Son günlər sosial mediada modul tipli xəstəxanaların yenidən açılması ilə bağlı xəbərlər yayılmağa başlayıb. Sosial media istifadəçilərindən əlavə Teleqraf.com-a açıqlamasında Professor Adil Qeybulla xəstəxanaların yenidən açıldığını təsdiq edib:  “Hazırda bütün dünyada koronavirusun “Omikron” ştammının mutasiya variantları davam edir. Azərbaycanda da modul tipli xəstəxanaların açılması göstərir ki, epidemioloji vəziyyətin biz də fərqindəyik.”

Faktyoxla Lab. müzakirələrə səbəb olan iddiaların real olub-olmadığını araşdırıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus bütün dünyada insanları yenidən maska ​​taxmağa və koronavirusa qarşı peyvənd olunmağa çağırıb. ÜST rəsmisi bildirib ki, bir neçə həftədir ki, bir çox ölkələrdə koronavirus və qripin səbəb olduğu respirator xəstəliklərin sayı artmaqdadır. Bu artımın bayramlardan sonra da davam edəcəyi gözlənilir.

Yəni, bu, yoluxma dərəcəsi ilə bağlı rəsmi rəqəmlər yox, sadəcə xəbərdarlıqdır.

Bizə yazın: 

Facebookda 

Teleqramda 

Tvitterdə 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov isə 7 yanvar 2024-cü ildə oxu.az-a verdiyi açıqlamada bildirib ki, qış mövsümündə hava-damcı üsulu ilə yayılan infeksiyalara - mövsümi qrip, kəskin respirator virus infeksiyalarına yoluxma hallarının sayında artımlar müşahidə edilir. Həmçinin, az sayda olsa da, Azərbaycanda koronavirusa yoluxma halları müşahidə edilir.

“COVID-19-un ABŞ-də qeydə alınan yeni ştammının Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur. Dünya statistikasına baxsaq, görərik ki, ABŞ və bir sıra Avropa Birliyi ölkələrində COVID-19-a yoluxma hallarında artımlar qeydə alınır. Lakin həmin infeksiyadan ölüm hallarının sayında isə əksinə azalmalar var. Ümumilikdə ölkədə epidemioloji durum stabildir və narahatlığa əsas yoxdur”-deyə ekspert bildirib.

TƏBİB-in mətbuat katibi Zamirə Ədilova musavat.coma açıqlamasında bildirib ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində yeni modul tipli xəstəxana açılmayıb. TƏBİB-in tabeliyindəki Məhəmmədli Modul Tipli Xəstəxanadır ki, bura əvvəldən fəaliyyət göstərir.

Nəticə:

- “Modul xəstəxanalar boş yerə açılmaz. Elan etməsələr də, pandemiya olacaq kimi görünür” adında paylaşımlar reallığı əks etdirmir.

- Ölkədə yenidən modul tipli xəstəxanalar açılmayıb. Epidemioloji durum stabildir və narahatlığa əsas yoxdur. 

- COVID-19-un ABŞ-də qeydə alınan yeni ştammının Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur.

Bizə yazın: 

Facebookda 

Teleqramda 

Tvitterdə