Rusiyadan tibbi məhsulların tədarükündə yaranan  fasilələr Azərbaycan apteklərini bir sıra məhsullardan məhrum edib. Bunu “Əczaçılar Klubu”nun rəhbəri Şövqi Bünyatov deyib. İctimai birlik sədrinin sözlərinə görə, hazırda yod almaq çox çətindir. Son aylar apteklərə gündə dörd flakondan çox yod verilmir. Amma gündəlik tələbat isə təxminən 50-60 ədəddir.

“Rusiyada bu məhsullar daxili istifadə üçün nəzərdə tutulub. Sərhəddəki vəziyyətə görə idxal dayandırılıb. Öz istehsalımız olmadığı üçün dərman qıtlığı var”, - deyə Şövqi Bünyatov izah edib. Azərbaycanlı alıcıya tanış olan dərmanlar Yaroslavl əczaçılıq zavodunda istehsal olunur. Təchizatçıların dəyişdirilməsi yalnız vaxt tələb etmir, həm də əvvəlki istehsalçı ilə əlaqələrin kəsilməsini tələb edən uzun bir prosesdir. 

Öz növbəsində Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, ölkə apteklərində yod çatışmazlığının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. (mənbə)

"Ölkəyə yodun idxalı ilə bağlı müraciətə sonuncu dəfə aprel ayında müsbət cavab verilib. Bir daha sentyabrın sonunda yod idxal edən şirkətdən yeni müraciət qeydə almışıq. İnanıram ki, yaxın vaxtlarda yod çatışmazlığı aradan qaldırılacaq”, - struktur qeyd edib.

Faktyoxla Lab. bu dərmanla bağlı Azərbaycanda yaranan qıtlığın yalnız tədarükçünün dəyişməsi ilə bağlı olub-olmadığını öyrənməyə çalışıb.

Məlum olub ki, yod çatışmazlığı təkcə Azərbaycanda müşahidə olunmur. Məsələn, radiasiya təhlükəsi zamanı bu dərmanın istifadəsi ilə bağlı Finlandiyanın Sosial İşlər və Səhiyyə Nazirliyinin yeni tövsiyələrindən sonra bu ölkə apteklərində yod preparatları sentyabr ayında tükənib. Tövsiyəyə görə, dərman, 40 yaşdan aşağı insanların evdəki tibbi yardım çantasında olmalıdır. Çünki radiasiyaya məruz qalma nəticəsində qalxanabənzər vəzi xərçənginə tutulma riski var. Yod da bu riski önləyən dərmanların siyahısındadır. Milli Əczaçılar Assosiasiyası deyir ki, yod yaxın gələcəkdə Finlandiya bazarında bol olacaq. Amma finlərin yoda tələbatı onu göstərir ki, onlar Ukraynada yaşanan qarşıdurmanın nüvə müharibəsinə gətirib çıxaracağına inanırlar.

Məsələ burasındadır ki, Rusiyanın özündə də vəziyyət yaxşı deyil. “RNC Pharma” şirkətinin İnkişaf direktoru Nikolay Bespalov bu yaxınlarda Rusiyanın beş milyon rubl dəyərində radiasiya həbləri alması ilə bağlı danışıb. Bundan əvvəl isə dövlət satınalmaları idarəsinin saytında külli miqdarda kalium yodidin tədarükü ilə bağlı tender elan olundu ki, bu da sosial şəbəkələrdə səs-küy yaratdı (mənbə).

Satınalma FMBA-ya tabe olan bir struktur tərəfindən həyata keçirilir: o, radiasiya və kimyəvi təhlükəsizliklə məşğul olur, “Rosatom” və radioaktiv materiallarla işləyən digər şirkətlərin ehtiyaclarını təmin edir.

"Əlbəttə, bu struktur onları radiasiyadan mühafizənin ən sadə vasitələrindən biri olan kalium yodidlə təmin etməlidir. Bu, tamamilə adi bir prosesdir və bizdə radiasiya ilə əlaqəli çoxlu sayda nüvə energetikası, laboratoriya və tibbi obyektlər var", - deyə Bespalov əlavə edib.

"Biz nüvə müharibəsinə hazırlaşırıq? Təəssüf ki, ya da xoşbəxtlikdən bu haqda dəqiq heç nə bilmirəm. Amma onu  qəti şəkildə deyə bilərəm ki, bu tenderin nüvə müharibəsinə hazırlıqla bağlı heç bir əlaqəsi yoxdur", - deyə mütəxəssis fikrini yekunlaşdırıb.

Maraqlıdır ki, Rusiyanın nüvə silahından istifadə ehtimalı ilə bağlı getdikcə artan söhbətlər fonunda Ukraynada da həkimlərin nüvə zərbəsi zamanı istifadəni tövsiyə etdiyi kalium yodidin çatışmazlığı müşahidə olunur.

Xatırladaq ki, nüvə zərbəsi təhlükəsi işğal olunmuş Ukrayna ərazilərində keçirilən qondarma “referendumlar”dan və xüsusən də Putinin bu əraziləri ilhaq etmək qərarından və “yeni ərazilərin mühafizəsi üçün bütün vasitələrdən” istifadə ediləcəyi barədə bəyanatlardan sonra daha da artıb. "Ölkəmizin ərazi bütövlüyünə təhlükə yaranarsa, biz, şübhəsiz ki, Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Bu, blef deyil", - Putin bildirib.

Bütün bu təhdidlər fonunda kalium yodidə tələbat kəskin şəkildə artıb. Müşahidələrə görə, məsələn, Kiyev sakinləri kalium yodidi nüvə zərbəsi zamanı qəbul edilməsi tövsiyə edilən dozadan qat-qat artıq miqdarda alırlar. “Kalium yodid”ə olan həddindən artıq tələbat artıq dərmanın qiymətinin qalxmasına və onun reklamlar vasitəsilə yenidən satışına səbəb olub. Beləliklə, məsələn, bir aptekin saytında “Darnitsa” əczaçılıq zavodunun bir blisteri (10 tablet) 300 qrivinə satılır. Baxmayaraq ki, əvvəllər iki dəfə ucuz, 150 qrivinə satılırdı. 

Beləliklə, məlum olur ki, 2021-ci ildə qlobal yod istehsalı 35 min tona qədər artıb. Bu da 2020-ci illə müqayisədə 5% çoxdur. Ukraynada baş verən hadisələrə görə bir çox ölkələrdə yod çatışmazlığı müşahidə olunur.

Ancaq bu sual açıq qalır: radiasiyadan zərəri minimuma endirmək üçün yodun vacib olduğu doğrudurmu?

Radiasiyanın zərərini minimuma endirmək üçün yodun zəruri olduğu haqda bir çox nəşrlərdə məlumat var. Yuxarıda qeyd edildiyi kimi, nüvə silahından istifadə ilə bağlı narahatlığın artması fonunda Ukrayna və Rusiya ilə həmsərhəd olan bir çox ölkələrin apteklərində tərkibində yod, eləcə də “kalium yodid” olan bir çox dərmanın qıtlığı yaranıb. Məsələn, hələ  sentyabr ayında mətbuatda yod tərkibli dərmanların çatışmazlığı ilə bağlı məlumatlar yayılıb. Radiasiyaya məruz qaldıqda yodun zəruri olması dolayısı ilə fərdi tibbi yardım çantasının (AI-4) ən son versiyasında "Radioprotektiv agent No 2" adı altında tövsiyə olunur (mənbə).

ÜST-in versiyasına görə, radiasiya və ya ionlaşdırıcı şüalanma enerjinin elektromaqnit dalğaları və ya atomaltı hissəciklər şəklində ötürülməsidir. Təbiətdə təbii radiasiya mənbələri var - torpaqda, suda, havada və insan orqanizmində mövcud olan radioaktiv maddələr. İonlaşdırıcı şüalanmanın süni mənbələri də var - rentgen aparatları və ya radiofarmasevtiklər. Radiasiyanın yayılması sənaye qəzası (Çernobıl və Fukusimada olduğu kimi), atom elektrik stansiyasında terror aktı (məsələn, Zaporoje AES-də terror aktı təhlükəsi var) səbəbindən baş verə bilər. Və ya nüvə silahından istifadə halında (Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində olduğu kimi) yayıla bilər.

Qeyd etmək lazımdır ki, nüvə fəlakəti nəticəsində təkcə yod deyil (I-131) müxtəlif radioaktiv elementlər buraxılır. Məsələn, uran və plutoniumun parçalanma reaksiyalarında sezium (Cs-137 və Cs-134) və stronsium (Sr-89 və Sr-90) da ayrılır (mənbə). Bundan əlavə, partlayışlar nəticəsində tallium, rutenium, ksenon və digər elementlərlə çirklənmə baş verə bilər.

Maddələrin hər biri üçün özünə xas antidotlar var. Yod qəbulu heç bir şəkildə sezium və ya stronsiumun zərərli təsirlərini azaltmayacaq. Bu halda, məsələn, sezium və talliumun zərərli təsiri Berlin mavisi ilə minimuma endirilir, stronsiumun antidotu aktivləşdirilmiş barium sulfat (adsobar) və polisurmindir (mənbə).

Eyni anda bir neçə radioaktiv birləşmədən qoruyan kompleks preparatlar da var. Yəni radiasiyaya məruz qalmanın hər bir konkret vəziyyətində qorunmaq üçün özünəxas dərman qrupundan istifadə edilməlidir. Bir yod preparatı, yəni kalium yodid, radioaktiv yodun bədənə zərərli təsirini minimuma endirməyə qadirdir, xüsusən də elementin radioaktiv izotopunun ən əhəmiyyətli miqdarını toplayan qalxanvari vəzi qoruyur. Kalium yodidi (sabit yod) qəbul edərkən, qalxanvari vəzi "doldurur" və o, sadəcə radioaktiv yodu udur. Bu üsul qalxanvari vəzin yod blokadası adlanır. “Kalium yodid” geniş yayılmış olduğundan (apteklərdə reseptsiz satılır), radiasiyadan qorunmaq üçün populyarlığı, məsələn, kompleksdən istifadə edərək əldə edilməsi olduqca çətin olan Berlin mavisindən qat-qat yüksəkdir.

Yadda saxlamaq lazımdır ki, yalnız kalium yodidin daxilə qəbulu radioaktiv yoda qarşı effektiv qorunma təmin edir. Dəriyə çəkilən “yod setkası” istənilən effekti verməyəcək. Ancaq boğazın yoluxucu və iltihablı xəstəliklərini müalicə etmək üçün istifadə olunan Lyuqol məhlulu, kalium yodidin tablet formasını yaxşı əvəz edə bilər (mənbə). 

Federal Tibbi-bioloji Agentlik rəsmi saytında fövqəladə vəziyyətin baş verdiyi halda yodun spirt məhlulunun istifadəsinə icazə verir, lakin “kalium yodid” tabletləri tövsiyə etmir. Bununla belə, orada da ciddi şəkildə vurğulanır ki, belə terapiya yalnız tibb işçiləri tərəfindən aparılmalıdır. ÜST-nin internet saytında "Nüvə və ya radioloji fövqəladə hallar zamanı qalxanabənzər vəzin qorunması üçün kalium yodidin istifadəsi" bölməsində “kalium yodid”in yalnız tablet forması qeyd olunur və əvəzetmə variantları göstərilmir.

Onu da qeyd etmək lazımdır ki, yod və multivitamin kompleksləri olan qida əlavələri kalium yodidi əvəz edə bilməz. Orta hesabla, bu cür preparatlarda gündəlik yod dozası 100-200 mkq təşkil edir. Ancaq qalxanabənzər vəzin effektiv blokadası üçün bir yetkin insan 125 mq. qəbul etməlidir. Həmçinin, yodlaşdırılmış duz “kalium yodid”ə alternativ ola bilməz. Onun tərkibində çox az stabil yod var və qısa müddətdə əhəmiyyətli miqdarda duz qəbul etmək sağlamlıq üçün təhlükəlidir.

Qeyd etmək lazımdır ki, “kalium yodid”i zərurət olmadıqda qəbul etmək faydasızdır və hətta bəzi hallarda zərərli ola bilər. ÜST ən optimal intervalı belə müəyyənləşdirib: radiasiyanın yayılmasından 24 saat əvvəl və 2 saat sonra. Radiasiyaya məruz qalmadan səkkiz saat sonra kalium yodidi qəbul etmək də məsləhətdir, lakin daha az təsirlidir.

Radiasiyanın yayılmasından 24 saat sonra yod profilaktikası faydasızdır. Qalxanabənzər vəzin yod blokadası olduqca qısadır - cəmi 24 saat davam edir. Uzun müddət və ya təkrar məruzqalma, çirklənmiş qida və içməli suyun istehlakından yayınmağın qeyri-mümkün olması və ya qəza yerindən evakuasiyanın qeyri-mümkün olması halında, birincidən 24 saat sonra yenidən yod preparatlarının qəbuluna icazə verilir.

Yod blokadası qısamüddətli xarakter daşıdığına görə, hər ehtimala qarşı “kalium yodid” hər gün qəbul edilməməlidir. 2004-cü ildə Balakov AES-də baş verən qəzadan sonra yerli sakinlər kütləvi şəkildə yod almağa başladılar - spirt məhlulu, tabletlər, yodlaşdırılmış duz və ya dəniz yosunu şəklində. Nəticədə Saratov, Samara, Saransk və Penza sakinləri ağır zəhərlənmə ilə xəstəxanaya yerləşdirildilər.

Yoddan zəhərlənmə, hətta ölümə də səbəb ola bilər. Yod intoksikasiyası ilə dil və səs telləri şişir, boğulma inkişaf edir, böyrəklər və ürək-damar sistemi zədələnir, qusma və ishal başlayır, zehni funksiyalar da zərər görür.

Yekun olaraq qeyd edək ki, yod preparatları, ilk növbədə kalium yodid, həqiqətən də qalxanabənzər vəzi radioaktiv yoddan qoruyur. Eyni zamanda, real təhlükə zamanı kalium yodidi tövsiyə olunan dozalarda və ciddi şəkildə qəbul etmək vacibdir. Profilaktika üçün qalxanabənzər vəzin yod blokadasına alınması  faydasız və hətta təhlükəlidir. Yadda saxlamaq lazımdır ki, yod yalnız qalxanabənzər vəzi ancaq radioaktiv yoddan qoruyur.