Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Ermənistanın Azərbaycan xalqının irsinə qarşı törətdiyi “mədəni soyqırımı”nın araşdırılması xahişi ilə UNESCO-ya müraciət ediblər. İctimai təşkilatların məktubu UNESCO-nun baş direktoru Odri Azoula göndərilib. Məktubda yazılıb: “Biz sizdən Azərbaycan xalqının çoxəsrlik mədəni-tarixi irsinin bugünkü vəziyyətini qiymətləndirmək üçün Ermənistana ekspert qrupu göndərməyinizi xahiş edirik. Ümid edirik ki, bu öhdəliyi üzərinə götürən Ermənistan UNESCO-nun missiyasının həyata keçirilməsinə mane olmayacaq və təşkilatın hazırlayacağı obyektiv hesabatı nəticəsində Azərbaycan xalqının irsinə qarşı törədilən əməllərdən bütün dünya xəbər tutacaq...”

QHT-lər, azərbaycanlıların Ermənistandan etnik təmizlənməsinin, zorla çıxarılmasının, onların mədəniyyət abidələrinin dağıdılması ilə müşayiət olunduğunu bildiriblər.

Qeyri-hökumət təşkilatlarının nümayəndələri vurğulayıblar ki,  Ermənistan bu ərazilərdə avtoxton  olan azərbaycanlıların məskunlaşmasına dair bütün izləri qəsdən silib, Azərbaycan xalqının mədəni irsini dağıdıb, mənimsəyib və dəyişdirib, həmçinin bu ərazilərdəki qədim toponimləri erməni toponimləri ilə əvəz edib.

Və bu məktub erməni tərəfinin narahatlığına səbəb olub.

Faktyoxla Lab. araşdırmağa çalışıb ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının UNESCO-nun baş direktoruna müraciəti hansı xüsusiyyətinə görə seçilir ki, ermənilər belə narahat olmağa başlayıblar.

Məsələ burasındadır ki, Azərbaycan mənbələrinə görə, təkcə İrəvanın bir tarixi mərkəzində 850 ev tamamilə dağılıb. Məşhur rəssam Rubonun əsərində isə 19-cu əsrin sonlarında İrəvan şəhərindəki evlər təsvir olunub. Bu evlər 20-ci əsrin ortalarına qədər mövcud olub, amma sonra ermənilər tərəfindən dağıdılıb. (Mənbə) Azərbaycanla bağlı bütün irs məhv edilib, bütün toponimlər erməni üsulu ilə dəyişdirilib. Nəticədə ermənilər İrəvanın Azərbaycan memarlıq üslubunu sovet üslubuna çeviriblər.

2017-ci ildə AMEA Hüquq və İnsan Hüquqları İnstitutu tərəfindən “Azərbaycanın işğal olunmuş ərazilərində tarix və mədəniyyət abidələrinə dəymiş ziyan” adlı kitab nəşr edilib.   Bu nəşr arxiv materialları əsasında hazırlanıb, xüsusi siyasi və tarixi əhəmiyyət kəsb edir. Bu da onun ingilis və fransız dillərinə tərcüməsini zəruri edir.  

Qarabağın və ətraf rayonların 30 illik işğalı zamanı ermənilərin 927 kitabxananı, 60-dan çox məscidi, 44 məbədi, 473 tarixi abidəni, saray və muzeyləri dağıtdığını, 40 min muzey eksponatını qanunsuz olaraq ixrac etdiyini nəzərə alsaq, Azərbaycan tərəfinin narahatlığı tamamilə məntiqlidir.

Azərbaycan, Ermənistanın bu vandallığı ilə bağlı işğal olunmuş ərazilərə UNESCO missiyasının göndərilməsini dəfələrlə təklif edib. Bundan əlavə, “Azərbaycana qarşı müharibə – mədəni irsə hücum” adlı kitab hazırlanaraq UNESCO-ya təqdim edilib. Kitabda Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəniyyət və dini abidələr, onların məqsədyönlü şəkildə erməniləşdirilməsi, o cümlədən alban kilsələrinin erməni kilsəsinə çevrilməsi barədə məlumatlar öz əksini tapıb. Amma UNESCO-dan bu müraciət və təkliflərə adekvat cavab gəlməyib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi də işğaldan azad edilmiş Azərbaycan torpaqlarında mədəni irsin monitorinqinə başlayıb və artıq ilkin nəticələr UNESCO-ya təqdim edilib. Azərbaycanla UNESCO arasında geniş spektrli məsələlər üzrə əməkdaşlıq qurulub. Azərbaycan, təşkilatın 13 konvensiyasına qoşulub. Mədəniyyət, təhsil, elm, informasiya və kommunikasiya sahələrində əməkdaşlıq mövcuddur. Təşkilatla mühüm müqavilələr imzalanıb, birgə tədbirlər keçirilir.

Azərbaycanı o narahat edir ki, təşkilat, Qarabağa və Ermənistana missiya göndərmək barədə əvvəlki təkliflərə hələ də cavab verməyib. Təbii ki, belə durum Azərbaycanı qane edə bilməz. Bəzi hallarda bu məsələdə təşkilatın və ermənilərin mövqeyi üst-üstə düşür. Bu da təşkilatın missiyasının obyektivliyini şübhə altına salır.

Maraqlıdır ki, yuxarıda qeyd olunanlarla yanaşı, Ermənistan tərəfi Qarabağdakı erməni kilsələrinin və tarixi abidələrinin təhlükə altında olduğunu iddia etməkdə davam edir. Bəs onlar nəyi erməni irsi hesab edirlər? Məsələn, "Dadivank" monastır kompleksi (tarixi adı Xudavəng). Tarixçilər isə tutarlı faktlarla sübut ediblər ki, Xudavəng monastırı erməni ziyarətgahı deyil, Alban kilsəsinə aiddir. 

“İşğaldan azad edilmiş torpaqlarda yerləşən xristian ziyarətgahları əsl sahiblərinə qaytarılıb. O cümlədən Alban-udin icmasına. Azərbaycanın Alban-udin icması Kəlbəcərdəki Xudavəng (Dadivank) kompleksinə, eləcə də işğaldan azad edilmiş ərazilərdə yerləşən digər erməniləşdirilmiş alban kilsələrinə sahib olmaq hüququna malikdir. Sadə məntiqdən çıxış edərək deyə bilərik ki, monastır erməni tərəfinə məxsus olsaydı, onu hələ çar və sovet dövründə mənimsəmiş olardılar. Amma biz bilirik ki, Ermənilərin Qarabağda alban məbədlərini mənimsəməsi prosesi yalnız Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalından sonra başlayıb”, - deyə tarixçi Rizvan Hüseynov bildirib

“Xudavəng çox qədim tarixə malikdir. Burada həvari Faddənin şagirdlərindən biri dəfn olunub. Üstəlik, əgər ermənilər bunun erməni məbədi olduğunu iddia edirsə, o zaman sual yaranır: bəs niyə bu ərazidə heç vaxt ermənilər olmayıb? Bu, həmin abidələrin ermənilərə aid olmadığını əsaslandırmaq üçün ən böyük sübutdur. Hətta belə deyək, haradasa erməni kilsəsi varsa, bu o demək deyil ki, bütün qonşu ərazilər mütləq ermənilərə məxsusdur. Ermənilərin Amerikada, Rusiyada və dünyanın istənilən yerində kilsələri var. Əgər bu məntiqə istinad olunsa, o zaman onlar istənilən ölkənin ərazisinə iddia edə bilərlər”, - tarixçi qeyd edir.

Azərbaycanın Udin xristian icmasının rəhbəri Robert Mobili də indiki Azərbaycanın tarixi Qafqaz Albaniyasının varisi olduğunu vurğulayır. IV, V, VI, IX, XII əsrlərə aid abidələr qorunub saxlanılmışdır. Qarabağ burada xüsusi yer tutur. Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Alban kilsələrinin öz həqiqi sahiblərinə qaytarılması çərçivəsində Alban-udin xristian pravoslav icmasının sədr müavini Rafik Danakari Xudavəng monastırına vaiz təyin edildi. Danakari deyir ki, alban və erməni monastırları arasında ciddi fərqlər var. Əsas fərq isə Qafqaz albanlarının mədəni irsi olan xaçkarın elementləri, qurbangahın forması, binanın strukturu və memarlığı, eləcə də ilahi liturgiyanın qeyd olunması ilə bağlıdır. (Mənbə)

“Qədim alban dilindən tərcümədə Xudavəng "Tanrı məbədi" deməkdir. Xudavəng IX-XIII əsrlərdə tikilib. Tikinti Alban knyazı Vaxtanqın dövründə başa çatdırılıb. Bütün bunlar monastırın alban mənşəli olmasına sübutdur” – Danakari qeyd edib.

“Xudavəng monastırının ermənilərlə heç bir əlaqəsi yoxdur. Qədim həvarilər heç vaxt Ermənistana gəlməyiblər. O vaxtlar Qafqazda, ümumiyyətlə Ermənistan adlı dövlət olmayıb. Xudavəng yalnız Qafqaz Albaniyası ərazisində yaşayan xalqlara məxsusdur. Bu gün biz (Azərbaycanın Alban-udin xristian icması – red.) onun varisləriyik. Xudavəng monastırı bizə məxsusdur, biz bunu sübut etdik və bu məsələdə ermənilərin səsini batırmağa nail olduq”, - deyə Rafiq Danakari fikrini yekunlaşdırıb. 

Əlavə olaraq qeyd edək ki, Kəlbəcər rayonu işğal edildikdən və 1994-cü ildə müvəqqəti atəşkəs sazişi bağlandıqdan sonra Xudavəng kompleksi Erməni Apostol Kilsəsinin “Artsax” Yeparxiyasının monastırı elan edilib.

Kompleksin rahiblərinə ötən əsrin 90-cı illərində - birinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlı əhaliyə qarşı vəhşilikləri ilə tanınan “ata Hovhannes” (Ter-Hovhannes Hovhannisyan) başçılıq edirdi. Yeri gəlmişkən, ikinci Qarabağ müharibəsi başlayanda əlində avtomat tutan bu “din xadimi” azərbaycanlıların öldürülməsinə çağırışlar edirdi

Erməni kilsəsinin alban kilsəsindən nə ilə fərqləndiyini aydınlaşdırmaq üçün əksər mənbələrin (qeyri-erməni - red.) IV-V əsr Qafqaz Albaniyası dövrünə aid xristian məbədi kimi təsvir etdiyi Zaqatala şəhərindəki kilsəni nümunə göstərmək olar. Hazırda kilsə dini məbəd kimi fəaliyyət göstərmir, dövlət tərəfindən qorunan turizm obyektidir.

Azərbaycanın Alban-udin xristian icmasının sədri Robert Mobili qədim alban məbədlərinin xarakterik xüsusiyyətlərindən danışıb. Onun sözlərinə görə, hər kilsənin özünəməxsus xüsusiyyətləri var. Xüsusilə, Alban xaçı ilə erməni xaçını qarışdırmaq olmaz, məbədlər digər memarlıq nüansları, o cümlədən tərtibatı və ümumi üslubu ilə də fərqlənir. “Heç kim deyə bilməz ki, Alban xaçı erməni xaçıdır. Onu saxtalaşdırmaq olar, lakin üzərindəki elementlər (simvollar), əslində hansı kilsəyə aid olduğunu izah edir”, - Mobili bildirib

Xaçların fərqləri

Xaçların şüaları stilizə edilmiş üçlü zirvələrlə tamamlanır və erməni xaçlarında olduğu kimi uclarında ikiqat bölünmür.

 

Həmçinin, başqa bir fotoşəkildə düzbucaqlı ilə qübbəli dairələrin sintezinin yer aldığı bir qədər uzunsov tikili, digərində isə Alban-Udin məbədləri üçün xarakterik geniş tağları olan daxili zalı görürük.

 

Hər iki əlamət Pravoslav Ensiklopediyasında Qafqaz Albaniyasının kilsə memarlığı üçün xarakterik olaraq qeyd olunur. (Mənbə)

 

Mingəçevir yaxınlığındakı Sudağılan qəsəbəsinin məbəd kompleksinin planı (Azərbaycan). VI - VIII əsrlər.

 

Mohrenis (Dağlıq Qarabağ) kəndi yaxınlığındakı Ohtdrnivank kiləsinin planı. VII əsr.

Astvatsatsin kilsəsinin planı. Tsviz (Ermənistan). VII – XII əsr.

 Əgər UNESCO missiyası qərəzli olmazsa, Ermənistan ərazisində Azərbaycan tarixi abidələrinin vəziyətti ilə maraqlanmalıdılar. Ona görə də UNESCO missiyasının diqqətinə dağıdılmış, tarixdən silinmiş, məhv edilmiş Azərbaycan abidələrinin siyahsını təqdim edirik:

  1. İrəvan qalası – İrəvan şəhəri - XVI-XVII əsrlər- dağıdılıb
  2. Sərdar sarayı – İrəvan şəhəri - XVII əsr – dağıdılıb

  1. Göy məscid – İrəvan şəhəri - XVIII əsr – qorunur, lakin fars abidəsi kimi təqdim olunur.
  2. Abbas Mirzə Məscidi - İrəvan şəhəri - XVIII əsr - dağıdılıb
  3. Noruzəli bəy Məscidi - İrəvan şəhəri - XVII əsrin ikinci yarısı – dağıdılıb
  4. Rəcəb Paşa Məscidi - İrəvan şəhəri - 1725-ci il – dağıdılıb
  5. Zalxan Məscidi - İrəvan şəhəri - 1649-1685-ci illər -dağıdılıb
  6. Pənah xan Makinski malikanəsi - İrəvan şəhəri - XIX əsr – dağıdılıb

  1. İrəvan bazarı - İrəvan şəhəri - XIX əsr - dağıdılıb
  2. Xan bağı - İrəvan şəhəri - XIX əsr - dağıdılıb
  3. Hacı Cəfər bəy Məscidi - İrəvan şəhəri - XVIII əsr -dağıdılıb
  4. Hacı Cəfər bəy Hamamı - İrəvan şəhəri - XVIII əsr - dağıdılıb
  5. Hacı İmamverdi Məscidi - İrəvan şəhəri - XIX əsr - dağıdılıb
  6. Hacı Nəsrulla bəy Məscidi - İrəvan şəhəri - XIX əsr – dağıdılıb

  1. Təpəbaşı Məscidi - İrəvan şəhəri - 1687-ci il – dağıdılıb
  2. Həsənəli bəy Hamamı - İrəvan şəhəri - XIX əsr – dağıdılıb 17. Susuz Karvansaray - İrəvan şəhəri - XIX əsr - dağıdılıb
  3. Zərab xan Karvansarayı - İrəvan şəhəri - 1760-ci il – dağıdılıb

Bunlar ancaq yalnız İrəvan şəhərində Azərbaycan tarixi abidələrinə qaşı törədilən vandalizm aktları haqda məlumatlar idi və biz yalnız bəzilərini göstərə bildik.

Ermənistanın xalqımıza məxsus abidələri dağıtması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir”

Nəticə: Yuxarıda deyilənləri ümumiləşdirərək belə bir qənaətə gəlmək olar ki, uzun illər ərzində beynəlxalq ictimaiyyət, o cümlədən UNESCO Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində, eləcə də, müasir Ermənistan ərazisində törətdiyi qanunsuz əməllər barədə mütəmadi olaraq məlumatlandırılıb. Ancaq indiyə qədər UNESCO-dan heç bir adekvat cavab gəlməyib.