Türkiyədə mayın 14-də keçiriləcək Prezident və parlament seçkiləri uğrunda mübarizə aparan iki qütbün - Millət və Cümhur İttifaqının seçki təşviqatı ən həlledici mərhələyə qədəm qoyub, hər iki tərəf seçki proqramları əsasında gələcək planlarından danışır. İqtidarda olan Ədalət və İnkişaf  Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğan imza atdığı meqalayihələrə, əldə etdiyi çoxsaylı uğurlara güvənərək seçicilərinə həm gördüyü işlərlə bağlı hesabat verir, həm də yeni hədəflərini açıqlayır. İndiyə qədər verdiyi vədlərə sadiqliyi, gücü və imkanlarını gerçəyə çevirmək məharəti Türkiyə ictimaiyyətində Prezident Rəcəb Tayyib Ərdoğan barədə real təsəvvürləri formalaşdırıb. Ancaq “Millət İttifaqı”nın namizədi olan CHP-nin sədri Kamal Kılıcdaroğlu barədə yekdil təssəvür yoxdur, çünki indiyə qədər iqtidarda olmadığından, dövlətə və xalqa xidmət etmədiyindən onun fəaliyyətinə qiymət verə biləcək heç bir ciddi əsas, tutarqa yoxdur. Bu baxımdan Kılıcdaroğlunun  iqtisadi və sosial rifah, xoş güzaran barədə verdiyi vədlərə inanlarla yanaşı, inanmayanların da sayı kifayət qədər çoxdur, ümumilikdə bu şəxsin son günlərdə ziddiyətli açıqlamaları da Türkiyə cəmiyyətində böyük tərəddütlər doğurmaqdadır.

Məsələ ondadır ki, əsas müəllifi Cümhuriyət Xalq Partiyası (CHP) olan Millət İttifaqının fevral ayında açıqladığı 244 səhifəlik “Ortak Mutabakat Metni” (Ümumi Siyasətlər Müqaviləsi) sənədi də Türkiyənin ictimai dairələrində qeyri-ciddi sənəd kimi qarşılanır. Ona görə ki, Ortak Mutabakat Mətninin  maddələrinin heç biri orijinal deyil və yeni hədəflər yoxdur. Sənədin mətni AKP-nin hələ 2002-ci ildə elan etdiyi Seçki Manifestinin maddələri əsasında işlənmiş məzmunca eyni, sadəcə formaca fərqlidir. Hədəf prioritetlərinin böyük bir hissəsini Ərdoğan hökuməti hakimiyyətdə olduğu illər ərzidnə həyata keçiribdir. Belə ki, hüquq və məhkəmə, dövlət idarəçiliyi, korrupsiyaya qarşı mübarizə, şəffaflıq və nəzarət, iqtisadiyyat, maliyyə və məşğulluq, elm və təhsil, sahibkarlıq və rəqəmsal transformasiya, sosial siyasət, xarici siyasət, müdafiə və təhlükəsizlik, miqrasiya kimi əsas maddələrin hər bir bəndinin, hər bir məqsədin böyük əksəriyyəti AKP tərəfindən yerinə yetirilib. Millət İttifaqı sənədin iqtisadi və sosial siyasətlə bağlı bəndlərinə sadəcə 2 bənd əlavə edib – korrupsiya ilə əldə edilmiş pulların və ölkədən çıxarılmış valyutanın geri ödənilməsi.

 

Ortaq Memarandumda fərqli olan, yenilik kimi ictimaiyyətə sırınan əsas məsələlər xarici siyasət və təhlükəsizlik, regional əməkdaşlıq, demokratiya, insan haqları, seçki qanunverciliyinə dəyişikliklərlə bağlıdır ki, bu da Qərbin maraqları konteksində hazırlanıb və Türkiyəni milli mücadilədən, qətiyyətli güc prinsipindən geri çəkilməyə xidmət edir. Belə ki, Qərbə inteqrasiya, Türkiyənin regiondakı milli və siyasi maraqlarının Avropa maraqlarına tabe etdirilməsi, hərbi-siyasi projelərdən imtina, islam dəyərlərindən uzaqlaşmaq, Avropa dəyərlərinin əsas prinsiplər kimi qəbul edilməsi və insan haqlarının təminatı, o cümlədən cinsi azlıqların nümayəndələrinin və LGBT üzvlərinin hüquqlarının qorunması, PKK və HDP-yə siyasi-sosial hüquqların verilməsi, Türk dünyasının əleyhinə yönəlmiş trans-milli layihələrdən imtina və s. bəndlər əsas “yeni prioritetlərdir”. istinad

Ortak Mutabakat Mətnində yer alan iqtisadi təşəbbüslərin böyük bir qismini isə AKP seçkidən əvvəl yerinə yetirdiyindən artıq həmin bəndlər indidən tarixin arxivinə qovuşub. Məsələn, Ərdoğanın Qara dənizində qaz hasilatına başlayacağını nağıl adlandıran və bu iqtisadi projenin onların iqtidara gəlməsindən sonra mümkün olacağını iddia edən Kılıcdaroğlu 2023-cü il aprelin 20-də Filyosta 710 milyard kub.metr həcmində qaz infrastrukturunun işə salınmasından sonra susdu. Vaxtilə Türkiyənin milli “TOGG” avtomobili, yerli tank, hərbi gəmi, milli təyyarə istehsal edəcəyinə istehza edən, bunun AKP hakimiyyəti dövründə heç vaxt gerçəkləşməyəcəyini bildirən Kılıcdaroğlu həyata keçmiş bu layihələri də öz iqtisadi təşəbbüslərinə daxil etdi. Yaxud, kənd təsərrüfatında dövlətin subsidiya və kəndliyə yardım, xarici sərmayələr, ticarət, gömrük, vergi və s. iqtisadi islahatlar barədə vədləri də Ərdoğan gerçəyə çevirməkdədir.
Göründüyü kimi heç bir yeni ideyası və proqramı olmayan və AKP-nin açdığı çığırdan kiçik iz oğurlayan Kılıcdaroğlu hazırda seçki marafonunda vətəndaşlara Türkiyənin gələcək iqtisadi inkişaf yolu haqqında sadəcə vədlər verməklə məşğuldur.
Biz bunları hələlik kənara qoyaraq Qərbin bəzi iqtisadi tədqiqat qruplarının və mərkəzlərinin seçki prosesində Millət İttifaqının xeyrinə təşviqata qoşulmasına diqqət çəkmək istərdik.

Qərbin iqtisadi tədqiqat qruplarının "Millət İttifaqı"nın xeyrinə təşviqatı

ABŞ-ın ən iri investisiya qurumlarından biri olan “Goldman Sachs” Türkiyənin maliyyə və bank sisteminin az qala çökməkdə olmasına dair saxta təsəvvürlər yaratmağa çalışır. Türkiyə Mərkəzi Bankının “yartımaz” siyasətinin ölkənin yüksək inflyasiya və milli valyutanın kəskin ucuzlaşması fonunda çətin dövr yaşadığını xatırladır. Sitat:TL-nin qarşıdakı günlərdə 13% dəyər itirməsi lazımdır. Bu, baş verməsə, TL-nin kəskin ucuzlaşmasının qarşısını almaq üçün cari əməliyyatlar hesabının ixracın artırılması hesabına azaldılması tələb oluna bilər. 2018-2019-cu illərdə olduğu kimi əgər oxşar korreksiyalar baş verərsə, tədiyyə balansının kəsiri və cari əməliyyatlar açığı genişlənməklə TL-nin daha da ucuzlaşmasına gətirib çıxara bilər. Cari kəsir ümumi milli məhsulun 7-8 faizinə çatarsa, TL-də 18 faiz ucuzlaşma olacaq”.

 

“Goldman Sachs” belə bir təşviqat aparır ki, mövcud maliyyə idarəçiliyinin davam edəcəyi, yəni Ərdoğanın yenidən seçkiləri qazanacağı halda dolların Türk lirəsi məzənnəsinə qarşı mövcud olan 19,50 məzənnəsi 22-23 məzənnə intervalına yüksələ bilər. mənbə

Bu fikir saxta proqnozlar əsasında həyata keçirilən açıq spekulyasiyalardır və seçki öncəsi Türkiyənin mövcud iqtidarın qalması halında lirənin kəskin dəyər itirəcəyini, iqtisadiyyatın pisləşəcəyini anons etməklə Ərdoğan hökumətinə etimadsızlıq formalaşdırmaqdır. Məqsəd vətəndaşları hökuməti dəyişməklə iqtisadiyyatda guya uğurlara nail olunacağına dair yönləndirmək, müxalifətə etimad etməyə çağırmaqdır.

ABŞ-ın digər qlobal maliyyə təşkilatı olan “JPMorgan” da bir müddət əvvəl Türkiyənin mövcud iqtidarının maliyyə siyasətini şübhə altına alan “proqnozlarla” çıxış edib. Qurum hesab edir ki, Türkiyədəki yüksək inflyasiya ölkədə sosial yaşayışa ağır təsirlərini göstərməklə təkrarlanan bazar təlatümləri fonunda beynəlxalq investorlar üçün sərmayə proqramları üçün əngəllər yaradır. Yəni, əgər seçkilərdən sonra iqtisadi siyasətdə dəyişikliklər edilməsə bu narahatdoğurucu situasiya davam edəcək. ABŞ dollarının Türk lirəsinə qarşı məzənnəsi “güclü ortodoks siyasət” ssenarisində 25 lirə, “mülayim ortodoks siyasət ssenarisi”ndə isə 30 lirəyə qədər yüksələcək. mənbə 1: bloomberg mənbə 2: reuters


Bu “proqnoz”dan orta məktəb şagirdi də belə bir mühakimə yürüdə bilər ki, Türkiyənin hazırki hökuməti ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq yönündə dəyişiklik etməyə qadir deyil. “JPMorgan” bu üstörütülü mesajı və eyhamları ilə türk seçicisini “iqtisadi siyasətdə dəyişikliklər istəyirsinizsə indiki hökumətə səs verməyin” deməyə çağırır.

Buna oxşar başqa bir təxribatı Danimarkanın aparıcı maliyyə institutlarının mövqeyində də görmək olar. Danimarkanın ən böyük maliyyə vahidi olan “Danske Bank” Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri barədə qeydlərində hakim AKP-nin iqtisadi siyasətini tənqid etməklə birbaşa müxalifətin seçki təbliğatına xidmət edən çırkin niyyətini göstərir: Sitat: “Son iki il ərzində Prezident Ərdoğanın qeyri-adi iqtisadi siyasətləri türk iqtisadiyyatını relsdən çıxartdı və populyarlığını itirdi. Müxalifətin qələbəsi halında biz tez bir zamanda Türkiyədə maliyyə vəziyyətinin sabitləşməsini, pul siyasətinin normallaşdırılmasını, böyük faiz artımlarını və Lirənin bahalaşmasını gözləyirik”. istinad

Olduqca gülünc və təəssüf doğuracaq proqnoza diqqət edək: “Danske Bank”ın baş analitiki Minna Kusiston əsil niyyətini ifadə edərək vurğulayır ki, müxalifətin qələbəsi iqtisadi siyasətdə şübhəsiz ki bir çox cəhətdən dönüş nöqtəsi olacaq və bizim iqtisadi proqnozlar özünü doğruldacaq. Yox, əgər Ərdoğan qalib gəlsə Bankın proqnozları suda batacaq. “Seçkidən sonra hökumət dəyişməsə bazarlarda ciddi dəyişikliklər və müsbət təsirlər olmayacaq. Türkiyə Respublikası Mərkəzi Bankının həyata keçirəcəyi pul siyasəti və bazarların reaksiyası faiz artımları ilə müşahidə olunacaq və orta müddətli dövrdə lirə əhəmiyyətli dərəcədə bahalaşa bilər”. mənbə

Böyük Britaniyanın “Standard Chartered” maliyyə institutu isə hökumətin iqtisadi artımla bağlı stimulları və maliyyə təşviqlərinə baxmayaraq təzyiq altında maliyyə sisteminin guya pisləşəcəyini, milli valyutanın dəyərini bir qədər də itirəcəyinin bildirir. Türkiyənin 2023-cü ilə dair iqtisadi artım proqnozunu 3 faizdən 2,5 faizə endirən bu təşkilat “seçkilər Türkiyə üçün dönüş nöqtəsi ola bilər” iddiası ilə guya yeni iqtidarın iqtisadiyyatda normallaşmanı təmin edə biləcəyini vurğulayır. istinad

ABŞ-ın qlobal investisiya bankı olan “Morgan Stanley”in rəyindən də bənzər siyasi motivləri görmək mümkündür. Bu tədqiqat qrupu da iqtisadi təhlil aparamaq əvəzinə, manipulyasiya edərək Türkiyə iqtisadiyyatının gələcək perspektivlərini birbaşa öz siyasi maraqları üzərində qurmağa çalışır. Hesabatda qeyd olunur ki, Rəcəb Tayyib Ərdoğanın seçkidə qalib gəldiyi ssenaridə, maliyyə-bank sektorunda aşağı faiz siyasəti davam edəcək, maliyyə şərtləri və bazar faizləri alternativ alətlər və bank sektorunun tənzimləmələri ilə müəyyənləşəcək ki, guya iqtisadi inkişaf təşəbbüsləri üçün imkanlar açılmayacaq. Sitat: “Mövcud şərtlər daxilində 2023-cü ilin son rübündə artacaq balanssızlıqlar ilə əlaqədar olaraq məzənnə kəskin yüksələcək və dollar kəskin bahalaşacaq. Bu, Mərkəzi Bankın faizləri qismən artırmasına da səbəb ola bilər. İnflyasiyanın yüksəlməsi və bununla əlaqədar olaraq yeni makro siyasət çərçivəsi tətbiq olunana qədər 2024-cü ildə tənəzzül baş verəcək”.
Hesabatda deyilir ki, seçkidə Kamal Kılıçdaroğlunun namizədliyini irəli sürmüş “Millət İttifaqı”nın qalib gəldiyi halda maliyyə sabitliyi nizama düşəcək, ilk mərhələdə Mərkəzi Bank faizini 30-35%-ə, ilin sonunda isə 40-45%-ə yüksəldə bilər ki, bu da maliyyə sektoru və biznes üçün ürəkaçandır. “Bu vəziyyətdə 2024-cü ildən etibarən inflyasiyanın sürətlə düşməsi prosesinin başlayacağı proqnozlaşdırılır. Həmçinin. iqtisadi azalmadan sonra 2024-cü ilin ikinci yarısından sonra sürətli bir bərpa proqnozlaşdırılır”. istinad

Göründüyü kimi “Morgan Stanley”in də yanaşması sırf siyasi mərama bağlıdır və Kılıcdaroğlunun prezident seçilməsi halında guya ki, Türkiyənin iqtisadi inkişafının yeni mərhələsinə daxil olacağına dair saxta və populist proqnozlar tərtib olunur. Bu hesabatın özü birbaşa CHP-nin seçki təşviqatına xidmət edir və Ərdoğanın əleyhinə yönəlmiş təxribat ssenarisi kimi dəyərləndirilə bilər.
Bu cür iqtisadi institutların Millət İttifaqının xeyrinə işləyən və seçki təşviqatına xidmət edən materillarının sayı kifayət qədər çoxdur və onların hər birini ayrıca təqdim etmək uzun vaxt aparardı. Onların hər birini ümumiləşdirdikdə eyni oxşar  ssenari üzərində qurulması şübhə doğurmur. Çünki onların heç biri R.T. Ərdoğanın liderliyi sayəsində qazanılmış uğurların heç birinə toxunmaq istəmir, Türkiyə iqtisadiyyatında baş verən müsbət dinamikadan bircə cümlə, adi bir rəqəmi qeyd etmirlər.
Ancaq bu qurumların proqnozlarının tam əksinə olaraq

Türkiyənin maliyyə və bank sistemi, sosial sektoru daha da möhkəmlənməkdədir

Türkiyə iqtisadiyyatı 2022-ci ildə 5,6 faiz böyüməklə Avropada ən yaxşı artım tempi nümayiş etdirib. ÜDM 2022-ci ildə 15 trilyon 6 milyard 574 milyon lirə olub. Bu, ABŞ dolları ilə 950 milyard dollar təşkil edir. istinad
Dövlət Büdcəsinin gəlir və xərcləri 2023-cü ilin büdcə layihəsinə əsasən, büdcə xərclərinin 4 trilyon 470 milyard TL, büdcə gəlirləri isə 3 trilyon 810 milyard TL nəzərdə tutulur. Bu dollar ifadəsi ilə 255 milyard dollar deməkdir.
Türkiyənin dövlət büdcəsi son 20 ildə təxminən 45 dəfə artıb.

Büdcədə təhsil xərcləri 2002-ci ildə AKP iqtidara gələndə 7,5 milyard lirə təşkil edirdisə hazırda 435 milyard lirəyə qaldırlıb. Təhsilə ayrılan pullar son 20 ildə 58 dəfə artırılıb.

Əhalinin sosial müdafiəsinə yönəlmiş sosial büdcə xərcləri 2002-2023-cü illər ərzində 161 dəfədən çox artaraq 2002-ci ildəki 1,6 milyarddan 2023-cü ildəki 258,4 milyard lirəyə yüksəldilib. Səhiyyə sahəsinə ayrılan xərclər 45 dəfə artıqılaraq 15,5 milyard TL-dən 696,8 milyard lirəyə çatdırılıb.
2023-cü ildə kiçik və orta sahibkarlığa 11 milyard TL subsidiya verilib, kənd təsərrüfatına 142,9 milyard TL, real sektora dəstək üçün 145,4 milyard TL ayrılıb. Hökumət vətəndaşların elektrik enerjisi və təbii qazdan istifadəyə görə, 80 və 50 faiz miqdarında subsidiya verir. istinad

Hazırda Türkiyənin illik ixracatı ötən il 12,9 faiz artaraq 254 milyard 172 milyon dollara çatıb. Halbuki ixrac 2002-ci ildə 35 milyard dollar idi və bu o deməkdir ki, son 20 ildə ölkənin ixrac gücü 8 dəfə artıb. mənbə
2002-2022-ci illər ərzində Türkiyəyə yatırılan xarici sərmayənin həcmi 240  milyard dolları keçib. istinad
AKP iqtidarı son 20 il ərzində ÜDM-nin 7 dəfə yüksəltməyə nail olub, 150 milyard dollar olan ÜDM hazırda 1 trilyon dollara yaxınlaşıb. Adambaşına düşən ÜDM 2584 dollardan 10,7 min dollara yüksəlib. istinad
Türkiyədə turizm və sənaye sektoru son 20 ildə dünyada rekord qırıb. Turist sayı 2002-ci ildə 13 milyon nəfər təşkil edirdisə, 2022-ci ildə 50 milyon nəfərə çatıb, bu sahədən əldə olunan gəlir 8,5 milyarddan 46,3 milyard dollara qalxıb, Türkiyə dünyanın ilk 8 turizm ölkəsi sırasına daxil olub.  mənbə
Türkiyənin strateji valyuta ehtiyatları da son 20 ildə əhəmiyyətli dərəcədə böyüyərək hazırda 122,5 milyard dollara çatıb. istinad
Türkiyə 2022-ci ildə olduğu kimi 2023-cü ilin birinci rübündə də iqtisadiyyatın artım tempini davam etdirib. Fevral ayında baş vermiş sarsıdıcı zəlzələ nəticəsində dövlətin 20 faizlik iqtisadi resurslarının dövriyyədən kənarda qalmasına baxmayaraq, milli iqtisadiyyatı 117,2 milyard TL və ya 7 milyard dollar böyüyüb. Bankların iqtisadiyyatı maliyyələşdirmə mənbələri genişlənərək ötən ilin eyni dövrünə nisbətən 14 artımla 117,5 milyard TL-yə (7,5 milyard dollar) yüksəlib. istinad



Onu da heç unutmaq olmaz ki, Türkiyənin bank və pul bazarında yaranan problemlərin, lirənin ucuzlaşmasının və dollar spekulyasiyaların arxasında da məhz Qərb dayanıb. Türkiyənin milli valyutasına qarşı süni təzyiqlərə, “dövüz spekulyasiyaları”na, bu prosesdə yerli xain maliyyəçilərlə onları idarə edən xarici sərmayədarların işbirliyinə Türkiyədə bələdiyyə seçkiləri ərəfəsində də rast gəlmişik. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan da bir neçə dəfə bəyan edib. Onun 2019-cu ilin bələdiyyə seçkiləri günlərində xatırlatdığı “Seçim ərəfəsində valyuta oyunlarına qoşulanların kimliyini bilirik. Onların nə etdiyini də yaxşı bilirik. Bu təxribatlara yol verənlər bunun əvəzini ödəyəcəklər. Biz onların hesabını verəcəyik” fikirləri bu gün də aktualdır, Türkiyədə yenə də bəzi burjuaziya Qərbin oyunlarını oynayır. istinad

Məhz bu prizmadan yanaşdıqda, yuxarıda göstərdiyimiz tendensiyalar birmənalı olaraq aşağıdakı qənaəti möhkəmləndirir:
1.
Türkiyənin iqtisadi qüdrətinin artması Qərbə sərf etmir, çünki türklər demiş, iqtisadi güc siyasi gücün alt yapısıdır. Türkiyənin zəif və iqtisadi idaretməsinin hökm sürməsi, ələxsus da maliyyə sisteminin nəhəng qlobal maliyyə piramidalarının əlində olması beynəlxalq güclərin siyasi tələb və əmrlərinin də asan və rahatlıqla qəbul olunması deməkdir.

2. Türkiyənin iqtisadi qüdrəti Avropa ölkələrinin qlobal bazarlarında və iri trans-kontinental layihələrdə hegemon olması deməkdir. Bu baxımdan Qərb Türkiyəni zəif və ondan asılı olan ölkə kimi görmək istəyir.

3. Avropa Birliyi Qara-Aralıq-Mərmərə dənizlərində və beynəlxalq boğazlarda söz sahibi olmasından narahatdır. Bunu Rusiya-Ukrayna müharibəsi zamanı Türkiyənin “taxıl dəhlizi” və digər humanitar koridorlar açdığı zaman Qərbin təşviş və narahatlıqları fonunda izləmişik.

4. Türkiyənin Türk dövlətlərinin birləşdirən “Orta Dəhliz” magistralı inşa etməsi Qərbin maraqlarına uyğun deyil, çünki Çindən Orta Asiyanın və Qafqazın Türk dövlətləri, eləcə də Şərqi Avropada Türk Dövlətləri Təşkilatının rəsmən üzvünə çevrilən Macarıstan kimi türk coğrafiyasının ailəsinə çevrilmiş dövlətin qovuşduğu nəhəng tranzit arteriyası Çin-Türkiyə strateji ittifaqı fonunda Avropa və ABŞ-nin maraqlarına uyğun deyil.

5. Türkiyənin iqtisadiyyatını onurğa sütunu sənayedir, sənayedə isə müdafiə və texnologiyalar, avtomobil, maşınqayırma sənayesi sektoru rekord qırmaqdadır. Qərb yaxın perspektivdə qlobal bazarların Türkiyənin əlinə keçməsindən sarsıntı içərisindədir.

6. “Dünya beşdən böyükdür” əzmkarlığı ilə Qərbə öz yerini göstərən R.T.Ərdoğanın müəllifi olduğu nəhəng layihələr Türkiyənin Mərkəzi-Şərqi Avropa, Asiya, Afrika, Orta və Yaxın Şərq, Cənubi Qafqaz regionları ilə möhkəm geosiyasi birliyini təmin edib. Bu, dünya xəritəsinin 30 faizindən çox hissəsi deməkdir. Bu siyasi reallıq Qərbü təlatümə salır.

Bütün sadaladığımız bu gerçəklikləri isə güclü Türkiyə quruculuğunun memarı Rəcəb Tayyib Ərdoğan yaradıb və yeni projelərlə daha da irəlilətməkdə israrlıdır.
Qərb isə bu qarşısıalınmaz dalğanı ölkənin milli maraqlarını qurban verməyə hazır olan, itaətkar Türkiyəyə rəhbərlik etmək istəyən Kılıcdaroğlunun “ittifaqı” sayəsində ləngidə bilər.
Son söz isə Türk xalqınındır. Xalq 2002-ci il seçkilərinə “Tək başına, iş başına” şüarı ilə gedən Ədalət və İnkişaf Partiyasını seçmişdi. Aradan 21 il keçsə də, Ərdoğanın bu möhtərəm və möhtəşəm şüarı sarsılmayıb, Türkiyə Xalqının İşinin başında olan Başçıya yenidən sahib çıxacağına şübhə yoxdur.