“Konkret.az” saytı Türkiyədəki ərzaq və qeyri-ərzaq mallarının satış qiymətləri ilə Azərbaycanda eyni adda məhsulların qiymətləri arasında müqayisə apararaq iddia edir ki, ölkəmizdə bahalıqdır. Sayt bildirir ki, Türkiyədə əksər məhsullar Azərbaycandan qat-qat ucuzdur. Məsələn, Türkiyədə 1 kq pomidor 1.37, xiyar 0.92, badımcan 0.92, 1kq kartof 0.41, soğan növlərə görə 0.46 və 0.21 AZN-ə, 1kq çiyələk 1.36, 1 kq limon 0.53, apelsin 0.55, 5 ədəd avokado 1.83 AZN-ə, qarpız 0.92, xurma 1.65, banan 0.67 -1.28, qırmızı bibər 0.41, yaşıl bibər 0.92, kök 0.27 manata satılır. istinad
“konkret.az” saytının bu “araşdırması”nı “Azadlıq” qəzetinin facebook səhifəsi göydəndüşmüş fakt kimi dərhal paylaşaraq Azərbaycanda qiymətlərin Türkiyəyə nisbətən xeyli baha olması barədə özlərinəməxsus tərzdə şərh ediblər.
Qeyd edilənlər nə dərəcədə doğrudur, Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsulları Türkiyə ilə nisbətdə həqiqətən bahadırmı? Faktyoxla Lab. bu iddia ilə bağlı araşdırma aparıb.
Müqayisə edilən hər iki ölkənin satış mağazalarındakı qiymət tariflərini tutuşdurmaqla əsil vəziyyəti aydınlaşdırmaq olar.
İlk növbədə, Türkiyədə meyvə-tərəvəz məhsullarının qiymət cədvəlinə diqqət edək. Türkiyədə kartof 10 -23.90 Tl arasında dəyişir. Yəni 1 manat və 2 manat 30 qəpik. Soğanın qiyməti isə 10.90 TL-dir (1,1 manat). Vətəndaşların istehlakında əsas yer tutan bu məhsulların hər biri qardaş ölkədə “Konkret.az”ın ucuz kimi təqdim etdiyi rəqəmlərdən 4-5 dəfə bahadır. mənbə
Eləcə də, pomidorun 1 kq-ı 24,90 TL, kök 14.90 TL, göyərti bir ədədi 7,5 TL, badımcan 15,9 TL, xiyar 18,9 TL, kələm 9,5 TL, çiyələyin 1 kq-ı 25 TL-dir. Yəni, “Konkret.az” saytının iddia etdiyi kimi Azərbaycandan ucuz deyil, xeyli bahadır. mənbə
Azərbaycanda bazarlardan, yaxud supermarketlərdən alış-veriş edən hər bir kəs 2 manat 30 qəpiyə kartof, 1 manat 10 qəpiyə soğan, 1 manat 70 qəpiyə badımcan, 1 manat 90 qəpiyə xiyar, 95 qəpiyə kələm, 1 manat 50 qəpiyə kök, 2 manat 50 qəpiyə pomidor, 75 qəpiyə bir dəstə göyərti almır, yəni həmin sadaladığımız məhsulların qiymətləri Türkiyə ilə nisbətdə ən azı 40-50, bəzən 100 faiz ucuzdur.
Türkiyədə ucuz kimi təqdim edilən avakadonun 5 ədədi 1,83 AZN yox, cəmi bir ədədi 16,90 TL, 5 ədədi isə 8,5 AZN-dir. Banan 20-45,90 TL, xurma 17.90 TL, limon (kq) 19.90 TL, mandarin 16.90-20 TL, portağal 15-20 TL, üzüm 15-20 TL, nar 15 TL, yaşıl və qırmızı bibər 15-20 TL-dir. mənbə Portağal istisna olmaqla, digərlərinin hər biri Bakı bazarlarına rəğmən bahadır. mənbə
Türkiyədə ağartı məhsullarının qiymətləri ilə Azərbaycanda eyni malların qiymət müqayisəsinə də diqqət edək. “Konkret.az” təqdim edir ki, İstanbul və Ankarada mağazalarda 500 qr pendir 3.16, 225 qr pendir bağlamada 1.56 AZN-ə, 500 qr kərə yağı 3.57 manata satılır. 1 litr süd bizim pulla 0.82 AZN-ə, 1 litr ayran 0.64, 125 qr aktiviya 0.55, 500 qr yoqurt 0.59, 80 ml içməli yoqurt 0.37 AZN-ə satılır. 30 ədəd yumurta isə 3.57 manat təşkil edir.
Araşdırma zamanı bəlli oldu ki,qeyd edilən həmin malların qiymətləri də Azərbaycanla nisbətdə bahadır. Bir məqamı qeyd edək ki, saytın “yoqurt” kimi təqdim etdiyi ağartı məhsulu Türkiyədə 2 mənada işlənir. Biri qatıq, digəri isə bizim bildiyimiz “yoğurt”dur ki, onlar “meyveli yogurt” deyirlər. Yani burada da cüzi anlaşılmazlıq var. Buna görə biz, hər iki məhsulun qiymət müqayisəsini apardıq. Türkiyənin market şəbəkələrində yoğurtların qiyməti 17-55 TL arasında dəyişir. “Aktiviya” 24 Tl-dən ucuz deyil. Yəni, nəinki 37, heç 59 qəpiyə də yoğurta rast gəlmək mümkün deyil. mənbə
Müqayisə üçün qeyd edək ki, Azərbaycanın satış şəbəkələrində təklif edilən yoqurtları çəki və istehsalçı firmasından asılı olaraq 90 qəpikdən 2 manata qədər dəyişir. Yəni, Türkiyədəki oxşar qiymətlərdir. mənbə
Türkiyə mağazalarında pendirin qiyməti bizdən çox yüksəkdir, 55 -150 TL arasında dəyişir. “Ünal Lüks” klassik inək pendirinin 1 kq-ı 153 TL (15,3 manat), “Savak Erzincan” qoyun pendirinin 1 kq-ı isə 205 TL-dir, 20 manatdan baha. Bu ölkədə 1,56 qəpiyə, yəni 15 TL-yə hansı keyfiyyətdə pendir almağı bir az düşünmək gərək. mənbə Azərbaycanın iri supermarketlərində, məsələn, “Bazarstore”də eyni tərkib və keyfiyyətdə olan pendirlərin qiymətləri 7,80, 8,9,10 manatdır. mənbə
Yaxud, reportajda iddia olunduğu kimi 30 ədədlik qabda 3,57 manata (35 TL) heç sağsağan yumurtasını tapmaq mümkün deyil. Türkiyədə ən ucuz yumurta paketinin qiyməti 37,75 TL-dir (qabda 15 ədəd olan). Ferma yumurtası olan bu məhsulun bir ədədi isə 2,52 TL, yəni Azərbaycan pul vahidi ilə 25 qəpikdən də bahadır. (mənbə) Azərbaycanın mağazalarında isə həmin sort “Giləzi” yumurtasının bir ədədi 19 qəpiyə satılır.
Kərə yağına gəlincə, Türkiyədə əsas etibarilə satışda yerli istehsal olunan yağlar təklif olunur. Məsələn, yerli istehsal olan “İçim” kərə yağının bir kq-ı 189 TL, “Pinar”ın qiyməti 231 TL-dir. Manata çevirdikdə orta qiymət təxminən 19-20 AZN edir. (mənbə) Ancaq həmin reportajda iddia edilir ki, Ankarada marketlərdə kərə yağının 500 qramı 3,57 manatdır. (35 TL). Böyük ehtimal ki, saytın əməkdaşı “Terem” marqarin yağı ilə kərə yağını səhv salıb və yaxud, ayran ilə qaymağın fərqini ayırd edə bilmir. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda xaricdən idxal olunan Almaniya, Yeni Zellandiya, Fransa istehsalı olan kərə yağlarının qiyməti Türkiyə ilə eynidir. Ancaq Belarus, Rusiya və yerli istehsal yağları 2-3, bəzən 4-5 manat ucuzdur. Bitki yağları, məsələn, 5 litrlik “Ayçiçək yağı” 150 TL, yəni 15 AZN-dir. Azərbaycanda da duru yağlarının qiyməti təxminən eynidir. 750 qramlıq “Nutella” şokolad yağı 74 TL, yəni 7,5 AZN-dir. Bakıdakı əksər satış şəbəkələrində bu məhsulların qiymətləri eynidir. mənbə1 mənbə2
Ankara və digər şəhərlərdə düyünün 1 kq-ı markasından asılı olaraq 42-70 TL (4-7 manat) arasında dəyişir. "Basmatı" düyünün kilosu 81 TL-dir. "Ağ lobya" Bakıda 4 manat (40TL) olduğu halda, Türkiyədə fasulye, yəni ağ lobya 57-63.90 TL-yə satılır. Xüsusi qablaşdırılmış 1 kq-lıq "qırmızı mərci" 48-57 TL arasında satılır. Bu, 4,8-5,7 AZN deməkdir. mənbə
Türkiyədə süd 12 TL (1,2 AZN), çörək 500 qram 7.90 TL (79 qəpik) təşkil edir. Yəni, bizdən ucuz deyil. mənbə
Ət məhsullarının qiymətlərini də müqayisə etməklə aradakı fərqi görməyə çalışaq. Sayt iddia edir ki, 1 kq doğranmış mal əti 8.61 AZN-dir (87 TL). Yaxud, 1 kq çəkilmiş mal ətinin qiyməti 9.34 AZN-dir (94 TL). Bu müqayisə də əsaslı deyil. Türkiyədə 8-9 manata ümumiyyətlə, dana və yaxud qoyun əti yoxdur. Bu ölkənin əksər mağazalarında və qəssabxanalarda mal ətinin qiyməti 150-180 TL arasında dəyişir. Məsələn, dana ətinin xırda doğranmışının 1 kq-ı 149.9 TL (15 manat), doğranmış ət 153 (15.3 manat), dana qabırğası (antrikot) isə 225 TL (22,5 manat), sümüklü qabırğanın qiyməti 159.9 TL-dir (16 manat). Təmiz sümüksüz dana əti 189.9 TL-yə (18.8 AZN) satılır.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanda dana əti rayonlarda və bölgədəki şəhərlərdə 12 manata, Bakıda 13-14 manata satılır. Marketlərdə isə qiymətlər ətin bir kiloqramı 15, 16-17 manatdır. Yəni, bizim ölkədə qiymətlərin Türkiyədən baha olması barədə aparılan müqayisə həqiqəti əks etdirmir. mənbə
Ankarada 1 çolpanın 1.92 AZN, 1 kq toyuq qanadının 2.66 AZN, 1 kq toyuq filesinin isə 4.21 AZN-ə satılması barədə fikirlər də yanlışlıq var. Türkiyədə 250-300 qramlıq toyuq əti 17-28 TL civarındadır. Elə istehsalçı şirkət var ki, satdığı toyuq qanadının 1 kilosu 54,9 TL ( 5,4 AZN), bütöv toyuq ətinin kq-ı isə 74.90 Tl, yəni 7,5 manata satır. mənbə
“Konkret.az” iddia edir ki, Türkiyədə 1 kq. qoyun qabırğası 7 AZN-ə (70 TL) satılır. Əslində isə Türkiyədə quzu qabırğasının 1 kilosunun qiyməti 114-195 TL arasında dəyişir. Sümüksüz quzu əti isə 178 TL-dir ( 17,8 manat). Ümumiyyətlə, bu ölkədə qoyun və quzu əti çəkisindən və yetişdirildiyi təsərrüfatlardan asılı olaraq 140-225 TL arasında satılır. Göründüyü kimi Türkiyədə 7 manata quzu əti heç bir yerdə satılmır və Azərbaycanda quzu ətinin 1 kq-nın satış qiyməti Ankara və yaxud İstanbuldan 2-3 manat ucuzdur.
Türkiyədə 1 kq qoyun ətinin kababının isə 8.98 AZN-ə, yəni 90 TL-yə satılması barədə fikirlər də inandırıcı deyil. Quzu əti 15-17 manata satıldığı halda kabab 2 dəfə ucuz satıla bilərmi? Halbuki Türkiyənin əksər kafe və restoranlarında 2 şiş, 400 qramlıq quzu kababının qiyməti 500 TL-dən ucuz deyil. Yəni 50 manat. mənbə
Yaxud, kiçik küçə lokantalarında 200 qram quzu şişi 78 TL-dir. 7,8 manat.
Adıçəkilən sayt iddia edir ki, Türkiyədə normal restoranda xörək 2.75 AZN-dir. Yəni 27 TL. Ankarada adı lokantalarda sadə bir dönərin qiyməti 25-45 TL-dən ucuz deyil. Yarım qab şorba 18 TL, tərəvəzlər 25 TL, Adana kabab (250 qram) 45 TL, yarpaq dönər 45 TL, yarım çörəkarası dönər 25 TL, toyuq dönəri 30 TL və s. (mənbə) Yaxud, paytaxtdan xeyli aralıda yerləşən Kayseridə adi dönərin (100 qram ət) qiyməti 45 TL, “tantuni” 100 qram 40 TL, toyuq dönəri (100 qram) 30 TL-dir. (mənbə) Burada 2 nəfərlik orta sinif yemək paketi 250 TL-dən (Yəni 25 manat) ucuz deyil. "Kappuçino" “Azadlıq” qəzetinin və “Konkret.az”ın iddia etdiyi kimi 1 AZN yox, 23 TL-dir. (2,3 manat).
Saytın Türkiyənin ən bahalı şəhərlərindən olan İstanbulda 1 nəfərin naharının 4-6 manata başa gəlməsi haqda fikri də reallıqdan uzaqdır. Bu şəhərin sadə bir restoranında 40 TL-yə normal nahar etmək faktiki mümkün deyil, ən yaxşı halda o pula dönər almaq olar. İstabulda xırda əsnaf lokantasında yarım yayla və mərci şorbası 17 TL, quzu təndir və quzu qovurması 75 TL, bibər dolması 32 TL və digər yeməklər 30-45 TL arasında dəyişir. mənbə
Ankarada və digər şəhərlərdə meyvə qurusu və çərəzlərin ucuz olması barədə “araşdırma”ya da aydınlıq gətirək. İddia olunur ki, 1 kq ərik qurusu Türkiyədə 9.16 AZN, yəni 92 TL, 1 kq üzüm qurusu 6.23 AZN (63 TL), 1 kq əncir qurusu 11 AZN (110 TL), 1 kq badam 18.50 AZN (185 TL), 1kq fındıq 12.80 AZN (128 TL), 1kq yerfıstığı (araxis) 3.21 AZN (32 TL), 1kq günəbaxan tumu 4.58 AZN (46 TL) təklif edilir. Türkiyənin müxtəlif satış mağazaları üzrə qiymət cədvəlləri bu fikirləri də alt-üst edir. Belə ki, bu ölkədə ərik qurusu 210 TL, üzüm qurusu 110 TL, yerfıstığı (araxis) 85 TL, qovrulmuş fındıq 170 TL, qabıqlı ceviz 320 TL, badam isə 110 TL-dir. mənbə
Türkiyədə geyimlərin qiymətləri Azərbaycanla müqayisədə ucuz ola bilər, bu normaldır, çünki, qardaş ölkə regionda ən güclü tekstil və yüngül sənaye nəhənglərindən, ixracatçılarından biridir. Ancaq ölkədə ən brend mağaza və markaların, o cümlədən “LC Waikiki”nin 10 AZN-ə satdığı cins şalvar, qollu köynək, yaxud 14 manata təklif etdiyi uşaq paltarları ilə yanaşı, 350, 400, hətta 620 TL-yə təklif etdiyi geyimlər də satılır. istinad
Beləliklə,
-
Türkiyənin bazarlarında qiymətlərlə bağlı reportaj hazırlayan jurnalistin yazdıqları da təsdiqləyir ki, qiymətlər Azərbaycandan nəinki ucuz, hətta əksər malların qiyməti xeyli yüksəkdir.
-
Türkliyədə tekstil doğrudan da Azərbaycandan ucuzdur. Çünki Türkiyə regionda ən güclü tekstil və yüngül sənaye nəhənglərindən, ixracatçılarından biridir.