Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüar və foto vuranlara xəbərdaqlıq edib.  Xəbərdarlıqda deyilir ki, son vaxtlar avtomobil yollarında bəzi sürücülərin digər yol hərəkəti iştirakçılarının diqqətini cəlb etmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları, yaxud fotolar vurma halları müşahidə olunur ki, bu da bəzən etik normalara zidd olmaqla bərabər yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir.  BDYPİ-dən verilən açıqlamada əlavə olunub ki, bu cür yazılar və  fotolar çıxarılmalıdır,  əks təqdirdə həmin nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcək.

Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıqda  nəqliyyat vasitələrinin arxa şüşələrinə foto vurulmasını və  şüar  yazılmasını

estetik görünüşə xələl gətirən

insanlar arasında pis fikirlər formalaşdıran

hərəkətdə olan avtomobil sürücülərinin fikrini yayındıran   

amillər kimi qiymətləndirib.

Qanunverici aktlara gəlincə,  “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının  Qanuna  1  saylı  Əlavənin  VII  (Konstruksiyanın digər ünsürləri)  bölməsinin  3-cü bəndinə əsasən 

sürücünün görünüş dairəsini məhdudlaşdıran

şüşənin şəffaflığını korlayan

yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi 

nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların   Siyahısına    daxildir.

Bundan başqa,   Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin  342-ci maddəsinin  (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması)   342.2.4-cü hissəsinə əsasən  nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə -  yüz əlli manat məbləğində cərimə nəzərdə tutulub.

“Reklam haqqında”  Qanunun   25-ci maddəsinin  (Nəqliyyat vasitələrində reklam)  25.1 -ci  bəndinə əsasən  nəqliyyat vasitələrində reklam  mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı, yaxud reklam agenti arasında bağlanan müqavilə əsasında nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilə bilər.   Bundan başqa nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının razılığı olmalıdır. Və ən əsası  nəqliyyat vasitəsinin üzərində reklam onun yalnız yan hissələrində yerləşdirilməli, yol hərəkətinin iştirakçıları üçün təhlükə yaratmamalıdır. Qanunun 25.3-cü hissəsində isə qeyd edilir ki,  nəqliyyat vasitələrində reklam yaradıcılıq, dizayn, çap keyfiyyəti baxımından, görüntüyə maneə törətməyən texniki hədlər daxilində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalar əsasında yerləşdirilir.

Göründüyü kimi,  sadalanan qanunvercilik aktlarına əsasən  sürücünün görünüş dairəsini məhdudlaşdıran,   şüşənin şəffaflığını korlayan  vasitələrdən  (pərdə və plyonka nəzərdə tutulur - red)  istifadə qadağandır. Amma sözügedən sənədlərdə  konkret olaraq   avtomobilin  arxa şüşəsinə foto və şüar  vurulmasına görə  cəza nəzərdə tutulmayıb. 

Bu mənada  avtomobilin arxa şüşəsinə  foto vurulması və şüar yazılması  yalnız   “Yol  hərəkəti  haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavənin  VII  (Konstruksiyanın digər ünsürləri)  bölməsinin  3-cü bəndinə əsasən   sürücünün görünüş  dairəsini  məhdudlaşdıran vasitə kimi xarakterizə edilə bilər.    

Məhz bu səbəbdən  Baş Dövlət Yol Polisi İdarəsidə  avtomobilin arxa şüşəsinə foto və şüar  vurulmasını  estetik görünüşə xələl gətirən,  insanlar arasında pis fikirlər formalaşdıran,  hərəkətdə olan avtomobil sürücülərinin fikrinin yayındıran elemntlər kimi  təqdim  edib.

Yeri gəlmişkən,  bu ilin iyul ayının 16-da  Bakıda avtomobilin  arxa şüşəsinə yazı yazdıran sürücü saxlanılıb. Həmin avtomobilin götüntüləri   “Facebook”-da yayılandan sonra Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən  araşdırmalara başlanılıb.    Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə,  araşdırma nəticəsində  90-PY-043 qeydiyyat nişanlı “Khazar” markalı  avtomobilin sürücüsü Əlizadə İlahi Qəhrəman oğlu saxlanılıb və  onun  avtomobilinə   baxış keçirilib.

Məlum olub ki, sürücü avtomobilin asqı sisteminə ciddi dəyişiklik edərək arxasını aşağı salıb, eyni zamanda sürücünün görünüş dairəsinə düşən şüşələrə plyonka çəkib. Həmçinin adı çəkilən sürücü polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.3, 342.2.4 və 535-ci maddələri ilə protokol tərtib edilərək barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib. Binəqədi rayon Məhkəməsinin qərarı ilə sürücü 15 gün müddətinə inzibati qaydada həbs olunub.  

Göründüyü kimi, yol polisi sürücünü  şüşəsinə yazı yazdırdığna görə saxlasa da  o,    polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə  həbs  edilib.   Yeri gəlmişkən,   İnzibati Xətalar Məcəlləsinin  535-ci maddəsinə   (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama)  əsasən  fiziki şəxslər  iki yüz manat məbləğində cərimə edilir. Bu tədbir kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Sadalananlara əsasən  bu qənaətə gəlib ki,  Baş Dövlət Yol Polisi İdarəsinin   atomobilin  arxa şüşəsinə foto və şüar vuranlarla bağlı müvafiq tədbirlər görüləcəyinə dair xəbərdarlığı  əsasən  doğrudur.