"25 il iş stajından sonra müəllimlər əməkhaqqının 100 faiz miqdarında təqaüdə çıxmalıdırlar. Bu, həm gənclərin işlə təmin olunma imkanlarını artıracaq, həm də təhsilin inkişafına müsbət təsir göstərəcək.  Bu açıqlama ilə azərbaycanlı təhsil eksperti Kamran Əsədov çıxış edib. O bildirib ki,  hazırda Azərbaycanda 50 mindən çox gənc  əlində diplom olsa da, müsabiqə şərtlərini ödəsələr də, lazımi sayda vakant yer olmadığı üçün işləyə bilmirlər. Ekspert əlavə edib ki,  yaşlı müəllimləri saxladıqca, buraxılış və qəbul imtahanlarının nəticələri də  ürəkaçan olmur.

Kamran Əsədov 

Azərbaycanda  əmək pensiyası  təyinatı   “Əmək pensiyaları haqqında” Qanuna əsasən tənzimlənir.  Sözügedən qanunda  bir sıra kateqoriyadan olan şəxslər üçün güzəşt və imtiazylar nəzərədə tutulub. Bura dövlət qulluqçuları, hüquq-mühafizə orqanı işçiləri, deputatalar və digərləri daxildir.

Məsələn,  Azərbaycan Respublikası Milli Məclisinin  deputatları olmuş şəxslər  maaşının 80 faizi həcmində pensiya ilə təmin olunur.  Bununla bağlı qanunvericilik aktında qeyd edilir ki,  deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış sabiq deputat Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının orta aylıq əməkhaqqının 80 faizi məbləğində pensiya alır və deputatın orta aylıq əməkhaqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. 

Başqa sözlə desək  vaxtilə deputat olmuş şəxs  pensiyaya çıxdığı vaxt  deputatların maaşı məsələn, 3 min manat olsa, həmin keçmiş deputat da 2400 manat aylıq pensiya alacaq.

Bundan başqa  stajından asılı olaraq  sabiq məhkəmə hakimlərinə  dövlət məvacibinin 50-55-80 faizi qədərində pensiya müəyyən edilir.  Oxşar qayda  prokurorluq orqanları işçiləri üçün də keçərlidir. 

Azərbaycanda  dövlət qulluqçularının pensiyası   da  dövlət  məvacibinin 80 faizindən çox olmamaq  şərtilə  təyin edilir.  Bundan başqa faiz həddi staja əsasən müyyən olunur.  “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun  6-cı maddəsinə  (Pensiyanın miqdarı) əsasən 

- dövlət qulluğu vəzifəsində azı 5 il qulluq stajı olan şəxsə onun dövlət məvacibinin 45 faizi miqdarında;

- dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 2 faizi miqdarında əlavə olunmaqla;

- dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla

pensiya təyin edilir.  

Həmçinin hərbi qulluqçular, ədliyyə orqanları işçiləri,  hesablama palatasının üzvləri, miqrasiya orqanları işçiləri,  fövqəladə hallar orqanlarında xidmət keçən şəxslər də bu güzəşt və imtiyazlardan yararlanırlar, onların da pensiyaları stajdan asılı olaraq müxtəlif faiz hədləri ilə müəyən edilir. Ən yuxarı hədd isə 80 faiz  götürülüb.

Digər kateqoriyadan olan, o cümlədən müəllimlərə əmək pensiyası  təyinatı fərqlidir. 

“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda  (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla)  yaşa görə əmək pensiyası hüququ  vardır.

Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.  Bununla bağlı qayda  aşağıdakı cədvəldə verilib.  

(Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi)

Yeri gəlmişkən, “Əmək pensiyaları haqqında” Qanunun  6-1 maddəsinə əsasən  Azərbaycanda əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200  manat məbləğində  müəyyən  olunub.

Onu da qeyd edək ki,  2019-cu ilin əvvəlindən etibarən pensiyaların pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində elektron qaydada təyin edilməsinə başlanılıb. Pensiya şəxsə təyin olunandan sonra ona bu, həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilir.  Bu sistem üzrə pensiya  təyinatı pensiya hüququ yaranacaq şəxslərdən 70 faizini əhatə edir.

Elektron  pensiya  təyinatı  hələ ki mümkün  olmayan  şəxslər   isə 30 faiz təşkil edir. Bura  güzəştli  şərtlərlə əmək pensiyasına  hüquq  qazananlar (“Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi),  həmçinin  dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s. (“Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsindəki qruplar) daxildir.

Qeyd edilənlərdən bu nəticəyə gəlmək olur ki, hazırda Azərbaycanda məvacibin 100 faizi həddində pensiya təyin edilimir.  Pensiya hüququ yaranan şəxslərdən yalnız 30 faizi  güzəşt və imtiyazlardan yararlanır. Qalanı isə   “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının müvafiq maddələri əsasında hesablanır.

Sadalananlara əsaslanaraq  belə  qənaətə gəlirik ki,  bu qrupun içərisindən  ayrıca müəllimlərə (Azərbaycan təhsil sistemində 150 min müəllim fəaliyyət göstərir) əməkhaqqının 100 faiz miqdarında pensiya təyin edilməsi təklifi  reallığı əks etdirmir.