Tehrana bağlı, Vətən xaini Orxan Məmmədovun idarə etdiyi (o, sosial mediada “Baba Pünhan” və “Həmid Türki” qondarma adları ilə də Tehrana xidmətini davam etdirir-red.) telegram kanallarından birində Şuşa şəhərinin və Xocavənd rayonunun Qırmızı Bazar kəndlərinin adının təhrif edildiyi yolgöstəricisini paylaşaraq “Əliyev rejiminin iqtidarı çatmır Şuşi adını dəyişib Şuşa eləsin...” deyə paylaşım edib. Adi vaxtda edilsə idi bəlkə də heç bir əhəmiyyət daşımayan bu kanalın provakativ mesajını qulaq ardına verib, üstündən keçərdik. Amma məhz indi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə “Qızılbulaq” qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa-Xankəndi yolunda keçirdikləri aksiya zamanı bu paylaşımın provakativ mənasını anlayaraq bu mövzuya qısıca da olsa toxunmalı olduq.
Bu plakat, Qarabaği işğal altında olduğu müddətdə azərbaycanlılar üçün göz dağı, düşmənlər üçün fəxr mənbəyi olub. Lakin 44 günlük müharibədən sonra Xankəndidən Şuşaya gedən yolda asılan bu yolgöstəricisi Azərbaycan Ordusu tərəfindən məhv edilib.
Bu fotolar, paylaşımlardan görünüdüyü kimi 13 noyabr 2020-ci ildə rus blogerlər tərəfindən çəkilib. Hazırda mövcud deyil.
Tehrana bağlı Azərbaycan dilli teleqram kanalları məhz bu məqamda belə paylaşım etməklə erməni çörəyinə yağ sürtmüş olur. Qeyd edək ki, bu paylaşım, azərbaycanlı ictimai xadimlərin, QHT və media nümayəndələrinin başladığı “eko-terrora son” aksiyasından bəri Tehrana bağlı kanalların törətdiyi informasiya təxribatından yüzdən biridir.
Nəticə: Tehrana bağlı kanalın paylaşdığı yol göstəricisinin fotosu köhnədir, artıq belə bir göstərici yoxdur.