ölkələrində məşğulluğa mənfi təsir etdiyi təqdirdə, Azərbaycanın bu prosesdən kənarda qalması mümkün ola bilərdimi? Təbii ki, yox. 2020-ci ildə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması məqsədilə bütün xarici ölkələrdə tətbiq edilən qapanmalar baş verdi, xidmət, turizm, ictimai iaşə və digər sahələrdə məhdudiyyətlər iqtisadi fəallığın aşağı düşməsinə və məşğulluğa öz təsirlərini göstərdi.
Məsələ ondadır ki, hökumətin 2020-ci ilin aprel ayından tətbiq etdiyi geniş məzmunlu sosial-iqtisadi dəstək tədbirlərini nəzərdə tutan anti-pandemiya paketinin icrası zamanı vergi uçotunda olmayan, mühasibatlıqdan kənar, qeyri-rəsmi məşğulluğun və “kölgə iqtisadiyyatı”nın təzahürləri də meydana çıxdı. Bu mühüm amil qeyri-rəsmi məşğulluğun müəyyən dərəcədə rəsmiləşdirilməsinə də öz təsirini göstərdi, rəsmi əmək qeydiyyatında olmayan minlərlə şəxs uçota durdu. Eyni zamanda, məşğulluq orqanlarında qeydiyyatda olmayan on minlərlə vətəndaş qeydə alındı. Nəticədə bu proseslər həm də rəsmi işsizlərin sayının artmasına və Dövlət Statistika Komitəsinin məlumatına görə, 376 min nəfərə çatmasına səbəb olub.

Onu da nəzərə almaq lazımdır ki, ötən il ölkədə iqtisadi fəal əhalinin sayı və məşğul əhalinin sayı da artıb və bu amil də işsiz insanların sayının azalmasına səbəb olur. 2021-ci il sentyabr 1-ə olan məlumata əsasən, iqtisadi fəal əhalinin sayı da 1 faizdən çox artıb. 

Son bir ildə ölkəmizdə muzdla işləyənlərin sayı da 1 faizə yaxın artıb. Yəni 1 faiz işsizlik artıbsa, 1 faiz də təkcə muzdlu işçilərin sayı artıb. Bu, işsizlik göstəricisinin azalmasında mühüm faktorlardan biridir.

Bütün bunlara rəğmən, ölkədə işsizliyin səviyyəsinin artımı cəmi 0,8-1 faizi ötmədi. Bunu həm hökumətin rəsmi statistikası, həm də beynəlxalq təşkilatların əmək bazarı ilə bağlı araşdırmaları da təsdiqləyir.

İşsizliyin səviyyəsini tətdiq edən qlobal araşdırma paltforması olan “Trading Economics”in nəşr etdiyi hesabatdan da görünür ki, Azərbaycanda işsizlik səviyyəsi əvvəlki 5,2 faizdən 6,2 faizə yüksəlib. 

İşsizlik Azərbaycanda 0,8 faiz yüksəldiyi halda, dünya ölkələrində bu rəqəm 2020-ci ildə 6-20 faiz civarında yüksəlib. Dünyanın ən güclü iqtisadiyyatına malik ölkə olan ABŞ-da 2020-ci ildə işsizliyin səviyyəsi son 90 ildə ən yüksək həddə çıxdı və 15 faizə yaxınlaşdı. Bu, ötən əsrin 30-cu illərində Amerikada baş verən “Böyük depressiya”dan sonra yaşanmış ən pis vəziyyətlərdən biri hesab edilir. 

Avropa Birliyi ölkələrində də bu rəqəm orta hesabla 8-20 faiz civarında olub.
Göründüyü kimi, son bir ildə, işsizliyin səviyyəsi MDB və dünya ölkələrində daha çox yüksəlib, Azərbaycanda isə 1 faizdən də aşağı olub.

Q.İbadoğlunun “işsizliyin səviyyəsi 2003-cü ildən sonra ən yüksək səviyyəyə yüksəlib” fikrinə də diqqət edək. 2003-cü ildə Azərbaycanda işsizliyin səviyyəsi 9,2 faizə bərabər olub, sonrakı illər ərzində bu rəqəm hər il azaldılaraq 2020-ci ildə 4,8 %-dək enib. (mənbə)

Beləliklə, əsil reallıq və təkzibolunmaz faktlar Qubad İbadoğlunun işsizliklə bağlı iddialaının tamamilə əsassız olduğunu təsdiqləyir.
Q.İbadoğlunun, yoxsulluqla bağlı iddiaları da həqiqəti əks etdirmir və mövcud vəziyyət onun fikirlərinin üstündən xətt çəkir.
Azərbaycan hökuməti üçün prioritet məsələlərdən biri yoxsulluğun davamlı olaraq azaldılmasıdır.

Azərbaycan 2000-ci ilin sentyabrında BMT-nin Minilliyin İnkişaf Məqsədləri (MİM) proqramına qoşulub. Respublikamız sənəddə 18 hədəf və 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsədi gerçəkləşdirib və yoxsulluğun azaldılması istiqamətində irəliləyişlərə nail olub. Sənəddən irəli gələn əsas öhdəlik 2015-ci ilə qədər yoxsulluğun yarıyadək azaldılması idi. Hökumətin gerçəkləşdirdiyi dövlət proqramları, eləcə də regional inkişaf proqramları sayəsində yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2014-cü ildə 5 faizə, yəni ümumilikdə 10 dəfə azaldıldı və qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı enməsi ilə nəticələndi.

Sonrakı illərdə Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Sammitində təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın icrası sayəsində yoxsulluq səviyyəsi 5 faizə qədər aşağı düşüb. (mənbə

Dünyada yoxsulluğun azaldılması üzrə beynəlxalq çərçivəyə əsasən, gündəlik gəliri 3 dollardan aşağı olan şəxslər yoxsul hesab edilir. Bu, ayda 90 dollar, manatla 153 AZN deməkdir. Ölkəmizdə adambaşına ehtiyac meyarının məbləği isə 170 manatdır. (mənbə)

Digər bir yanaşma, yaşayış minumumu ilə bağlıdır ki, ölkəmizdə bu rəqəm beynəlxaql praktikada tətbiq edilən yoxsulluq həddi çərçivəsindən (yenə də üstündür. Azərbaycan qanunvericiliyinə görə, rəsmi təsdqilənən yaşayış minimumundan aşağı gəlirə malik olan insan yoxsul hesab olunur. “2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, ölkə üzrə yaşayış minimumu 196 manatdır. (mənbə)

Nəticə: Ölkəmizdə 196 manatdan az gəlirləri olan şəxslər yoxsulluq qrupuna aid hesab edilir. Azərbaycanda isə bu qrupların sayı təxminən 500 min nəfərdir. Yəni, 5%. Beləliklə, Qubad İbadoğlunun istər işsizlik, istərsə də yoxsulluqla bağlı iddiaları heç bir fakt və dəlilə söykənmədiyindən gerçəklikdən tamamilə uzaqdır.