Ukraynadakı hərbi əməliyyatlardan sonra iqtisadi sanksiyalar və Qərbin məhdudiyyətləri rus iş adamlarını bizneslərini ayaqda saxlamaq üçün alternativ yollər axtarmağa vadar edir. Bəzi iri holdinqlər Asiya Orta Şərq bölgəsindəki bazarda kifayət qədər maliyyə imkanları olan ölkələrə “biznes köçləri” etməyi düşünür. Rusiyanın nüfuzlu maliyyə, bank, sığorta, sənaye korporasiyaları əsas etibarilə, Çin, Malayziya, Serbiya, Səudiyyə Ərəbistanı, Nigeriya, İndoneziya və digər dövlətlərdə “kapital amnistiyaları” və qarşılıqlı pul köçürmələrinə üstünlük verir. 

Ermənistan və onlara yaxın media orqanları isə bir neçə gündür ki, geniş təbliğat apararaq iddia edirlər ki, Rusiyanın tanınmış şirkətləri öz nümayəndəlikləri Ermənistana köçürür, bəzi şirkətlər artıq bizneslərini Ermənistana köçürmək prosesinə başlayıblar. Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib ki, 10-a yaxın Rusiya şirkəti artıq Ermənistandadır və daha bir neçəsi tezliklə “köçəcək”.(Mənbə)


Faktyoxla Lab. Rusiyanın iri şirkət və holdinqlərin öz ölkəsini tərk edərək Ermənistana daşınması faktını araşdırıb.

Son 10 gün ərzində İrəvanın Zvartnots hava limanına eniş edən Rusiya aviaşirkətlərinin sərnişinlərinin say tərkibinə diqqət etdikdə, Ermənistana gələnlərin böyük əksəriyyətinin Rusiya və Ukraynada müvəqqəti və ya daimi yaşayan etnik ermənilərin olduğunu görmək mümkündür. İqtisadiyyat naziri rus şirkətləri desə də, Ermənistanın Miqrasiya Xidməti neçə nəfər qeyri-erməninin, xüsisilə də iş adamının gəldiyini açıqlaya bilmir. Çünki, onların sırasında tanınmış, hətta orta statistik biznes nümayəndəsi, nüfuzlu şirkət təmsilçisi yoxdur. Hətta Vaan Kerobyanın özü də etiraf edir ki, “onlarla, hətta yüzlərlə şirkətin gəlişi” barədə fikirlər sadəcə dolaşan məlumatlardır, hələlik onların kim olduğu açıqlanmır. Çünki ortada konkret gerçək bir hal-hadisə, çanta-çanta pulla İrəvana eniş edən biznesmen yoxdur. (Mənbə)

Ukraynada hərbi əməliyyatın başlanmasından sonrakı bir həftə ərzində, yəni fevralın 21-dən fevralın 27-dək “Yandex” sosial platformasına “Rusiyanı tərk et” sözləri yazılmış 19. 738 müraciət daxil olub ki, onların da böyük əksəriyyəti elə ermənilərdir. Eləcə də, rublun dəyər itirməsindən sonra Rusiyada işləməyi dayandırıb öz evlərinə qayıdan minlərlə erməni İrəvan hava limanında qeydə alınıb. (Mənbə)

Xaçatryan adlı erməni ictimai fəal isə bildirir ki, bizneslərini Ermənistana köçürmək istəyən iş adamları və ya şirkətin həmtəsisçiləri erməni əsilli olanlardır. (Mənbə)
Burada çox mühüm bir məqama da diqqət yetirək, Rusiya Federal Miqrasiya Xidmətinin məlumatına görə, təkcə 2021-ci bu ilin birinci yarısında 22 minə yaxın erməni Rusiya vətəndaşlığını qəbul edib. Bu, son dörd ilin ən yüksək göstəricisidir. (Mənbə)


İndi həmin Rusiya vətəndaşı olan ermənilərin bir qismi vaxtilə Moskva, Peterburq və digər iri sənaye şəhərlərində yerləşərək iş qurmuş Rusiya vətəndaşlığı almış ermənilər indiki ağır vəziyyətin “perspektivlərini” nəzərə alaraq İrəvana geri dönürlər. Bu isə, əslində Rusiya şirkətlərinin Ermənistana köçü deyil, Rusiya Federasiyasındakı erməni biznes qruplarının öz ölkələrinə qayıdışıdır. Erməni mediası isə bunu daha çox rusların Ermənistana gəlişi kimi təqdim edir.
Həmçinin, təqdim edilən videokadr və reportajlardan aydın şəkildə görmək olar ki, Rusiyanı tərk edənlər İT mütəxəssisləri, kompüter proqramçıları və tərtibatçıları, media işçiləridir. Məsələn, Rusiyada sıradan bir adi ofisdə proqramçı işləyən Yevgeni adlı gənc öz ölkəsində internet resurslarının qapadılmasına görə, Ermənistana köçməyi planlaşdırır. O, Ermənistanın 20 minədək işçisi olan informasiya texnologiyaları sahəsində iş tapacağına ümid edir. ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyaları bu ölkənin yüksək texnologiyalara çıxışını məhdudlaşdırmağı, şirkətlərinin xaricdə maliyyə tranzaksiyalarını çətinləşdirməyi nəzərdə tutur. Yaxud, Rusiyada texnologiya şirkətlərindən birində işləyən, İrəvana bilet almış bir mühəndis qərarını təkcə iqtisadi səbəblərlə deyil, həmçinin ölkəsinin Ukraynaya hücumuna etirazıyla əlaqələndirir. “Şirkətimiz getmək istəyənlərə kömək vəd edib, amma necə edəcəyini deməyib. Ona görə mən özüm gedirəm”, – adının çəkilməsini istəməyən qadın əməkdaş vurğulayıb. Mediada çalışan 25 yaşlı Aleksey öz ölkəsində sosial media platformalarının bloklanmasından oranı tərk etməyə məcbur olub. 25 yaşlı bu gəncin Rusiyanın sanballı media orqanlarında çalışdığına kimsə rast gəlibmi? (Mənbə)


10-15 İT mütəxəssisinin İrəvana gəlməsini “Rusiyanın iri şirkətləri köçür” kimi bəlağətlə təqdim edənlər niyə həmin şirkətlərin adlarını açıqlamır? Axı, tanınmış bircə rus şirkəti olsaydı, erməni KİV-ləri gecə-gündüz dayanmadan həmin biznesmeni reklam edərdi.

Erməni nazir deyir ki, ölkəyə gələn ruslar niyə Ermənistanı seçdikləri barədə danışmaqdan yayınırlar. İş adamı, biznes sahibi sahibkarlıq fəaliyyəti qurmaq niyyəti ilə hansısa ölkəyə gəlirsə, niyə danışmaqdan, öz biznes-planlarını açıqlamadan yayınmalıdır? Demək burada qaranlıq izlər var. 
Bəs Ermənistana “köçmüş şirkətlərin” burada müvəqqəti deyil, daimi qalması üçün hökumət hansı hüquqi-iqtisadi məsələləri həll edib? İqtisadiyyat naziri Vaan Kerobyan bu suala da cavab vermək istəməyib. Maraqlıdır, elə deyil? (Mənbə)
Göründüyü kimi, Ermənistana hədsiz dərəcədə məhdud sayda gəlmək istəyənlər adi İT mütəxəssisləridir. Onlar isə biznes sahibi deyil, hansısa kommunikasiya şirkətində maaşa baxan adi mühəndislərdir. Bu kasıb gənc kadrlar Ermənistana sərmayə qoymağa deyil, sadəcə müvəqqəti olaraq İrəvandakı kompüter mərkəzlərində orta maaşla işləmək istəyənlərdilər. Bəllidir ki, media təmsilçiləri və yaxud internet resursları üzrə mütəxəssislər orta və kasıb təbəqənin üzvləridilər. Onların nə yetərli həcmdə maliyyə kapitalı, sərmayəsi və iqtisadiyyata töhfə verə biləcək investisiya layihələri yoxdur.

Bu xüsusda bir məqamı da unutmayaq, müharibədən əvvəllər də Rusiyada müxtəlif sahələr üzrə peşəkar mütəxəssislər xarici ölkələrdə iş axtarmaq üçün sosial şəbəkələrdə elan edilmiş vakansiyalarla bağlı müraciətlər edirdi. Əsas etibarilə 30-40 yaş arasında olan bu gənc nəsil sanksiyalar səbəbindən deyil, öz karyeralarını  Avropanın müxtəlif ölkələrində daha yaxşı qurmaq şansını yoxlayanlar idi.

Müraciətlərin coğrafi məkan tərkibinə diqqət edək, xarici ölkələrdə iş axtaranlar əsasən, Avropa İttifaqı ölkələri, Asiya, Şimali və Cənubi Amerika ilə bağlı vakansiyalara qoşulanlardır. Məsələn, gənclər beynəlxalq marketinq şirkəti “Ortnec”də 3.700 avro maaşa işləməyi üstün tuturlar. Yaxud, müraciət edənlərin böyük əksəriyyəti 3000-4000 avro məvaciblə Kiprdə “Check-Zimmer”də, yaxud Almaniyada “Leipzig”, Çində “Wenzhou” və ya “Fujian” bölgələrində “Mascotte”də işləmək istəyənlərdir. Yəni, beyin axını hər zaman baş verir, bu, münaqişə və siyasi məsələlərlə bağlı yox, daha yaxşı sosial rifah axtarışları ilə bağlıdır. (Mənbə)

İndi düşünək, 3000-4000 avroya iş axtaranlar 400 dollar orta aylıq əməkhaqqı olan Ermənistana işləməyə gələrlərmi? Bəllidir ki, İT şirkətləri, xidmət sektorunda vasitəçilik edən komminikasiya mütəxəssisləri ən nüfuzlu İT palatformalarına üz tuturlar. Məsələn, dünyanın ən böyük turizm, səyahət elanları paltforması olan “Booking.com”un Rusiya bölməsində minlərlə rus çalışırdı. İndi bu platforma bloklanıb, mütəxəssislər müxtəlif ölkələrə səpələnirlər, onlardan 5-10 nəfərin Ermənistanı seçməsi də təbiidir. Həmin şəxslər isə çanta ilə sərmayə gətirmirlər, sadəcə geyim və ləvazimatları ilə getdikləri ölkədə çalışıb maaş almaq niyyəti bu ölkəyə üz tuturlar. Bu isə hansısa “Rusiyanın iri şirkətinin Ermənistanda iş qurması” yox, ucuz əmək qüvvəsinin müvəqqəti yerdəyişməsidir. Ən yaxşı halda, maliyyə portfeli 20-30 min dollar olan mikrosahibkarın biznes miqrasiyasıdır.
Erməni mediasının hay-küyünə baxmayaraq, vəziyyyət tamamilə başqa cürdür. Rusiyada İKT və xidmət sahəsində iş yerlərini itirən istedadlı gənclər əsasən daha çox Türkiyəyə, Kiprə, Polşaya, Qazaxıstana, Serbiyaya, Estoniyaya gedirlər. (Mənbə)

İndi isə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanın səsləndirdiyi bir iddiaya nəzər salaq. Nazir bildirir ki, Rusiya şirkətləri beynəlxalq bazarlara birbaşa deyil, Ermənistan vasitəsilə çıxış edə bilər.  (Mənbə)

Sirr deyil ki, Ermənistanı Rusiya ilə bağlayacaq dəhliz yalnız Azərbaycanın əlindədir, Zəngəzur dəhlizi işə düşdükdən sonra Ermənistanın məhz Azərbaycanın kommunikasiya sistemləri vasitəsilə Rusiya ilə bağlantısı qurula bilər. Bu trans-nəqliyyat şəbəkəsinin qlobal bazarlarla inteqrasiyasını isə Azərbaycan müəyyən edəcək. Belə olan halda Kerobyan Rusiyanı hansı yolla beynəlxlq bazarlara çıxışına köməkdən danışır, anlaşılan deyil.
Kerobyan həmçinin bildirib ki, Ermənistan hökuməti digər məsələlərlə yanaşı, Rusiya rublunun məzənnəsi, SWIFT sistemi, bank və maliyyə sistemləri, yüksək texnologiyalar sektoru ilə bağlı müxtəlif ssenarilər hazırlayır. (Mənbə)

Ermənistanın hansı maliyyə aktivləri var ki, rublun məzənnəsinin qorunmasına kömək etsin? Rusiya iqtisadiyyatı 2,7 trilyon dollar ÜDM-ə bərabərdir, Ermənistanın isə ÜDM-i 16,8 milyard dollardır, yəni Rusiya iqtidsadiyyatından 180 dəfə kiçikdir. Rusiyanın maliyyə aktivləri Ermənistanın məcmu ehtiyatlarından 200 dəfə çoxdur. Rusiya Federal hökuməti rublun məzənnəsini qorumaq üçün hər gün dollar ifadəsi ilə 500 milyon dollar invertarizasiya edir, bu, Ermənistanın 1 illik ixracına bərabər rəqəmdir. Belə halda Ermənistanın rublun məzənnəsinə “arxa durması” dilənçinin kapitalistə yatırım qoymaqla bağlı məsləhət verməsinə bənzəyir.
Maraqlıdır, Ermənistanda işsizlik artır, insanlar normal iş tapa bilmir, son 6 ayda Ermənistanın özünü tərk edənlərin sayı 2 dəfədən çox artıb.

İqtisadiyyatın durğunluğu və müharibədəki acı məğlubiyyətin doğurduğu psixoloji-fiziki məyusluq Ermənistandan son bir il ərzində kütləvi miqrasiyaya səbəb olub. Rəsmi mənbələr ölkədən gedənlərin sayını azaltmağa çalışsalar da, ictimai institutların hesablamaları mühacirət edənlərin sayının dayanamdan artdığını təsdiqləyir. 2018-ci ildən 2020-ci ilə qədər miqrasiya qismən dayanmışdırsa, 2021-ci ildə vəziyyət kəskin şəkildə dəyişib və ötən ilin təkcə 9 ayında 103 mindən çox erməni ölkəsini tərk edib. Bu, ölkə əhalisinin təxminən 3 faizini təşkil edir. İqtisadçı Qrant Mikaelyan bildirib ki, iqtisadi böhran insanları bütün əmanətlərini xərcləməyə məcbur etdi və insanların gəlir əldə etmə imkanları çox məhdud olduğundan xaricə üz tuturlar.

Hətta Ermənistanın Miqrasiya Xidmətinin rəhbəri Armen Qazaryan da acı reallığı etiraf edir, bildirir ki, miqrasiya iqtisadi vəziyyətlə sıx bağlıdır. (Mənbə)


Və onu da xüsusilə nəzərə almaq lazımdır ki, Rusiyanın nüfuzlu iri şirkətləri hələlik başqa ölkəyə köçmək barədə hər hansı açıqlama verməyib, Federal hökumət sanksiyalarla bağlı maliyyə-iqtisadi tranzitin düyanın ikinci iqtisadi nəhəngi olan Çinə yönəldiləcəyini bəyan edib. (Mənbə) Yəni, Ermənistanın isə bu qlobal proseslərdə dənizdə bir damla qədər də payı yoxdur.

Beləliklə, 10-a yaxın Rusiya şirkəti artıq Ermənistandadır və daha bir neçəsi tezliklə “köçəcək” iddiası qismən yalandı. Köçənlər Ruisyada işləyib, pul qazanan orta səviyyəli ermənilərdilər ki, bundan sonra Rusiyada qalmağı təhlükə hesab edirlər. Digər tərəfdən, 2021-ci ilin təkcə 9 ayında 103 mindən çox erməni bu ölkəni tərk edib. Belə şəraitdə olan ölkəyə xarici şirkətilərin köçüb gəlməsini iddia etmək absurddur.