Aprelin 11-də Ermənistan hərbi birləşmələrinin Gorus rayonunun Dığ (Tex) yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqeləri arasında baş vermiş atışma, bir neçə saatlıq döyüşə çevrilmiş, tərəflər itki vermişdir. Hadisə ilə bağlı Ermənistan rəsmiləri və mediası dərhal ittiham dolu bəyanatlarla çıxış etmişlər. Fikirlərdə əsas tezis Azərbaycanın Ermənistan ərazisinə daxil olmasıdır.

Misal üçün, Ermənistan XİN tvitter səhifəsi “...ünvanlı bəyanatlar və aşkar tədbirlər görməklə Azərbaycanın təcavüzkar hərəkətlərini pisləməyə, eləcə də Azərbaycan tərəfindən vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çağırırıq” ittihamedici cümlələrlə dolu bəyanat yayıb. Xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan düşünür ki, Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən sərt şəkildə qınanma şəraitində Ermənistana qarşı əsassız təcavüzünü davam etdirir. “ANCA (Amerika Erməni Milli Komitəsi) əməkdaşı Alex GalitskyAİ missiyasının guya sərhədə nəzarət etdiyi bir vaxtda Azərbaycanın Ermənistanın suveren ərazisinə hücum edib irəliləməsi faktı...” ifadəsini işlədir. Fransa XİN-in bəyanatında qeyd edilir ki, "... Ermənistanın ərazi bütövlüyünə hörmət və Azərbaycan ordusunun təmas xəttinin Ermənistan tərəfindəki işğal olunmuş mövqelərindən çıxarılması gələcəkdə baş verən hadisələrin qarşısını almaq və regionda davamlı sülhün əsaslarını qorumaq üçün olduqca vacibdir".

Beləliklə, Faktyoxla Lab. erməni mediasının və beynəlxalq tərəfdaşlarının bu iddialarına açıq mənbələrə istinadən aydınlıq gətirib. Hadisələr doğrudanmı Ermənistan sərhədləri daxilində baş verib?

Hadisə baş verən gün Ermənistan mətbuatı və sosial mediada aktiv olan kanalları Laçın istiqamətində şərti sərhəddə törədilən təxribatla bağlı ziddiyyətli məlumatlar yaydılar. Ermənilərin yaydığı ilk məlumatda Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyanın Azərbaycan hərbçiləri ilə danışıqlar apardığı, bundan sonra atışma başladığı haqda məlumat yer almışdı. Onların iddiasına görə həmin vaxt guya azərbaycanlı hərbçilər danışıqlar üçün gələn erməni hərbçilərə atəş açıblar. Nəticədə atışma baş verib, ölən və yaralananlar olub. 

Bir az sonra isə ermənilər Azərbaycan hərbçilərinin ermənilərlə danışıqlar aparmaq üçün şərti sərhəddə mühəndis-istehkam işləri aparılan əraziyə gələrək atəş açdığını yazır. Eyni mənbənin yaydığı iki məlumatın bir-birinə zidd olması onu göstərir ki, Ermənistan mediası yalan tirajlamaqla məşğuldur. Məqsəd baş vermiş təxribata görə məsuliyyəti üzərindən atmaqdır. Elə bu ziddiyyətli məlumatların yayılması təxribatın Ermənistan tərəfindən törədildiyini, Ordumuzun buna adekvat cavab verdiyini göstərir. 

Bəllidir ki, insident haqda ilk görüntü Ermənistan Müdafiə Nazirliyi tərəfindən yayılmış videodan götürülüb. Ermənistan Müdafiə Nazirliyinin videosundan hadisənin baş verdiyi ərazinin tam görüntüsünü əldə etmək mümkün olub. 

Bu yazını ingilis dilində oxuya bilərsiniz 

Initiator of April 11 provocation: Armenia

Ümumi çəkilişə gəldikdə AZ_Land_Of_Fire teleqram kanalının izahına görə, ekran görüntülərində Azərbaycan Silahlı Qüvvələrinə məxsus 4 post diqqəti cəlb edir. Bizə yaxın kadrda isə 1 erməni postu görüntülənir. Ekranda görünən ekskavator və həmin ekskavatorun yanındakı post ermənilərə məxsusdur.  

Hərbi jurnalist Fərdin İsazadənin qənaətinə görə, bu insidentdə qızışdırıcı fraqment kimi ermənilərin postlarını məhz 4 Azərbaycan postunun arasında salması qeyd oluna bilər.   

Kadrlardakı görüntülərə əsaslanaraq demək olar ki, ermənilərin səngəri yeni salınmayıb və onlar bir neçə gündür burada iş aparırlar. Belə ki, aprelin 1-də ermənilərin yaydıqları bir videoda Azərbaycan Ordusunun şərti sərhəddə yaxın ən sonuncu postunun qarşısında səngər qazdıqları məlum olmuşdu. Kadrlarda həm ekskavator, həm də aparılan işlər əks olunub. 

 

Qayıdaq paylaşılan son videoya. Videodan görünür ki, üstündə hərbçilər olan maşın üst tərəfdəki postdan uzaqlaşır, sağdakı 2-ci posta çatır, onun yaxınlığında ani dayanır, sonra yoluna davam edir. Azərbaycan hərbiçilərinin olduğu ehtimal edilən maşın öz yolu ilə düz getdiyi halda, gözlənilmədən ekskavatorun yanında saxlayır, bir neçə saniyə gözləyir (mümkündür ki, erməni hərbçilər əsgərlərimizi qızışdırmaq üçün söyüş söyür, təhqir edir, provakasiyaya çəkir və ya yüksək rütbəli zabitlərinin də orada olmasını əsas gətirərək onları danışığa çəkir) və maşından düşüb erməni əsgərlərinə yaxınlaşırlar.

İlkin versiyaya görə erməni səngərinə yaxınlaşan Azərbaycan əsgərləri ermənilərə işin bu qədər yaxınlıqda aparılmaması, bir az geri çəkilmələrini tələb ediblər, təbii ki, erməni provakasiya planı işə düşüb və mübahisə başlayıb, davamı məlumdu.

Ermənilərin təqdim etdiyi həmin videoda olduqca vacib məqam var. Həmin kadrda mübahisə getdiyi ərazidə, kameraya arxadan düşmüş bir erməni əsgərinin gizləndiyi mövqedən atəş açdığını videomaterialı yalnız böyüdülmüş ölçüdə baxdıqda görmək mümkün olur. Xırda detaldır, lakin olduqca önəmlidir. Bu detal, atəşən ilk olaraq ermənilər tərəfindən açıldığı faktını təsdiqləyir.

Ermənilərin dünən yaydığı ikinci videoda Dığ kəndinin qutaracağında polis postu görünür. Ermənilər bu videonu əbəs yerə yaymayıblar. Onlar bu videonu coğrafi kordinatları 39°33'52.44"N 46°29'22.93"E olan nöqtədə atışma səslərinin yaxınlıqdan, sanki düz kəndin yanından gəldiyi təəssüratını yaratmaq üçün yayıblar.

Halbuki, Kalaşnikov pulemyotundan (PK) açılan atəşin verdiyi əks-sədadan atışmanın 2-2,2 km aralıda getdiyini müəyyən etmək mümkündür. Qeyd olunan nöqtədən Azərbaycanla şərti sərhəddə qədər məsafə də elə 2100-2200 metrdi. Yəni, atışma qətiyyən yaxınlıqda, daha dəqiq desək Dığ kəndində getmir. 

Bəs Azərbaycan əsgərlərinin dayandığı yer haradır?

Bir həftə öncə yayılmış məlumatlara əsasən müəyən olunub ki, hadisə aşağıda göstərilən ərazidə baş verib.

Burada sarı rənglə Azərbaycan və Ermənistan arasında şərti sərhəd xətti, göy rənglə köhnə Laçın-Gorus yolu, narıncı rənglə yeni yol işarələnib. 

Bu yazını rus dilində oxuya bilərsiniz 

Инициатор провокации 11 апреля: Армения

Bunu Ermənistan rəsmiləri də təsdiqləyiblər. Bir həftə öncə baş vermiş sözlü mübahisədən sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin Ermənistana məxsus əraziyə keçmədiyini açıq bildirmişdilər. İstinad 

Video və fotolara əsasən aparılan geolokasiyaya görə istehkam və postların tikintisi ilə bağlı bütün işlərin Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın suveren ərazisində aparıldığını görmək olar. Həmin ərazinin koordinatları belədir39°35'0.62"N 46°29'46.60"E (İstiqamət: Şimal-şərq)

Bu qeyd olunan obyektləri xəritə üzərinə köçürəndə isə bu mənzərə alınır:

Deməli bir daha təsdiqlənir ki, tikinti- möhkəmləndirmə işləri Azərbaycanın suveren ərazisində aparılır. Ermənistan MN mediaya son açıqlaması da bu faktı təsdiq edib.

İndi isə digər xırda detallara diqqət yetirək.

1. Ermənilərin çəkdiyi daha bir video onların atışmada minaatanlardan istifadə etdiyini təsdiqləyir. Kadrlara diqqətlə baxıldıqda Azərbaycan əsgərlərinin Azərbaycan ərazisində qurduğu səngər yaxınlığına minaatan mərmisinin düşdüyü anı qeydə alıb.

 Bu videonu çəkən “operator” Dığ kəndində bu kordinatlarda dayanıb. 

2. Hadisələrdən sonra erməni və fars-molla rejiminin mediasında hadisənin baş verdiyi ərazinin saxta xəritəsi yayılıb.

Sosial mediada yayılan bu xəritədə ermənilər və fars-molla rejiminin mediası Azərbaycan SQ-nin 11 aprel hadisələrindən sonra Ermənistana məxsus əraziləri tutduğunu göstərir. Ola bilər ki, şərti sərhəd xətti "google map"-də 3-4 metr fərqlə görünsün. Amma ermənilərin yaydığı bu xəritədəki qədər yanlışlığa yol verilə bilməz. Bu xəritəyə inansaq, belə çıxır ki, 11 apreldə Azərbaycan əsgərləri 4 erməni postunu, 1 dayaq məntəqəsini və 1 yoxlama-buraxılış məntəqəsini məhv edib, ya da ələ keçirib. Bu isə əldə olunan görüntülərə, geolokasiya göstəricilərinə görə təsdiqini tapmır. 

Beləliklə,

♦ Aprelin 11-də Ermənistan hərbi birləşmələrinin Gorus rayonunun Dığ (Tex) yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqeləri arasında baş vermiş atışma erməni hərbçilərin atəşi nəticəsində başlamışdır.

♦ Azərbaycan əsgərləri Azərbaycanın suveren ərazilərindən kənara çıxmamışlar, bunu Ermənistan MTX və Müdafiə Nazirliyi də təsdiqləmişdir.

♦ Ermənistan XİN, Xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan, “CivilNet” xəbər saytının italyan əsilli jurnalisti Emilio Cricchio, ANCA (Amerika Erməni Milli Komitəsi) əməkdaşı Alex Galitsky, Amerikalı jurnalist Lindsi Snell, Fransa XİN və bbc-nin yazdıqları saxta ittihamdır, dediklərinə düzəliş etməli, üzr istəməlidilər.  

♦ Erməni hərbçiləri yenə də Azərbaycan ərazilərini minaatan və iri çaplı avtomat və pulemyotlardan atəşə tutublar.