2019-cu ilin son aylarında Çinin Vuhan şəhərində başlayıb bütün dünyaya yayılan “COVİD -19” infeksiyası bəşəriyyətin ümumi həyat ritmini darmadağın edərək, öz xaotik aritmiyasını diqtə etməyə başladı.

Virus 2020-2021-ci illərdə bir-birinin ardınca sürətlə mutasiya edən yeni ştamlarıyla hər dəfə yeni bir dalğa kimi baş qaldırdı və yer üzündə zərbə vurmadığı insan, ailə, xalq qalmadı. Bütün dünyanın bu bəlaya qarşı vaksin arzuladığı zamanlar yaşandı. Nəhayət, bir neçə ölkənin təqdim etdiyi vaksinlər ÜST tərəfindən təsdiqləndi və maddi imkanı olan dövlətlər bu vaksinləri alıb öz vətəndaşlarını xilas etməyə başladılar. Lakin vaksinasiya ətrafında elə əfsanələr, elə miflər yarandı ki, yeni növ koronavirusun yaratdığı qorxu və xaos bunun yanında toya getməli oldu.

Sizi həmin 10 əsas mifi və eyni zamanda, hər mifə qarşı etibarlı mənbələrin təqdim etdiyi açıqlamalarla tanış edirik.

1-ci mif: Vaksin olunanlar da yeni növ koronavirusa yoluxub xəstələnirlər, odur ki, bu vaksinasiyaya etibar etmək olmaz.

Şərhi: Bu gün hazırlanan peyvəndlər əsasən yeni növ koronavirusun üzərindəki spayk-zülala qarşı antitel yaratmağı hədəfləyir. Bizim orqanizmimizi əsl infeksiyaya yoluxdurmadan ona məhz bu zülalı “göstərmək” lazımdır. Əslində, vaksinlər elə bu spayk-zülalı haqqında məlumatları bədənimizə yeritmək məqsədi güdür, yəni hamısının məqsədi eynidir, fərqli olan sadəcə tətbiqedilmə üsullarıdır. Biz artıq yeni növ koronavirusa yoluxmağın riskləri haqqında kifayət qədər məlumatlıyıq. Bu risklə vaksinlərin yan təsirlərinin təzahürü riski arasında seçim eləsək, görərik ki, ikincisi daha təhlükəsiz və hətta vacibdir. Çünki istənilən sağlam adam koronavirusa yoluxaraq bu xəstəliyi olduqca ağır keçirə,  hətta acınacaqlı nəticə ola bilər. Vaksin olunmuş adamlar isə “COVİD-19”-a yoluxduqları halda xəstəliyi daha yüngül formada, çox vaxt az qala simptomsuz, ya da adi qrip kimi keçirirlər.  

O ki qaldı vaksin vurdurandan sonrakı ilk günlərdə yeni növ koronavirusa yoluxduğu təsdiqlənən xəstələrə, kiçik bir araşdırma ilə istənilən bu cür xəstənin vaksinə qədər artıq yoluxduğu üzə çıxacaq. Çünki yeni növ koronavirus simptomları 7-10 gün sonra özünü göstərir. Daha bir gerçəklik isə odur ki, adamlar vaksin vurduran kimi maska, ara məsafə və s. ehtiyat tədbirlərini kənarda qoyur, vaksinin onu zireh kimi mütləq istənilən yoluxmadan qoruyacağına əmin olur və nəticədə, hələ orqanizmdə kifayət qədər antitel formalaşmamış öz məsuliyyətsizliyi üzündən yoluxur.

İstinad: https://www.fda.gov/news-events/press-announcements/fda-approves-first-covid-19-vaccine

 

2-ci mif: Vaksin çox tez bir zaman ərzində hazırlanıb və illərin sınağından keçməyib. Buna görə də onu yeni növ koronavirusla mübarizədə effektiv hesab etmək olmaz.

Şərh: Bəli, adətən istənilən xəstəliyə qarşı vaksinin hazırlanıb tam ərsəyə gətirilməsi, müxtəlif sınaqlardan keçərək ÜST-ün təsdiqini alması üçün ən az beş ilədək zaman tələb olunur və dünya səhiyyəsinin təcrübələri də bunu inkar etmir. Lakin “COVİD-19” virusu bütün dünyanı gözlənilməz şəkildə haqladı. Vəziyyət pandemiya halını aldığı zaman hələ ki, tək çarənin vaksinin mümkün olan ən az vaxt ərzində hazırlanıb insanları yeni növ koronavirusun cəngindən xilas etmək olduğu faktı ortaya çıxdı. Birmənalı və sərt şəkildə “vaksin bir ilin içində hazırlandı” demək də doğru sayılmaz, çünki koronavirus özünün müxtəlif formalarında hələ ötən əsrin ortalarında da mövcud idi və təbii ki, ona və eləcə də quş qripi, donuz qripi, ebola kimi viruslara qarşı uzun illər boyunca müxtəlif mübarizə üsulları düşünülürdü. “COVİD-19”-un pandemiya halını alması isə bu prosesin sadəcə daha sürətli şəkil alıb demək olar ki tamamlanmasına səbəb oldu. Vaksinlənmə prosesi sübut etdi ki, bu addım koronavirusla mübarizədə həqiqətən də effektli və vacibdir.

İstinadlar:

https://www.cdc.gov/vaccines/covid-19/index.html

https://www.hopkinsmedicine.org/health/conditions-and-diseases/coronavirus/is-the-covid19-vaccine-safe

 

3-cü mif: Virus daim mutasiyaya uğrayır və yeni ştamlar yaranırsa, vaksinin heç bir mənası yoxdur.

Şərh: Virus həqiqətən də mutasiyaya uğrayır. Bu, haradasa ümumi prosesi sıravi insanlara bir qədər yorucu və hətta vahiməli göstərə bilər, bu təbiidir. Lakin bilmək lazımdır ki, virusun hər dəfə mutasiyaya uğraması heç də onun yenidən yaranması (yaxud yeni bir virusun yaranması), bütün genomu tamamilə dəyişməsi demək deyil. Hər yeni mutasiyada genomun çox kiçik parçaları dəyişə bilir, bu da vaksinin ümumi effektivliyinə olduqca cüzi və qismən təsir edə bilər.

Məsələn, vaksin əvvəlki ştamlara qarşı 90-96 % təsir edirdisə, yeni ştama qarşı ən pis halda 75-80 % təsir gücü olacaq. Başqa sözlə desək, vaksin olunmuş şəxslərin orqanizmindəki zərdab hətta yeni ştamlara qarşı da mübarizədə güclüdür. Yəni vaksin olunduqdan sonra xəstələnmək ehtimalınız ola bilər, lakin vaksin olunmadığınız haldakına nisbətən olduqca nadir hallarda. İkincisi, vaksin olunmusunuzsa, yeni ştamlara yoluxduğunuz halda belə xəstəliyin ağırlaşması faizi sıfıra yaxın olacaq.

İstinad: Ən geniş yayılmış “Delta” ştamına qarşı vaksinin effektiv olması barədə aparılmış elmi və tibbi araşdırmaların nəticələri.

https://www.nejm.org/doi/full/10.1056/NEJMoa2108891

4-cü mif: Vaksin sonsuzluq, xərçəng, şəkərli diabet, impotensiya, autizm və s. kimi xəstəliklər yaradacaq və yaxud “zədələnmiş gen”ə gətirib çıxaracaq.

Şərh: Koronavirusa qarşı hal-hazırda ÜST-ün təsdiqlədiyi və dünya ölkələrində tətbiq olunan vaksinlərin heç birinin sonsuzluğa və digər sadalanan xəstəliklərə gətirib çıxardığı barədə heç bir konkret məlumat və ya misal yoxdur. Bütün bu fikirlər əhali arasında dolaşan koronavirus pakinasının yaratdığı əsassız vahimənin təzahürüdür. Hazırlanma periodu nə qədər sürətli çəksə də, yeni növ koronavirusa qarşı vaksinlərin hər biri ətraflı araşdırılıb, eləcə də onların reproduktiv və immun toksikliyi, allergenlik yoxlanıb. Əgər hər hansı bir preparatın erkək və dişinin reproduktiv sisteminə, eləcə də embrionun və yaxud yeni doğulmuş körpənin inkişafına yan təsiri aşkar edilirsə, həmin preparat bazara çıxarılmır. Hazırda istifadə üçün təsdiqlənmiş vaksinlərdə bu yan təsirlər aşkar edilmir.

Məsələn, hal-hazırda yer üzündə yüz milyonlarla insan vaksinin ən azı birinci dozasını qəbul edib və yan təsirlər kimi əsasən yüngil rahatsızlıq, iynənin yerinin azca ağrıması halları qeyd olunur ki, bu da istənilən iynənin və ya dərmanın sıradan yan təsirləri kimidir. Çox nadir hallarda rast gəlinən ağırlaşmalar isə ümumi və kütləvi şəkildə keçirilən vaksinasiyanın fonunda faiz dərəcəsinə görə olduqca normaldır və belə nadir hallar tarix boyunca istənilən vaksinasiya zamanı qeydə alınıb.

Sonsuzluqdan qorxanlara isə şad xəbərimiz var. Bu yaxınlarda “New England Journal of Medicine” məhz bu mövzuya toxunaraq, qeyd etmişdi ki, vaksinasiyanın spermatogenezə müsbət təsir göstərdiyi misalları aşkar edilib. Belə ki, sonsuzluq problemi olan hər on kişidən doqquzunun spermaqramma analizləri normaya düşüb. Bu, ciddi araşdıqmalarla təsdiqini tapmış faktdır.

İstinad: https://www.cdc.gov/coronavirus/2019-ncov/vaccines/recommendations/immuno.html

5-ci mif: Vaksin adı altında insanların bədəninə çiplər yerləşdirilir.

Şərh: Bu mif vaksinasiya ətrafında cövlan edən kabus fantaziyalardan ən maraqlısı və insanlarda ən çox təşviş doğuranıdır. Sanki insanlığa düşmən hansısa bir qüvvə həqiqətən də var və ciddi-cəhdlə vaksin prosesinə mane olmaq üçün bütün ağlasığmazlıqlara əl atır. Məsələn, o qüvvə “sizi idarə edəcəklər, bədəninizə metal, maqnit tərkibli çiplər yeridirlər, bacardığınız qədər vaksindən uzaq qaçın, məcbur etslər də, dirənin” kimi sərsəm fikirlər yayaraq, onsuz da koronavirusun yaratdığı ümumi ağır psixosahəni daha da gərginləşdirməklə məşğuldur. Nəticədə insanlar könüllü olaraq onlara təklif olunana vaksinasiyada iştirak etməkdən yayınır və yoluxmağa, xəstəliyin artmasına səbəb olmaqda davam edirlər. Bir çox ölkələr insanların sağlamlığı naminə onları vaksin vurdurmağa məcbur edən sərt qaydalar, məhdudiyyətlər tətbiq edir ki, bu da ancaq bəşəriyyətin pandemiydan xilası naminədir. Çiplərə gəldikdə isə, bütün üzdə olan və əhaliyə tətbiq edilən vaksin növlərinin tərkibi laboratoriyalarda diqqətlə yoxlanılıb. Şübhəsi olanlar istənilən vaksinin tərkibini özləri də yoxlaya bilərlər və beləliklə də bu preparatlarda heç bir çipin olmadığına əminlikləri yaranar. O ki qaldı həqiqi çiplərə, onların hələ vaksin tərkibində görünməyəcək dərəcədə nano ölçülərdə yaradılan növü yoxdur. Siz iki ildən artıqdır ki, koronavirusun qarşısında hələ ki aciz qalan bir dünya düşünün və o dünyanın artıq nanoçiplər kəşf etdiyini də düşünməyə cəhd edin.

İstinad: Avstraliya Sağlamlıq Departamenti.

 

“Reuters” İA bu barədə araşdırma aparıb. 

 

6-cı mif: İmmuniteti güclü olan adamın heç bir vaksinə ehtiyacı yoxdur.

Şərh: Ətrafımızda elə insanlar var ki, özlərinin hələ də heç bir halda yeni növ koronavirusa yoluxmadıqları ilə az qala fəxr edir, “heç bir virus yoxdur, olsaydı, mən mütləq yoluxardım, çünki iki ildir ki, daim insanlar içindəyəm” kimi arxayınlıq nümayiş etdirirlər. Bəli, kiminsə immun sistemi “COVİD-19”-a dərhal yoluxmayacaq dərəcədə güclü ola bilər, lakin bu həmin insanların sabah, gələn həftə, yaxud bir il sonra bu bəlaya tuş gəlməyəcəyinə zəmanət vermir. Çünki hər bir orqanizmin müəyyən periodlarda ya mövsümi, ya hər hansı digər səbəblərdən ani zəiflədiyi məqamlar olur. Məhz həmin məqamlarda da öz immunitetindən arxayın olan şəxslər qəfil yoluxaraq, elə arxayınlıqlarının da səbəbindən xəstəliyi çoxlarından ağır keçirirlər. Belə adamlar bir şeyi də nəzərə almalıdırlar ki, onların orqanizmi öz güclü vaxtlarında koronavirusa yoluxmaya bilər, lakin bu, onların daşıyıcı olmaq faktını yox etmir. Bu şəxslər adətən özlərini də, doğmalarını da arxayınlaşdıraraq, ətraflarında olan hər kəsi yoluxduran potensial virus daşıyıcıları olurlar. Odur ki, bütün fantaziya və nağılları kənara qoyub vaksinasiyada iştirak etməyin pandemiya ilə ən doğru mübarizə yolu olduğunu unutmamalıdırlar.

http://publichealth.lacounty.gov/media/coronavirus/docs/about/FAQ-Vaccine-Russian.pdf

7-ci mif: Əgər artıq koronavirusa yoluxub sağalmısansa, demək sənə vaksin lazım deyil.

Şərh: Keçirilmiş xəstəliyin ən effektiv təbii vaksinasiya olduğunu iddia edənlər var. Onlar əmindirlər ki, təbii olaraq yaranmış antitellər immun vaksini ilə yaradılmış antitellərdən daha yaxşıdır. Lakin bütün araşdırmalar sübut edir ki, bu, belə deyil. Vaksinasiyada iştirak edənlərin orqanizmində yaranmış antitellərin də, “T-limfositlər”in də səviyyəsi daha yüksəkdir ki, bu da virusla mübarizədə daha artıq effektivlik deməkdir. Üstəlik, vaksinasiyadan sonra antitellərin tək və konkret hədəfi koronavirus zərrəciklərinin üzərindəki spayk-zülal olduğu halda, təbii yoluxmadan yaranmış antitellərin əksəriyyəti digər zülallara yonəlir və demək olar ki, heç bir müdafiə mənaları qalmır. Təkrar vaksinasiya isə bizim immun sistemimizə bu virusun və limfositlərin vacib olduğunu xatırladır, bununla da bədənimizin immun yaddaşını gücləndirir.

İstinadlar:

Ümumdünya Səhiyyə Təşkilatı

https://www.healthline.com/health-news/people-whove-had-covid-19-should-still-get-vaccinated-heres-why

https://www.cdc.gov/coronavirus/2019-ncov/vaccines/fully-vaccinated.html

 

8-ci mif: Vaksin “COVİD-19” testinin cavabının pozitiv olmasına səbəb ola bilər.

Şərh:  Bu, mümkün deyil. Testin müsbət cavabı koronavirusa yalnız təbii mühitdə yoluxmanı təsdiq edir.”COVİD-19” əleyhinə hazırlanmış heç bir vaksinin tərkibində canlı virusdan istifadə olunmayıb. Buna görə də vaksin heç bir halda antigen analizinə və yaxud koronavirus testinə müsbət nəticə göstərə bilməz.

İstinad:

https://www.cdc.gov/coronavirus/2019-ncov/vaccines/different-vaccines/how-they-work.html?CDC_AA_refVal=https%3A%2F%2Fwww.cdc.gov%2Fcoronavirus%2F2019-ncov%2Fvaccines%2Fabout-vaccines%2Fhow-they-work.html

9-cu mif: Vaksinlər insan DNT-sinə yerləşdirilə bilər.

Şərh: Koronavirus əleyhinə tətbiq olunan heç bir vaksin insan DNT-sinə təsir etmir və onunla qarşılıqlı təmasa girmir. Vaksinlərin məqsədi insan orqanizminin immun hüceyrələrini koronavirusun genetik materialının hissəcikləri ilə tanış etməkdir. Bunun sayəsində immun hüceyrələri həmin genetik materialı yadda saxlayır və virusdan qorunmaq üçün antitellər hasil etməyə başlayır.

İstinad:

UNİCEF

10-cu mif: Vaksinasiyada iştirak edənlər maska taxmasa da olar.

Şərh: Vaksin olunmuş hər hansı bir adam da koronavirusa yoluxa bilər. Heç bir vaksin yoluxmamağa 100 %-lik zəmanət vermir. Lakin bütün vaksinlər yoluxma baş verdiyi hallarda xəstəliyin nisbətən yüngül, çox vaxt isə demək olar ki, simptomsuz keçirilə biləcəyinə zəmanət verir. Simptomsuz formada xəstəlik keçirən adam isə özü ətrafdakılar üçün yoluxma mənbəyinə çevrilə bilir. Buna görə, vaksinasiyadan sonra da maska taxmaq, gigiyena qaydalarına əməl etmək, qələbəlik yerlərdə ara məsafəsini qorumaq vacib amillərdən olaraq qalmaqdadır.

İstinad:

ABŞ-ın Klivlend Klinikasının “İnfeksion xətəliklər” şöbəsinin mütəxəssisi

https://health.clevelandclinic.org/already-vaccinated-heres-why-you-shouldnt-stop-wearing-your-face-mask-yet/