Ötən yazımızda qeyd etmişdik ki, Ukrayna-Rusiya müharibəsi saxta xəbər istehsalı və yayılması ilə diqqət cəlb edir. Mütəxəssislər hesab edirlər ki, hazırda davam edən bu amansız müharibədə yayılan saxta xəbərlər Suriya, Liviya müharibələri zamanı istehsal olunan saxta xəbərlərin cəmindən çoxdur. "Ukrayna Rusiya müharibəsi dövründə paylaşılan sensasion xəbərlərin yoxlanması: hansı doğru, hansı yalan?" adlı ilk yazımızda 6 xəbəri araşdırmışdıq. Bu dəfə daha 3 xəbərin faktyoxlanmasını təqdim edirik.  

1. Ukrayna gözəli əlinə silah alıb döyüşür

2015-ci ildə Ukraynda gözəl olmuş Anastasiya Lennanın 24 fevral 2022-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra əlinə silah alaraq da vətəninin müdafiəsinə qalxdığı haqda xəbərlər yayıldı. Onun əlində avtomat, hərbi geyimdə çəkdirdiyi fotolar iddiaları daha da inandırıcı etdi.

Anastasiya Lennanın bu fotosu o qədər inandırıcı olmuşdur ki, sosial media istifadəçiləri xanımın şəninə təriflər işlətməklə paylaşmışlar. Onlardan bəzilərini təqdim edirik: 

Ukrayna gözəlinin hərbi formada olan məşhur fotosunu “əksinə foto axtarış” metodu ilə incələyəndə məlum olub ki, Anastasiya Lennanın bu fotoları müharibəyə iki gün qalmış, 22 fevral 2022-ci ildə paylaşıb 

Ordu sıralarına qatıldığı haqda iddialara aydınlıq gətirən A. Lenna 28 fevral 2022-ci ildə İnstagram hesabında “Mən əsgər deyiləm, insanam” başlıqlı açıqlama yayıb. O bildirib ki, illərdir “Airsoft” oyunu oynayır və bütün bu fotoları soydaşlarına, həmvətənlərinə ilham vermək üçün paylaşıb.   

Airsoft – iştirakçıların əsgəri silah və uniformalarla bir-birilə savaşdıqları paintbola bənzər simulyasiya oyunudur.  

Məlumatı ilk olaraq USA Today, Doğruluk PayıDoğrula, və Teyyit araşdırıb.

Nəticə: Anastasiya Lenna müharibəyə əlisilahlı qatılmayıb. Onun hərbi geyimdə paylaşılan fotosu Airsoft simulyasiya oyunu zamanı çəkilib.

2. “Bayraktar”-ı görüb özünü ölülüyə vuran rus tankı

Rusiya-Ukrayna müharibəsində ən çox paylaşılan yalan xəbərlərdən biri də bu foto haqdadır. Türkiyə və Azərbaycan sosial media istifadəçilərinin fəxrlə yaydıqları “Bayraktarı görüb özünü ölülüyə vuran rus tankı” şərhini başa düşmək olar.

 

 

Lakin məlumat yanlışdır. 

İlk olaraq fotoda tankın yanında olan avtomobillərin nömrə nişanlarına baxmaq lazım gəlir. Həmin nömrələr Rusiya avtomobillərinə məxsusdur.

Əgər foto Ukraynada çəkilibsə niyə maşınlar Rusiya nömrələri ilə olmalıdır? Və o da qeyd olunmalıdır ki, Rusiyada 65-lə başlayan maşın nömrələri isə Saxalin vilayətinindir

Yenə də “Əksinə foto axtarma” metodu ilə axtarışa verəndə həmin fotonun Rusiya-Ukrayna müharibəsi başlandığı gündən 7 ay əvvəl çəkildiyini görürük

Bu hadisə 12 iyul 2021-ci ildə Rusiyanın Saxalin şəhərində baş verib. İstinad edilən mənbədə bildirilir ki, bu hadisə böyük həcmli texnikaların daşınması üçün nəzərdə tutulmuş evakuatorda (tral) aparılarkən təhlükəsizlik texnikasına riayət edilməməsi üzündən tank aşmış, arxası üstə yola düşmüşdür. Məlumatda o da bildirilir ki, nəticədə böyük tıxac yaransa da, qəzada xəsarət alan olmayıb.      

Bu qəzanın video- görüntüsü də mövcuddur.

Nəticə: Foto Rusiya-Ukrayna müharibəsindən 7 ay əvvəl Rusiyanın Saxalin şəhərində baş vermiş qəzada çəkilib. 

 

3. Sülh mahnısı oxuyan xor üzvlərinin OMON tərəfindən həbs olunması

Sosial mediada bu videonun Rusiya-Ukrayna müharibəsinə etiraz edən rus hərbi xorunun üzvlərinin qaramaskalılar tərəfindən tutulması kimi şərh olunub, yayılır.

 

Videodan alınan ekran görüntüsü ilə “Əksinə foto axtarış” metodu ilə axtarışa verdikdə, videonun müharibədən 7 il əvvəl yayıldığını görürük. 

Bu səhnələr Sankt Peterburqda Ceyms Bondun "Spectre" filminin əsas melodiyasına klip çəkilişi zamanı qeydə alınıb. Xorun ifa etdiyi parça Sam Smithin “Writing's on the Wall” mahnısıdır. Mahnıya qulaq asdıqda bilinir ki, səslənən melodiya sülh haqda deyil, sevgi mövzusundadır.

Araşdırmaçıların düşüncəsinə görə, xor üzvlərinin həbs olunması videosu isə filmin tanıtım çarxıdır 

"Spectre" filmi 5 noyabr 2015-ci ildə ekranlara verilib. Maraqlıdır ki, bu tanıtım videosu beynəlxalq mediada da reaksiya doğurub.

Nəticə: Bu film 2015-ci ildə çəkilib və Spectre filminin tanıtım çarxıdır. Rus hərbi xorunun ifa etdiyi mahnı sülüh haqda deyil, sevgi haqdadır.