Avropa yenə də öz irqçi simasını göstərdi. Deyəsən müharibə yalnız onlarda baş verəndə müharibə sayılır. Bosniya Hersoqoviniyadakı müsəlman qırğınlarına arxa çevirən, Yaxın Şərq və Asiyada işğalçı hərəkatlara məhəl belə qoymayan Avropa, Ukraynada müharibə görünəndə “Onlar avropalıdır” deməklə öz irqçiliyini nümayiş etdirdi.
Avropalı jurnalistlərin canlı yayımda Rusiya-Ukrayna müharibəsi ilə bağlı verdikləri açıqlamalar, səsləndirdikləri cümlələr izləyənləri dəhşətə gətirib. Bir qadın müxbir: “İndi onların başına ağlasığmaz bir şey gəlib və bura Avropadır, inkişaf etməkdə olan üçüncü dünya dövləti deyil” – deyir, digəri isə “avropalı, mavi gözlü və sarışın insanlar öldürülür' deyərək, Avropadan kənarda insanları ikinci dərəcəli insanlar olaraq gördüklərini açıq şəkildə ifadə edir.
Kanadanın Alberta Universitetinin politologiya professoru Malinda S. Smit öz Twitter hesabında Qərb mətbuatından olan müxbirlərin və şərhçilərin sözlərini ehtiva edən tvit paylaşıb. “Divar” qəzetinin xəbərinə görə, Smith "Şərqlilərin və qaradərili irq əleyhinə baxışı canlandıran Avropa müstəmləkəçi zehniyyətindən çəkinməlidir" qeydi ilə aşağıdakı şəkilləri izləyicilərinə təqdim edib:
- “Bunlar suriyalı deyil, xristian və ağdərilidir”
ABŞ-ın NBC telekanalının müxbiri Kelli Kobiella canlı yayımda deyib:
- “Açıq desək, bunlar Suriyadan olan qaçqınlar deyil. Bunlar qonşu Ukraynadan olan qaçqınlardır. Bunlar xristian və ağdərililərdir. Onlar Polşada yaşayan insanlara çox bənzəyirlər”.
- “Sanki Əfqanıstanda qanadlı raketlər atılır”
Fransada yerləşən xəbər kanalı BFM TV-nin şərhçisi isə vəziyyəti belə şərh edib:
- “Biz XXI əsrdəyik. Biz Avropanın bir şəhərindəyik və biz İraqda və ya Əfqanıstanda olan kimi qanadlı raketlərlə atəş açırıq, təsəvvür edirsinizmi?!”
- “Mavi gözlü və sarışın avropalılar öldürülür”
Britaniyanın BBC xəbər kanalının Kiyevdə olan və canlı yayıma bağlanan şərhçisi gördükləri haqqında danışıb: “Mən hər gün mavi gözlü avropalıların və sarışın uşaqların Putinin raketləri ilə öldürüldüyünü görürəm. Bunlar firavan orta təbəqədən olan insanlardır. Aydındır ki, hələ də böyük müharibə vəziyyətində olan Yaxın Şərq bölgələrindən qaçmağa çalışan qaçqınlar deyil. Bu insanlar Şimali Afrikadakı ərazilərdən də uzaqlaşmağa çalışmırlar.”
- "Bura İraq deyil, sivil bir ölkədir"
Kanadanın CBC News müxbiri Çarli D'Aqata Kiyevdən hazırladığı reportajda vəziyyəti belə izah edir:
- “Ukrayna İraq və ya Əfqanıstan kimi onilliklər ərzində şiddətli münaqişələrin baş verdiyi yer deyil. Bilirsiniz, bura nisbətən mədəni və sivil bir ölkədir”.
- “Bura Avropadır, üçüncü dünya ölkəsi deyil”
Ukraynalı mühacirlər haqqında Polşadan reportaj hazırlayan reportyor bunları deyir:
- “İndi onların (ukraynalıların) başına inanılmaz bir şey gəlib. Bura (Ukrayna) inkişaf etməkdə olan üçüncü dünya ölkəsi deyil. Bura Avropadır.”
- “Bu insanlar Avropa ailələrinə və qonşularınıza bənzəyirlər”
Qətərdə fəaliyyət göstərən “Əl-Cəzirə” televiziyasında çıxış edən siyasi şərhçi də fikrini belə ifadə edir:
- “Bu insanlarda diqqət çəkən şey onların necə geyimləridir. Yaxın Şərqdən, Şimali Afrikadan qaçmağa çalışan qaçqınlar deyil onlar. Orta sinfin nümayəndələri olan insanlardır. Onlar sizin qonşularınıza, istənilən Avropa ailəsinə olduqca bənzəyirlər.
- "Onlar bizə çox bənzəyirlər, Netflix hesabları var"
Qərb qəzetlərində də irqçi fikirlərə rast gəlmək mümkündür. İngiltərədə yayımlanan “The Daily Telegraph” qəzetində Daniel Hannanın imzası ilə dərc olunan məqalədə
- “Onlar bizə çox bənzəyirlər. Bu, bizi olduqca təəccübləndirir. Ukrayna Avropa ölkəsidir. Onun əhalisinin Netflix və Instagram hesabları var, sərbəst səs verir və senzurasız qəzet oxuyurlar. Müharibə artıq uzaqlarda olan yoxsulların başına gələn hadisə deyil” – deyə hadisələrə şərh verilib.