Son günlər həm ADR Hərəkatının sədri Qubad İbadoğlu, həm də AXCP sədri Əli Kərimli pensiyaçılarla bağlı statistik rəqəmlər açıqlayaraq “Azərbaycan əhalisi artiqca pensiyaçıların sayı azalır”, “bu tendensiya ilə pensiya alanlar bir neçə ilə əhalinin 10 faizindən də az olacaq”, “hakimiyyət son 4 ildə "pensiya islahatı" çərçivəsində 186 min nəfər soydaşımızı pensiyadan məhrum edib” fikirləri ilə statuslar yazıb, fikir bildiriblər.
Faktyoxla Lab. hər iki partiya sədrinin açıqlamalarını araşdırıb.
İlk olaraq Əli Kərimlinin açıqladığı “dövlət son 4 ildə 186 min nəfər insanı pensiyadan məhrum edib” fikrinə aydınlıq gətirək.
2017-ci ildə sosial müdafiə orqanlarında qeydiyyatda olan pensiyaçıların sayı 1 milyon 328,4 min nəfər olub.
2021-ci il iyulun 1-ə olan tarixə isə pensiyaçıların sayı 1 milyon 214 min nəfər təşkil edir. Yəni pensiya alanların sayı 186 min nəfər deyil, 114 min nəfər azalıb. Bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir. Həmin pensiyaçıların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır
Qubad İbadoğlunun da pensiyaçıların sayının azalması barədə mülahizələrinə və “Hazırda Azərbaycanın pensiya yaşı göstəricisinə görə, MDB dövlətləri arasında liderik edəcəyi” fikirlərinə aydınlıq gətirək.
Artıq Rusiya və digər MDB ölkələri də pensiya yaşını mərhələli şəkildə artıraraq kişilər üçün 65 yaşa çatdırıb. Qazaxıstan, Özbəkistan, Belarus və digər ölkələrin parlamentləri yaxın illərdə bu rəqəmin 65-ə çatdırılması üçün qanunvericiliyə dəyişilik etməyi nəzərdə tutur.
Və onu da unutmayaq ki, pensiya yaşı bu gün Avropa, Amerika və Asiya regioun ölkələrində orta göstərici 67 yaş həddindədir.
Yəni, Qubad İbadoğlu pensiya islahatlarından danışarkən nədənsə Azərbaycanda son illərdə hər il pensiyaların 13-15 faiz artımını və bu rəqəmin digər MDB dövlətlərinə nisbətən daha yuksək olmasını isə qeyd etməyi unudur. Məlumdur ki, 2020-ci ilin əvvəlində bütün pensiyalar ölkə üzrə 16,6 faiz, 2021-ci ildən isə 13,5 indeksasiya olunaraq artırıldı. Ümumilikdə 2020-ci ildə pensiya ödənişləri 2019-cu illə müqayisədə 20 faiz, 2021-ci ildə isə əvvəlki ilə nisbətən 15 faiz artdı. Aparılan islahatlar nəticəsində Azərbaycanda orta pensiyanın məbləği 13 faiz artaraq 300 manata, yaşa görə pensiyanın orta məbləği də 13 faiz artaraq 330 manata çatmışdır. Həm minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qorumuşdur.
Pensiya alanların əsas azalma yükü yaşa görə pensiya alanların nisbətində olduğunu görürük. Son 4 ildə bu rəqəm 59,4 faizdən 58,8 faizə düşüb, yəni 0,6 faiz azalıb. Bunun səbəbi də hər kəsə bəllidir, 2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 60 yaş 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılmalıdır. Təbii ki, yaş artdıqca yaşa görə pensiya alanların sayının azalması da labüddür.
İndi əlilliyə görə pensiya alanların faiz nisbətinə diqqət edək . 2017-ci ildə əlilliyə görə, pensiya alanların faizi ümumi pensiya alanların nisbətində 29,3 faiz təşkil etdiyi halda, hazırda 29,5 faizə bərabərdir. Yəni, əlilliyə görə, pensiya alanların sayı azalmır, sadəcə əvvəlki illərdə hər il saxta və əsassız pensiya təyinatlarının sayı olmayan həddə artırdı, məsələn 20 min nəfər olduğu halda 40 min, indi isə bu təyinatlar ləğv edildiyində yüksək artım yaranmır, həqiqi əlilliyi olan şəxslərin isə yenə də sayında artım vardır. Məsələn, 2021-ci ilin 6 ayı ərzində 21 525 şəxsə əlillik təyin edib. Onlardan 7018 nəfərə ilkin, 14507 nəfərə isə təkrar əlillik təyinatı aparılıb. 2020-ci ilin analoji dövrü ilə müqayisədə təyinatların sayı 68% artıb.
İndi isə “pensiyaçıların sayının azalması hesabına hökumətin 2020-ci ildə hökumətin bir ildə, yəni 2020-ci ildə 740 milyon manata qənaət etməsi” fikrinə ayındlıq gətirək.
Məlum olduğu kimi hər il pensiyaların məbləği orta hesabla 10%-dən çox artır. 2020-ci ildə bütün pensiyalar ölkə üzrə 16,6 faiz indeksasiya olunaraq artırıldı və digər sosial ödəmələri də nəzərə alsaq, 2020-ci ildə pensiya ödənişləri 2019-cu illə müqayisədə 20 faiz artdı, bu sosial tədbirlər 2 milyondan çox vətəndaşımızı əhatə etdi. Artım həm yaşa görə, həm əlilliyə görə, həm də digər sosial qruplar üzrə bütün vətəndaşların pensiyasının 30-35 faiz artmasına səbəb oldu. Aparılan islahatlar nəticəsində Azərbaycanda orta pensiyanın məbləği 13 faiz artaraq 300 manata, yaşa görə pensiyanın orta məbləği də 13 faiz artaraq 330 manata çatdırıldı.
Beləliklə, 2020-ci ildə pensiya və digər sosial ödənişləri təmin etmək məqsədilə Dövlət Sosial Fondun 2020-ci il üçün xərcləri 2019-cu illə nisbətdə 697 milyon manat artdı (16,89 faiz çox). Belə olan halda 750 milyon manat “qənaəti”nə haradan gəldiyini müəyyən etmək çətindir.
Sosial xərclərin həcmi 2021-ci ildə daha da artırılıb ki, bu xərclərin də əsas məzmunu məhz pensiyaçıların və əlillərin, digər sosial qrupların sosial mənafeyinin daha da yaxşılaşdırılmasına yönəldilir. 2021-ci ildə Sosial Müdafiə Fondunun 2021-ci il üçün xərcləri 5 milyard 146,03 mln. manat nəzərdə tutulmuşdur ki, bu da 2020-ci ilingöstəricisindən isə 361,31 mln. manat və ya 7,6 faiz çoxdur.
Ə.Kərimlinin iddiasına görə, hökumət büdcəni sıxır, profisit əldə edir, büdcə artımlarından pensiya və sosial müavinətlərə pul ayırmır. Aydınlaşdıraq. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə hər il dövlət büdcəsinə 1,5 milyard manatdan artıq vəsait transfert edilir. Həmin transfert vəsaitlər məhz pensiyaçılara verilir. Yəni dövlət büdcədən verir, almır?
Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdirılması məqsədilə dövlət büdcəsindən 2019-cu ildə 1 milyard 182,7 mln. manat vəsait ayrılmış, 2020-ci ildə 1 milyard 188,9 mln. manat, 2021-ci ildə isə 1631,5 mln. manat vəsait ayrılması proqnozlaşdırılmışdır. Yəni, 2021-ci ildə dövlət büdcəsindən Sosial Müdafiə Fonduna ayırmalar 2020-ci ilin büdcəsindən 442,6 mln manat və ya 37,3% çoxdur.
2021-ci ildə Fondun xərclərinin 4 milyard 880,04 mln. manatı və ya 94,8%-i, əhaliyə ödənişlər üzrə xərclərin isə 97,5%-i əmək pensiyalarının ödənilməsi üçün sərf ediləcəkdir. Yəni, hökumət 2021-ci ildə 2020-ci illə nisbətdə təkcə əmək pensiyaçılarına 336,73 milyon manat artıq vəsait yönəldəcəkdir
2021-ci ilin birinci yarısının göstəriciləri də təsdiqləyir ki, pensiya və digər sosial ödənişlərin maliyyə xərcləri əhəmiyyətli dərəcədə artmaqdadır. 2021-ci ilin yanvar–iyun aylarında DSMF-nin xərcləri kifayət qədər artıb. 6 ayda xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 123,9 mln. manat və ya 5,3 faiz artıb.
Ümumilikdə, 2021-ci ilin yanvar-iyul aylarında əhaliyə bütün sosial təminat və müdafiə üzrə xərclərinə 2020-ci ilin eyni dövrünə nisbətən 4,4% və ya 148,8 mln. manat daha çox pul, yəni 3,5 mlrd. manat vəsait ödənilib.
Təkcə, əmək pensiyalarının indeksləşdirilərək artırılması məqsədilə də 2021-ci ilin 6 ayında 220 mln. manat vəsait xərclənib, bu artımın 1 milyon 140 min pensiyaçını əhatə edib. Göründüyü kimi hökumət hər il sosial müdafiəyə, pensiya ödənişlərinə daha çox pul xərcləyir, büdcə profisitinin elə böyük bir hissəsini məhz pensiya və sosial təminata yönəldir.
Nəticə: Sosial şəbəkə iqtisadçılarının statuslarına istinad edilərək, pensiya və sosial təminat sahəsinin mütəxəssislərindən rəy soruşulmadan hazırlanan hər iki partiya sədrinin statusu qismən yalan və faktlarla manipulyasiyadır.