İqlim dəyişikliyi ilə bağlı bir çox şübhəli və inkarçı materiallar zaman-zaman mediaya yol tapır. Bu dəfə Prof. Dr. Antonis Foskolosun yunanca izahatlarının yer aldığı video “iqlim dəyişikliyi yalanı” başlığı ilə sosial mediada paylaşılıb. Paylaşılan videonun alt yazısında Foskolos karbon qazı emissiyalarının qlobal istiləşməyə səbəb olmadığı tezisini müdafiə edir. 45 saniyəlik videoda bu ifadələr yer alıb:

“Karbon qazının temperaturun artması ilə heç bir əlaqəsi yoxdur. Karbon qazı su ilə reaksiya verir və üzvi birləşmələr əmələ gətirir. Karbon dioksidin olması bir sərvətdir. Axmaqlığa qulaq asmaq xəyanətdir. Sadə insanlar isə bu axmaqlığın əvəzini ödəyəcəklər. Təəssüf ki, bu gün BMT, Aİ davamlı olaraq “karbon qazı, karbon qazı” kəlmələrini təkrarlayır. Elmi cəhətdən karbon qazı son 50 ildə 0,005 faiz artıb. Karbon qazının iqlimdə hər hansı dəyişiklik etməsi necə mümkündür? Belə bir şeyə inanmaq üçün tamamilə axmaq olmalısan”.

Faktyoxla Lab. məsələ ilə bağlı araşdırma aparıb.

Prof. Dr. Antonis Foskolos adını araşdırmağa başlayanda onun Yunanıstanın Krit Universitetinin faydalı qazıntı yataqlarının mühəndisliyi şöbəsinin təqaüdçü akademik olduğunu öyrənirik . Foskolos Kanada Geoloji Tədqiqat Mərkəzində də çalışırmış.

Foskolos sözügedən açıqlamanı 2019-cu ildə verib.

Yunan mənbələrinə nəzər saldıqda Foskolosun alt yazıdakı ifadələrinin onun izahatları ilə üst-üstə düşdüyünü görürük.

2019-cu ildə Yunanıstan mediasına verdiyi müsahibədə Foskolos eyni fikri müdafiə edir, karbon qazının iqlim dəyişikliyinə və qlobal istiləşməyə təsirinin demək olar ki, sıfır həddində olduğunu və karbon qazının bu tənlikdə çox kiçik bir amil sayıldığını bildirir, iqlim dəyişikliyinin mürəkkəb və çoxfaktorlu bir sistem olduğunu vurğulayır.

Antonis Foskolos artıq iqlim dəyişikliyinə münasibətdə şübhəli və inkarçı fikirli biri kimi tanınır. O, daha əvvəl iqlim böhranını uzaqgörən bir "nağıl" kimi təsvir edərək, İngiltərənin baş naziri Marqaret Tetçerin 1970-ci illərdə mədənçilərin qüdrətli həmkarlar ittifaqını məhv etmək üçün uydurduğunu iddia etmişdi. Ancaq Yunanıstanda yerləşən “Ellinika Hoaxes” doğrulama qurumu iddiaların yalan olduğunu açıqladı.

Üstəlik, iqlim dəyişikliyinin səbəbinin karbon qazı emissiyalarından çox təbii proseslərin nəticəsi olduğunu Foskolosdan başqa iddia edənlər də var (mənbə).

İqlim dəyişikliyi istiləşmə və ya soyuma baxımından dünyanın enerji balansında anormal dəyişikliklərin yaranmasına aiddir. Müəyyən bir bölgədə normal temperaturun və ya yağıntının dəyişməsi bizə iqlim dəyişikliyinin nəticələrini göstərir.

İqlimşünas elm adamlarının böyük əksəriyyəti də istiləşmə tendensiyalarında bu dəyişikliklərin dominant səbəblərinin insan tərəfindən törədilməsi ilə razılaşır. İddianın diqqət mərkəzində olan karbon qazı, elmi olaraq iqlim dəyişikliyinin əsas səbəblərindən biri kimi göstərilir. mənbə

İqlim dəyişikliyinin hərəkətverici qüvvəsi insan fəaliyyəti nəticəsində yaranan karbon qazıdır və bu dünyanın ən aktual problemlərindən biridir.

Karbon qazı istiliyi udan və yayan istixana qazıdır (mənbə). Bu, Yerdəki atmosfer və bioloji dövrün təbii hissəsidir. O, günəş işığından yer səthinə yayılan istiliyi udur və onu geri - yer səthinə buraxır. O, həmçinin istiliyi atmosferdə tutaraq yayır və anormal temperatur artımına səbəb olur.

Çünki karbon qazı və digər istixana qazları atmosferi və planeti isitdikcə, daha çox su buxarlanır. Bu da, planetin temperaturunu artırır. Bu artım hava və iqlim sistemlərində həyata və cəmiyyətə zərərli təsirlər göstərəcək dəyişikliklərə gətirib çıxarır.

Karbon dioksid qazının qlobal istiləşməyə təsir etdiyinə dair bir çox eksperimental sübutlar da var. Üstəlik, insan fəaliyyəti nəticəsində karbon qazı hər il artır. Xüsusilə qlobal enerji sisteminin bu artımlara təsiri var. Neft, kömür və təbii qaz kimi qalıq yanacaqların yandırılması ən böyük amillərdən biridir. Bu yollarla atmosferə, təbii proseslərin öhdəsindən gələ biləcəyindən daha çox karbon qazı buraxılır. Bu da öz növbəsində yer üzündə indiki və gələcək nəsillərə təsir edəcək iqlim dəyişikliklərinə səbəb olur).

Elmi məlumatlara görə, sənaye inqilabının əvvəlindən bəri insan fəaliyyəti atmosferdəki karbon qazının miqdarını 50 faiz artırıb (mənbə). Məsələn, təkcə 2020-ci ildə atmosferə 38,2 milyard ton karbon qazı atılıb. Atmosferdəki karbon qazının nisbəti yüzdə 0,04 ətrafındadır. Bu nisbət milyardlarla ton karbon qazına uyğundur (mənbə).

Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatları əsasında qlobal miqyasda karbon qazının miqdarının dəyişməsini görmək mümkündür.

NOAA Qlobal Monitorinq Laboratoriyasının müşahidələrinə görə, təkcə 2021-ci ildə karbon qazı, insan tərəfindən istehsal olunan bütün istixana qazlarının ümumi istilik təsirinin təxminən üçdə ikisinə bərabərdir.

İqlim dəyişikliyinin inkarçıları peyvənd əleyhdarları kimidir, qlobal bir problemdir. İqlim inkarçılığı daha çox sui-qəsd yönümlü düşüncə nəticəsində ortaya çıxır və bu ritorika elmi dəlillərin qavranılmasını zəiflədir, bununla bağlı atılacaq addımları gecikdirir. Üstəlik, bu cür iddialar elmi dəlilləri qiymətləndirməkdən uzaqdır.

Hətta bu cür elmi mülahizələrdən uzaq olan sui-qəsdçi  nəzəriyyələrinin yayılmasının azaldılması da planetin gələcəyi üçün davam edən mübarizəyə töhfə verə bilər. Paylaşımlardan şübhələnmək, etibarlı mənbələrə müraciət etmək və şübhə yaradanları yaymamaqla siz də bu işə töhfə vermiş olarsınız.

Nəticə:

Videoya münasibət bildirən Prof. Dr. Antonis Foskolos iqlim dəyişikliyinə şübhəli yanaşması ilə tanınır.

Karbon qazı elmi olaraq iqlim dəyişikliyinin əsas səbəblərindən biri kimi göstərilir.

Karbon qazı atmosferdə istiliyi udur və yayır, temperaturun artmasına səbəb olur.

Karbon dioksid qazının qlobal istiləşməyə təsir etdiyinə dair bir çox eksperimental sübutlar da var.

İnsan fəaliyyəti nəticəsində karbon qazı hər il artır. Xüsusilə qlobal enerji sisteminin bu artımlara təsiri var. Neft, kömür və təbii qaz kimi qalıq yanacaqların yandırılması ən böyük amillərdən biridir.