Ölkəmizdə onlayn alış-veriş təcrübəsi sürətlə yayılır. Xüsusən, son vaxtlar xarici ölkələrdən, Türkiyədən, Amerikadan, Avropa ölkələrindən, Çindən onlayn alış-veriş edənlərin sayı artıb. Elə bu artım çatdırma-karqo şirkətlərinin də sayında özünü göstərib. Onlayn alış-veriş nə qədər rahat və ucuz olsa da, burada da problemlər ortaya çıxa bilir və həmin problemlərin həlli bəzən hətta məhsulun Azərbaycan bazarındakı dəyərini də aşır. Məsələn, bir fakta diqqət edək.
“Özümün və yaxınlarımın alış-verişini Türkiyədən edirəm. Onlayn qaydada Türkiyədən sifariş verdiyim geyim və ev əşyaları mənə burada alış-veriş etməkdən qat-qat ucuz başa gəlir. Artıq çoxdandır bu yola əl atmışam və düzü, çox məmnun idim. Bir az ucuz olduğu üçün bir müddətdir ki, Glob.az-ın xidmətindən istifadə edirəm” .
Yollarda qalan bağlamalar
Bunu Xırdalan şəhərində yaşayan Nərgiz Mərdanova deyib. Glob.az müştərisinin dediyinə görə, aprel ayının 15-də ona sifariş etdiyi məhsulların gömrükdə saxlanılmasıyla bağlı məlumat verilib, ancaq məlumat səhih olmayıb: “Mənə məlumat verdilər ki, 4 bağlamam gömrükdə saxlanılıb. Dərhal hərəkətə keçdim. “Bakı Karqo” Terminalına gedəcək və orda itirəcək vaxtım olmadığından broker xidmətindən istifadə etmək məcburiyyətindəydim. İlk dəfə başıma gəlsə də, bu barədə eşitmişdim və bilirdim ki, gömrükdə qalan bağlamanın hər günü üçün əlavə 2 manat ödəməli olacağam.
Glob.az-dan mənə broker nömrəsi verdilər, mən də dərhal əlaqə saxlayıb danışdım ki, malımı gecikdirmədən götürsün. Lakin Glob.az-dan zəng edib mallarımın gəldiyini dedilər. Təəccübləndim və dərhal Xırdalandakı filiala yaxınlaşıb bağlamalarımı götürdüm. Gömrükdə saxlanıldığı bildirilən 4 bağlamadan üçünü verdilər. Soruşdum ki, bəs, bağlamalarım gömrükdə saxlanılıb deyə məlumat verilib, necə oldu gəldi? Cavab verdilər ki, əməkdaşları qarışıqlıq yarananda saxlanan mallardan əllərinə keçənləri gizlicə artıq yoxlanılanların içərisinə atırlar. Yəqin ki, bağlamalarım bu səbəbdən gəlib. Bir mal barədə isə dəqiq məlumat əldə edə bilmədim. Çünki “ola bilsin yoldadır” dedilər. Əmin deyildilər ki, götürülüb, yoxsa saxlanılıb. Mən də bu 3 bağlama kimi onun da gələcəyini düşünüb daha maraqlanmadım. Bir də ayın 27-də xəbərim olub ki, bağlamam gömrükdədir və orda qaldığı bu müddətdə kifayət qədər vəsait yığılıb”.
Artıq çıxan pullar
Nərgiz Mərdanova onun ilk dəfə yaşadığı bu problemlə çoxlarının qarşılaşdığını deyib: “Glob.az çatdırma şirkəti çox güman ki, brokerlərin xidmətindən istifadə olunması məqsədi ilə müştəriləri gömrükdə saxlanılan malı ilə bağlı vaxtında və səhih məlumatlandırmır”.
İnsanların malının gömrükdə saxlanılması ilə bağlı müştərinin bilərəkdən xəbərdar edilmədiyi qənaəti isə N.Mərdanovada başqa müştərilərdən də eşitdikləri fikirlər əsasında formalaşıb: “Mənə dedilər ki, Glob.az və onun kimi başqa belə şirkətlər əməkdaşlıq etdikləri, hətta bəlkə də öz xidmətləri olan brokerlərin də qazanması üçün müştəriləri gecikdirir, brokerlərin xidmətindən istifadə etmək məcburiyyətində qoyurlar.
Mərdanova onu belə bir problemlə qarşı-qarşıya qoyan şirkətin məsuliyyətini boynuna götürmədiyini, əvəzində əməkdaşından “qurtulmağa” üstünlük verdiyini deyib: “Problem yarananda mənə bildirdilər ki, həmin əməkdaşı işdən azad ediblər. Onlara da dedim ki, əməkdaşı işdən azad eləmək yox, şirkət öz məsuliyyətini boynuna götürməliydi”.
Glob.az-da müştəri hər zaman haqlı deyil...
İddialarla Glob.az əməkdaşı razılaşmır. Şirkətin meneceri Vüsal Adgözəlov müştərinin haqsız olduğunu deyib:
“Türkiyədən malların göndərişi həftədə 2 dəfə - çərşənbə və şənbə günləri həyata keçirilir. Mal xarici anbara, gömrüyə və yerli anbara daxil olduqda bu barədə müştərilərimizə məlumat veririk. Bəzi müştərilər telefon nömrəsini düzgün qeyd eləmir və nəticədə SMS ala bilmirlər. Bu ehtimalı nəzərə alıb saytımızın “Bağlamalar” bölümündə müştərilərimizin öz malı ilə bağlı müvafiq məlumat əldə edə bilmələri üçün texniki imkanı təmin etmişik. Müştəri Glob.az-da şəxsi kabinetinə daxil olaraq, bağlamasının statusuna baxa bilər. Üstəlik, müştərilərimizlə birbaşa əlaqəyə çalışır, hər müştərimizin şəxsən mlumatlandırılmasını əməkdaşlarımızdan birinə həvalə edirik. Bunu, həm də hər bir müştərimizin bizim üçün özəl olduğunu onlara hiss etdirmək, mümkün anlaşılmazlıqların qarşısını almaq məqsədilə edirik. Odur ki, gömrükdə saxlanılan mal barədə müştərimizə məlumatın verilməməsi mümkün deyil”.
Şirkət nümayəndəsi müştərinin vaxtında məlumatlandırıldığını əsaslandıraraq, vurulan ziyanın məsuliyyətini də qəbul etməyib: “Müştərilər qiyməti 1000 TL olan məhsulu 1, hətta 0 TL olaraq göstərir, bu da bağlamaların rəsmiləşməsini ləngidir. Gömrük orqanının apardığı yoxlanışa görə çatdırma şirkətinin məsuliyyətindən söhbət gedə bilməz. Təcrübəmizdə əməkdaşımızın müştərinin malının qiyməti yerinə kodu qeyd etməsi faktı olub və səhv bizim olduğu üçün kompensasiya olunub. Müştəridən qaynaqlanan problemə görə isə hər hansı məsuliyyəti qəbul etmirik”.
Gömrükdə saxlanılma barədə müştəriyə məlumat verilmədiyi təqdirdə necə yol izlədiklərinə gəlincə, bu halda şirkətin məsuliyyəti barədə “Şirkət qaydaları”nda heç nə yoxdur: “Müştərilər qeydiyyatdan keçərkən həmin qaydaları oxuyub qəbul ediblər”.
Ümumiyyətlə, müştərilərlə anlaşılmazlıq şirkətdə tez-tez baş verir: “Mexaniki səhv və ya başqa səbəblərdən müştəridən əlavə ödəniş tələb etdiyimiz də olub, əksinə müştəriyə vəsait qaytardığımz da. Belə hallarda müştərilərimiz bizə anlayış göstərir”.
Çoxunun “Şirkət qaydaları”nda əksini tapmadığı bu cür anlaşılmazlıqlar isə V.Adıgözəlovun “İnsani qaydalar” adlandırdığı qaydalarla tənzimlənir.
Hər halda yazılmamış insanı qaydaların şərtinə uyğun olaraq, şirkət əməkdaşı işdən azad edilib. Hərçənd, menecer əməkdaşın işdən azad olunma səbəbinin sözügedən faktla bağlılığını qəbul etməyib. Onun sözlərinə görə, həmin əməkdaş başqa problemlərə görə işdən azad edilib.
Kimdir günahkar?
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib ki, ənənəvi ticarətlə onlayn ticarət paralel inkişaf edir: “İki ticarət növü sanki biri-biriylə yarışdadır, rəqabət mühiti yaradıblar. Ancaq onlayn ticarətdə insanlar xüsusilə ehtiyatlı olmalıdırlar. Məsələn, onlayn sifarişlə gələn dərmanların əsasən 70 faizi saxta çıxır. Xüsusən ölkəmizdə istehlakçı tələbatının artması istehlakçı hüquqlarının pozulması faktlarının çoxalması ilə müşayiət olunur: “Pandemiya şəraitində onlayn alış-veriş geniş vüsət aldığından karqo şirkətlərində aldatmalar da artmağa başladı. Bu sahədə aldığımız şikayətlərin çeşidi müxtəlifdir. Onlayn sifariş olunan mal çatdırılır, amma istehlakçı məhsulun onun tələbatını ödəmədiyini müəyyən edir. Müştərinin malı qaytarmaq cəhdi boşa çıxır. Yaxud, mal gətirilərkən sındırılıb. Bu zaman karqo şirkətiylə problem yaranır. Şirkət bunu müştərinin özünün boynuna qoymağa çalışır. Bu günlərdə daxil olan şikayətə görə isə karqo şirkəti müştərinin malını itirib. Müştəri pulunu tələb edir, şirkət isə pulu vermək istəmir”.
İstehlakçı bu səpkili problemlə üzləşərkən nə etməlidir? Cavab çox sadədir: “Karqo şirkətləri istehlakçıların hüquqlarını tez-tez pozur. Bu faktlar da istehlakçı hüquqlarıdır və İqtisadiyyat Nazirliyinin Antiinhisar və bazara nəzarət Dövlət Xidmətinə müraciət etmək lazımdır. 599-76-00 nömrəli telefonla istehlakçılar pozulan hüquqları barədə müvafiq qurumu xəbərdar edə və hüquqlarının bərpa olunmasına nail ola bilərlər”.
Nəticə: N.Mərdanovanın malının gömrükdə saxlanma səbəbi aldıqlarının dəyərini yanlış göstərməsi olub: “Qiymətin malın dəyərindən az göstərilməsi alış-veriş etdiyim mağazadan sifarişlərimin hamısının göndərilməməsi ilə əlaqədar oldu. Əvvəlcə daha çox mal sifariş etdim, sonra müəyyən səbəblərdən bir neçə sifarişim ləğv edildi. Ona görə də sifarişimlə göndərilən malın dəyərində fərq əmələ gəldi. Bu fərq də məni vergidən yayınıram kimi göstərdiyindən sifarişim gömrükdə saxlanılıb”.
Unutmayaq ki, qaçaqmalçılıq hallarının qarşısının alınması məqsədilə gömrükdə aparılan yoxlamalar zamanı sifarişlərin real qiymətinin göstərilməməsi, dəyərindən aşağı qeyd edilməsi məsuliyyət yaradır. Ona görə də, malın dəyərini yanlış göstərdiyiniz alış-veriş sizə, nəinki ucuz başa gələr, əksinə ölkəmizdəki mövcud bazar qiymətlərindən də yuxarı çıxar. Üstəgəl, sifarişinizi çatdıran şirkətlərlə əlavə problemlər, əsəb gərginliyi, stress də bu problemin duzu-istiotudur ki, göründüyü kimi, heç kim belə anlaşılmazlıqlardan sığortalanmayıb. Hər birimizin başına gələ biləcək belə problemlərlə qarşılaşmamaq üçün diqqətli olaq. Həm mal seçəndə, həm sifariş edəndə, həm də onu kimin, hansı yolla çatdıracağına qərar verəndə.