Məlum olduğu kimi Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və Kanada və digər ölkələr Rusiya Federasiyasına məxsus bank və maliyyə qurumlarının SWIFT sistemindən ayrılması barədə qərar qəbul edib.
Məlumat üçün deyək ki, SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication - Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir. SWIFT platforması Brüsseldən idarə olunmaqla 209 ölkənin 10 mindən çox bank təşkilatını özündə birləşdirir.
SWIFT-in əsas xüsusiyyəti isə ondan ibarətdir ki, iştirakçı banklar vasitəsilə ötürülən bütün məlumatlar əsasında beynəlxalq maliyyə mübadiləsi təmin edilir. Bir gün ərzində SWIFT vasitəsilə ümumi dəyəri təxminən 1,5 milyard avrodan çox pul köçürmələri, banklararası ödənişlər, qiymətli kağızlar, yol çekləri, veksel və s. maliyyə əməliyyatları üzrə tranzaksiyalar həyata keçirilir. Bu sistemdə köçürmələrin əsas valyuta növü kimi adətən ABŞ dolları üstünlük təşkil edir.
SWIFT elə bir nəhəng maliyyə şəbəkəsidir ki, pul və digər maliyyə xarakterli əməliyyatları bu sistem olmadan reallaşdırmaq hazırkı iqtisadi şəraitdə mümkün deyil.
Ukraynadan başlanan hərbi əməliyyatlardan sonra Rusiyanı SWİFT sistemdən çıxarılması haqda qərar qəbul olunub. Tanınmış jurnalist Eynulla Fətullayev bu haqda status yazıb və yekunda “Rusiyanın evi yıxıldı” replikasını atıb.
Faktyoxla Lab. olaraq bu sistemin mahiyətini araşdırdıq və Rusiya üçün SWİFT sistemin qapadılması doğrudanmı onun “evinin yıxılması” deməkdir?
İlk olaraq qeyd edək ki, Rusiya bankları SWİFT-lə 10 milyardlarla dollar pul köçürmələri həyata keçirirdi və indi ödənişləri aparmaq üçün 50 il əvvəlki faks aparatından istifadəyə qayıtmaq lazım gəlir.
Rusiyanın SWIFT-dən çıxarılması hansı itkilərə səbəb ola bilər?
Bu suala ən dəqiq cavab verənlərdən biri elə Rusiyalı iqtisadçı-ekspert Aleksey Kalmıkovdur. Kalmıkovun fikrincə, Rusiya banklarının SWIFT-siz qalması bankların qoşulduğu beynəlxalq telefon xətlərinin və internet kabellərinin kəsilməsi kimi bir şeydir. Ancaq, bu, dünyanın sonu demək deyil. İnternet və ya telefon olmasa informasiyanı məktub və ya faksla da göndərmək olar. Sadəcə bu, çox vaxt aparacaq, fiziki itkilərə səbəb olacaq və əməliyyatlar baha başa gələcək. Əlbəttə uzun və mürəkkəb maliyyə əməliyyatları biznes və iqtisadiyyata ciddi zərbə dəyməsi deməkdir.
Ancaq heç bir halda, istər biznesin, istərsə də, vətəndaşların xarici valyutada olan hesablarının dondurulmasından söhbət gedə bilməz, yaxud da onların valyuta hesablarındakı pulların rubla konvertasiyasına təzyiq mümkün deyil. Həmin vəsaitlər əvvəlki qaydada, yatırılmış eyni növ xarici valyutada qorunmuş qalacaq. Çünki SWIFT hesabların qapanmasına, konvertasiyasına, pulun geri çəkilməsinə qadağa qoya bilməz, bu sistem sadəcə Rusiya banklarının xarici banklardakı dollar, avro, funt və yuanda olan müxbir hesablarına ödəniş tapşırıqlarından imtinadır. Hesablardakı pullar digər ənənəvi poçt tapşırıqları və s. ilə mübadilə edilə bilər.
Burada ən mühüm amillərdən biri isə dünya bank və biznes ailəsində imicin ləkələnməsidir. Rusiyanın beynəlxalq reputasiya sözsüz zədələnəcək. İndiyə kimi İran və Şimali Koreya SWIFT-siz dünya iqtisadi elitasında necə cılız və sönük görünürdüsə, 3-4 dəfə daha böyük iqtisadiyyatı olan Rusiya bundan da boz rəngə düçar olacaqdır. (Mənbə)
SWIFT-dən təcridolma Rusiya iqtisadiyyatında qeyri-neft ixrac və idxalında xüsusi təsiredici rol oynaycaq. Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına əsasən, 2021-ci ildə ölkənin ixracı 45,7 faiz artaraq 493,4 milyard dollar təşkil edib. İxracda yanacaq və enerji məhsulları (54,3%) əsas yer tutur. Ümumi ixracın 13,1 faizi isə MDB ölkələrinin, 86,9 faizi isə digər ölkələrin, payına düşüb. Yəni, bu, o deməkdir ki, ixracın 425 milyardı MDB ölkələrindən kənara, Avropa, Amerika və Asiya ölkələrinə yönəlibdir. İxracda əsas ticarət tərəfdaşları Çin, Niderland, Almaniya, Belarus və Türkiyə olub. İdxalda isə Çin, Almaniya, Birləşmiş Ştatlar və İtaliyadır. (Mənbə)
Yuxarıda qeyd edilən ölkələr əsas etibarilə SWIFT-də xüsusi payı olan dövlətlər hesab edildiyindən onlarla ticari əməliyyatların fiziki tempi azalacaq, burada pul ödəmələrində problem olmayacaq, ancaq Rusiya şirkətləri nağdsız ödənişləri həyata keçirməkdə, satdıqları mal və xidmətlərin pulun almaqda ciddi çətinliklərlə üzləşəcəklər. Bu isə, istənilən halda ticarət dövriyyəsinin azalmasına öz təsirini göstərəcək. Necə ki, İran SWIFT-dən kənar qaldığı zamanlarda xarici ticarətin həcmi 30 faiz azalmışdı.
SWIFT Rusiyanı qlobal bank icmasından təcrid edəcək, bəs, ölkə daxilində vətəndaşlar debet və kredit kartları ilə ödənişlər edə, valyuta hesabı aça biləcəklərmi?
Rusiyaya qədər SWİFT-dən İran və Şimali Koreya xaric edilmişdi. Ş.Koreya olduqca zəif və qlobal bazarda rolu olmayan ölkədir, ona görə də, onun qlobal hesablaşmalardakı çəkisi də 0,006-dən də azdır. İran isə dünya enerji bazarında kifayət qədər payı olan ölkədir, nəticədə sanksiyalaşdırmadan sonra bu ölkə neft-qaz sahəsində əməkdaşlıq etdiyi dövlətləri, eləcə də bəzi Avropa Birliyi üzvlərini əməliyatları məhdud da olsa aparmaq üçün INSTEX sistemi yaratmağa razı sala bildi. Həmçinin, SWIFT-dən kənarlaşdırılsa belə, İran Çin, Afrika, Yaxın Şərq, Ermənistan, Suriya, Yəmən və digər ölkələrlə bank mübadiləsi aparıbdır. Ölkə daxilində isə müxbir hesablaşmaları və mübadilə əməliyyatlarında heç bir problem yaranmayıb. İranda yüz minlərlə vətəndaş ölkə daxilində müxbir hesabları açır, digər bankdan digərinə pul köçürür və s.
Bu baxımdan SWIFT Rusiya üçün həyatın sonu deyil, yeni olduqca ağır və çətin axtarışlara məcburetmədir. Bu xüsusda onu da qeyd etmək lazımdır ki, Rusiya vətəndaşları da öz aralarında rublda ödəniş apa biləcəklər. Məsələ ondadır ki, dünyanın bir çox ölkələr kimi Rusiya banklarının da digər banklarla öz aralarında şəxsi maliyyə kommunikasiyası mövcuddur. Məsələn, Rusiyanın çoxmilyonluq ödəniş arxitekturası olan “Mir” milli ödəniş sistemi var, ölkə daxilində pul mübadiləsi asanlıqla reallaşır. İndiyədək bu sistemə 400-dən çox bank qoşulub. (Mənbə)
Həmçinin, “Visa” və “MasterCard”la müqaviləyə əsasən, hər iki ödəniş sistemi Rusiya daxilində bütün bank kartlarının sahiblərinə prosesinq və klirinq ödənişləri həyata keçirmək öhdəliyinə malikdir. Ancaq o da unudulmamalıdır ki, Rusiyadaxili sistemlər vasitəsilə bütün növ xarici valyutada olan ödəniş tapşırıqlarını yerinə yetirmək mümkün deyil, məhdud sayda pul mübadiləsi aparmaq olur.
Çıxış yolu nədir?
Rusiya hökuməti çox güman ki, bütün bu ssenariləri gözdən keçirərək “B”planını işə salmaq məcburiyyətindədir. Hazırda Şanxaq Əməkdaşlıq Təşkilatı daxilində üzv ölkələr arasında SWIFT-ə alternativ ödəniş sisteminin yaradılması arxitekturası qurulmaqdadır. “Mir” və Çinin müəllifi olduğu CIPS sistemləri bu layihəfə xüsusi fəallıq nümayiş etdirir. Bu konteksdən, Rusiya bütün yaxın ticari partnyorları ilə qarşılıqlı maliyyə mübadilə sistemlərinin qarşılıqlı uyğunlaşdırılmasını konkretləşdirəcək. Xüsusilə də, Çin, Malayziya, Vyetnam, Belarus, İran və digər ölkələrlə qarşılıqlı hesablaşmalar şəbəkəsinin qurulması, kredit-bank təşkilatlarının qarşılıqlı fəaliyyəti, başqa tərəfdaş ölkələrin bankları arasında birbaşa müxbir münasibətlərin qurulması istiqamətində razılaşdırılmış sazişlərin icrasına start veriləcəkdir.
Beləliklə, Rusiya SWIFT sanksiyası səbəbindən beynəlxalq ödəniş ailəsindən kənarda qalmaqla itkilərlə üzləşəcək. Ancaq SWIFT burada nəticə əsaslı deyil və dişsiz sanksiyadır. Bu ölkənin iqtisadiyyatına ağır təsir edəcək əsas sanksiya drayverləri enerji, sənaye, texnologiyalar və digər zəruri mal və xidmətlər bazarından sıxışdırılıb çıxarılmasıdır. Risiya şirkətlərinin və maliyyə holdinqlərinin qlobal sərmayə layihələrindən kənarlaşdırılmasıdır. Rusiyada 1,8 trilyon dollar ÜDM-lə qlobal əlavə dəyərin 2 faizinə sahibdir. Əgər sanksiyalar və iqtisadi təcrid ÜDM-in 10 faiz-bənd daralmasına gətirib çıxarsa, bu, illik 180 milyard dollar itki deməkdir, yəni ölkənin strateji valyuta rezervlərinin 28 faizinin itməsidir. Rəsmi Moskva indi həqiqi mənada Qərblə həm də bütün cinahlardan iqtisadi savaşa daxil olub.