“Uzun illər xarici şirkətlər qanunsuz olaraq bizim qızıl və digər mədənlərimizi istismar edirdilər. Bu, cinayətdir və mən bu haqda artıq öz sözümü demişəm, bir daha demək istəyirəm, bu şirkətlərin iki yolu var: ya bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır. Onu da deməliyəm ki, bütün hazırlıq işləri artıq tamamlanmaq üzrədir. Bizim həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarımızın bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər dəvət olunubdur. Bir daha demək istəyirəm ki, onlar vurulmuş ziyanın təzminatını öz xoşu ilə həll etsinlər, Azərbaycan dövlətinə vurulmuş ziyanı ödəsinlər və ondan sonra, ancaq ondan sonra onlar rahat yaşaya bilərlər. Yoxsa ki, bu şirkətlərin başqa yerlərdə də əməliyyatları var və onların iş reputasiyasına çox böyük ziyan dəyəcək. Hər halda biz artıq öz mövqeyimizi açıq şəkildə ifadə etmişik”. Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan televiziyasına müsahibəsində deyib.
Azərbaycanlı hüquqşünaslar bildirirlər ki, işğal olunmuş ərazilərdə qanunsuz sahibkarlıq fəaliyyəti göstərən şirkətlər deyil, beynəlxalq hüququn subyekti kimi Ermənistan Respublikası məsuliyyət daşıyır. Lakin bu o demək deyil ki, həmin şirkətlər və onlarlın işçiləri Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə müşayiət olunan qanun pozuntularına görə cavabdehlik daşımırlar.
BMT-nin İqtisadi və Sosial Şurası tərəfindən 23 iyul 2019-cu il qəbul edilən transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və qiymətli metalların qanunsuz dövriyyəsi ilə bağlı qətnamənin 9-cu bəndinə, həmçinin üzv dövlətlərin daxili qanunvericilik bazası və beynəlxalq öhdəliklərinə əsasən qiymətli metalların qanunsuz dövriyyəsi və qanunsuz mədənçiliklə əlaqəli cinayətlərə qarşı mübarizə üçün hüquq-mühafizə tədbirlərinin effektivliyini artırmaq tələbi qoyulub. Qətnamənin 15-ci maddəsində isə üzv dövlətlərin qiymətli metalların qanunsuz dövriyyəsi və qanunsuz mədənçiliyə qarşı mübarizə səylərini dəstəkləmək, əməkdaşlığı yaxından əlaqələndirmək və gücləndirmək tövsiyə olunur.
"Daxili qanunvericilik bazası və beynəlxalq öhdəliklər" haqqında danışarkən qeyd etmək lazımdır ki, 1998-ci ildə Azərbaycanda "Yerin təki haqqında" qanun qəbul edilib. Həmin qanunun 48-ci maddəsində (Vurulmuş ziyanın ödənilməsi) qeyd edilir: Yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir. Faydalı qazıntı yataqlarının zəngin sahələrinin seçmə üsulla hasilatını aparan, eləcə də yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan, yaxud yatağın korlanmasına səbəb olan hərəkətlərdə təqsiri olan yer təki istifadəçisinin fəaliyyəti nəticəsində dövlətə vurulmuş ziyan istifadəçinin vəsaiti hesabına ödənilir. Vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Ziyanın ödənilməsi tərəflərin razılığı ilə yer təkinin pozulmuş təbii xassələrinin bərpası üzrə işlərin görülməsi ilə əvəz edilə bilər. Özbaşına yerin təkindən istifadə və faydalı qazıntı yataqları yerləşən sahələrdə aparılmış tikinti işləri çəkilmiş məsrəflər ödənilmədən dayandırılır.
Xatırladaq ki, hələ bir müddət öncə Baş Prokurorluq Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərin müəyyənləşdirilərək barələrində məhkəmə qərarı əsasında vergi yoxlamasının keçirilməsini təmin edib.
Baş Prokurorluğun bununla bağlı yaydığı məlumatda bildirilir ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni hasilat işləri ilə məşğul olan, o cümlədən qızıl və digər metal filiz yataqlarını istismar edən, eləcə də nərə balığı və qara kürü, elektrik enerjisi istehsalı, qanunsuz saat satışı, bankçılıq fəaliyyəti ilə məşğul olan şirkətlər müəyyənləşdirilərək barələrində məhkəmə qərarı əsasında vergi yoxlamasının keçirilməsi təmin olunub. Vergi yoxlamalarının nəticələri və məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən ümumilikdə 6 şirkətin 306 milyon 821 min manat ($180,5 milyon) məbləğində külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Həmin cinayət işləri üzrə axtarışda olan 12 şəxsin tutularaq Azərbaycan Respublikasına ekstradisiyalarına nail olunması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib. Qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan 166 hüquqi şəxslə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilib.
Bundan başqa Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində hüquqi şəxslərin qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olmalarına dair Azərbaycan Xarici İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalarla İsveçrə, Bolqarıstan, Uruqvay, Argentina, Rumıniya və digər ölkələrin bir sıra şirkətlərinin, o cümlədən “Haik Watch and Jewelry Co”, “Rodino Haskovo” JIC, “Centro Ceibal”, “Deccan Gold Mines Ltd” və “Cosmote Romanian Mobile Telecommunications S.A” şirkətlərin rəhbərlərinin 1999-2017-ci illərdə Azərbaycanın dövlət sərhədini Ermənistan Respublikası ərazisindən qanunsuz olaraq dəfələrlə keçmələrinə, işğal altındakı ərazilərdə olan digər şəxslərlə mütəşəkkil dəstə halında Xankəndi, Şuşa şəhərləri, Laçın, Kəlbəcər rayonları və digər yaşayış məntəqələrində Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadan müəssisələr yaradıb təbii sərvət və faydalı qazıntıların istismarı da daxil olmaqla apardıqları fəaliyyətləri ilə külli miqdarda ziyan vurmalarına və qanunsuz gəlir əldə etmələrinə, habelə işğalın möhkəmləndirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn hərəkətlər etmələrinə dair əsaslı şübhələr müəyyən edilib. Həmin faktlar üzrə Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Göründüyü kimi, beynəlxalq və yerli qanunvericilik qaydaları pozan xarici şirkətlərdən təzminat tələb etmək, həm də məhkəmədə onlara qarşı iddia qaldırmaq baxımından kifayət qədər əsas verir.
2020-ci il dekabr ayının ortalarında xarici KİV-lərdə S&P Global Ratings agentliyinin əsas aktivlərlə bağlı qeyri-müəyyənlik səbəbindən Rusiyanın GeoProMining (GPM, GeoProMining LLC) şirkətinin kredit reytinqini aşağı sala biləcəyinə dair məlumat yaydılar. Təsadüfi deyil ki, GeoProMining şirkəti yatağın istismarını davam etdirmək üçün Azərbaycanla danışıqlara başlamağa hazır olduğunu elan etdi. Şirkət rəhbərliyi həmçinin Azərbaycanın icazəsi olmadan mədəndə (Zod yatağından söhbət gedir - red) qızıl hasilatının səhv olduğunu etiraf etdilər. "Bilirsiniz, Bakı ilə əvvəlcədən razılaşdırılmadan bu sahənin işlənməsində iştirak etdiyimiz səhv olub. Ancaq inanırıq ki, Bakı icazə versə, bu sahənin istismarının davam etdirilməsi ilə bağlı danışıqlara başlaya bilərik. Şirkətimiz bu sahədə təcrübəlidir, yatağın güclü və zəif tərəflərini bilir, ona görə də bu mədəndəki işimizin davam etdirilməsi ilə bağlı Azərbaycanla razılığa gəlmək istəyirik" deyə şirkətin adının çəkilməsini istəməyən nümayəndəsi deyib.
Bu arada GeoProMining şirkətinin aid olduğu Rusiya Federasiyasının "Yerin təki haqqında" Qanununda yerin təkindən lisenziyasız istifadənin inzibati, müəyyən hallarda cinayət məsuliyyəti yaradan maddə var.
Azərbaycan tərəfi isə qərarlıdır. Baş Prokurorluqdan verilən məluata görə, Qarabağda qızıl yataqlarından qanunsuz istifadə edən şəxslər beynəlxalq axtarışa verilib.
Bundan əvvəl Azərbaycan Respublikasının işğal olunmuş Laçın, Kəlbəcər və digər işğal olunmuş rayonların ərazilərində erməni əsilli xarici dövlətlərin vətəndaşları olan şəxslərin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində 21.10.2015 və 30.03.2018-ci il tarixlərdə Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə (dövlət sərhədini qanunsuz keçmə) cinayət işləri başlanıb.
Baş prokurorluqdan verilən məlumata görə, həmin cinayət işlərindən biri – işğal olunmuş, lakin Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində azad olunmuş Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlı olub.
Belə ki, istintaq zamanı Baş Prokurorluğun İstintaq idarəsinin qərarı əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilib ki, Zəngilan rayonu Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan «Base Metals» Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib.
Vartan Sirmakes Valeri Mejlumyan Artur Mkrtumyan
Qeyd edilən cinayət faktları ilə əlaqədar “Vallex Group” şirkətlər qrupunun maliyyə investoru, İsveçrə Konfederasiyasının vətəndaşı Vartan Sirmakes və rəhbəri Valeri Mejlumyan, o cümlədən həmin şirkətlər qrupuna daxil olan “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində məhkəmənin müvafiq qərarları ilə qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan olunub.
Həmin cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş ziyanın məbləğinin dəqiqləşdirilməsi və digər istintaq üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə 30.10.2020-ci il tarixdə işğaldan azad olunmuş Vejnəli kəndində yerləşən uzun illər ərzində istismara məruz qalmış qızıl yataqlarının yerləşdiyi əraziyə hadisə yerinə baxış da daxil olmaqla digər zəruri istintaq hərəkətləri həyata keçirilir.
Həmçinin, cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri istintaq hərəkətlərinin icrası məqsədi ilə İsveçrə Konfederasiyasının səlahiyyətli dövlət orqanlarına beynəlxalq hüquqi yardımın göstərilməsi haqqında vəsatətlə müraciət olunub.
Yeri gəlmişkən, 2014-cü ildən 2020-ci ilədək Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz işləyən 51 xarici firmanın nümayəndəsi bu ilin mart ayında Azərbaycandan üzr istəyib. Azərbaycan hökumətinə ünvanlanan üzrxahlıq məktubunda onlar gələcəkdə bu cür qanunsuz işlərlə məşğul olmayacaqlarına dair söz veriblər.
Beynəlxalq mexanizmlər və milli qanunvericilik qanunları pozan xarici şirkətlərin ədalət mühakiməsinə cəlb edilməsinə imkan yaradır. Zərərə görə kompensasiyadan yayındıqları təqdirdə, Azərbaycan tərəfinin belə şirkətlərin beynəlxalq işgüzar nüfuzuna xələl gətirmək imkanı var ki, bu da böyük maliyyə itkilərinə səbəb olur.