Erməni lobbisi son 100 ildə qondarma “soyqırımı” yalanlarını dünyaya çatdırmaq üçün həmin dövrün sənədlərini dəyişməkdən tutmuş, başqa xalqlara məxsus foto və videoları öz adlarına çıxmağa qədər bütün vasitələrə əl atıblar.
Faktyoxla Lab. ermənilərin davamlı olaraq istifadə etdiyi foto və videoları açıq mənbələrə istinadən araşdırıb.
Erməni lobbisinin qondarma soyqırımı kampaniyasında ən çox istinad etdiyi fotolar Almaniya vətəndaşı Armin T. Veqnerin 1915-1916-cı illərdə çəkdiyi fotolardır.
Mənbələrdə qeyd olunur ki, Alman ordusunda ikinci leytenant rütbəsində xidmət edən Vegner Alman Səhiyyə Korpusuna bağlı zabit olaraq Yaxın Şərqə göndərilib və 1915-ci ilin avqustunda fəaliyyətə başlayıb.
1915-ci ilin aprelində baş verdiyi iddia edilən qondarma erməni qırğınlarını araşdırmaq ona tapşırılıb. Həmin ilin payızında Anadolunun müxtəlif yerlərini gəzən Veqner bu dövrdə ermənilərin deportasiya düşərgələrində məqalələr, məktublar və sənədlər toplayıb, yüzlərlə fotoşəkil çəkib. Sonra onları Almaniya və ABŞ-yə göndərib. Onun çəkdiyi iddia edilən fotolardan indiki dövrə qədər erməni lobbisi “soyqırımı” sənədləri kimi istifadə edir.
Atatürk Universiteti “Əsassız Soyqırım İddiaları ilə Mübarizə Dərnəyi”nin (ASİMED) sədr müavini Dos. Doktor Savaş Eğilmez uzun müddət davam edən araşdırmalardan sonra bu arxiv fotolarının saxta olduğunu iddia edib.
Şəkillərin 1915-1916-cı illərdə alman əsilli Armin T. Vegner tərəfindən çəkildiyi iddia edildiyini söyləyən Eğilmez “Əvvəla, alman ordusunda zabit olan bu şəxsin həm hərbçi olması, həm də vəzifəsindən kənara çıxaraq bir bölgədə bu qədər sərbəst səyahət etməsi özlüyündə sual doğurur” deyib və əlavə edib ki, “18 ay ərzində Veqner zabit kimi xidmət edib, Suriya və Anadoluya səfər edib, ermənilərin deportasiya düşərgələrinə baş çəkib və orada şəkil çəkdirib, insanların danışdıqları hekayələri dinləyib, saxlanılıb, vəba xəstəliyinə tutulub və nəhayət İstanbula gəlib”.
Veqnerin 1915 və 1916-cı illərdə Anadoluda yaşadığı 18 aylıq dövrə toxunan Eğilmez:
“Bu müddət ərzində getdiyini söylədiyi yerlər istisna olmaqla, birbaşa təxminən 10 min km yol qət edib. Bugünkü yollar və nəqliyyat vasitələri ilə belə, bu, yorucu və çətin bir səyahətdir. Bu müddət ərzində bəzən Anadolunun müxtəlif yerlərində müşahidələr aparır, sonra birdən-birə Suriyanı gəzməyə başlayır, bir müddət Bağdada gedir, orada bir müddət qalır və sonra İstanbulda dayanır. Unutmayaq ki, o, bəzən həbs edilib, saxlanılıb və eyni zamanda vəba xəstəliyinə də yoluxub. O, qondarma erməni soyqırımını sənədləşdirmək üçün bütün fövqəladə halları yaşayıb. Nəticədə, diasporun iddialarına görə, o, yüzlərlə fotoşəkil çəkdirib, yüzlərlə sənəd əldə edib, bunları gizli yollarla Amerika və Almaniyaya göndərib. Amma hazırda lobbinin var gücü ilə çalışıb çap etdirdiyi “soyqırımı” adlı sənədlər cəmi 15-20 şəkildən, 20-25 hekayədən ibarətdir. Veqnerin Anadoludan qaçaq yolla çıxardığı sənədlər adlandırılan hekayələrə toxunmayacağıq. Çünki istənilən şəxs o nağıllardan onlarla uydura bilər. Şəkillərə diqqət yetirmək istəyirik. Şəkillərin ən diqqət çəkən cəhəti demək olar ki, bütün şəkillərin altında eyni mətnin yerləşdirilməsidir: “Tarix: 1915, Yer: Osmanlı İmperiyası, Suriya bölgəsi'.
Yəni nə dəqiq tarix, nə də dəqiq yer açıqlanmayıb. Veqner şəkillərinin nə vaxt və harada çəkdiyini dəqiq bilməyib. Şəkillərlə bağlı digər bir şübhə şəkillərdəki insanların hansı etnik qrupa aid olduğunu bəlli etməklə bağlıdır. Yəni şəkillərdəki ermənilər kimi göstərilən şəxslər türk də ola bilər.
Daha maraqlısı odur ki, erməni lobbisinin bütün mövcud kommunikasiya kanalları ilə dərc etdiyi şəkillərdən bəziləri də “yəhudi holokostu” adı altında dərc olunur. Yenə şəkillərdən ikisi rus işğalı səbəbindən Trabzonu tərk etmək məcburiyyətində qalan türklərə aid olan Rusiya arxivlərindəki görüntülərlə tamamilə oxşar vəziyyətdədir.
Deməli, ya yəhudilər və rus arxivləri yalan danışır, ya da Veqner. Bizim hesablamalarımıza görə, 1915-1916-cı illərdə epidemiyaların tüğyan etdiyi bir vaxtda tutulduğu vəba xəstəliyindən psixi durumu pozulan Veqner kimin şəklini çəkdiyinin və bu şəkilləri harada çəkdiyinin fərqində deyildi. Həmişə olduğu kimi meydanı boş görən diaspora bu şəkillərdən istifadə etməkdən çəkinməyib”-deyib.
Türk araşdırmaçı bildirib ki, “yalnız erməni diasporuna məxsus əxlaqa malik insanlar mahiyyəti tam bəlli olmayan üç-beş şəkillə bir millətə böhtan atmağın əxlaqsızlığını nümayiş etdirə bilərlər”. (mənbə)
Saxtakarlıq 1. 2014-cü ildə “Turks nyus” adlı media orqanında “Fotonun maskasını Mehmet Fidan açdı” başlıqlı yazı dərc olunub. Aylin D.M. imzası ilə qələmə alınan yazıda facebook səhifələrində əksər erməni istifadəçilərin bir şəkli göstərib “Osmanlı məmurları ac erməni uşaqlarına əzab verir” deyərək, yalan bəyanatları ilə ictimai rəyi çaşdırdıqları qeyd olunur.
Mehmet Fidan adlı şəxs isə həqiqəti bilmək istəyən hər bir vətəndaş kimi həqiqəti araşdırmağa başlayır. Sitat: “İnternetdə bu şəkli axtardığım zaman “Osmanlı məmuru ac erməni uşaqlarına əzab verir” deyən başlıqlarla daim bombardman edilirdim. Bunu yalnız ABŞ-dən idarə olunan səhifələrdə görmək olduqca qəribə idi. Hər halda, demək istədiyim məsələyə gəlincə, bu şəklin ilk yayınlandığı saytın e-poçtuna məktub göndərdim və belə bir fotonun olub olmadığını soruşdum.
Budur göndərdiyim e-mail:
e-mailin tərcüməsi:
Salam,
Bilmək istərdim ki, bu şəkil Armin T. Wegner tərəfindən çəkilibmi? Bu şəkillə bağlı internetdə bəzi xəbərlər yayılır. Bəzi saytlar isə şəkildəki şəxsin Osmanlı məmuru olduğunu və ac erməniləri əzab verdiyini yazır.
Cavabınızı gözləyirəm. 29.04.2014 Mehmet Fidan
Yazdığım məktuba aldığım cavab belə oldu:
"Hörmətli Fidan bəy,
Siz, Armin T. Wegner assosiasiyasına müraciətinizdə şəklin Armin T. Wegnerə aid olduğunu öyrənmək istəyirdiniz. Və Armin T. Wegner assosiasiyasından cənab Klan sualınızı mənə ünvanladı.
Armin T. Veqnerin “Alman ədəbiyyatı Marbax” əsərindəki foto irsini çox yaxşı bilirəm. Mən özüm də I Dünya Müharibəsindən sonra həmin qırğınların şəklini axtardım, amma belə bir şəkil tapa bilmədim. Və bilirəm ki, Armin T. Wegner bu şəkli çəkməyib və bu şəklin haradan gəldiyi barədə məlumat verə bilmərəm. Hörmətlə, Andreas Meier"
Müəllif sonda belə yalanlara uymamağı oxuculara tövsiyə edir.
Saxtakarlıq 2. Bundan başqa erməni siyasətçiləri, diplomatları, jurnalistləri və sosial şəbəkə istifadəçiləri tez–tez qondarma “erməni soyqırımı” ilə əlaqəli olduğu iddia edilən bu fotonu da paylaşırlar. Foto “Çarmıxa çəkilmiş qadınlar” adlanır, bu fotoya sosial mediada daha çox rast gəlinir.
Araşdırmamız zamanı bu foto orijinal olmadığını, qondarma erməni soyqırımının xatirəsinə çəkilmiş və həmin hadisələrin “şahidi” Arşalyus (Avrora) Mardiqanyanın dediklərinə əsaslanan “Qəsb edilmiş Ermənistan” (“Ruhların satışı”) filmindən götürülüb.
Ermənilərin 1915-ci il hadisələrinin simvolu kimi təqdim etdiyi “Qəsb edilmiş Ermənistan” (“Ruhların satışı”) filminin qəhrəmanı Aurora Mardiqanyan 1901-ci ildə Osmanlı İmperiyasının Dersim bölgəsində (indiki adı Tuncelidir – red.) anadan olub. Mərdiqanyanın ailəsi “1915-ci il hadisələri” zamanı Suriyaya köçüb.
"2 ildən sonra köləlikdən qaçdı, lakin yenidən əsir götürüldü və qul kimi fəaliyyət göstərdi. Bitki və bitki köklərini yeyərək, meşələrdə və mağaralarda gizlənərək 18 ay ərzində Dersim dağlarından 1500 km-dən çox yol qət edərək rus ordusunun nəzarətində olan Ərzuruma çatdı. O, əvvəlcə Erməni Milli Birliyinin, daha sonra Amerika Erməniləri Birliyinin, daha sonra Amerika Erməniləri İttifaqi Departamentinin köməkliyi ilə Tiflisə, daha sonra isə Amerika Erməni Milli Departamentinin və Suriya Rejim Departamentinin köməyi ilə Sankt-Peterburqa, oradan da Nyu-Yorka (ABŞ getdi). O, Nyu-Yorkda bir erməni ailəsi tərəfindən övladlığa götürülüb və jurnalistlərə “Nyu-York və Los-Anceles qəzetlərində bu haqda yazılar yazıb”. (mənbə)
Mətndən də anlaşıldığı kimi, Aurora Mardiqanyanın taleyi reallıqdan uzaqdır və daha çox müəllifin təxəyyülü və ssenarisinin məhsuludur. Onun sözlərinə görə, erməni milyonerinə məxsus “Seliq Poliskop” şirkəti tərəfindən “Qəsb edilmiş Ermənistan” kitabı yazılıb (1919), “Ruhların hərracı” filmi (1919) çəkilib. Nə kitab, nə də film gerçək hadisələrə deyil, özünü şahid kimi qələmə verən bir qızın dediklərinə əsaslanır.
Yəni ermənilərin “soyqırım” rəmzi kimi təqdim etdikləri fotoşəkil real deyil, özünü hadisənin şahidi kimi təqdim edən qızın danışdıqları əsasında çəkilmiş filmdən götürülüb.
Saxtakarlıq 3. Ermənilərin tez-tez istifadə etdikləri növbəti foto. Qeyd edilən foto əksər erməni mənbələrində “genocide.ru”, “yerkramas”, “panarmenian” “erməni soyqırımının bariz nümunəsi kimi təqdim edilir.
Əslində isə bu foto Qarsın Subatan kəndində erməni quldur dəstələri tərəfindən 25 aprel 1918-ci ildə qətlə yetirilmiş türk sakinlərdir. Foto cinayət işinin sənədlərindən götürülüb və hazırda türkiyə Müdafiə Nazirliyinin Baş Qərargahının arxivində saxlanılır.
Saxtakarlıq 4. Erməni saxtakarlığını ifşa edən növbəti foto. Heç bir araşdırma aparmayan adi oxucu üçün çox dəhşətli görünən bir mənzərədir. Bu fotoya erməni yalanları, şərhlər əlavə ediləndə hadisəni törədən “türklər” haqda xoş olmayan təsəvvür formalaşır.
Əslində isə bu fotonun və fotoda görünən hərbçilərin nə Osmanlı Türkiyəsinə, nə də orada yaşayan ermənilərə heç bir aidiyyatı yoxdur. Fotoda əks olunan hərbi geyimlilər Vətəndaş müharibəsi dövründə Rusiyada kazak dəstələrinin döyüşçüləridilər. (mənbə)
Saxtakarlıq 5. qenosid.ru saytında “Türk cəlladlar tərəfindən öldürülən erməni qadınlar” başlığı ilə yayılan fotoya diqqət edək.
Bu fotonun saxtalığını müəyyən etmək üçün həlak olmuş qadının ayaqlarındakı uzunboğaz corablara diqqət yetirmək kifayətdir. 100-110 il bundan öncə nəinki Kiçik Asiyada, heç Avropada da qadınlar belə uzunboğaz corablar geyinmirdilər. Bu corablar yalnız II Dünya Savaşına yaxın dövrlərdə dəbə minmişdir.
Digər tərəfdən bu fotonun orijinalı Ermənistnda deyil, İsraildəki “Holokost muzeyi”ndə saxlanılır.
Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti tərəfindən çəkilmiş bu fotodakı qadın erməni deyil, Macarıstanda II Dünya Savaşında millətçilər tərəfindən qətlə yetirlmiş yəhudidir. Yeri gəlmişkən, həmin dövrdə millətçilərə etnik erməni olan Ferents Salaşı (Salosyan) rəhbərlik edirdi. Hitlerin sevimli tərəfdaşının təşkilatı isə “Çarpazlaşmış oxlar” adlanırdı.
Saxtakarlıq 6. “Hayastan.com” saytının iddiasına görə fotoda “erməni milli lidelərinin edamı” əks olunub.
Erməni saxtakarlar xırda, lakin vacib bir detalı diqqətdən qaçırıblar. 1915-1918-ci illərdə Türk Ordusunun əsgərləri uzunboğaz hərbi çəkmə deyil, adi “sarıqlı”dan (parçadan toxunma ayaqqabı növü) istifadə edirdilər.
Saxtakarlıq 7. “Erməni soyqırımı” ssenarisinin müəlliflərinin istifadə etdikləri ən böyük saxtakarlıq nümunələrini təqdim edirik.
“Erməni soyqırımı muzeyi”ndə Veqnerin fotoları kimi təqdim olunan bu fotolar əslində Frans Verfelin “Qırx gün Musa dağda” (Forty Days of Musa Dagh) romanı əsasında çəkilmiş filmdən götürülüb. Filmdə Suriyanın Hələb vilayəti yaxınlığındakı Musa dağda bir neçə erməni kəndinin müdafiəsindən bəhs edilir.
Film 1982-ci idə erməni rejissor Sarkis Muradyan tərəfindən çəkilib. Baş rollarda Kabir Bedi, Roni Kerol, Moris Şebane, Viktoriya Vudbek, Maykl Konstantin, Piter Haskel və digərləri oynayıblar. Filmdəki kadrlarda rakurslar, detallar və dekorasiya gələcəkdə təbliğat aparılması üçün seçilib. Müəyyən zaman keçikdən sonra 1982-ci ildə çəkilmiş filmdən çəkilən foto-kadrlar “soyqırımı” təsdiqləyən “tarixi sənədlərə” çevrildi.
Bu kadrda isə əynində o dövr üçün dəbdə olan gödəkcə və cins şalvarda olan şəxs düşüb ki, bu da filmin rejissoru S.Muradyandır. O, möcüzə nəticəsində 67 il əvvəlki kadrlara düşə bilib.
(ardı var)
Nəticə:
-Ermənilərin qondarma soyqırımlarının simvolu halına gətirdikləri fotolar əsasən saxtadır, ya filmlərdən götürülüb, ya da başqa xalqlara məxsusdur;
-Armin T. Veqnerin qondarma “soyqırımı” adı altında çəkildiyi iddia edilən fotoların həqiqətdə ona aid olub-olmadığı da şübhəlidir.