Videodakı sarı saçlı qadın onun Hədis Nəcəfi olmadığını BBC fars dili xidmətinə verdiyi müsahibədə təsdiqləyib. 22 yaşındak İranlı Məhsa Emini, 13 sentyabrda paytaxt Tehranda baş örtüyü qaydalarına uymadığına gör İrşad (əxlaq) polisi tərəfindən həbs olunduqdan sonra 16 sentyabr 2022 – ci il tarixində dünyasını dəyişib (mənbə). Amininin ölümündən sonra ölkədə başlayan etirazlar beynəlxalq mediada ciddi mənada işıqlandırılmışdı.

Etirazlar zamanı saçlarını toplayaraq etirazçıların arasına qatılmağa hazırlaşan bir qadının həmin anları lentə alması qısa müddətdə sosial şəbəkələrdə trendə çevrildi. Trendə çevrilən videodaki qadının da 21 sentyabrda Kərəc şəhərində etirazlar zamanı qətlə yetirilən Hədis Nəcəfi olduğu iddia edildi. (mənbə)

Həmin video, əvvəlcə İranlı jurnalist, feminist aktivist sayılan Məsih Əlinejad tərəfindən, “Bu İranlı qadın təhlükəsizlik qüvvələrinin qarşısına çıxmağa hazırlaşır. İran rejiminin silahları və güllələri var, ancaq bizim saçlarımızdan qorxurlar. Bir az saçı göründü deyə #MahsaAmini-ni öldürdülər. Gəlin, saç inqilabı edək. Saçlarımız İslam diktatorlarını devirəcək”- şərhi ilə tvitterdə paylaşıldı. Paylaşımda Hədis Nəcəfinin adı çəkilmirdi.

Paylaşımdam sonra video, Hədis Nəcəfinin olduğu iddiası ilə sosial mediada və bəzi media quruluşlarında yayılmağa və dərc olunmağa başlandı. (mənbə)

Twitter sosial şəbəkəsində “#MahsaAmini Hadis Nəcəfi viral” sözləri ilə axtarış apardığımız zaman BBC-nin müxbiri Şayan Sərdarizadənin atdığı tvitlərlə qarşılaşırıq. Həmin paylaşımda isə saçlarını toplayaraq etirazçılara qoşulmağa hazırlaşan qadının Hədis Nəcəfi olmadığını BBC Fars bölməsinin müxbirləri özləri təsdiq edirlər.

BBC – nin fars xidməti 26 sentyabrda rəsmi veb səhifələrində, həmçinin sosial mediadakı hesablarında verdikləri açıqlamada, etirazların simvoluna çevrilən qadın ilə canlı danışdıqlarını və həmin gənc qadının öldüyü açıqlanan Hədis Nəcəfi olmadığını bildirdi.

Videodaki şəxs isə öz təhlükəsizliyini qarantiya altına almaq məqsədi ilə əslində kim olduğunu açıqlamayıb, ancaq yeni bir video çəkərək iddia olunan kadrlardakı həmin anları təkrar edərək Hədis Nəcəfi olmadığını və iranlı qadınları küçələrə çıxmağa təşviq etmək məqsədi ilə bu addımı atdığı deyilib.

Google axtarış şəbəkəsində “Hədis Nəcəfi” və ölüm tarixi olan “21 sentyabr” sözlərini ingilis dilində axtarış verəndə, Hollandiyada yerləşən fars və ingilis dillərində fəaliyyət göstərən “Radio Zəmanə” adlı radionun veb səhifəsində bir xəbərlə rastlaşırıq

“Radio Zəmanə”, BBC - nin fars xidmətinin 26 sentyabrda yayınladığı açıqlamdan sonra Hədis Nəcəfinin ailəsi ilə əlaqə yaradaraq bacısı Şirin Nəcəfi ile danışıb. Şirin Nəcəfi, saçını toplayan qız videosunun tanışları tərəfindən onlara göndərildiyini, videodaki qadın bacısına oxşadığı üçün insanların həmin qadını Hədis Nəcəfi olduğunu iddia etdiklərini bildirib.

Bəs Nəcəfinin başına nə gəlib?

“Radio Zəmanə”-yə açıqlama verən ailənin digər üzvü isə Hədis Nəcəfinin anasının narahat olmasına fikir vermədən 24 sentyabr tarixində saat 19.30 –da etirazlara qoşulmaq məqsədi ilə evdən çıxdığını deyib. Elə həmin mənbəə, bir müddət sonra Hədis Nəcəfinin telefonundan naməlum bir şəxsin onlara zəng vurduğunu, Nəcəfinin xəstəxanada yaralı olduğunu dediyini bildirib. Ailə xəstəxanaya çatanda isə Hədis Nəcəfinin ölüm xəbərini alıb.

Şirin Nəcəfi, Zəmanəyə verdiyi açıqlamada, təhlükəsizlik orqanlarının ona və ailəsinə mətbuatla əlaqə saxlamamaları və saxladıqları halda isə bacısı Hədis Nəcəfinin güllə yarasından yox, başqa səbəblərdən öldüyünü desinlər deyə ciddi təzyiqlər etdiklərini sözlərinə əlavə edib.  

“Radio Zəmanə”-yə açıqlama verən adının çəkilməsini istəməyən digər bir mənbəə isə Hədis Nəcəfinin yuxarı nahiyyələrində 20 –dən artıq güllə yarası olduğunu deyib. Hədis Nəcəfinin ölüm kağızında onun Kərəc şəhərində güllə yarasından öldüyü qeyd olunub. Türkiyə mediasında çıxan xəbərlərdə isə Hədis Nəcəfinin bədəninə altı güllə dəydiyi qeyd olunurdu.