“Paşinyan Moskvaya pul, güzəşt, imtiyaz, pulsuz silah istəmək üçün gəlir”. Bu sözləri tanınmış rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Pravda.ru internet nəşrinə açıqlamasında bildirib. Korotçenko əlavə edib ki, postsovet məkanında Rusiyadan pul almayan yalnız iki ölkə var, bu ölkələrdən biri Azərbaycandır. O bildirib ki, Azərbaycan Rusiyaya bərabərhüquqlu əməkdaşlıq təklif edir.
Öncə qeyd edək ki, Azərbaycanla-Rusiya arasında diplomatik əlaqələr 4 aprel 1992-ci ildə qurulub. 28 il ərzində iki ölkə arasında 300-ə qədər ikitərəfli sənəd imzalanıb. Xüsusilə 3 iyul 1997-ci il tarixli Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə, 9 yanvar 2001-ci il tarixli Bakı Bəyannaməsi, 6 fevral 2004-cü il tarixli Moskva Bəyannaməsi və 3 iyul 2008-ci il tarixli Dostluq və strateji tərəfdaşlıq haqqında Bakı Bəyannaməsi Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığı təmin edən mühüm sənədlər hesab olunur.
Bundan başqa, iki ölkə arasında münasibətləri tənzimləyən, bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığı özündə əks etdirən
“Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatı”
“Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı”
Ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar qarşılıqlı fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi mühüm məsələlər üzrə 5 müvafiq yol xəritəsi
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı”
mövcuddur.
2019-cu ildə iki ölkə arasında ticarətin həcmi 3,2 milyard dollar təşkil edib. Bu 2018-ci illə müqayisədə 27,4% çox olub. Azərbaycanda Rusiya ilə 1000-dək ortaq şirkət fəaliyyət göstərir. Rusiyanın Azərbaycana yatırdığı sərmayənin həcmi 4,5 milyard dollar, Azərbaycanın bu ölkəyə qoyduğu kapitalın həcmi 1,5 milyard dollar olub. 2020-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 671 milyon 545,75 min dollar təşkil edib. Bu göstərici 2019-cu illə müqayisədə 11,6% azdır. Azalma COVID-19 pandemiyası ilə izah edilir.
2021-ci ilin ötən müddətində isə iki ölkə arasında ticarət dövriyyəsi yenidən artan templə gedib. Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1 milyard 342 milyon 501,35 min dollar təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 3,7% çoxdur. Dövlət Gömrük Komitəsindən (DGK) “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, 2021-ci ilin 6 ayı ərzində Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 9,45%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb. Rusiya Azərbaycanın üçüncü iri ticarət tərəfdaşıdır.
Azərbaycanla Rusiya arasında müxtəlif müstəvilərdə yüksək səviyyəli əməkdaşlıq olsa da, Ermənistandan fərqli olaraq Azərbaycanın bu ölkədən pul istəməsinə ehtiyacı olmayıb. 2019-cu ilin məlumatlarına görə, MDB ölkələri arasında Rusiyaya ən çox borcu olanlar arasında birinci yerdə Belarus (8,1 milyard dollar), ikinci yerdə Ukrayna (606 milyon dollar), üçüncü yerdə isə Ermənistan durur. Erməni mənbələrinin 2020-ci ilin sentyabr ayına olan məlumatına görə, Ermənistanın Rusiyaya dövlət borcu 378 milyon dollar təşkil edir.
Ermənistan Rusiyadan təkcə kredit deyil, mütəmadi olaraq yardım da alır. Ən sonuncu yardım 2021-ci ilin iyun ayında ayrılıb. Belə ki, Rusiya hökuməti Ermənistanın bölgələrində yenidənqurma işləri aparılması üçün büdcədən 3,2 milyon dollar vəsait ayırıb. RİA Novosti Agentliyinin məlumatına görə, ümumiyyətlə 2010-cu ildən bəri Rusiya Ermənistanın səhiyyə, təhsil, sənaye, sahələrinin inkişafı, ətraf mühitin qorunması, fövqəladə halların idarə olunması, enerji səmərəliliyi sahələrində layihələrin həyata keçirilməsi məqsədilə 70 milyon dollar həcmində yardım ayırıb.
Rusiyanın Ermənistana yardımları bununla bitmir. Açıq mənbələrdə Rusiyadan bu ölkəyə mütəmadi olaraq silah yardımları göndərildiyi əksini tapıb. Məsələn, Ermənistanın sabiq prezidenti Serj Sarqsyan mətbuata açıqlamasında Rusiyanın 2010-2018-ci illərdə Ermənistana 50 min tondan çox pulsuz hərbi-texniki yardım göstərdiyini etiraf edib.
Rusiyanın bundan əvvəl, 2008-ci ildə də Ermənistana silah-sursat yardımı etdiyi barədə açıq mənbələrdə məlumatlar var. Bununla bağlı məlumatlar 2009-cu ildə açıqlanıb. Məlum olub ki, Rusiya 102 saylı hərbi bazadan Ermənistan Müdafiə Nazirliyinə 69 adda silah, hərbi sursat, texnika və avadanlıqlar verib. Siyahısı da üzə çıxan silahların ermənilərə 102 saylı bazanın silahlanma üzrə rəisi, Şimali Qafqaz Hərbi Dairəsi komandanının silahlanma üzrə o zamanki müavini, general-leytenant Vyaçeslav Qolovçenkonun imzası ilə verildiyi bildirilib. Ekspert qiymətləndirmələrinə görə, həmin silah-sursat və texnikanın dəyəri 800 milyon dollar təşkil edib.
Paşinyan: “ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın tərəfində mövqe tutdular”
Rusiya Ermənistana birbaşa hərbi yardımlardan savayı, bu ölkəyə silah-sursat əldə etməsi üçün bir neçə dəfə minimum faizlə böyük məbləğdə kredit də ayırıb. İlk kredit illik 3 faiz olmaqla 200 milyon dollar təşkil edib. 2015-ci ildə ayrılan bu kredit çərçivəsində 2018-ci ilin iyul ayınadək Ermənistana silah tədarük olunub. 2017-ci ildə Rusiya bu ölkəyə illik 4 faizlə daha 100 milyon dollar kredit ayırıb. Razılaşmaya əsasən Ermənistan krediti 2023-2037 illər ərzində qaytarmalıdır. Kreditdən istifadə müddəti isə 2018-2022-ci illəri əhatə edir. Üstəlik, Rusiya Ermənistana silahı dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətlərilə satır. Bu isə silahların Ermənistana demək olar ki pulsuz başa gəlməsi deməkdir.
Qeyd edilənlərin siyahısına Ermənistanın üç tərəfdən dövlət sərhədinin Rusiya tərəfindən qorunduğunu da əlavə etsək Kremlin İrəvana hərbi yardımının miqyasını təsəvvür etmək çətin olmaz.
Ermənistandan fərqli olaraq Azərbaycan Rusiydan silahı dünya bazar qiymətinə əldə edib. 2018-ci ilin məlumatına görə, Azərbaycanın Rusiyadan aldığı hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçib.
Sadalanan faktlar göstərir ki, Azərbaycan heç bir müstəvidə Rusiyaın yardımına ehtiyac duymur. Amma Ermənistan bütün sahələr üzrə - sərhədin qorunmasından tutmuş, maddi yardıma qədər - bu ölkənin himayəsi altındadır.
Sadalanan faktlara əsaslanaraq bu qənaətə gəlirik ki, İqor Korotçenkonun açıqlaması əsaslıdır.