Müştərilərindən depozit tələb tələb edən restoranların şəbəkəsi genişlənir. Müştəri masa arxasına əyləşdikdə, nə sifariş verməsindən asılı olmayaraq, restoranın təyin etdiyi minimum məbləği ödəməli olur. Həmin məbləğ, əsasən, 50 manatdan başlayır. Depozitlər həftəsonu günün ikinci yarısında və xüsusi günlərdə tətbiq edilir.  Bəs, bu depozit niyə tətbiq edilir? Qanunidirmi?

Bu məqamı araşdırdıq. 

Depozit bir əmanətdir- amma qaytarılmayan əmanət

Sadə dillə desək, “depozit” bir restorana yatırılan, sifariş edilən yeməklərin və içkilərin qiymətinə debet edilən müəyyən məbləğdir. Masanın nəinki boş qalmayacağının, hətta sadəcə qəhvə içməyə gələnlər tərəfindən tutulmadığının göstəricisidir. Axırı bəzən cüzdanlarının itirilməsi ilə nəticələnən, biri-birinin pul kisələrini çəkişdirən qonaqların yaradacağı problemlərdən xilas olmaqdır. Yediyi yeməyin pulunu ödəyə bilməyən, “əvəzində nə iş versən, görərərm” deyə yalvaran arzuolunmayan müştəriləri ələyən yoldur.

Müştəri üçün də faydası az deyil. Depozitə həm rezervasiya, həm də əsas hesab daxil olduğundan yer tapacağına əminlikdir. Müəyyən məbləğ ödəyib axşam saatlarında istədiyini sifariş etmək, qüsursuz xidmətin dadını çıxartmaqdır.

Ancaq əmanət məbləğində sifariş verib təkbaşına hamısını yeməyin mümkün olmaması da mümkündür. Burda depozitin qanqaraldan xüsusiyyəti ortaya çıxır. Çünki restorana qoyduğunuz əmanətin geri dönüşü yoxdur. Ya qoyduğun pul məbləğində yeməlisən, ya da o pulun başından keçməlisən.

 

Bəs, depozit sistemi qanunidirmi?

 

Hər birimiz üçün maraqlıdır, bizdən depoziti qanun çərçivəsində tələb edirlər? Bu qayda hansı qanunla tənzimlənir? 

Ekspertlər belə hesab edir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Faktyoxla Lab.-a açıqlamasında bildirib ki, restorana çay içməyə, yaxud qəlyanaltı etməyə gələnlərdən depozit tələb edilməsi qanunsuzluqdur. Bu, müştərini depozit məbləğində xidmətdən yararlanmağa məcbur edir: “Biznes qurumu öz ərazisində qanuna zidd olmayan müəyyən şərtlər qoyur. Dəfələrlə buna bənzər məsələlərlə bağlı biz İqtisadiyyat Nazirliyinə müraciət etmişik, cavabları belə olub ki, öz ərazisində biznes qurumu qanuna zidd olmayan bu cür qaydalar qoya bilər”.

E.Hüseynov əlavə edib ki, belə qaydalar, sadəcə Azərbyacan üçün deyil və yalnız bizim ölkəmizin ərazisində qoyulmayıb: “Xarici ölkələrə səfərlər zamanı bu və buna bənzər, hətta daha betər hadisələrlə qarşılaşmışam. Xüsusən, otellərdə istehlakçı hüquqlarını pozan bir çox qaydalar, əcaib hallar görmüşəm. Məsələn, Amerikada prestijli otellərin birində qalırdıq. MDB qrupu ilə oradaydıq və mən qrup rəhbəriydim. Biz oteldən çıxanda hər birimizə 120 dollar əlavə pul hesabladılar. Səbəbini soruşanda bildirdilər ki, qrup üzvlərindən otaqlarda qoyulan içkilərə baxanlar olub. Müştəri içkiyə baxarkən şəkil çəkilib. Biz sübut etdik ki, baxsa da, müştəri onu içməyib. Hamımız istehlakçı hüquqlarını qoruyan təşkilatların nümayəndələriydik və tələb edilən həmin pulu vermədik. Argentinada isə oteldə qala bilməyimiz üçün qabaqcadan artıq pul götürdülər”.

Maraqlıdır ki, bu münasibətləri tənzimləyən qanun yoxdur: “Bu cür hallar dünyada mövcuddur, amma o demək deyil ki, Azərbaycanda da olmalıdır. Xüsusən, biznes qurumları üçün yaradılan rahat, toxunulmazlıq şəraitindən onlar geninə-boluna istifadə edirlər. Özü də bu, təkcə restoranlarda da deyil. Marketlərdə insanlara potensial oğru kimi baxılır. Çantalarını kameralara qoymaları tələb olunur. Üstəlik, kameralardakı əşyalara da cavabhehlik daşımırlar”. 

Qanun depozitə nə deyir?

Bəs, qanunlarımız bunu istehlakçının hüququnun pozulması olaraq qəbul edir və günahkarlara hər hansı cəza nəzərdə tuturmu?

Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsindən Faktyoxla Lab.-a bildirilib ki, depozit və ya başqa hər hansı daxili qayda tətbiq edən restoran və kafelər bu barədə yazılı məlumat verməlidir: “Menyuda qeyd edilməli və ya hər hansı başqa yazılı bildirişlə qaydalar barədə müştərilər məlumatlandırılmalıdır. Əks halda, depozit tələbi qeyri-qanuni qiymətləndirilir. Qanun tələb edir ki, mal və göstərilən xidmətlərin üzərində qiymət əksini tapmalıdır. Tutaq ki, bəzi restoranların ofisiant üçün nəzərdə tutulduğu qeyd edilən hesabın 5 faizi dəyərində tutulma, o cümlədən  depozit və bu kimi başqa istənilən qayda həmin restoranın menyusunda mütləq əksini tapmalıdır. Müştəriyə bu barədə hər hansı yazılı məlumat verilməyibsə, bu, qeyri-qanuni hesab edilir. Çünki istehlakçının öncədən və yazılı olaraq məlumatlandırılmadığı istənilən qayda qeyri-qanunidir”.

Bəs,  bunun cəzası nədir? Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin  445-ci madəsi – qiymət iltizamının pozulması, qiymət cədvəlinin düzgün tərtib edilməməsi restoranları cərimələməmək üçün əsas sayıla bilər. Menyunun  düzgün təyin olunmamasına görə mülkiyyətçi və ya obyekt rəhbərinə qarşı 800 manatdan 1000 manata qədər cərimə nəzərdə tutulub. Mütəxəssis onu da vurğulayıb ki, menyuların düzgün tərtib edilməməsiylə bağlı müraciətlər olur və bu müraciətlər qanunun tələbinə uyğun şəkildə həll edilir.

NƏTİCƏ: Beləliklə, restoranın depozit tələbi yazılı şəkildə restoranın hər hansı bir köşəsindən yazılıb asılmayıbsa, yaxud menyuda öz əksini tapmayıbsa, bu, istehlakçı hüquqlarının tapdalanması anlamına gəlir və İnzibati Xətalar Məcəlləsinin  445-ci madəsi ilə 1000 manata qədər cəzası var.