Fransanın paytaxtı Parisdə 17 yaşlı yeniyetmənin yol polisinin “saxla” xəbərdarlığına tabe olmadığı üçün öldürülməsindən sonra kütləvi etirazlar başlamışdır. Sosial şəbəkələrdə etirazçıların dağıntılar törətdikləri, avtomobilləri yandırdıqları, hətta polis maşını ələ keçirdikləri haqda məlumatlar, fotolar yayılır. Təbii ki, belə məlumatlar etirazçılar haqda mənfi fikir formalaşdırır.

Faktyoxla Lab. bu məlumatlardan bir neçəsini araşdırıb.

Fakt 1. Sosial şəbəkədə paylaşılan bu fotonun şəhərdəki etiraz aksiyalarından olduğu iddia edilib. Fotoda bir qrup nümayişçinin polis avtomobilini ələ keçirməsi anları əks olunub.

"Tərs görüntü axtarışı" metodu ilə axtarış verdikdə məlum olur ki, foto Fransadakı üsyanlar haqqında çəkilmiş “Athena” adlı filmdəndir.

“Netflixdə yayımlanan filmin altıncı dəqiqəsindən etibarən şəhərətrafı qəsəbələrdə üsyançıların polis avtomobilini qaçırdığı səhnələr görünür (video).

2022-ci ildə çəkilən film, gənc oğlanın faciəli şəkildə öldürülməsindən sonra “Athena” adlı cəmiyyətdə hərtərəfli üsyanın necə alovlandığından bəhs edir.

Nəticə:

- Bu fotonun Fransadakı hazırkı etirazlarla heç bir əlaqəsi yoxdur.

- Foto “Athena” adlı fransız filmindən götürülüb.

Fakt 2. Başqa bir fotoda isə polisi yerə yıxan şəxs yer alıb. Bu şəkil də Fransada baş verən hadisələrdən çəkilmiş foto kimi paylaşılıb.

Həmin fotonu da “tərs görüntü” axtarış metodu ilə axtardığımız zaman 2022-ci ildə paylaşıldığı məlum olur (mənbə). Fotodakı polis maşını ilə Fransız polis maşınlarını müqayisə etdikdə, oxşar olduğu müəyyən edilir. Görüntünü paylaşan şəxs fotonun Fransada baş verənlərdən sonra gündəmə gəlməsi ilə bağlı “Bunun gerçək olduğuna inanırlar” qeydini edib. Bu barədə məlumat verən digər yazılarda da onların köhnə olması qeyd edilib.

Başqa sözlə, fotonun cari hadisələrlə əlaqəli olduğuna dair heç bir sübut yoxdur. Bununla belə, qaradərili şəxsin ağdərili polisi yerə yıxması ABŞ-dakı “Corc Floyd hadisəsi”nə istinad kimi şərh edilib.

Nəticə:

Şəkil 2022-ci ildə paylaşılıb. Görüntünün Fransadakı son etirazlarla heç bir əlaqəsi yoxdur.

Fakt 3. Etirazlar yaşanan zaman bu video və fotoları paylaşaraq, Paris küçələrində vəhşi heyvanların sərbəst gəzdiyi iddia olunurdu.

Paris küçələrində aslanların gəzdiyi iddia edilən videoda Parisətrafı qəsəbənin - Sent Denisin adı yazılıb. Bu ipucu ilə fransız dilində axtarış etdikdə, 12 fevral 2020-ci ildə YouTube-da yayılmış videonu aşkarlayırıq.  

Eyni video 11 fevral 2020-ci ildə tvitterdə, 13 fevral 2020-ci ildə isə facebookda paylaşılıb.

 Videoda nəqliyyat vasitəsində olan iki nəfər küçədə gördükləri heyvanın şir olduğunu bildirir. Aydın olmayan görüntülərdən heyvanların şir olub-olmadığını müəyyən etmək mümkün olmasa da, təsvirlərin köhnə olduğunu söyləmək olar. 

Başqa bir videoda isə şəhərdə zebraların gəzdiyi iddia olunur. Zebraların küçələrdə gəzdiyi video ilə bağlı "Paris küçələrində zebra" sözləri ilə fransızca axtarış etdikdə, 13 aprel 2020-ci ildə “Le Parisien”də dərc olunan bir xəbərə çatırıq. 2020-ci ildə nəşr olunan xəbərlərdə müxtəlif şəhərətrafı ərazilərdə küçədə görülən maral və zebraların sirkdən qaçdığı deyilir.

Damda qorilla olduğu (mənbə) iddia edən görüntülərlə araşdırmalarımızı davam etdiririk. "TikTok"-da qorilla sözünü axtardığımız zaman videonun 28 fevral 2023-cü ildə yayımlandığını görürük.

Videodakı qorilla yerində dayanır. Videonun şərhlərini araşdırdığımız zaman bir istifadəçi "Bura Valensyen (Fransada şəhər) deyilmi?" yazıb. Daha sonra "Valensyendəki qorilla" kimi ifadələrlə fransızca axtarış etdikdə, 17 noyabr 2020-ci ildə “La Dauphine Libéré”-də dərc olunan bir fotoşəkilə çatırıq.

Qorilla heykəlinin təsvirini müxtəlif mənbələrdən əldə etmək mümkündür. Qorilla heykəli Fransanın cənub-şərqindəki Valensyen şəhərində yerləşir. “Google maps”də heykəlin yerləşdiyi binanın küçə görünüşünə baxmaq olur. Bundan başqa, Fransa hakimiyyətinin heyvanların zooparkdan buraxılması ilə bağlı hər hansı açıqlaması yoxdur.

Nəticə:

- Aslanların küçələrdə dolaşdığı anı əks etdirən görüntü 2020-ci ilin əvvəlindən dövriyyədədir.

- Küçələrdə gəzən zebraların videosu 2020-ci ilin aprel ayında Fransanın müxtəlif şəhərətrafı ərazilərində heyvanların sirkdən qaçması zamanı qeydə alınıb.

- Videoda görünən qorilla heykəldir və şəkillərin tarixi var.

- Fransa hakimiyyəti heyvanların zooparkdan buraxılması ilə bağlı heç bir açıqlama verməyib.

Fakt 4. Avtomobillərin dayanacağın pəncərəsindən atılmasını əks etdirən videonun da Fransada keçirilən nümayişlər zamanı lentə alındığı iddia edilib. Görüntülər iddia edildiyi kimi Fransadakı nümayişlərə aid deyil. “Tərs şəkil axtarışı”m metodu ilə ekran görüntülərini axtardığımız zaman videonun çıxış mənbəyinə çata bilərik.

Justin King adlı “Twitter” istifadəçisinin 3 iyul 2016-cı ildə paylaşdığı video “Sürətli və Qəzəbli 8” filminin çəkilişindəndir. İstifadəçi videonu “Sürətli və Qəzəbli 8” filminin Klivlenddə çəkilişi. Bundan xəbərsiz olduğunuzu və anidən gördüyünüzü təsəvvür edin” şərhi ilə paylaşıb. Əks görüntü axtarışı nəticəsində səhnənin Klivlenddəki “Halle Bros” dayanacağında çəkildiyini də təsdiqləyə bilərik (mənbə).

Filmin rejissoru Gary Gray bildirib ki, yüzlərlə avtomobilin hündürlükdən atılmasını nəzərdə tutan səhnəni çəkmək üçün CGI yardımından istifadə olunub. Bundan başqa, görüntülərdə əks olunan avtomobillər kranların köməyi ilə yerə atılıb.

Nəticə:

- Görüntülər Fransadakı nümayişlərə aid deyil.

- Video ABŞ-ın Klivlend şəhərində “Sürətli və Qəzəbli 8” filminin çəkilişləri zamanı lentə alınıb.

Fakt 5. Videolardan birində iddia olunur ki, Marseldə etirazçılar dayanacaqda yeni avtomobilləri yandırırlar. 

Videodakı skrinşotların axtarışı onun həm köhnə olduğunu, həm də Fransadan çəkilmədiyini göstərir (mənbə).

Video 28 aprel 2023-cü ildə Avstraliyanın Pert şəhərində qeydə alınıb (mənbə).

28 aprel 2023-cü il tarixində “Pickles” adlı şirkətin dayanacağında baş verən yanğında 100-dən çox avtomobil zərər görüb, 50-yə yaxın avtomobil yararsız hala düşüb. Hadisə yerinə gələn 10 yanğınsöndürən saat 20.30 radələrində 17.00 radələrində başlayan yanğını nəzarətə götürüb. Yanğının səbəbi məlum deyil. Yanğın zamanı müxtəlif bucaqlardan qeydə alınmış görüntülərə də daxil olmaq mümkündür.

Görüntülər, paylaşılan videodakı yanğınla üst-üstə düşür. Yanğın Avstraliya mətbuatında da gündəm olub.

 Nəticə:

- Video 28 aprel 2023-cü ildə Avstraliyada dayanacaqda baş verən yanğın zamanı qeydə alınıb.

- Yanğın zamanı zədələnən avtomobillərin təzə olub-olmadığı məlum deyil.