“Azadlıq” radiosu Cənubi Qafqaz ölkələrində biznes sektorunda rəqabətliliyin səviyyəsinə görə ölkələr arasında Azərbaycanın ən aşağı nəticəyə malik olduğuna dair süjet hazırlayıb. Süjetdə qeyd edilir ki, Mərkəzi və Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya da daxil özəl sektorun inkişafına görə yaradılan şəraitə görə, 30 ölkə arasında Azərbaycan 26-cı yeri tutub. Yaxın region ölkələrindən Gürcüstan ən yaxşı nəticə toplamaqla 12-ci yerdə, Ermənistan isə 18-ci yerdə qərarlaşıb. Belarus, Türkmənistan və Tacikistan və Özbəkistan Azərbaycandan sonrakı yerləri bölüşürlər.

“Azadlıq” bu sıralamanı Dünya Bankının (DB) hesabatında öz əksini tapdığını iddia edir.

Faktyoxla Lab. bu iddiaları araşdırıb.

Dünya Bankının rəqabət və biznes mühitinə dair belə bir hesabatının olub-olmamasını və hesabatda Azərbaycanın həqiqətən də 26-ci yerdə qərarlaşıb-qərarlaşmamasını dəqiqləşdirmək üçün adıçəkilən beynəlxalq maliyyə institutunun, yəni DB-nin rəsmi sənədlər bölməsinə baxdıq. 

Araşdırdıq ki, birincisi, Dünya Bankı özəl sektorun inkişafına yaradılan imkanlar və ya rəqabət mühitinin təmin edilməsinə dair hansısa xüsusi hesabat və ya qiymətləndirmə reytinqi hazırlamayıb və yaxud dərc etməyib. DB-nin dünya ölkələrində biznes və rəqabət mühitinə dair illik böyükhəcmli araşdırma sənədləri qurumun rəsmi elektron səhifəsində hər il yenilənir. Ancaq “Azadlıq” radiosunun bu mötəbər təşkilatın adından istinad etdiyi "rəqabətqabiliyyətlilik reytinqi" barədə heç bir xülasəyə rast gəlinmir. mənbə

Əgər Dünya Bankının son dəfə dərc etdiyi  “Qlobal Rəqabətlilik İndeksi 4.0” bölümü nəzərdə tutulursa, bu hesabat 2 il əvvəl yayılıb və həmin reytinqdə Azərbaycan 58-ci, Ermənistan 69-cu yerdə qərar tutub. mənbə

İkincisi, Dünya Bankının 2024-cü ildə dərc etdiyi son hesabatı isə qlobal əmtəə qiymətlərinə həsr olunub ki, bu qiymətləndirmə metodologiyasının ölkələrdəki rəqabət mühiti ilə heç bir bağlantısı yoxdur. mənbə

Üçüncüsü, DB-nin “Hesabatlar” bölümündə (annual-report) sonuncu hesabat sənədində 2023-cü ildə aşağı və orta gəlirli ölkələrə maliyyə və iqtisadi siyasətlərinin ümumi xülasəsi təhlil olunub. Azərbaycan yuxarı gəlirli ölkələr qrupunda yer aldığından bu hesabatda ölkəmizlə bağlı hər hansı qeydə rast gəlinmir. mənbə 1, mənbə 2

Dördüncüsü, Bankın birbaşa Azərbaycanla bağlı ayrıca qiymətləndirmə sənədlərində də biznes və rəqabət mühitinin digər region ölkələri ilə müqayisədə aşağı olmasına işarə edən heç bir detal, göstərici, rəqəm və ya mülahizə yoxdur. Əksinə, Bankın ötən il dərc olunmuş xülasəsində özəl sektorda biznesin fəaliyyəti üçün yaradılmış imkanlar qənaətbəxş qiymətləndirilir, son illərdə biznesin qeydiyyatı və fəaliyyətə başlaması üçün huqiq-institisional tədbirlərin əhəmiyyətinə diqqət çəkilir. Xüsusilə də biznes sektoru üçün investisiya mühitinin yaxşılaşdırılması, bu sahədə xidmətlərin genişləndirilməsi təqdir olunur. Hazırda özəl sektorun inkişafını dəstəkləyən institutlar tərəfindən təmin edilən yüksək məhsuldarlıqla birləşən insan kapitalının artımın canlanması və davamlı olması üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır. Dövlət-özəl tərəfdaşlığının artması rəqabət üçün yeni imkanlar bölgüsündə biznesin daha aktiv rolunun təmin edilməsinə istiqamətlənib. mənbə

Beşincisi, Dünya Bankının bu yaxınlarda Azərbaycanla bağlı yenilənmiş strateji baxış sənədində də ölkəmizdə iqtisadi artımın hərəkətverici qüvvəsi kimi qeyri-neft və qeyri-enerji sektoruna xüsusi diqqət ayrılır və həmin sahənin inkişafında əsas rol oynayan amillərdən biri kimi biznes mühiti imkanlarının və investisiya fəallığının artması vurğulanır. Bu sənəddəAzərbaycanda rəqabətin aşağı olmasına dair heç bir detala rast gəlinmir. mənbə

Eləcə də, DB-nin “Human Capital Project” (İnsan Kapitalı İdeksi) adlı hesabatında ölkəmizdə biznes imkanlarına qısa diqqət ayrılır və bu sahədə aparılan islahatların səmərəlilik dərəcəsinin insan kapitalına töhfəverici rolu xatırladılır. mənbə

Altıncısı, məlumat üçün bildirək ki, Dünya Bankı rəqabətliliklə bağlı ayrıca hesabat hazırlamır. Bank hər il ənənəvi olaraq dünya ölkələrində iqtisadi azadlıq, biznes və rəqabət mühiti, investisiya şəraiti və digər indikatorları özündə əks etdirən ənənəvi “Doing Business” hesabatını dərc edirdi ki bu sənədin hazırlanması təxminən 3-4 ildir dayandırılıb. Sonuncu dəfə dərc edilən həmin hesabatda  (“Doing Business 2020”) Azərbaycan 10 ən islahatçı ölkənin sırasında yer alıb. Hesabatda ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 28-ci yerdə qərarlaşmışdı ki, bu da əksər postsovet, Mərkəzi Asiya və Şərqi Avropa regionu üzrə ölkələrin mövqeyindən daha yaxşı göstərici demək idi.

Nəhayət, yeddincisi, həmin hesabatdan sonra isə Dünya Bankı yeni iqtisadi və biznes reallıqlarını əsas götürərək dünya ölkələrində biznes və investisiya, rəqabət mühiti ilə bağlı daha geniş və əhatəli, bütün detalları və alt-indikatorları qiymətləndirməklə tamamilə yeni meyar və yanaşma əsasında təkmilləşdirilmiş hesabat toplusu hazırlamaq niyyətini bəyan edib. “Business Ready” adlanan həmin sənədlər üzərində işlər tam yekunlaşmayıb, DB bu “hesabatı” 2024-cü il 25 sentyabrda təqdim edəcəyini bildirir. istinad

Məhz DB-nin həmin təkmilləşmiş hesabatından irəli gələn öhdəliklərlə bağlı Azərbaycanda 2023-cü ilin fevral ayında Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Bazar rəqabəti” indikatoru ilə bağlı təkmilləşdirmələrin həyata keçirilməsinə dair Yol Xəritəsi hazırlanaraq təqdimatı keçirilib. Həmin sənəddə azad, sağlam və dayanıqlı rəqabət mühitini formalaşdırmaq, qeyd olunan istiqamətdə hüquqi bazanı təkmilləşdirmək, özəl sektorun genişlənməsinə və inkişafına əlverişli imkan yaradan qayda və təcrübələrin tətbiqini təhlil etməklə onların təkmilləşdirilməsinə və cəlbediciliyinin artırılmasına nail olmaq, rəqabətin təmin edilməsi sahəsində həyata keçiriləcək təşəbbüsləri, habelə gələcək fəaliyyətlər barəsində ictimaiyyəti məlumatlandırmaq kimi prioritetlər nəzərə alınıb. istinad

Yəni Dünya Bankının bu ilin sentyabr ayında qlobal ictimaiyyətə açıqlayacağaı yenilənmiş "Biznes Mühiti Hesabatı"nda Azərbaycanla bağlı indekslər ölçülərkən yuxarıda adıçəkilən Yol xəritəsi üzrə görülən işlərin nəticəsi əsas götürüləcək və buna uyğun ölkəmizin biznes və rəqabət reytinqi müəyyənləşəcək.

Mövzudan uzaqlaşmadan bir məqamı da yaddan çıxarmaq olmaz ki, Dünya Bankı özəl sektorda rəqabət imkanları ilə bağlı araşdırmanı 30 ölkə arasında aparmır, belə bir tədqiqat dünyanın 180-dən çox ölkəsini əhatə edir.

O ki, qaldı dünya ölkələrində biznes sektorunda rəqabət mühiti ilə bağlı vəziyyətin dəyərləndirməsinə, beynəlxalq miqyasda dünya ölkələrinin rəqabət mühiti ilə bağlı detallı və geniş aspektdən qiymətləndirmə aparan təşkilatların hesabatlarına diqqət edək:

1. Ümumdünya İqtisadi Forumu. Təşkilatın son illərdə dərc etdiyi bütün hesabatlarda Azərbaycan nəinki Cənubi Qafqazada, eyni zamanda MDB və Şəqri-Avropa regionunda ən yaxşı rəqabət mühitinə malik ölkə kimi dəyərləndirilib.

Azərbaycan həmin mötəbər təşkilatın illik hesabatlarında rəqabət mühitinin vəziyyətinə görə, Cənubi Qafqaz ölkələri arasında ən yaxşı nəticəyə malik ölkə kimi yer alıb. Azərbaycan Dünya İqtisadi Forumu tərəfindən nəşr edilən “Qlobal Rəqabətlilik İndeksi”ndə 11 pillə irəliləyərək 58-ci mövqedə qərarlaşıb.

“Qlobal Rəqabətlilik İndeksi” dünya miqyasında mötəbər hesabat olmaqla beynəlxalq təşkilatlar, investor və sahibkarlar, müstəqil beyin mərkəzləri tərəfindən istinad mənbəyi kimi istifadə olunur. Bu baxımdan dünyanın digər aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri də bu sənədə xüsusi istinad edir.

Dünya İqtisadi Forumunun 2022-2023-cü illərə dair illik hesabatında da Azərbaycan region ölkələri içərisində biznesin şaxələndirilməsi, xüsusilə də sənaye sektorunda rəqabətin artırılması üzrə qətiyyətli islahatlar aparan ölkə kimi xarakterizə olunur. Hesabatda Azərbaycan Dördüncü Sənaye İnqilabı Şəbəkəsi Mərkəzi yaratmaqla 20 ən yaxşı rəqabətli sənaye dövləti qrupunda yer alır. mənbə

2. Aİ-nin "Biznes Mühiti Hesabatı"nda Azərbaycanla bağlı bölümdə də ölkəmizdə rəqabət mühiti qənətbəxş hesab edilir, xüsusilə də Aİ ölkələrinin qabaqcıl meyarlarına əsaslanan biznes islahatlarının səmərəliliyi yüksək dəyərləndirilir. mənbə

“İnvestisiya Mühiti Bəyannaməsi”ndə Azərbaycanda investisiya mühitinin sektorlarda yaxşılaşmaqda davam etməsi, Azərbaycan hökumətinin xarici investisiyaları cəlb etmək üçün stimullaşdırıcı siyasət yürütməsi və iqtisadiyyatı şaxələndirmək üçün islahatlar həyata keçirməsinə diqqət yetirilir. Azərbaycan qanunvericiliyinə əsasən, xarici investisiyalar tam və qeyd-şərtsiz hüquqi müdafiəyə malikdir. Özəl qurumlar sərbəst şəkildə sahibkarlıq subyektlərində öz maraqlarını yarada, əldə edə və sərəncam verə bilərlər. Xarici vətəndaşlar, təşkilatlar və müəssisələrə əlverişli sərmayə iqlimi yaradılıb.

3. ABŞ Dövlət Departamentinin “2023 ilə dair İnvestisiya Mühiti Hesabatları”nın Azərbaycanla bağlı bölməsində qeyd edilir ki, Azərbaycan hökuməti fəal şəkildə birbaşa xarici investisiyalara açıq qapı siyasəti yürüdür ki, son ildə bərpa olunan enerjinin inkişafına aktiv investisiyaların cəlbi genişlənir. Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı üç böyük külək və günəş enerjisi layihəsinə əhəmiyyətli maliyyə ayırıb. Ölkədə “Xarici investisiyaların qorunması haqqında”, “İnvestisiya fəaliyyəti haqqında” qanunlar və beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrası Azərbaycanda xarici investorlar, o cümlədən müştərək müəssisələrdə fəaliyyət göstərən xarici tərəfdaşların sərmayə və rəqabət mühitindən yararlanmasını təmin edir, həmçinin müflisləşmədən qoruyur. Sənəddə o da bildirilir ki, Azərbaycan hökuməti investorlar üçün heç bir ayrı-seçkiliyə yol vermir və bunu konkret olaraq ölkədə fəaliyyət göstərən ABŞ iş adamlarının timsalında görmək mümkündür. mənbə

4. Dünyanın nüfuzlu beyin mərkəzlərindən olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycanın mövqeyi 6 pillə yaxşılaşaraq 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadi azadlıq üzrə mümkün 100 baldan 70,1 bal toplayıb. Hesabata əsasən, Azərbaycan Avropa regionunda 45 ölkə arasında 23-cü yerdədir, onun ümumi balı regional orta göstəriciyə bərabər, dünya üzrə orta göstəricidən yüksəkdir. mənbə

Ermənistanda və Gürcüstanda biznes imkanları və rəqabət mühiti ilə bağlı reytinqi isə beynəlxalq hesabatlarda Azərbaycanla müqayisədə xeyli aşağıdır.

5. Dünya Bankının biznesin mühitinin və iqtisadiyyatın azadlıq meyarlarının qiymətləndirilməsinə dair sonuncu “Doing Business” hesabatlarında Ermənistan və Gürcüstan 47-ci və 39-cı yerləri bölüşməklə Azərbaycandan 19 və 11 pillə geridədirlər. 

6. Eləcə də Dünya İqtisadi Forumunun "Rəqabətlilik hesabatlarında" Ermənistan ölkəmizdən 16 pillə, Gürcüstan isə 8 pillə geridədir.

Özəl sektorda biznesin səmərəliliyi, rəqabət və investisiya mühiti ilə bağlə digər mötəbər hesabatlarda da eyni mənzərəni görmək mümkündür: Ermənistanın mövqeyi ölkəmizdən xeyli aşağıdadır. istinad

Həmçinin, Gürcüstanın mövqeyi də Azərbaycandan bir neçə pillə aşağıdadır. istinad

Beləliklə,

• “Azadlıq”radiosunun özəl sektorda biznes imkanları və rəqabət mühiti ilə bağlı Dünya Bankının adından yaydığı məlumatlar saxtadır. “Azadlıq” radiosunun bu mötəbər təşkilata istinad etdiyi "rəqabətqabiliyyətlilik reytinqi" barədə heç bir xülasəyə rast gəlinmir;

• Dünya Bankı özəl sektorun inkişafına yaradılan imkanlar və ya rəqabət mühitinin təmin edilməsinə dair hansısa xüsusi hesabat və ya qiymətləndirmə reytinqi hazırlamayıb və yaxud dərc etməyib;

Dünya Bankı rəqabətliliklə bağlı ayrıca hesabat hazırlamır, Bank hər il dünya ölkələrində iqtisadi azadlıq, biznes və rəqabət mühiti, investisiya şəraiti və digər indikatorları özündə əks etdirən ənənəvi “Doing Business” hesabatını dərc edirdi ki bu sənədin də hazırlanması təxminən 3-4 ildir dayandırılıb;

• Azərbaycanın yerinin aşağıda göstərilməsi heç bir fakta əsaslanmır, həqiqəti əks etdirmir. Azərbaycanın istər Dünya Bankının, istərsə də dünyanın ən mötəbər və aparıcı iqtisadi institutlarının rəqabətliliyə və biznes mühitinə dair hesabatlarında reytinq göstəricisi Ermənistan və Gürcüstandan əhəmiyyətli dərəcədə yaxşı və yüksəkdir;

• Dünya Bankının rəqabət mühiti ilə bağlı daha geniş və əhatəli, bütün detalları və alt-indikatorları qiymətləndirməklə tamamilə yeni meyar və yanaşma əsasında təkmilləşdirilmiş hesabat toplusu hazırlamaq niyyətini bəyan edib. DB “Business Ready” adlanan “hesabatı” 2024-cü il 25 sentyabrda təqdim edəcəyini bildirir.