AXCP sədri Əli Kərimli öz feysbuk səhifəsində əlillik pensiyaçılarının sayının azalması ilə bağlı status paylaşıb. O, iddia edib ki, hökumət son 5 ildə 211 min əlilin pensiyasını kəsib, pensiya yaşının artırılması nəticəsində təkcə bu ilin 3 ayında pensiya alanların sayı 23 min nəfər azalıb, pensiyaçıların sayının azalması sayəsində hökumətin on milyonlarla manata vəsaitə qənaət edib. 

Faktyoxla Lab. bu iddiaların həqiqiliyini araşdırıb.   

1. Statistikaya görə, 2017-ci il Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 328,4 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, onların 59,4 faizi yaşa, 29,3 faizi əlilliyə, 11,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alıb. Həmin dövrdə ümumi pensiya alanların 29,3 faizi, yəni 385 min nəfəri əlilliyə görə pensiya alanlar olub. Hazırda isə ölkə üzrə 1 milyon 202 mindən çox pensiyaçının 354 min nəfəri əlilliyə görə pensiya alanlardır.



Göründüyü kimi, son 5 ildə əllilik üzrə pensiyaların sayı Ə.Kərimlinin iddia etdiyi kimi 211 min nəfər deyil, 30 min nəfər azalıb. Bunun da səbəbi son illərdə bu sahədə aparılan şəffaflaşdırma işləri ilə bağlıdır.

Yeri gəlmişkən, son illərdə əlillik təyinatında yeni yanaşmaların tətbiq edilməsi sayəsində, əsassız əlillik təyinatı nəzərə alınmazsa, ümumilikdə bu sahədə dinamika yenidən artıb. Məsələn, son 3 ildə 155 minədək şəxsə əlillik və sosial ödənişlərin təyinatı aparılıb ki, bu da dinamika baxımdan əvvəlki illərdən daha yüksək göstəricidir. Təkcə, 2022-ci il ilin ötən 4 ayı ərzində 10 mindən çox şəxsə əlillik təyin olunub ki, bu da 2021-ci ilin ötən eyni dövrünə nisbətən 2,2 dəfə çoxdur. (Mənbə) Həmçinin, 44 günlük Vətən müharibəsində yaralanmış və müalicə kursları bitmiş hərbi qulluqçuların əlillik vəziyyətinin qiymətləndirilməsi işləri çərçivəsində 2885 hərbi qulluqçuya ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub. Əlillik təyin edilikdən sonra onlara e-sistem tərəfindən, proaktiv qaydada əlilliyə görə aylıq sosial ödənişlər (Prezidentin təqaüdü, pensiya, müavinət) təyin olunub, habelə birdəfəlik sığorta ödənişləri verilib.

2. Əslində son bir ildə pensiya alanların ümumi sayında azalma baş verib. Lakin azalmanın səbəbi həm pensiya yaşının artırılması, həm də pensiya kapitalı və ya sığorta stajına görə müəyyən edilmiş tələblərdən yaranan hüquqi hallarla bağlıdır. Məlumdur ki, 2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək 65 yaşa çatdırılıb. Təbii ki, yaş artdıqca yaşa görə pensiya alanların sayının azalması da labüddür. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanuna (maddə 7) əsasən, pensiya yaşına çatmış şəxslər (65 yaşı tamam olanlar) 25 il ərzində sığorta stajı toplaya bilmədikdə, yaxud da fərdi hesabındakı tələb olunan pensiya kapitalını (144 aylıq yığım kapitalı)  yığa bilmədikdə onlara yaşa görə əmək pensiyası deyil, sosial müavinət təyin edilir.

Beləliklə, pensiya yaşına çatmış minlərlə vətəndaş 25 illik staj və yaxud lazımı məbləğdə pensiya kapitalı toplaya bilmədiyinə görə, onlar, yaşa görə pensiyaçıların qrupunda deyil, sosial pensiya alanların qrupunda yer alırlar. Bu amil, məhz əmək pensiyaçılarının ümumi sayının azalmasına səbəb olub. Ancaq bu fiziki olaraq azalma hesab edilə bilməz, çünki say etibarilə sosial müavinət alanların sayı artır. Belə ki, 2022-ci ilin aprelin 1-i vəziyyətinə yaşa görə sosial müavinət alanların sayı 119,2 min nəfər çatıb ki, bu son bir il ərzində 20 min nəfərə yaxın artım deməkdir. Beləliklə, son bir ildə 22 min azalan pensiyaçıların müqabilində sosial müavinət alanların sayının 20 min artması sayəsində cəmi 2 min azalma qeydə alındığını deyə bilərik.

3. Sosial müdafiə sahəsində hər il büdcədən və Sosial Müdafiə Fondundan yönəldilən (istər əmək pensiyaçıları, istərsə də, sosial pensiyaçılar) illik vəsaitin artması qeydə alınmaqdadır. Məsələn, 2022-ci ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2 milyard 188 milyon manat vəsait ödənilib ki, bu da 2021-ci ilin yanvar-aprel aylarına nisbətən 162,5 milyon manat çoxdur. Yəni, dövlət pensiya və sosial ödənişlərə son bir ildə 162 milyon manat daha çox xərcləyib. (Mənbə)

Beləliklə, Əli Kərimlinin əlilliyə görə pensiya alanların sayının azalması ilə bağlı iddiaları

- Yanlışdır, son 5 ildə əllilik üzrə pensiyaçıların sayı Ə.Kərimlinin iddia etdiyi kimi 211 min nəfər deyil, 30 min nəfər azalıb. Bunun da səbəbi son illərdə bu sahədə aparılan şəffaflaşdırma işləri ilə bağlıdır;

- Pensiya yaşına çatmış minlərlə vətəndaş 25 illik staj və yaxud lazımı məbləğdə pensiya kapitalı toplaya bilmədiyinə görə, onlar yaşa görə pensiyaçıların qrupunda deyil, sosial pensiya alanların qrupunda yer alırlar. Ancaq bu fiziki olaraq azalma hesab edilə bilməz, çünki say etibarilə sosial müavinət alanların sayı artıb. 

- “Pensiyaçıların sayının azalması sayəsində hökumətin on milyonlarla manata vəsaitə qənaət etməsi” fikri də yanlışdır. Ölkə üzrə bütün pensiyaçıların sosial xərclərini hər il ən azı 150 milyon manat artırır. Təkcə ötən il dövlət pensiya və sosial ödənişlərə 162 milyon manat daha çox xərcləyib;