Az müddət öncə İrəvanda səfərdə olmuş “Fransa-Ermənistan Dostluq Qrupu”nun prezidenti  Gilbert-Luc Devinaz, senatorlar Bricit Deveza, Piyer Ozolia və Eyten Blan Azərbaycana qarşı ittihamlarla çıxış ediblər. Avropanı ikiüzlü adlandıran senator Piyer Ozolia Aİ-ni Azərbaycan vasitəsilə Rusiya qazını almaqda ittiham edib. Sitat: “Azərbaycan Türkiyənin Aralıq dənizi limanına gedən qaz kəməri ilə Avropaya əlavə neft tədarük edir və biz bilirik ki, bu neftin bir hissəsi Rusiyadan gəlir. Avropa neftə olan tələbatını ödəmək üçün yenə də mənəvi prinsiplərini unudur”.

Faktyoxla Lab.
bu iddianı araşdırıb.

Əvvəla, Rusiya qazının Azərbaycan ərazisindən keçən, daha doğrusu ölkəmizin ərazisi vasitəsilə Avropaya çıxışını təmin edəcək, yaxud birləşdirəcək qaz marşrutu şəbəkəsi yoxdur. Rusiyanın Avropaya qaz nəqlini təmin edən “Şimal axını - 2” və “Türk axını” marşrutları isə Azərbaycanın coğrafi ərazilərindən 100 km-lərlə kənardan keçir.

Avropaya nəql olunan Azərbaycan qazını təmin edən yeganə kəmər Cənub Qaz Dəhlizinin əsas xətti olan TAP kəməri isə Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanın ərazilərini əhatə edir və bu Qərb marşrtunun Rusiya qaz kəmərləri ilə birləşdirən heç bir xətt və infrastrukturlar yoxdur, coğrafi baxımdan qətiyyən mümkün deyil.

 

“Fransa-Ermənistan Dostluq Qrupunun” prezidenti Gilbert-Luc Devinaz da səslənən ittihamlara qoşularaq Avropanın Rusiyaya sanksiyaları şəraitində Rusiya qazı ilə yanaşı, neftinin Azərbaycan vasitəsilə Avropaya çatdırıldığını iddia edib.

Bu iddiaya da aydınlıq gətirək. Əslində burada aydınlıq gətiriləcək bir şey də yoxdur. Məlumdur ki, Azərbaycan və Rusiya arasında yeganə neft kəməri olan Bakı-Novorossiysk (Şimal marşrutu) kəməridir ki, bu marşrut Rusiya neftini deyil, əksinə Azərbaycan neftini (ildə cəmi 1 -1,5 milon ton) nəql edir. Yəni Azərbaycana Rusiya nefti daxil olmur.

Azərbaycan neftinin Avropaya nəqlini həyata keçirən yeganə kəmər olan Bakı-Tbilisi-Ceyhan marşrutudur ki, bu kəmər Gürcüstan ərazisindən keçməklə Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına neft nəql edir. Kəmərin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir. (mənbə)
Senator Eyten Blan
isə Avropa İttifaqını Azərbaycanla 2 ay əvvəl imzalanmış qaz sazişinə toxunaraq bunu Aİ üçün səhv qərar adlandırıb. Senator bildirib ki, Fransa adından Avropa Komissiya qarşısında qaz və neft tədarükünə qarşı sanksiyaların tətbiqi məsələsini qaldıracaq. 
Əslində Fransanın bəzi senatorlarının Avropa Komissiyası ilə Azərbaycan arasında enerji əməkdaşlığına qarşı çıxması, Aİ-ni ittiham etməsinə və dəfələrlə müxtəlif tədbirlərdə, mediada Cənub Qaz Dəhlizini gözdən salmaq cəhdlərinə rast gəlmişik. Amma Avropa İttifaqı (Aİ) fransalı, kanadalı, amerikalı senatorların mer bəyanatlarına deyil, konkret münasibətlərə xüsusi əhəmiyyət verir. Bu qurumun enerji siyasətini də məhz nəhəng enerji korporasiyaları və nüfuzlu enerji komissarları müəyyən edir.
 2022-ci il iyulun 18-də ölkəmizə səfər edən və Prezident İlham Əliyevlə “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalayan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin “Biz daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəldik və Azərbaycanı onların sırasında hesab etməkdən məmnunam” bəyanatı gələcək uzunömürlü enerji əməkdaşlığı üçün nida işarəsidir
Xanın Lyayen onu da bəyan edib ki, “Biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur”.
Sentyabrın əvvəllərində Brüsseldə keçirilən Aİ-nin Fövqəladə Enerji Şurasının iclasında çıxış edən Ursula Fon der Lyayen bir daha Azərbaycanın Avropanın enerji təhlükəsizliyində olduqca vacib tərəfdaş olmasına diqqət çəkib, Aİ üçün etibarlı təchizatçılar ailəsində Azərbaycanın yer almasına toxunub.

 
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson da dəfələrlə bəyan edib ki, Aİ-nin gələcək uzunmüddətli qaz təminatında yer alan ölkələr sırasında Azərbaycanın mühüm yeri vardır. Xanım Simson hesab edir ki, Azərbaycanın Qərbə qaz nəqlini təmin edən yeni boru kəməri bağlantısı Aİ-yə Rusiyadan nəql olunan qazın əhəmiyyətli bir hissəsini əvəz etməyə kömək edəcək. (mənbə)
Avropa İttifaqının sentyabrın 8-də Brüsseldə keçirilən Fövqəladə Enerji Şurasının iclasında Azərbaycanın yeni qaz təchizatı platformasında önəmli yerinə və mövqeyinə dair tək Aİ rəsmiləri deyil, bir çox Avropa ölkələrinin enerji nazirlərinin də fikirlərinə rast gəlmək olar. Həmin tədbirdə Kadri Simson növbəti dəfə Azərbaycanı Avropa üçün açılmış yeni enerji qapısı adlandıraraq yaxın həftələrdə ölkəmizlə enerji dialoqunu yeniləməyi planlaşdırdıqlarını bəyan edib. (mənbə)
Sentyabrın 23-də “Euronews” TV-yə müsahibəsində Avropanın enerji komissarı yenə də Aİ-nin enerji və qaz xəritəsində Azərbaycanın həlledici mövqeyindən bəhs edib.
Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda bir daha Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan strateji roluna xüsusi toxunulub. Cənub Qaz Dəhlizi çərçivəsində Trans-Adriatik (TAP) boru kəməri ilə Avropaya nəql edilən qazın Aİ-nin yanacaq təminatında yeni səhifə açması vurğulanıb.
Gerçəklik budur ki, Avropa Birliyi Azərbaycandan daha çox neft-qaz almaq istəyir, gələcəkdə qaz tələbatlarını TAP-ın gücünün artırılması, ən azı 20 milyard kubmetrə çatdırıması üzərində işləyir. (mənbə)
2030-cu ilə qədər Cənub Qaz Dəhlizi ilə qazın nəqlinin ən azı 22,5 milyard kubmetrə, 2040-cı ildə isə 25 milyard k.metr və daha çoxuna çatdırılması planlaşdırılır. Qısası, Aİ Azərbaycan qazının nəqli üçün bütün potensial imkanları səfərbər etmək niyyətindədir. (mənbə)

Göründüyü kimi Aİ-nin Azərbaycanla bağlı qətiləşmiş və konkretləşmiş mövqeyi və siyasəti bütün dünyaya bəllidir, qarşıdakı onilliklər ərzində ölkəmizin enerji marşrutlarının gücünün və qazın həcminin 2 dəfə artırılması başlıca hədəfdir. Dünyadakı ermənipərəst avropalılar, o cümlədən fransız senatorlar AvroKomissarlığa nə qədər danos yazmağa çalışsalar da, faydası yoxdur, dünyanın enerji xəritəsində Azərbaycanın ildən-ilə genişlənən coğrafiyasını hələ uzun müddət görməli olacaqlar.