Tarix müəllimi Cəmil Həsənli fb səhifəsində işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işləri, investisiya layihələri, məskunlaşma və digər məsələlərlə bağlı fikirlərini bölüşərək hökumətin gördüyü işləri tənqid edib. C.Həsənli iddia edir ki, ərazilərin işğaldan azad edilməsindən bir il yarımdan çox vaxt keçməsinə və 2,5 milyard manatdan artıq vəsait xərclənməsinə baxmayaraq 30 il vətən həsrəti çəkən qaçqınlardan hələ bircə nəfər, bircə ailə belə öz yurduna dönə bilməyib. Sitat: “Azad olunmuş ərazilərin əhalisi nə vaxt öz yurduna qayıdacaq? Bir il yarımdan çox vaxt keçməsinə və 2,5 milyard manatdan artıq vəsait xərclənməsinə baxmayaraq 30 il vətən həsrəti çəkən qaçqınlardan hələ bircə nəfər, bircə ailə belə öz yurduna dönə bilməyib. Bu dönüşün təmin edilməsi üçün daha neçə il lazımdır? Açıq bir sual var: Zəngilan aeroportu vacibdir, ya zəngilanların öz yurduna qayıtması”.
Cəmil müəllim tarixçidir, uzaq və yaxın tarixə nəzər salsa görər ki, ağır müharibədən çıxmış ölkənin heç birində cəmi 1 il yarım müddətdə qəsəbə, şəhər bərpa olunmur və sakinlərin geri dönüşünü təmin etmək mümkün deyil. Azərbaycan tamamilə fərqli bir erməni terrorizmi və vəhşiliyinə məruz qalıb.
Qarabağ və Şərqi Zəngəzurda dağıntıların dünyada bənzəri yoxdur, İkinci Dünya müharibəsində alman faşizmi kənd və qəsəbələri bu cür dağıtmırdı, minalar basdırmırdı. Ermənistan isə dünyada analoqu olmayan cinayət törədib, vaxtilə işğalda saxladığı torpaqların hər qarışına mina basdırıb.
Azərbaycan hökuməti 16 aydır ki, Qarabağın, Şərqi-Zəngəzurun qarış-qarış minalarını təmizləməklə məşğuldur. Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən 2021-ci ildə 6 min 777,6 hektar ərazi minalardan təmizlənib. (Mənbə)
Minalar o qədər çoxdur ki, indiyə qədər azad edilmiş rayonların hər birinin 0,7 -2 faizi nisbətində minaların təmizlənməsi başa çatdırılıb. Demək hələ ərazilərin 98 faizi minalarla doludur.
ANAMA-nın əməkdaşları bu işləri həyatı bahasına görürlər, gecə-gündüz işləyir, 2021-ci ildə Agentliyin ümumi işçi heəatinin sayı 540 nəfərdən 902 nəfərə çatdırılıb.
Bir məqama diqqət edək, bu ərazilərdə müharibədən sonra 200-dən çox insan minaya düşərək ya həlak olub, ya da ki, ağır yaralanıb. Bu faktlar tarixçi alimi fikir bildirmədən öncə düşünməsinə də mesajdır.
Bütün bunlara rəğmən, hökumət keçmiş məcburi köçkünlərin öz doğma evlərini daha tez inşa etməyi, geri qayıdışlarını, onların işlə təmin edilməsini, məşğulluğunu, kənd təsərrüfatı ilə məşğul olmasını, digər sahibkarlıq fəaliyyəti və sair işlərə cəlb edilməsini düşünərək maksimum sürətlə çalışır. Necə ki, ötən müddətdə Şuşada bir neşə yaşayış binası təmir edilməklə yanaşı, bütün sosial infrastrukturlar da yaradılıb, kiçik müəssislər, çörəkbişirmə, mağazalar, iaşə obyektləri istifadəyə verilib və artıq Şuşada sakinlərin ilk qrupu öz evlərində yaşamaqdadır.
Zəngilanlıların öz doğma evlərina qayıtması üçün isə illər yox, günlər qalıb, Zəngilan rayonunda “ağıllı kənd” layihəsi üzrə yaşayış sahəsində yenidənqurma işləri başa çatıb, ərazidə müxtəlif kiçik müəssislər və fəaliyyət sahələri də yaradılır. Yaxın günlərdə bu əraziyə də öz evlərinə qayıdan insanlar həm də işlə təmin olunacaq. (Mənbə)
C.Həsənli deyir ki, dəfələrlə çağırışlar edilməsinə baxmayaraq niyə böyük bərpa proektinə beynəlxalq invistisiyalar cəlb etmək mümkün olmadı?
Belə bəlli olur ki, C. Həsənli bu mövzuda ya məlumatsızdır, ya da bilərəkdən faktları təhrif edir.
Hələ bir il əvvəl, 2021-ci ilin mart ayında, yəni tarixi Zəfərdən cəmi 4-5 ay sonra 50-dən çox xarici şirkət işğaldan azad edilmiş ərazilərin bərpası üzrə layihələrdə iştirak etmək üçün Azərbaycan hökumətinə müraciət edib. 12 ölkəni (Türkiyə, Rusiya, Pakistan, Macarıstan və Qazaxstan, İtaliya, Cənubi Koreya, Çin, İtaliya, İsrail və s) təmsil edən 53 şirkətdən daxil olmuş müraciətlərə əsasən, onlar azad olunmuş ərazilərdə investor kimi iştirak etmək niyyətindədir. (Mənbə)
Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə hazırlanmış “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" hesabatına əsasən, 100-dən artıq xarici şirkət işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək niyyətlərini bəyan ediblər. Azərbaycanda fəaliyyət göstərən və 30 ölkəni təmsil edən 270 xarici şirkət nümayəndəsinin təxminən 43%-i, yəni 120-si işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edəcəklərini bildiriblər.
2021-ci ilin oktyabr ayında qardaş Türkiyənin “Cengiz Holdinq” qrupuna daxil olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə Azərbaycan hökuməti arasında işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisində yerləşən “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının işlənmnəsinə dair ilə müqavilələr imzalanıb. Yəni, Türkiyəli sərmayəçilər 7 aya yaxındır ki, investisya planı üzrə işlərini davam etdirir.
2021-ci il oktyabrın 26-da Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar ki, bu da Qarabağda ən nəhəng kənd təsərrüfatı layihəsidir. İri investisiya planı üzrə burada böyük heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək.
Prezident İlham Əliyevin 3 may 2021-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, bu ərazilərə xarici şirkətlərin cəlb edilməsinə başlanılıb. Azərbaycanın Energetika Nazirliyi ilə Yaponiyanın “TEPSCO” şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair müqaviləsi imzalanıb və “Yaşıl Enerji Zonası”nın yaradılması üzrə Konsepsiya sənədi hazırlanıb. Layihə birbaşa Yapon sərmayəsi hesabına həyata keçiriləcək. (Mənbə)
Bu sadaladıqlarımız investisiya planlarının bir hissəsidir, xarici şirkətlərin azad edilmiş ərazilərlə bağlı sərmayə təklifləri hədsiz dərəcədə çoxdur.
C. Həsənlinin digər iddiasına - işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2021-ci ildə ayrılmış 2, 2 milyard dövlət vəsaitinin qeyri-şəffaf xərclənməsi, hesabatlılığın olmaması, tenderlərin keçirilməməsi barədə fikirlərinə də aydınlıq gətirək.
C.Həsənlinin diqqətinə bu linkdə olan azad edilmiş ərazilərlə bağlı açıq tenderlərdən tutmuş kotirovka sorğularının keçirilməsinə qədər elanları çatdırırıq. Həmin tender elanları rəsmi dövlət qəzetlərində, müxtəlif saytlarda da dərc edilib və onlarla belə məlumatlarla tanış olmaq mümkündür. Həmin tender elanlarında Şuşa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və digər ərazilərdə yol, su, təchizat, tikinti, yaşayış binalarının inşası və digər iş və xidmətlərə dair tədbirlərin bütün təfərrüatları öz əksini tapıb. Sadəcə həmin elanlardan bir neçəsini misal üçün qeyd edirik ki, tarixçi alim və onunla eyni düşüncədə olanlar baxıb, tanış olsunlar.
Füzuli şəhərinin şaquli planlaşdırması üçün açıq tender elan edilib
Şuşada ilk yaşayış kompleksinin tikintisinə başlanılır – tender elan olundu
Ağdamın işğaldan azad olunmuş əraziləri üzrə - tender elan olundu
Həsənli deyir ki, hökumət azad edilmiş ərazilərdə xərclənmiş vəsaitlərin rayonlar üzrə bölgüsünü, hara sərf edilməsini də gizlədir, açıqlamır.
Bu iddiaya da cavab verək. Hökumət həmin ərazilərdə görülən hər bir layihənin, hər rayonda icra edilmiş işlərin maliyyə dəyərini və faiz bölgüsünü də ictimaiyyətə açıqlayıb.
Həmin ərazilərdə indiyə qədər 100-ə yaxın layihə icra edilib, yaxud icra olunmaqdadır və onların hər birinin xərc maddəsi, hər layihəyə çəkilən xərc, onunla bağlı məlumatların da statistik hesabatı hazırlanıb. Həmin hesabat Maliyyə Nazirliyi tərəfindən hökumətə və Milli Məclisə təqdim edilib, qanunlara uyğun olaraq bu məlumatlar da vaxtında ictimaiyyətə təqdim ediləcək. Belə ki, “Büdcə sistemi haqqında” qanunun 20-ci maddəsinə əsasən dövlət büdcəsinin icrası barədə illik hesabat (maddə 20.2-1 və 20.2-2) sənədi və müvafiq qanun layihəsini hazırlanır və may ayının 15-dək hökumətə və Milli Məclisə təqdim edilir.
Həmin qanun və hesabat sənədi Milli Məclisdə təsdiq edildikdən sonra Maliyyə Nazirliyinin saytında yerləşdirilir. Beləliklə, Qarabağa büdcədən 2021-ci ildə ayrılmış vəsaitlərin bənd-bənd hər xərc maddəsi icra haqqında qanun təsdiq olunduqdan sonra Nazirliyin saytında və rəsmi mediada dərc ediləcək.
Cəmil Həsənli iddia edir ki, Ərzaq təhlükəsizliyinə dair 2008-2015-ci illəri əhatə edən Dövlət Proqramının icrası heç bir fayda verməyib və taxıl da daxil olmaqla əksər məhsulların idxalından asılılığı aradan qalxmayıb, əksinə artıb. Sitat: “Azərbaycan ərzaqlıq buğda ilə öz ehtiyaclarının cəmi 25 faizini təmin edə bilir. Qalan 75 faiz idxal hesabına ödənilir. Bizim iqtisadçılar, bizlər illərdir bunu deyirik. Hökumət etiraf etmək istəmirdi. İndi beynəlxalq bazarda taxılın qiyməti bahalaşdığı üçün bunu dilə gətirirlər. İlham Əliyev 18 ildir ölkəyə rəhbərlik edir. O, hakimiyyətə gələndə ölkə idxal taxılından daha az asılı idi, nəinki indi. Axı o, 2008-2015-ci illəri əhatə edən dövlət proqramı və ərzaq təhlükəsizliyi haqqında qanunda vəd vermişdi ərzaq idxalından, o cümlədən taxılın idxalından asılılığı aradan qaldırılacaq. Bu gün 2015-ci illə müqayisdə bu asılılıq 2 dəfə artıb”.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrasına dair hesabat sənədinə diqqət edək. Qeyd edilən illər ərzində əsas növ bitkiçilik məhsulları ilə özünü təminetmə idxaldan asılılıq səviyyəsində əhəmiyyətli müsbət dəyişikliklər müşahidə olunub. Dənli bitkilər üzrə, yəni taxıl, buğda arpa və s. mallara görə təminetmə səviyyəsi 2010-cu ildə 56,5% idisə 2015-ci ildə bu rəqəm 64,5% -ə çatıb. Paxlalılar üzrə bu göstərici 2010-cu ildə 65, 8%, 2015-ci ildə isə 69,3% təşkil edib. Bütün növ tərəvəz məhsullarında isə özünü təminetmə səviyyəsi 2010-cu ildə 97,6% idisə, 2015-ci ildə 103,4% olub. Həmçinin, meyvə və giləmeyvələr üzrə isə 2010-cu ildə 107.9% olan təminetmə 2015-ci ildə 113,7%-ə yüksəlib. (Mənbə: Kənd Təsərrüfatı Nazirliyi)
Həmçinin, aparılan araşdırmalardan məlum olur ki, Azərbaycan Respublikasında ət istehsalı 2003-cü ildəki 134,4 min tondan 2015-ci ildə 298,6 min tona çatıb. Yəni, 2,2 dəfə artıb. Süd və süd məhsularının istehsalı 2003-cü ildə 22,1, 2015-ci ildə isə 164,8 min ton təşkil edib. Yumurta üzrə bu göstərici 270 min ədəddən 2015-ci ildə 3 milyon 100 min ədədə çatıb. (Mənbə)
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) son statistikasına əsasən, Azərbaycanın əksər mallar üzrə özünü təminetməsi 92-99 faiz arasındadır. Buğda ilə özünütəminetmə səviyyəsi isə 60 faizə çatıb.
Nəticə:
- Cəmil Həsənlinin “Azad olunmuş ərazilərin əhalisi nə vaxt öz yurduna qayıdacaq?” iddiası populizm və faktları görməzdən gəlməkdir. Uzaq və yaxın tarixə nəzər salsa görər ki, ağır müharibədən çıxmış ölkənin heç birində cəmi 1 il yarım müddətdə qəsəbə, şəhər bərpa olunmur və sakinlərin geri dönüşünü təmin etmək mümkün deyil. Azərbaycan tamamilə fərqli bir erməni terrorizmi və vəhşiliyinə məruz qalıb. Tamamilə minalanmış Qarabağ torpağına niyə əhali köçürülməyib” çağrışı etmək azından düşmənin cinayətlərini ört-basdır etmək, özünə ucuz siyasi xal qazanmaqdır. Digər tərəfdən isə Zəngilanlıların öz doğma evlərina qayıtması üçün isə illər yox, günlər qalıb.
- Həsənlinin “dəfələrlə çağırışlar edilməsinə baxmayaraq niyə böyük bərpa proektinə beynəlxalq invistisiyalar cəlb etmək mümkün olmadı” fikri isə tamamilə səhvdir. Təkcə ötən ilin martına olan məlumata görə 12 ölkəni (Türkiyə, Rusiya, Pakistan, Macarıstan və Qazaxstan, İtaliya, Cənubi Koreya, Çin, İtaliya, İsrail və s) təmsil edən 53 şirkətdən daxil olmuş müraciətlərə əsasən, onlar azad olunmuş ərazilərdə investor kimi iştirak etmək niyyətindədir. Bu rəqəmlər son 1 il ərzində daha da artıb.
- Həsənlinin digər iddiası - işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2021-ci ildə ayrılmış 2, 2 milyard dövlət vəsaitinin qeyri-şəffaf xərclənməsi, hesabatlılığın olmaması, tenderlərin keçirilməməsi barədə fikirləri də yalandır. Bu yazıda tender və katirovka elanları ilə bağlı hansı sayta müraciət edilməsi, habelə onlarla elandan -ü misal olaraq gətirilib.
- Həsənlinin “hökumət azad edilmiş ərazilərdə xərclənmiş vəsaitlərin rayonlar üzrə bölgüsünü, hara sərf edilməsini də gizlədir, açıqlamır” fikri də pafos, populizm və söz xatirinə sözdən başqa bir şey deyil. Hökumət həmin ərazilərdə görülən hər bir layihənin, hər rayonda icra edilmiş işlərin maliyyə dəyərini və fazi bölgüsünü də ictimaiyyətə açıqlayıb.