Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir. (mənbə)
Azərbaycan miqyasında 10 faizə yaxınlaşan bu göstərici Bakı şəhərində 20 faiz civarındadır ki, təhsil üzrə ekspert Şahlar Əsgərovun fikrincə, bu rəqəm həddindən artıq çoxdur: “Rus bölməsinə axın var. Bunun səbəbi də ilk növbədə verilən təhsillə bağlıdır. Valideynlər özü görür ki, orda təhsil daha keyfiyyətlidir. Bundan başqa, mədəni səviyyə də var. Mənim fikrimcə, biz bir nəfərin belə başqa dildə təhsil almaq istəyinə qısqanclıqla baxmalıyıq”.
Qısqanclıqla baxılmasa da, başqa dildə təhsil almaq istəyi müəyyən qədər cilovlanır. Bu fuksiyanı isə bir neçə ildir fəaliyyətini bərpa edən müsahibə komissiyaları həyata keçirir. Belə ki, tədrisi başqa dildə, əsasən rus dilində aparılan bölmələrə qəbul müsahibə ilə həyata keçirilir.
Rus bölməsi: aşağı siniflərdə sıxlıq, yuxarı siniflərdə boşluq
I sinfə qəbulda müsahibənin bir neçə illiyinə də olsa, aradan qaldırılması uşağını rus bölməsinə yazdırmaq istəyənlərin sayında özünü göstərib. Nəticədə rus bölməsinə yalnız dili bilən deyil, rusca danışmağı bacarmayanların da axını baş verib və bu da əlavə sıxlığın yaranmasına səbəb olub.
Şagird üçün isə sadəcə sıxlıq yox, anlaşılmaz mühit də problemə çevrilib. Azərbaycan dilində danışan ailənin rusca təhsil alan övladına necə pislik elədiyi isə üzə çıxanda artıq uşaq üçün bir çox baxımdan gec olub. Belə ki, ailənin uşağa kömək edə bilməməsi, uşaq üçün məktəbdəki dillə evdəki dilin fərqlənməsi, ona deyilənləri və ondan tələb olunanları daha pis anlaması, işin içindən təkbaşına çıxa bilmədiyi üçün də göstəricilərinin aşağı düşməsi labüdləşib. Bu yanlış prosesin “qurban”larının sayının çox olduğu isə ilk növbədə siniflərdə nəzərə çarpıb. Tədrisi rus dilində aparılan yuxarı siniflərdə şagirdlər seyrəldikcə, onsuz da dolu olan azərbaycandilli siniflər alayarımçıq uşaqlarla daha da sıxlaşıb.
2018-ci ildə təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyevanın Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında səsləndirdiyi fikirlər bu vəziyyətin real mənzərəsini ortaya qoyub: “İlkin təhlillər bəzi məktəblərdə rus bölməsinin bütün siniflər üzrə davamlı olmadığını, sinif sayının 2-3, bəzilərində isə 8-9 olduğunu göstərib. Şagird sayının azlığına baxmayaraq, həmin məktəblərdə buraxılış imtahanlarının nəticələri kifayət qədər yaxşı olmayıb. Bu da təhsilin keyfiyyət göstəricilərinə mənfi təsir edib. Ona görə də BŞTİ son 3 ildə davamlı şəkildə 9-cu siniflərin tədrisini təmin edə bilməyən məktəblərin siniflərinin yaxın ərazilərə köçürülməsi və təhsilin daha keyfiyyətli təşkil olunmasına şərait yaradıb”.
İldən-ilə böyüyən problem: kadr çatışmazlığı
“Şagird sıxlığı daha çox rus bölməsində olur” – fikrini isə təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.
O, Bakının bəzi məktəblərində şagird sıxlığından danışarkən rus bölməsindəki vəziyyətə də toxunub: “Bakı məktəblərində yer problemi yoxdur, sadəcə valideynlər uşağının konkret məktəbin konkret müəlliminin sinfində oxumağını istədikdə, israr etdikdə şagird sayı artır. Rus bölməsində eyni zamanda ibtidai sinif müəllimləri ilə bağlı kadr çatışmazlığı da var, müəllimlərin işə qəbulunda ən çox axtarılan müəllimlər sırasında məhz həmin müəllimlər də var”.
Nazirin qeyd etdiyi bu məsələ uzun müddətdir ki, tədrisi rus dilində olan siniflərdə başlıca problemlərdəndir. Müəllim olmadığı üçün əlavə siniflər açılmır və mövcud siniflərdə sıxlıq yaranır. Bu da M.Vəliyevanın bir müddət öncə toxunduğu problemin hələ də problem olaraq qaldığının göstəricisidir: “BŞTİ tabeliyində olan məktəblərdə 273 ibtidai sinif müəlliminə ehtiyac var. Ancaq ibtidai sinif mərhələsində kadrlarla təminat problemin həlli demək deyil. Belə ki, kadr çatışmazlığı tədricən ümumi orta və tam orta təhsil səviyyəsində də özünü göstərir. Odur ki, kadr təminatı məsələsi həll edilmədən rus bölməsində yeni siniflərin açılmasında hər hansı dəyişiklik gözlənilmir”. (mənbə)
Bəs bu gün? Yenicə yekunlaşan müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri nə deyir? Rus dilində təhsil alan siniflərdə indi vəziyyət necədir?
Təhsil Nazirliyi İnsan Resursları Mərkəzinin direktor vəzifəsini icra edən Nurlan İsmayılbəylinin bu il müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrini elan edərkən seçdiyi kəlmələrdən də, səsləndirdiyi rəqəmlərdən də vəziyyətin ağır olaraq qaldığını aydın görmək olar: “Rus bölməsi üzrə kadr çatışmazlığı var. Rəqəmlər də bunu təsdiq edir. İbtidai sinif, rus dili və ədəbiyyatı, tarix, Biologiya, ingilis dili, fransız dili üzrə vakant yerlərin tutulması 83 faizdən daha yüksək olub. Alman dili, Azərbaycan dili, Coğrafiya və fiziki tərbiyə üzrə hər 2 yerdən biri boş qalıb. Riyaziyyat, informatika, kimya, fizika, texnologiya, musiqi, təsviri incəsənət fənləri üzrə yerlərin tutulması nisbəti olduqca aşağıdır. Bu da çox üzücüdür. Vakant yerlərə müəllimlərin tapılması üçün yalnız tədrisi ili başlayana qədər yox, tədris ili ərzində də iş aparırıq. Bəzən namizədlərin tapılmasında çox ciddi çətinliklər yaşayırıq”.
Beləliklə, ibtidai sinifdə - hansı ki, uşağın təməl biliklər aldığı vacib dönəmdə şagird sıxlığı, kadr çatışmazlığı rus bölməsindəki vəziyyətin qısa xülasəsidir. Odur ki, gəlin özümüzdən soruşaq: Belə bir başlanğıcla hansı üstünlükdən söhbət gedə bilər?
Rus dilində təhsil almağın bir üstünlüyü olmasa da, rus dilini bilməyin üstünlüyü böyükdür. Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov rus dilinə olan marağı da məhz bu üstünlüyü ilə izah edir və haqq da qazandırır: “80 yaşlı müəllim, 300-dən çox elmi əsərin müəllifi olaraq deyə bilərəm ki, rus dilində təhsilə insanlar bu dilin verdiyi imkanlar səbəbindən də üstünlük verirlər. Məsələn, bu gün düşünürəm ki, əsərlərimi rusca yazsaydım, daha məşhur olardım, ingiliscə yazsaydım dünyada tanınardım”.
Ekspert hesab edir ki, uşaqların başqa dili bilməsi çox yaxşıdır, amma bunu ikinci dil kimi öyrənməyi, öyrənməyə də ibtidai sinfi ana dilində bitirdikdən sonra başlamalıdırlar: “Biz millətçi yox, milli olmalıyıq”.
Ekspertdən fərqli olaraq, təhsil naziri E.Əmrullayev məktəblərimizdə başqa dildə tədrisin aparılmasını təhsilin uğuru sayıb: “Hər bir xalqın, millətin dili onun mədəniyyətinin, milli kimliyinin böyük bir hissəsidir. Azərbaycan dili dövlət dili kimi bütün məktəblərdə tədris edilir. Bu ildən rus bölməsində dilimizin tədris saatları 2 dəfə artırılacaq. “Zəfər tarixi” Azərbaycanca tədris ediləcək. Bu, o anlama gəlməməlidir ki, biz başqa dillərdə tədrisin aparılmasına qarşıyıq. Əksinə, ölkəmizdə rus, gürcü, özəl məktəblərdə ingilis dillərində tədrisin təşkilini təhsil sistemimizin uğuru hesab edirik. Təbii ki, bu uğurumuzdan geri çəkilmək niyyətimiz yoxdur”. (Mənbə)
Deyirlər ki, neçə dil bilirsənsə, o qədər insansan. Nə qədər çox insanı, dolayısıyla milləti kəlməsindən tanısan, bir o qədər irəlidəsən. Odur ki, başqa dildə dərs keçmək önəmli deyil, başqa dildə bilmək vacibdir. Bütün zamanların dəyişməyən bu şərtini necə həyata keçirməyimiz verəcəyimiz qərarlardan asılıdır.