Pul qazanmaq! Niyə də yox! Hamının istəyidir. Həm də daha yaxşı yaşam üçün bütün dövrlərin tələbidir. Yaxşı qazanc yüksək həyat standartı deməkdir. Bunun üçün böyük zəhmət, vaxt, enerji və hətta müəyyən məhrumiyyətlərə gedərək daha çox qazanmalısan. Amma insanlarda asan yolla qazanc əldə etmək istəyi həmişə üstün olub. Xüsusən son dövrlər bu tendensiya artmaqdadır. Amma...

İşin amması budur ki, yol qısa olanda tələlər də çox olur və hökmən o tələlərdən birinə mütləq düşəcəyik. Zaman dəyişib. İnternet üzərindən fantastik gəlirlər əldə etmək mümkündür. Bunun üçün müxtəlif yollar da var. Elə bu səbəb fırıldaqçıların da çörəyinə yağ çəkir. Qısa ifadə etsək tələb və təklifdən söhbət gedir. Asan qazanmaq istəyənlər və ona bu “şəraiti” yaradanlar. Bu iki təbəqənin birləşdiyi məkan isə bəllidir: internet...

Faktyoxla Lab. olaraq bir çox internet istifadəçisinin qurbanı olduğu “Balansında ən az 500 AZN olan aktiv M10 istifadəçilərinə ÖZƏL ANİ LOTOREYA” elanının həqiqiliyini yoxladıq.

Göründüyü kimi fişinqdir. "Fişinq" nədir? Fişinq, internet fırıldaqçılığının çox geniş yayılmış növlərindən biridir. Məqsədi gizli istifadəçi məlumatlarını - istifadəçi adı, şifrə, şəxsi hesab məlumatlarını əldə etməkdir.

Fişinq ən köhnə kiber-həmlə növlərindən biri sayılır və ilk dəfə ötən əsrin 90-cı illərində həyata keçirilmişdir. Termin isə elə həmin illərdə xakerlər arasında yaranmışdır. İngilis dilində “Phishing” sözü, "balıqçılıq" kimi tərcümə olunan, “fishing” sözü ilə eyni səslənir. Bu ad kiber-həmlənin balıqtutma prosesisini xatırlatdığına görə verilib.

Fişinqi həyata keçirmək üçün, çox vaxt tanınmış şirkətlər və ya təşkilatların adından istifadə olunur ki, bu fişinqdə də “M10”-dan istifadə olunub. Hansı ki, son dövrlər populyardır. İnternet üzərində də geniş reklam kampaniyaları təşkil edilir. Bu hal isə fırıdaqçıların işini daha da asanlaşdırır. Çünki marka reklam olunur və insanların qarşısına tez-tez çıxır. Belə də qurban tora salmaq çətin deyil.

Elanda deyilir: “M10 dan aktiv istifadəçilərinə xüsusi "Ani Lotoreya". Səndə( əslində “sən də” yazılmalıdır-red) gündəlik işlərində m10 istifadə edirsənsə, (vergül olmamlıdır-red.) vǝ m10 pulqabında ən azı 500Azn saxlamısansa, Lotoreyaya qoşularaq, elə indi 10 hədiyyədən birini qazanma şansı. 5-10.000 Azn-a Qədər (qədər yazılmalıdır-red.) pul mükafatı, Iphone Məhsulları (məhsulları-red.) Və (və-red.) TOYOTA (“Toyota”-red.)Sahibi (sahibi-red.)ola bilmək QEYD: iştirak TAM PULSUZDUR. Şans Çarxınızı Elə İndi Döndərin Çarxı döndərərək şansınıza çıxan məbləği anlıq olaraq balansınızda görə bilərsiz (bilərsiniz-red.)”

Beləcə “çarx” fırlanmağa başlayır və siz, mütləq qalib olursunuz. Bu zaman planın ikinci mərhələsi işə düşür. Qeydiyyat prosesi başlayır. Beləcə iştirakçı bütün şəxsi məlumatlarını qarşı tərəfə vermiş olur. Nəticə isə foto-skrində aydın görünür.

Lotoreyanın həqiqiliyinə inandırmaq üçün isə saxta görüntü formalaşdırılır. Bunun üçün foto-skrində gördüyünüz saxta profilər tərəfindən saxta rəylər yazılır.

Birgə araşdırmamızın nəticəsində gördük ki, bu “lotoreya” fişinqdir. Məqsəd insanları aldatmaq, pullarını ələ keçirməkdir. Belə hallara qarşı xüsusi diqqətli olmaq lazımdır. Çünki belə fırıldaqçılar hər gün daha fərqli üsul və vasitələrlə ortaya çıxırlar.