Tvitterdə sosial media platformasında “Dünyanın ən təhlükəsiz ölkələrinin reytinqi” (“Safest Countries in the World, 2023”) hesabatı əsasında ilk 10-luq ölkələrinin cədvəli yerləşdirilib və Ermənistan 7-ci yerdə qərarlaşıb. İlk baxışdan Ermənistanın “ən təhlükəsiz ölkə” kimi təqdim olunması şübhə doğurduğundan həmin reytinqin əsas mənbəyinə istinad etməklə əsl həqiqəti üzə çıxarmağa çalışdıq.
Məlumatı yayan mənbə “Numbeo” tədqiqat qrupudur. Bu qrup dünyanın ən böyük istehlak, yaşayış dəyəri, həyat qabiliyyəti, mənzil göstəriciləri, cinayət nisbətləri, səhiyyə və nəqliyyat xidmətləri keyfiyyəti və digər sahələr üzrə reytinq hesabatı hazırlayan adi şirkətdir. Paylaşılan son hesabat -reytinqi əslində ümumi qiymətləndirmə meyarları baxımından tamamilə başqa sahələri əhatə edir. "Numbeo"-nun başlıca reytinq meyarı “Cost of Living” (Yaşayış dəyərləri) araşdırmasına əsaslanır. Reytinq hesabatından da görmək mümkündür ki, “Numbeo”nun “Dünyanın ən təhlükəsiz ölkələri” adlı reytinqi yoxdur, tvitterdə təqdim olunan cədvəl isə tamamilə başqa sahəyə, yəni “Ölkələr üzrə cinayət indeksi 2023” (“Crime Index by Country 2023”) adlı sənədə aiddir. “Ölkələr üzrə cinayət indeksi 2023” adlı qiymətləndirmə sadəcə il ərzində törədilmiş cinayətlərin statistikası əsasında qiymətləndirməni əks etdirir, dünya ölkələrinin təhlükəsizliyi indeksinə ümumiyyətlə aidiyyatı yoxdur.
Cinayət indeksi müəyyən bir şəhər və ya ölkədə ümumi cinayət nisbətinin təxminidir. 20-dən aşağı cinayət nisbəti çox aşağı, 20-40 arası aşağı, 40-60 arası orta, 60-80 arası yüksək, nəhayət 80-dən yuxarı olanlar isə çox yüksək hesab olunur. Ermənilər iddia edir ki, guya son illərdə ölkədə cinayət hallarının sayı azalmaqda davam edir və 20-dən aşağı cinayət nisbəti qeydə alınıb. Nəticədə son 5 il ərzində, 2019-cu ildən 2023-cü ilə qədər cinayət hərəkətlərinin azalması sayəsində ölkənin reytinqində 11-ci yerdən 7-ci yerə yüksəlib. (istinad)
Ancaq Ermənistanın öz rəsmi statistikası bu deyilənləri yalanlayır. Bu ölkənin hüquq-mühafizə orqanlarının təqdim etdiyi rəqəmlərdən də aydın olur ki, 2022-ci ildə törədilən cinayətlərin sayı 2021-ci ilin birinci yarısında cinayətlərin sayına nisbətən 22,3% artıb. Həmin dövrdə ölkədə qeydə alınan cinayətlərin ümumi sayı 17.005 fakt artıb. Xüsusilə də, qəsdən sağlamlığa xüsusilə ağır zərər vurma, avtoxuliqanlıq, oğurluq, nəqliyyat vasitələrinin qaçırılması, mənimsəmə halları daha çox artıb. (mənbə) 2022-ci ilin 3 rübü ərzində isə cinayətlərin sayı 27% artıb, yəni əvvəlki 6 aya nisbətən cinayətkarlığını səviyyəsi daha da yüksəlib. Göründüyü kimi Ermənistanın törədilən cinayətlərin sayı son illərdə azalmaq əvəzinə 30%-dək artıb. Belə halda Ermənistanın “Numbeo”nun “Crime Index by Country 2023” indeksində 7-ci yerə qaldırılması ciddi şübhələr yaradır.
Bütün bunlara rəğmən, vurğuladığımız kimi cinayət statistikası hansısa ölkənin ümumi təhlükəsizliyi üçün başlıca meyar hesab edilmir və “Dünyanın ən təhlükəsiz ölkələri” (“Safest Countries in the World”) reytinqi tamamilə başqa kriteriyalar- 23 müxtəlif göstərici əsasında tərtib olunur. “Safest Countries in the World” reytinqini dünyanın nüfuzlu İqtisadiyyat və Sülh İnstitunun ekspertləri hazırlayır, təhlükəsizliyi ölçmək üçün ölkələrdə daxili və xarici münaqişələrin sayı, etimadsızlıq səviyyəsi, siyasi gərginlik, ölkədəki qeyri-sabitlik, terror aktları potensialı, qətllərin sayı, hərbiləşdirmə, ÜDM-ə nisbətdə hərbi xərclər və s. sub-indekslərə istinad olunur. Cinayət statistikası sub-indeksi ölçmə meyarı kimi 13-14-cü yerdə nəzərə alınır.
“Safest Countries in the World” hesabatında ümumilikdə 163 ölkə yer alıb və ən təhlükəsiz ölkələr sırasında İslandiya, Yeni Zelandiya, İrlandiya, Danimarka, Avstriya, Portuqaliya, Sloveniya, Çexiya, Sinqapur, Yaponiya, İsveçrə, Kanada və digər ölkələr yer alıb. Dünyanın ən inkişaf etmiş ölkəsi olan Amerika Birləşmiş Ştatları reytinqdə 129-cu yerdə qərarlaşıb. Ermənistanı “ən təhlükəsiz ölkə”lər sırasında 7-ci yerdə təqdim edən Numbeodan fərqli olaraq “worldpopulationreview” mərkəzi “Safest Countries in the World” hesabatında 83-cü yerə layiq görüb. mənbə
Bundan başqa cədvəldəki bir çox yanlışlıqlar elə ilk baxışdan diqqəti cəlb edir. Misal üçün, Taipei ölkə deyil, şəhərdi, Hong Kong isə müsətqil dövlət deyil, Çinin ərazisidir. Ermənistanın bu siyahıda yer alması elə həmin tvitter paylaşımında istifadəçilər tərəfindən lağ-lağıya və yumora səbəb olub.
İndi isə gəlin, “Numbeo”nun reytinq hesabatının əsas hissəsinə diqqət edək və dünya ölkələrində həyat şəraiti, alıcılıq və istehlak qabiliyyəti, yaşayış imkanları, səhiyyə və nəqliyyat xərclərinin səmərəliliyi və digər indekslər üzrə Ermənistanın vəziyyətini izləyək.
“Numbeo”-nun 2023-cü ilə dair ümumi reytinq hesabatında Ermənistanla bağlı ümidverici və müsbət hansısa indekslərə rast gəlmək mümkün deyil. (mənbə) Tədqiqat qrupunun əsas araşdırma hesabatı “Cost of Living” və “Quality of Life” meyarları əsasında hazırlanan “Ölkələr üzrə Həyat Keyfiyyəti İndeksi”dir. Həmin İndeksin 2023-cü il üzrə təqdimatında Ermənistan ümumiyyətlə 84 ölkə sırasında belə yer almayıb. Yəni, bu ölkədə həyat keyfiyyəti meyarları o qədər acınacaqlı durumdadır ki, tədqiqat qrupu 100-cü yerdən də aşağı sırada ən pis ölkələrlə birgə yer alan Ermənistanın adını dərc etməyi məqsəduyğun hesab etməyib. Siyahıda ilk beşlikdə Niderland, Danimarka, İsveçrə, Lüksemburq, Finlandiya yer alır. Belə anlaşılır ki, 84-lər qrupunda ən sonuncu yerdə olan ölkələrdən - İran, Şri-Lanka, Venesuela, Banqladeş, Nigeriyanın həyat keyfiyyəti indeksləri də Ermənistandan qat-qat yaxşıdır. mənbə
“Numbeo” qrupunun “Alıcılıq Qabiliyyəti İndeksi”ndə isə Ermənistan yenə də ən aşağı ölkələr sırasındadır, 112-ci yerdə. mənbə
Yeri gəlmişkən, Ermənistanla bağlı tədqiqatın əsas hissəsində qeyd edilir ki, bu ölkədə yaşayış minimumu Azərbaycanla müqayisədə orta hesabla 39,8% baha, kirayə haqqı isə orta hesabla 228,4% yüksəkdir.
istinad
Ermənistan hesabatın “Ölkə üzrə Yaşayış Dəyəri İndeksi”, “Ölkələr üzrə İcarə İndeksi”, “Ölkələr üzrə Yaşayış Qiyməti İndeksi” meyarlarına görə də, Ermənistan yenə də aşağı göstəricili ölkələr sırasındadır. mənbə
Ümumilikdə, “Numbeo” tədqiqat qrupunun “Ölkələr üzrə cinayət indeksi”ni çıxmaqla, “Cost of Living” və “Quality of Life” meyarlarına əsaslanan “Ölkələr üzrə Həyat Keyfiyyəti İndeksi”nin qalan bütün sub-indekslərində Ermənistanın sırası 80-118-ci yerləri əhatə edir. Bu isə ən pis ölkələr qrupuna aid mövqedir.
Bu fakt, erməni saxtakarlığının sosial media platformalarında, xüsusilə də tvitterdə növbəti ifşasıdır.