Sosial mediada yayılan iddiaya görə, “revmatizm varsa, yağış yağacaq” ifadəsi elmi şəkildə sübuta yetirilib. (istinad)
İddialar Corciya Universitetində bir qrup tədqiqatçının apardığı araşdırmaya əsaslanır. Açar söz axtarışı ilə 2023-cü ilin noyabrında dərc edilmiş məqaləyə daxil olmaq mümkündür. Əslində, bu araşdırma “revmatizmim varsa, yağış yağacaq” ifadəsini birbaşa sübut etmir, çünki araşdırmanın məqsədi xroniki ağrıları olanlar üçün hava şəraitinə əsaslanan ağrı riski indeksi yaratmaqdır.
Tədqiqat üçün 4,600-dən çox insan sorğulanıb və miqren xəstələrinin 89 faizi havanın ağrı səviyyələrinə təsir etdiyini, 79 faizi isə havanı ağrıya səbəb kimi qiymətləndirib.
Digər ağrıları olan şəxslərin 64 faizi havanın ağrıya səbəb ola biləcəyini desə də, 94 faizi havanın ağrıya təsir edən faktor olduğunu qeyd edib.
“İnsanların bu cür ağrılardan nə qədər təsirləndiyini bilirəm, ona görə də onlara gündəlik risk səviyyəsi haqqında fikir çatdıra bilsəm, bəlkə də, ağrının baş verməməsi üçün addımlar ata bilərlər”, - deyə məqalənin baş yazarı, atmosfer elmləri üzrə məruzəçi Kristofer Elcik bildirib. Elcikə görə, risk yüksək olarsa, insanlar qabaqlayıcı tədbirlər görə bilərlər.
Aparıcı müəllif Elcik qeyd edib ki, ağrı proqnozlaşdırma alətinə tələbat yüksəkdir, migren və ya digər ağrı şikayətləri yaşayan insanların planlarını ləğv edərək və ya hava şəraitinə əsaslanan ağrı proqnozuna əsaslanaraq profilaktik tədbirlər görərək davranışlarını dəyişəcəklər.
Elçikin sözlərinə görə, bu araşdırma göstərir ki, yeni bir ağrı proqnozlaşdırma vasitəsini sınamaq istəyən həvəsli bir auditoriya, bundan faydalanacaq daha çox insan var.
Məqalədə revmatik ağrı ilə yağış proqnozunun verilə biləcəyinin sübut olunduğuna dair heç bir açıqlama yoxdur. Bununla belə, baş müəllif Elcik, "Biz hava şəraiti və ağrı arasında daha ardıcıl əlaqələr tapırıq, buna görə də, havaya əsaslanan ağrı proqnozu daha mümkün görünür" deyəndə çaşqınlıq yarana bilər.
Məqalənin aparıcı müəllifi Kristofer Ceyms Elcik bu məqalənin hava proqnozu ilə ağrı arasındakı əlaqəyə diqqət yetirmədiyini, bunun əvəzinə havaya əsaslanan ağrı proqnozları üçün hədəf auditoriyanın olub-olmadığını araşdırdığını bildirib.
Nəticədə, Elcik, ağrı ilə yaşayanların bu cür proqnozlaşdırıcı vasitələrə həvəsli olduqlarını və qabaqlayıcı tədbirlər görməyə hazır olduqlarını vurğulayıb.
Başqa sözlə, sözügedən məqalə revmatizmlə yağış proqnozu arasında əlaqəni sübut etmir. Bəs elm aləmində bu məsələyə münasibət necədir?
Revmatizmi olan insanlar temperaturun dəyişməsinə, barometrik təzyiqə və rütubətə fiziki olaraq daha həssas ola bilərlər.
Harvard Universiteti Tibb fakültəsinin professoru Doktor Robert H.Şmerlinq bildirir ki, ona revmatik ağrı şikayətləri ilə müraciət edən insanlar ağrılarının yağışı proqnozlaşdırmaqda faydalı olduğuna 100% əmindirlər. Şmerlinqin fikrincə, bu cür tibbi miflər elmi cəhətdən düzgün olmasa da, onları təkzib etmək çox çətindir .
Harvard Universiteti Tibb fakültəsi vurğulayır ki, yağış və revmatik ağrılar arasında əlaqə olub-olmaması sualı geniş şəkildə araşdırılıb, lakin qəti cavab vermək, demək olar ki, mümkün deyil. Bunun əsas səbəbi, mövcud olmayanı sübut etməyin mümkün olmamasıdır.
Məsələn, 2014-cü ildə Avstraliyada aparılan bir araşdırmada bel ağrısı ilə yağış, temperatur, rütubət və ya hava təzyiqi arasında heç bir əlaqə tapılmayıb.
Ancaq əvvəlki bir araşdırma, temperaturun aşağı düşməsi və ya barometrik təzyiqin artması ilə diz ağrısının bir qədər artdığını göstərib.
Digər tərəfdən, daha isti və quru hava şəraiti revmatizm xəstələrinin özlərini daha yaxşı hiss etmələrinə şərait yarada bilər. Ancaq bu o demək deyil ki, dünyada tamamilə ağrısız hava şəraiti təmin edəcək hər hansı bir bölgə var.
Daha inandırıcı dəlillər gələnə qədər, yağıntı və revmatik ağrı arasındakı əlaqəyə şübhə ilə yanaşmaq yaxşıdır.
Nəticələr
• Sözügedən məqalədə hava proqnozları ilə ağrı arasındakı əlaqəyə diqqət yetirilmir;
• Tədqiqatın əsas məqsədi havaya əsaslanan ağrı proqnozu yaratmaq və ağrı proqnozlaşdırma vasitələrini qəbul edən hədəf auditoriyasının olub-olmadığını müəyyən etməkdir;
• Məqalədə revmatizmlə yağış proqnozunun verilə biləcəyinin sübut olunduğu deyilmir;
• Məqalənin aparıcı müəllifi də yazıda ağrı və yağıntı arasındakı əlaqəyə diqqət yetirmədiyini bildirib;
• Yağış və revmatizm arasındakı əlaqə haqqında mübahisələr olsa da, bu əlaqə qəti şəkildə sübut edilməmişdir;