İyulun 11-də Xankəndidəki separatçı xunta Arzik Arutyunyan adlı yerli ermənini “dövlətə xəyanət” adı ilə 10 il müddətinə azadlıqdan məhrum etdi. 44 günlük müharibədən sonra separatçı qurumda oxşar hadisələr tez-tez baş verir. Son günlərini yaşadığını bilən terrorçu rejim nümayəndələri media təmsilçiləri ilə yanaşı sıravi vətəndaşlara da total təzyiqləri artırıb və hər kəsdə öz təhlükəsizliklərinə təhdid axtarmağa başlayıblar. Burada baş verən hadisələri işıqlandıran Ermənistan mediasının informasiya ilə təminatına ciddi manelər yaradılır, Xankəndidə fəaliyyət göstərən yerli saytların işinə əngəllər törədilir. Xüsusilə Laçında sərhəd-keçid məntəqəmizin fəaliyyətə başlamasından sonra süqutunun yaxınlaşdığını görən rejimin silahlı dəstələrinin media ofislərinə və redaksiyalara basqınlar etməsi adi hal alıb. Məsələn, bir müddət öncə Xankəndidə Ermənistanın “CivilNet” saytının əməkdaşı Ayk Kazaryan da oxşar motivlərlə hücuma məruz qalıb və həbs edilib. (mənbə).

Verilən məlumatlara görə, Kazaryan 2 ay öncə separatçıların “təhlükəsizlik xidməti” tərəfindən tutulub. Həmin vaxtdan bu günədək qohumları və vəkili jurnalistlə görüşmək istəsələr də, onlara belə bir imkan yaradılmır. Ermənistan mediasında gedən informasiyaya əsasən, Kazaryan Cənubi Qafqaz ölkələrində baş verən hadisələrlə bağlı beynəlxalq qurumlara analitik hesabat xarakterli məlumatlar ötürürmüş. Maraqlıdır ki, Kazaryanın bu məlumatları internetdəki mənbələrdən götürdüyü deyilir. Belə olduğu halda, əgər jurnalist açıq mənbələrdən istifadə edirsə, nə səbəbdən “təhlükəsizlik orqanları”nın hədəfinə çevrilir? Çox güman ki, əsas səbəb Xankəndidəki ictimai-siyasi vəziyyət, əhalinin sosial durumu və kriminal situasiya, açılmamış cinayətlər, “dövlət orqanları” və onların himayə etdikləri quldur dəstələrinin özbaşınalıqları barədə məlumatların ictimailəşdirilməsi, xuntanın kök saldığı ərazinin hüdudlarından kənara çıxma qorxusudur. Bu yolla cinayətkar rejim öz sakinlərini də təhdid altında saxlayır və Kazaryan kimi insanların gözünü qorxutmaq üçün istifadə edilir.

Separatçılar hər vəchlə çalışırlar ki, Xankəndidə baş verən hadisələr, yerli əhalinin narazılığı barədə məlumatlar aktuallaşmasın və ictimai müzakirələrə səbəb olmasın. Vəziyyət hətta o yerə gəlib çatıb ki, rejim təmsilçiləri restoran və kafe sahiblərinə göstərdikləri xidmət və təkliflər barədə sosial şəbəkə hesablarından paylaşım etməyə də qadağa qoyublar. Çünki özlərinə xidmət göstərən ictimai iaşə obyektlərinin fəaliyyəti dünyaya car çəkdikləri “blokada” təbliğatını alt-üst etmiş olur.

Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyana, habelə Qarabağdakı cinayətkar dəstəyə müxalifətdə olan bloger Roman Bağdasaryan separatçıların cinayət əməlləri barədə mütəmadi məlumatlar paylaşır. Blogerin “Республика Армения» teleqram kanalına istinadən paylaşdığı məlumata görə, Qarabağda son 28 ildə cinayətkar xunta rəhbərlərinin göstərişi ilə yerli iş adamları və mövcud siyasətlə razılaşmayan şəxslər, o cümlədən hərbçilər qətlə yetirilib, yaxud həbs olunub. Bu illər ərzində 1078-1080 nəfər sahibkar Xankəndidəki cinayətkarlar tərəfindən ya öldürülüb, ya da işgəncəyə məruz qalıb (istinad). Onlardan bəziləri Şuşadakı həbsxanada saxlanılıb, bəzilərinin taleyi naməlum olaraq qalır.

Göründüyü kimi, cinayətkar qurumun təmsilçiləri tək azərbaycanlılara deyil, yerli ermənilərə də qarşı qanundan kənar əməllər törədib, terrorçuların nəzarəti altında olan ərazilərdə “demokratik mühitin hökm sürməsi” barədə psevdotəbliğat aparsalar da, əslində, sistemin tələblərinə uymayan kiçik sahibkarları belə qətl etməklə sıradan çıxarıblar. Bağdasaryan hesab edir ki, az öncə həbs edilib buraxılmış Xocalı cəlladlarından biri Vitali Balasanyanın da bu kimi əməllərdə əli var (istinad). Xatırladaq ki, hələ ötən əsrin 90-cı illərində Dağlıq Qarabağda separatçıların rəhbərləri arasında qanlı qarşıdurma halları baş verirdi. Məsələn, indi Araik Arutyunyana müxalifətdə olduğunu deyən qondarma qurumun “müdafiə naziri” Samvel Babayan Birinci Qarabağ savaşından cəmi bir neçə il sonra əvvəl “xarici işlər naziri”, sonra isə “prezident”lərdən biri olmuş Arkadi Qukasyanı ayaqlarından güllələmiş və həbs olunmuşdu. Baqdasaryan yazır: “Qarabağda həyat yoxdur, biabırçılıqdır. Hakimiyyətdə ancaq narkomanlar və qatillər var. Bu gün heç polis belə quldurlardan qoruna bilmir” ( istinad). Blogerin fikrincə, separatçı hakimiyyət bütövlüklə yerli quldurlardan asılıdır.

Ermənistan vətəndaşı Kristina Vardanyanın separatçıların “daxili işlər naziri” Karen Sarkisyana yazdığı məktubda bu qəbildən olan cinayət əməlləri qeyd olunur və onların üstünün açılması üçün heç bir işin görülmədiyi bildirilir. K.Vardanyanın oğlu 44 günlük müharibədə iştirak edib, onun öldüyü və ya yaralandığı haqda heç bir yerdə məlumat yoxdur. Ancaq Vardanyan məktubunda yazır ki, müharibədə övladlarını itirmiş şəxslərlə tez-tez ünsiyyətdə olur. “Ağrı hiss etmədən baxa bilmirəm. Sizin adamlarınız, quldurlar sizin göstərişinizlə vəkilləri necə döyürlər, jurnalistləri ölümlə hədələyirlər. Mən sizdən başqa heç nə gözləmirdim, çünki mən həmişə həlak olanların valideynləri ilə ünsiyyətdə oluram, onlar mənə çox şey danışır, həyatınızın müharibədən dərhal sonrakı dövrü haqqında mənə çox şey danışıblar” – deyə o, yazır. Vardanyan itkin düşmüş erməni hərbçilərin axtarılması prosesi ilə bağlı “nazir”i açıq ittiham edir:

1. Bir çox valideynlər sosial şəbəkələrdə iddia edirlər ki, tapa bilmədikləri meyitlərin axtarışlarını davam etdirmək üçün xidmətinizin əməkdaşları onlardan tez-tez rüşvət alırdılar. Sizin nazirlik valideyn bədbəxtliyindən necə pul qazanırdı? Oğlunun cəsədini ümidsizcə axtaran valideynlər onu dəfn etmək istəyiblər və sizin tabeliyinizdə olan şəxslər bu vəziyyətdən istifadə ediblər;

2. Çox vaxt həlak olanların valideynlərinə meyitin cəbhədən uzaqda olması və azərbaycanlıların onları götürməyə imkan vermədiyi deyilirdi. Ancaq valideynlərə pulun müqabilində sülhməramlılarla bu məsələni həll etməyin mümkün olduğu bildirilirdi. Əslində rüşvət alanlar sizin dostlarınızdır;

3. Karen Sarkisyan, ümid edirəm suallarımı cavablandıracaqsınız. Çünki mənim bu sualları vermək və onların cavablarını almaq hüququm var. Əgər birdən məlum olsa ki, siz müharibədən sonra meyitləri qəsdən gizlətmisiniz və qurbanları valideynlərinə təhvil vermək üçün bazarlıq etmisiniz, o zaman mən şəxsən sizin adınızın Ermənistan tarixinə erməni xalqının satqını kimi yazılmasını xahiş edəcəm (istinad).