“Freedom House” 2022-ci il üzrə “İnternet Azadlığı İndeksi”ni açıqlayıb.Təşkilat internet azadlığını yekun olaraq 3 kateqoriya üzrə təsnifləşdirib: azad, qismən azad və azad olmayan ölkələr. Siyahıda Gürcüstan 78 indeks xalı ilə 7-ci, Ermənistan isə 74 balla 14-cü yer olmaqla “azad ölkələr sırasında” yer alıb. Təşkilatın ölçü meyarlarına görə, Azərbaycan və Türkiyə müvafiq olaraq 38 və 32 balla “azad olmayan ölkələr” sırasına daxil edilib.

Faktyoxla Lab. adı qeyd edilən təşkilatın siyahısını incələyib.  

Araşdırma üçün internet və İKT üzrə ölkələrin mövcud vəziyyəti, resursları, infrastruktur təminatı, insanların İT üzrə iştirakçılıq səviyyəsi, digər faktorlara diqqət yetirək.

Hansı ölkənin internet və İT üzrə daha yaxşı, daha azad olmasını ayırd etmək üçün “Qlobal Rəqəmsal Hesabat”a (DataReportal) baxmaq kifayət edir. Həmin tədqiqat institutu 100-ə yaxın peşəkar İKT mütəxəssisi ilə birgə çalışdığından əlbəttə, onun hesabatına şübhə yeri qalmır. “DataReportal” indeksinə əsasən, internet azadlığını müəyyən edən göstəricilər təkcə, istifadəçilərin xüsusi çəkisi ilə ölçülmür. Burada 2 amil xüsusi olaraq nəzərə alınır. Onlardan biri penetrasiya, yəni internetə çıxış almaq üçün texniki imkanlar, şəbəkənin fiziki əlçatanlığıdır. İkinci amil internetin surətidir. mənbə

“Freedom House”un 62 balla üst sırada yerləşdirdiyi Cənubi Afrikanın uzaq əyalət ölkəsi olan Anqolanın internetlə bağlı əsil mənzərəsini “DataReportal”-a diqqət etməklə görə bilərik. Sənəddə qeyd edilir ki, əhalisi 34,5 milyon nəfər olan Anqolada internet istifadəçilərinin sayı 12,4 milyon nəfərdir. Yəni 34-36 faiz istifadəçi və aktiv iştirakçı sayına görə, Azərbaycandan 2,8 dəfə geri qalır. Orta sabit internet bağlantısı sürəti 12.26 Mbps-dir. Azərbaycanda internet trafikinin sürəti 32,52 Mbit/s təşkil edir. Yenə də Anqoladan 2,8 dəfə yüksək. Bu ölkədə 2,75 milyon sosial media istifadəçisi var, yəni əhalinin cəmi 6 faizi. (mənbəAnqolada tariflər hədsiz bahadır, korporativ istifadəçilər üçün qoşulma 240 dollar, illik paket 1890 dolardır. Yerli telefon şəbəkəsi ilə danışığın bir saatının qiyməti 14 dollardır. Telefon xəttinin abunə haqqı ayda 10 dollardır. İnternet provayderlərinin ümumi sayı cəmi 5-dir. Bu ölkədə 5G bazası ümumiyyətlə yoxdur, Belə bir fəlakətli internet imkanlarına malik ölkəni “Fredoom House”un hesabatda ən azad ölkələrdən biri kimi təqdim edir. mənbə

Müqayisə üçün deyək ki, Azərbaycanda hələ 2020-ci ilin statistikasına əsasən, aktiv sosial şəbəkə istifadəçilərinin sayı 4,3 milyon nəfər olub ki, bu da əhalinin 42,2 faizini təşkil edir. İstifadəçilərin 98,1 faizi və ya 4,22 milyonu sosial şəbəkələrə mobil telefonlar vasitəsilə daxil olur. mənbə

Başqa bir nümunə, 58 balla “azad internet ölkəsi” kimi təqdim edilən Zambiyada (əhalisi 18,65 milyon nəfər) internet istifadəçilərinin sayı 5,48 milyon nəfərdir, yəni 29 faiz. Bu ölkədə sosial media istifadəçilərinin sayı isə 2,6 milyon nəfərdir ki, bu da ümumi istifadəçilərin 14 faizi deməkdir. Zambiyada internetin trafikinin sürəti 12,7 Mbit/s təşkil edir. (Azərbaycanda 3 dəfə aşağı-red.). Ölkədə cəmi 8 provayder fəaliyyət göstərir. Müqayisə üçün deyək ki, Türkiyədə 800, Azərbaycanda 70-dən artıq internet provayderi çalışır.

Yaxud 56 balla digər azad internet ölkəsi kimi təqdim edilən Qambiyaya baxaq. Əhalisi 2,52 milyon nəfər olan Qambiyada 1,2 milyon internet istifadəçisi var, təxminən əhalinin yarısı. Ancaq internetin sürəti 7 Mbit/s-dən yüksək deyil (Azərbaycandan 5 dəfə aşağı). Bu ölkədə sosial media istifadəçisilərinin sayı 461 min nəfərdir ki, bu da ümumi internet istifadəçilərinin 18 faizi deməkdir. mənbə

“Freedom House”un 74 balla ən yuxarı yerlərdən birində yerləşdirdiyi Ermənistanın “DataReportal”dakı mənzərəsinə də diqqət edək. Təxminən 3 milyon əhalisi olan Ermənistanda internet istifadəçilərinin sayı 1,98 milyon nəfərdir. Bu, ümumi əhalinin 66,5 faizini təşkil edir. Mobil şəbəkələr vasitəsilə orta mobil internetin bağlantı sürəti 24,27 Mbps, orta sabit internet bağlantısı sürəti: 27,93 Mbps-dir. Ermənistanda 2,05 milyon sosial media istifadəçisi qeydə alınıb ki, bu da ümumi əhalinin 69 faizi deməkdir. mənbə
“DataReportal”da qeyd edilir ki, 10,26 milyon əhalisi olan Azərbaycanda 8,32 milyon internet istifadəçisi mövcuddur. Bu, ümumi əhalinin 81,1 faizini təşkil edir. Ölkəmizdə 5,2 milyon sosial media istifadəçisi qeydə alınıb ki, bu da əhalinin 50,7 faizinə bərabərdir. 85,3 milyon əhalisi olan Türkiyədə əhalinin 69,95 milyon internet istifadəçisidir ki, bu da əhalinin 82 faizi deməkdir. Türkiyədə 68,9 milyon sosial media istifadəçisi var ki, bu da ölkə əhalisinin 80,8 faizinə bərabərdir. mənbə

Bu cür müqayisələri kifayət qədər uzatmaq da olar. Ancaq əsil həqiqət göz önündədir, “Freedom House”un Ermənistan da daxil olmaqla, Azərbaycan və Türkiyədən daha yaxşı azad internet ölkəsi kimi sırıdığı Kamboca, Banqladeş, Kolumbiya, Ekvador, Qana, İndoneziya, İraq, Livan, Keniya, Liviya, Nigeriya, Nikaraqua,  Ruanda, Tunis, Uqanda, Zimbabve kimi ölkələrin İT sektorunun hansı acınacaqlı vəziyyətdə olduğunu “DataReportal”un yuxarıdakı hesabat sənədi əks etdirir.

Bu yazını ingilis dilində buradan oxuya bilərsiniz

Digər mötəbər mənbəyə də istinad edək. İnternet və İKT xidmətləri üzrə dünyada ən dürüst və peşəkar təşkilat kimi tanınan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “The State of Broadband” (“Genişzolaqlı dövlət 2021”) hesabatı da dünya ölkələrində internetin vəziyyətinə dair aydın təsəvvür yaradır. Həmin hesabatda Azərbaycan internet xidmətlərinə çıxış və istifadəçilərin sayı üzrə dünyada 36-cı yerdə qərarlaşıb. Ölkəmiz təkcə, hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayına görə 53-cü pillədədir ki, bu göstərici üzrə Rusiya, Türkiyə, İran, Qazaxıstan və Ermənistanı geridə qoyur.

Bir məqamı da vurğulayaq ki, “The State of Broadband” hesabatı 2021-ci ildən əvvəlki dövr üzrə qiymətləndirmələrə əsaslanır. Yəni Azərbaycan son 2 ildə həm ümumi internet istifadəçilərinin, həm də genişzolaqlı internet istifadəçilərinin sayına görə əhəmiyyətli irəliləyiş əldə etməklə mövqeyini daha da yaxşılaşdırıb. Belə ki, hazırda ölkəmizdə hər 100 nəfərə düşən internet istifadəçinin sayı 85 nəfərdir. Dünya üzrə orta göstərici 63, o cümlədən Avropa üzrə orta göstərici 83 nəfər təşkil edir. Yəni, ölkəmiz hər iki dünya göstəricisini xeyli üstələyib. mənbə

Dünya ölkələrinin rəqəmsal inkişaf və internet resursları imkanları ilə bağlı digər ən ədalətli və dürüst qiymətləndirmə indeksi BMT-nin “Elektron Hökumətin İnkişafı İndeksi” hesabatıdır. Bu hesabatı “Freedom House” kimi İKT-yə dəxli olmayan hansısa siyasət dəllalları deyil, peşəkar İKT komandası hazırlayır. Hesabatın metodologiyası ölkələrdə İKT infrastrukturunun mövcud vəziyyəti, rəqəmsal xidmətlər üzrə imkanlar və istifadə sayı, elektron portalların məzmunu, strukturu və onlardan istifadə rahatlığı, xidmətlərin cəmiyyətin hər bir fərdi üçün əlçatanlığı, mobil xidmətlərin səviyyəsi, genişzolaqlı internet şəbəkəsinin həcmi, adambaşına düşən telefon və mobil internet səviyyəsi, innovasiyaların tətbiqi və digər amillərə əsaslanır. Hesabat həmin göstərcilər əsasında təsnifləşdirilərək “Onlayn xidmət”, “Telekommunikasiya infrastrukturu” və “İnsan kapitalı” alt-indekslərə bölünməklə dövlətlərin “ən yüksək”, “yüksək”, “orta” və “aşağı” qruplarına bölünür. Azərbaycan “Onlayn Xidmətlər” alt indeksi üzrə 100 mümkün baldan 61 bal, “Telekommunikasiya İnfrastrukturunun İnkişafı” alt-indeksi üzrə 67, üçüncü sub-indeks olan “İnsan Kapitalı” üzrə 79 bal toplayıb. Göründüyü kimi, Azərbaycan hər üç alt-indeks üzrə nəzərdə tutulmuş orta baldan yüksək bala malikdir.  


Ümumilikdə, Azərbaycan 69 balla 23-cü sırada yer almaqla “yüksək” dövlətlər qrupuna aiddir. Azərbaycan “Elektron Hökumətin İnkişafı İndeksi” üzrə 193 ölkə arasında 83-cü yerdə qiymətləndirilib. Bu, “yüksək-orta gəlirli ölkələr” sırasında yer almaq deməkdir. mənbə

Asiya İnkişaf Bankının “Azərbaycan: Ölkənin Rəqəmsal İnkişafının İcmalı” hesabatında da Azərbaycanın İKT sahəsində son illərdə əldə etdiyi irəliləyişlərin geniş təsviri verilib.

İndi isə sadəcə müqayisə üçün “İnternet Azadlığı İndeksi”ndə ön sıralardan biri və “azad ölkə” yarlıkı “hədiyyə edilmiş” Ermənistandakı online-media və söz azadlığının 2021-2022-ci il üçün vəziyyətini təhlil edək.

“Freedom House”-un siyahısı açıqlanarkən hesabat dövrünün 2021-ci ilin oktyabr və 20220-ci ilin iyun aylarını əhatə etdiyi bildirilib. Biz də çox uzaq tarixə deyil, məhz bu dövrə nəzər yetirəcəyik.   

Bu dövrü araşdırarkən, ilk diqqəti cəlb edən Baş nazir Nikol Paşinyanın komandasının son 2 ildə media və söz azadlğını məhdudlaşdıran qərarları ilə Ermənistanda informasiya və internet azadlığının ciddi təhlükə ilə üzləşməsi haqda məlumatların çoxluğu oldu. Yerli və xarici təşkilatların hesabatlarına görə, 2020-ci ildə qəbul edilmiş “Audiovizual media haqqında” yeni qanuna görə, yayım tezlikləri, lisenziyalaşdırma qaydaları, xarici audiovizual proqramlar üzrə müqavilə şərtləri və s. prosedurlar ağırlaşdırılıb ki, bu da bir neçə telekanalın bağlanmasına səbəb olub.

Təkcə telekanallar deyil, eləcə də böyük media holdinqlər də eyni aqibəti yaşayıblar. Belə ki, elə cari ilin fevral ayında "Karyak Media" şirkəti fəaliyyətini dayandırdı. (mənbə) Bu barədə şirkətin qurucularından biri Samvel Farmanyan məlumat vermişdi. Bu prosesdən məlumatsız olanlar üçün (əminik ki, “Freedom House”- analitikləri bundan xəbərdardılar, sadəcə yada salmaqda maraqlı olmayıblar) bildiririk ki, şirkətə daxil olan "ArmNews" telekanalı, "ArmNews FM" radiosu və "Tert.am" saytı bağlanıb. “Karyak Media” (“Dördlər” Media Holdinqi) 2019-cu ilin əvvəlində, o zaman deputat olan Arman Saqatelyan, Karen Bekaryan, Miqran Akopyan, Samvel Farmanyan tərəfindən təsis edilib. Bu şirkətə "Radio 107 FM", "Tert.am", "ArmNews" telekanalı, "Love Radio" ticarət nişanları daxil idi. Qeyd edək ki, Arman Saqatelyan, Karen Bekaryan, Miqran Akopyan və Samvel Farmanyan Ermənistan Respublika Partiyasının üzvləridir. Bu partiyanın sədri isə sabiq prezident, hazıra müxalifət liderlərindən biri Serj Sarqsyandır. O da məlumdur ki, “Karyak Media” şirkətlər qrupuna daxil olan ticarət nişanları əvvəllər Ermənistanın ən böyük media holdinqi “PanArmenian Media Group” strukturuna daxil olub. Amma 2019-cu ilin fevralında məlumat yayıldı ki, “PanArmenian Media Group” səhmdarların tərkibindəki dəyişikliklə əlaqədar fəaliyyətini dayandırır. Səbəb isə Paşinyan hökumətinin müxalif ənənəvi və online mediaya qarşı total hücumu göstərilirdi.

Davam edək: Erməni jurnalist təşkilatları audiovizual media haqqında qanunu sərt şəkildə tənqid etsələr də hökumət heç bir güzəşt etməyib. (mənbə) Bunun ardınca, Ermənistan parlamenti ötən ilin dekabr ayında “Kütləvi informasiya vasitələri haqqında” qanuna və bir sıra əlavə və dəyişikliklər etməklə medianın fəaliyyətini məhdudlaşdırıb. Yeni qanunda “naməlum mənbələr” anlayışı və sosial mediaya qarşı məsuliyyət nəzərdə tutan bəndlərin öz əksini tapması daha çox sosial medianın işini ağırlaşdırıb. Ermənistanın media təşkilatları qanuna qarşı çıxaraq bunu Paşinyan hökumətinin söz azadlığına sədd çəkməsi kimi qiymətləndirib. Hətta Ombudsman Arman Tatoyan da bəyan edib ki, medianın anonim mənbələrlə işləməsinə qoyulan qadağa qəbuledilməzdir.

Ən mürtəce qanunvericlik təşəbbüsü isə Ermənistan parlamenti tərəfindən 24 mart 2021-ci ildə Cinayət Məcəlləsinə yeni maddənin (137.1) daxil edilməsidir. Belə ki, CM-də “ağır təhqir”, yəni söyüş söymək, şəxsi başqa üsullarla təhqir etməyə görə, 100 mindən bir milyon dram (təxminən 205 -2050 dollar) məbləğində cərimə nəzərdə tutulub. Eyni şəxsə qarşı təhqir təkrarlanırsa, cəza bir milyondan üç milyon dram (təxminən 2050-6150 ABŞ dollar) təşkil edəcək. Eyni zamanda, 1 aydan 3 aya qədər həbs də nəzərdə tutur. mənbə
Ermənistanın media və insan haqları qurumları, eləcə də beynəlxalq təşkilatlar bu qanunu sərt tənqid ediblər. Sərhədsiz Reportyorlar” Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Jeynn Kavaliyer bildirib ki, yeni qanun “Ermənistanda söz azadlığı üçün geri addımdır və mətbuat azadlığına ciddi təhlükədir”. Avropa İnsan Hüquqları Məhkəməsi hökumətin bu qərarını tənqid edərək demokratik sistemdə hökumətin uğursuzluğu kimi səciyyələndirib və Konstitusiya Məhkəməsini qanunu ləğv etməyə çağırıb. Eləcə də Beynəlxalq İnsan Haqları Təşkilatının Yerevan ofisi də hökuməti qanunun ləğv etməyə çağırıb. Bütün bunlara baxmayaraq, 2021-ci il oktyabrın 9-da Konstitusiya Məhkəməsi həmin qanunu qüvvədə saxlayıb və hətta cəzanın məbləğini artıran daha mürtəce qərar qəbul edib. Belə ki, cəza ilə bağlı yeni müddəyə əsasən, maksimum cərimə məbləği təxminən 12,6 min dollar təşkil edir ki, bu da Ermənistanda jurnalistlərin təxminən 3 illik, 30 aylıq əmək haqqı deməkdir. 
“İnternet Azadlığı İndeksi”nin müəllifi olan “Freedom House” təşkilatı da 2022-ci ilin fevral ayında yaydığı bəyanatda sözügedən qanunun qəbulunu Ermənistanda demokratiya və hüquqa zidd olduğunu, demokratiyaya təhlükə kimi qiymətləndirib.Təşkilat, bildirir ki, 2022-ci ildə 260-dan çox cinayət işi ilə nəticələnən bu qanunvericiliyin tətbiqi Ermənistanda demokratik normaların açıq şəkildə deqradasiyası deməkdir və söz azadlığını boğur. mənbə
Həqiqətən də, yeni qanunların qüvvəyə minməsindən sonra Ermənistanda media və azad fikrə qarşı total hücumlar daha da artıb. Ermənistan “Söz Azadlığını Müdafiə Komitəsi”nin məlumatına görə, 2021-ci ilin birinci rübündə media və jurnalistlərə qarşı 10, ikinci rübdə isə 23 məhkəmə işi qeydə alınıb. Komitənin sədri Aşot Melikyan 2022-ci ilin ikinci rübü üzrə hesabatını təqdim edərkən bildirib ki, vəziyyət daha da pisləşib. Birinci rübdə mediaya qarşı məhkəmə zorakılığı üzrə 1 belə hal qeydə alınıbsa, ikinci rübdə 12 zərərçəkmiş və 11 fakt var. mənbə

Bu yazını rus dilində buradan oxuya bilərsiniz


Söz Azadlığını Müdafiə Komitəsinin məlumatına görə, ümumilikdə söz azadlığına qarşı təzyiqlərin sayı 2021-ci ildə 134-ə qarşı 177-yə çatıb. Jurnalistlərə qarşı 6 fiziki zorakılıq halı, 11 qurbanı da olub. Mediaya qarşı intensiv iddialar axını davam edib, onların sayı 72-yə çatıb. Komitənin 2022-ci ilin 9 aylıq yeni hesabatına əsasən, Ermənistanda mətbuata və ayrı-ayrı jurnalistlərə qarşı təzyiqlər 2022-ci ilin üçüncü rübündə daha da güclənib. Jurnalistlərə və KİV-ə qarşı 18 müxtəlif təzyiq, 20 məlumat almaq və yayma hüququnun pozulması, o cümlədən 2 fiziki zorakılıq halı olub, nəticədə 3 media nümayəndəsi xəsarət alıb. Mediaya qarşı yeni məhkəmə iddialarının sayı isə 9 olub. mənbə
Göründüyü kimi, Ermənistanda 2021-2022-ci illərdə söz azadlığının boğulması, sosial media və internet resurslarında dərc edilmiş yazılara görə cərimələr, onlarla məhkəmə işləri də təsdiq edir ki, bu ölkədə internetin azadlığı barədə “Freedom House”un qiymətləndirməsi açıq-aşkar saxtakarlığın nümunəsidir.

Beynəlxalq ictimaiyyət internet azadlığı imkanları və rəqəmsal inkişafla bağlı əsaslı statistikanı, istinad mənbəyi kimi göstəriciləri BMT, Beynəlxalq Telekommunikasiya İttifaqının indekslərində, “Qlobal Rəqəmsal Hesabat”ında axtarır, müraciət edir. Həmin hesabatlarda Azərbaycanın yeri və mövqeyi göz önündədir. Ona görə də, bu mötəbər təşkilatların hesabatları özü “Fredoom House” kimi siyasi dəllalların saxta siyahılarını ifşa etdiyindən başqa şərhə ehtiyac da qalmır.

Beləliklə,

  • “Freedom House”un siyasi təmayüllü və Amerikada müxtəlif maliyyə lobbilərindən asılı olan, sifarişli və qərəzli hesabatlar hazırlaması ilə tanınır. Bu təşkilatın erməni lobbisinin ianəsi ilə inkişafdan geri qalmış əyalət ölkəsi olan Ermənistanı hər dəfə yuxarı sıralarda yerləşdirməsinə ilk dəfə deyil rast gəlirik.
  • Bu qurumun “İnternet Azadlığı İndeksi”nin əvvəlkilər kimi sifarişlə hazırlanmasına şübhələr yaranır.
  • “Freedom House” əsasən, insan haqları, demokratiya, ictimai və siyasi məzmunlu tədqiqatlar apardığı halda rəqəmsal texnologiyalar, İKT üzrə hesabat hazırlamaqla öz səlahiyyətlərindən kənar işlə məşğul olduğunu göstərir.
  • Sözügedən hesabatda ölkələrin qiymətləndirilməsi saxtakarlığa, qeyri-obyektivliyə, qərəzə və hansısa siyasi qüvvələrin, lobbi təşkilatlarının sifarişlərinə əsaslanır.