İranda yaşayan və sayı qırx milyonu keçən Azərbaycan türkləri üçün ana dilində təhsil və mədəni fəaliyyətlərə icazə verilmədiyi halda, erməni icmasının bütün hüquqları tanınır. Bu ölkədə erməni dilində uşaq bağçası və məktəblərdən tutmuş, kilsələr, Azərbaycan və Türkiyə əlehinə təbliğat aparan mədəniyyət mərkəzləri, muzeylərə qədər mümkün bütün imkanlara şərait yaradılıb.

Faktyoxla Lab. İrandakı qondarma “erməni soyqırımı”na həsr edilmiş heykəl və muzeyləri araşdırıb.

Araşdırmalarımız zamanı müəyyən etdik ki, ümumiyyətlə İranda  8 qondarma erməni soyqırımı abidəsi var və bir qondarma erməni soyqırımı müzeyi fəaliyyət göstərir. Onlardan ikisi Tehranda, biri Rəştdə, biri Urmiyada, biri Əhvazda, biri Abadanda, biri Ərakda, digəri isə İsfahanda yerləşir.

Əhali baxımından İranda ən böyük xristian azlığını təşkil edən ermənilər paytaxt Tehrandan sonra İsfahanda cəmləşiblər. Şəhərin “Yeni Culfa” rayonu erməni məhəlləsi kimi tanınır. İranın üçüncü böyük şəhəri və eyniadlı vilayətin inzibati mərkəzi olan İsfahanın Yeni Culfa rayonunda "Vəng Kilsəsi-Erməni Etnoqrafiya Muzeyi"ndən sonra "Erməni Musiqi Muzeyi" açılıb (22 mart 2021-ci ildə).

Muzeyin sərgi salonların birində erməni bəstəkarlarının həyatını əks etdirən fotoşəkillər və bölmələrin olduğu iddia edilən saxta xəritədə Ermənistanın tarixi “torpaqları” göstərilib. Xəritədə Türkiyənin Şərqi Anadolu bölgəsi və Azərbaycanın qərb bölgəsindən bəzi vilayətlər, o cümlədən Naxçıvan Ermənistanın tarixi torpaqları kimi təqdim olunur. Digər tərəfdən, muzeydə tar və kamanca kimi Azərbaycan-türk musiqi alətləri təbii olaraq mənimsənilib.

Digər tərəfdən, İsfahandakı Vəng erməni kilsəsi ibadət xidməti göstərməklə yanaşı, İranda Türkiyəyə qarşı aparılan siyasi və mədəni təbliğat fəaliyyətlərinin mərkəzlərindən biri kimi tanınır. Hər il aprelin 24-də kilsədə qondarma erməni soyqırımını anma mərasimi təşkil olunur. Kilsənin bağçasında 1975-ci ildə tikilmiş soyqırım abidəsi və kilsənin divarlarında nümayiş etdirilən Türkiyə əleyhinə plakatlar, tarixi faktlara zidd olan şəkillər və məqalələr erməni icması tərəfindən şəhərə gələn yerli və xarici turistlərə təqdim olunur.

Araşdırma apardığımız vaxt məlum oldu ki, İsfahanda olan heykəlin İrandakı digər abidələrdən fərqi həmin kompleksdə abidə ilə yanaşı, eyni zamanda qondarma erməni soyqırımı muzeyinin də fəaliyyət göstərməsidir. Memar Yervand Sabunçuyanın maliyyə dəstəyi, “Yeni Culfa” erməni icmasının üzvlərinin abidənin tikintisinə könüllü kömək göstərməsi nəticəsində ərsəyə gələn abidənin üzərində erməni və fars dillərində “Türk hökuməti tərəfindən 1915-ci ildə Qərbi Ermənistanda qətlə yetirilən iki milyon erməni şəhidinin xatirəsinə” yazısı var. Tikintisi 1975-ci ildə başa çatdırılan abidə 1985-ci ildə yenidən dizayn edilib və əvvəllər mövcud olmuş fəvvarə "əbədi məşəl"lə əvəz olunub. Abidə “soyqırımdan” sonra həyatın yenilənməsini simvolizə edən qülləyə bənzər mərkəzi elementə malikdir. Qüllə qalan erməni mədəniyyətinin dirçəlişini bildirir. Bu qüllə, məzar daşına bənzər fiqurlarla əhatə olunub, onun altında əbədi atəş gəmisi və iki ölçülü xaç var. Tikinti işlərinin böyük hissəsi Yeni Culfadakı erməni icmasının üzvləri tərəfindən könüllü olaraq aparılıb. İsfahan Erməni Kilsəsinə (Vəng) məxsus olan muzeydə İran-erməni icması və İsfahan erməni yepiskopluğu tərəfindən illik anım mərasimləri keçirilir. (mənbə)

İran türkləri ilə bağlı xəbərlər yayan “Günaz TV”-nin internet saytı xəbər verir ki, İsfahan Mədəni İrs Təşkilatı və İsfahan Şəhidləri Vəqfi şəhərin bəzi küçə və məhəllələrinə erməni adlarının verilməsini təklif edib. Ötən yanvar ayında Tehranın mərkəzindəki Behçətabad məhəlləsində yerləşən “Mirzayi Şirazi” küçəsinin adı dəyişdirilərək “Andranik Meqerdiçiyan” olub.

Tehrandakı Surp (Müqəddəs) Sərkis Kilsəsinin həyətində heykəl qoyulub. Heykəl, üç xaçkarın və digər ikonoqrafik elementlərin cəmindən ibarətdir və turistlər üçün açıqdır. Abidə üzərində fars və erməni dillərində “Erməni xalqının saysız-hesabsız qurbanlarının xatirəsinə: 1915, 24 aprel soyqırımı” sözləri yazılıb. 1973-cü ildə tikilən abidənin qarşısında hər il aprelin 24-də İran-erməni icması və Tehran erməni patriarxlığı tərəfindən anım mərasimləri keçirilir.( mənbə)

Tehrandakı ikinci abidə turistlərin ziyarəti üçün qapalı olan şəhərin Məcidiyyə rayonunda yerləşən Müqəddəs “Nurlandırıcı Qriqori” Erməni Apostol Kilsəsinin həyətində salınıb. Hraçiya Melikyanın həyat yoldaşı Qriqor Melikyanın xatirəsinə ucaldılmış abidənin postamentində farsca: “1915-ci il erməni şəhidlərinin xatirəsinə”, ermənicə isə “Bu abidə 1915-ci ildə milyon yarımdan çox erməni şəhidinin xatirəsinə ucaldılıb”. Mülk, Tehran erməni yeparxiyasının balansındadır.( mənbə)

Rəşt şəhərində ucaldılan abidə isə qondarma erməni soyqırımının 100-cü ildönümünə həsr olunub. Abidə Rəştdəki Müqəddəs Mesrop Erməni Apostol Kilsəsinin ərazisində yerləşir. 2015-ci il martın 5-də açılışı olan heykəlin memarı Maksim Hovsepyandır. (mənbə)

Dördüncü abidə Cənubi Azərbaycanın Urmiya şəhərində yerləşir. Postamentdə “1915-ci il erməni soyqırımı qurbanlarının xatirəsinə” yazısı olan abidə xaçkardan ibarətdir. Tikintisi 1970-ci illərdə başa çatdırılan “abidə” Erməni Apostol Kilsəsinin həyətindədir. (mənbə)

İranın Xuzistan əyalətinin Əhvaz şəhərindəki üzərində “1915-ci il Erməni Soyqırımı qurbanlarının xatirəsinə” yazısı olan qondarma erməni soyqırımına həsr olunan abidə ucaldılıb. 1970-ci illərdə yerli İran-erməni icmasının üzvləri və qurumlarının maliyyə dəstəyi ilə tikintisi başa çatdırılan bu “heykəl” turistlər üçün qapalıdır və mülkiyyət hüququ Erməni Apostol Kilsəsinə məxsusdur. (mənbə)

İranın Xuzistan əyalətinin Abadan şəhərində Müqəddəs Karapet Erməni Apostol Kilsəsinin həyətində yerləşən abidə 1966-cı ildə yerli İran-erməni icmasının üzvləri və qurumlarının maliyyə dəstəyi ilə hazırlanıb. Abidə və kilsə İran-İraq müharibəsi zamanı zədələnib, lakin müharibə başa çatandan qısa bir müddət sonra təmir edilib. Abidə, divara bərkidilmiş, uşağını qucağında tutan tunc qadın siluetindən ibarətdir. ( mənbə)

İranın Mərkəz bölgəsinin Ərak şəhərindəki abidə 1970-ci illərdə yerli erməni icmasının və Ərak Erməni Apostol Kilsəsinin maliyyə dəstəyi ilə hazırlanıb. 1986-cı ildə kilsə yenidən bərpa edilib. Erməni dilində “1915-ci il soyqırımı qurbanlarının xatirəsinə” yazılmış kilsənin əmlakı 1980-ci illərə qədər Erməni Apostol Kilsəsinə məxsus olsa da, hazırda qeyri-erməni əsilli mülkiyyətçinin balansındadır. (mənbə)

İndi isə həmin muzey və abidələri əyani görən tanınmış şəxslərin təəssüratları ilə tanış olaq. "Türkiyə" qəzetindən Burhan Özfatura “Fitnənin başı İran ermənilərlədir” adlı məqaləsində yazır:

“Şəhərə gələn bütün turist qrupları və rəsmi nümayəndə heyətləri mütləq Culfa bölgəsindəki Kəlisayi – Vəngə (Vəng erməni kilsəsi) aparırlar. Qəribədir ki, ingilislərə, almanlara, fransızlara, yaponlara hicab geyindirirlər; lakin kilsə çılpaq şəkillərlə doludur. Rəssamlar xüsusilə cəhənnəm təsvirlərini çox rahat işləyiblər. Ziyarətgahda belə səhnələrin olub-olmadığını onun üzvləri dəyərləndirməlidir. Amma olmamalı olan bir şey var ki, burda çox ciddi siyasi təbliğat aparılır. Yalan, boşboğazlıq, böhtan... Kilsənin həyətindəki nəhəng soyqırım abidəsi bir yana qalsın, saxta muzeydə türklər, Türkiyə açıq-aşkar təhqir olunur.

Ekranda ucuz bir təbliğat filmi oynayır. Bol rəsm və şüarlarla material çatışmazlığı aradan qaldırılmağa çalışılır. Gördüyüm ən çirkin muzeydir. İşıqlandırma biabırçıdır, pəncərələrə flüoresan işıq saçır... Sanki qırmızı işığın yandığı yerdə erməni qırğını olub. Xəritə isə pomidor sahəsinə bənzəyir. Anadoluda işığın yanmadığı yer demək olar ki, yoxdur.

Qondarma soyqırım əmrini o vaxtkı daxili işlər naziri Tələt paşa veribmiş.. Heç bir sənəd, məlumat yoxdur, lakin olmuş tarixi hadisə kimi təqdim olunur.

Görsəniz güləcəksiniz, aralarında cəmi iki pillə fərq olan “1915-ci il abidəsi”ndə iki lövhə var. Onlardan birində “1915-ci ildə Qərbi Ermənistanda Türkiyə hökuməti tərəfindən qətlə yetirilən 2 milyon erməninin xatirəsinə” yazılıb. Digərində isə “1915-ci ildə Osmanlı Türk hökumətinin qurbanı olan 1,5 milyon erməninin soyqırımı abidəsi”. Bir anda yarım milyon dəyişiklik.

Bundan sonra şəkillərə və xəritələrə nə qədər etibar edə bilərsiniz, özünüz düşünün...

Biz ermənilərə heç nə demirik, onlar bütün dünyada etdiklərini edirlər, əsassız yalanlarla göz boyamağa çalışırlar. Hətta Avropanın göbəyində diplomatlarımız qətlə yetiriləndə dünya buna heç bir reaksiya vermədi. Ancaq qəribədir ki, əhalisinin az qala yarısı türk olan İran buna icazə verir. Əslində rejim açıq şəkildə erməni yalanlarına dəstək verir və turistlərin, rəsmi nümayəndə heyətlərinin belə bura səfərini təmin etməklə öz tərəfini göstərir. (Məsələn, BMT-nin baş katibi Kofi Annanın bu qondarma soyqırım muzeyinə gəzməyə aparıblar.) Sözügedən abidə “irqçilikdə” ittiham etdikləri Rza Şah Pəhləvinin dövründə açılıb. Lakin şiə inqilabı baş verdikdən sonra bu abidə yıxılmır, əksinə, üstəlik soyqırım muzeyi də inşa olunur. İranın “bir gün azərbaycanlılar birləşsə necə olacaq?” kimi bir qorxusu var, az qala paranoyal səviyyədədir bu qorxu. Odur ki, Ermənistan güclənsin, inkişaf etsin, Güney və Quzey Azərbaycan arasında sədd olsun deyə əllərindən gələni edirlər.

Yəqin ki, fotolardakı meyitlər elə onların öldürdükləri türklərə məxsusdur. O qədər ərköyündürlər ki, yox deməkdən belə çəkinmirlər, əllərinə keçəndən istifadə edirlər”.

İsveçrədə yerləşən türkdilli “Posta” qəzetinin köşə yazarı Sami Hayim də İrana səfəri zamanı İsfahandakı qondarma soyqırım muzeyini ziyarət edib. O, səfər təəssüratlarını belə təsvir edir:

“Əvvəla, Şah Abbasın dövründə 1606-1665-ci illərdə İsfahana köçmüş ermənilər tərəfindən tikilən Vəng kilsəsini bizə Araz çayı ətrafında göstərdilər. İsfahan İrandakı ermənilərin ən çox yaşadığı şəhərdir. Kilsənin bağında 1975-ci ildə tikilmiş qondarma soyqırımı abidəsi var. Bizi heyrətə salan görüntü isə Türkiyənin işıqlandırılmış xəritəsində qondarma erməni soyqırımının törədildiyi bölgələrin kilsədə aşağıdakı şəkillərlə işarələnməsi, Osmanlıda “erməni soyqırımı” adı ilə dərc olunmuş şəkillərin nümayiş etdirilməsi və ən nifrət dolu xəbərdarlıq isə o vaxtkı Daxili İşlər Naziri Tələt Paşanın 24 aprel 1915-ci il tarixli bəyanatıdır. Vitrində “tarixi əmr” başlıqlı qeyri-real məqalə nümayiş etdirilir. Həqiqəti bilməyən qonaqlar və turistlər bu yazını soyqırım sifarişi kimi qəbul edirlər. Dəhşətə gəldim, gördüklərimə inana bilmədim, hirsimdən o gecə yata bilmədim. Bələdçidən soruşanda ki, bizi niyə bura gətirmisiniz, İran niyə belə məntiqsiz sərgiyə icazə verir, cavab verdi ki, bura ermənilərin şəxsi torpağıdır, hökumət qarışa bilməz. Ancaq bu cavab qətiyyən düzgün deyildi, bu məsələnin şəxsi mülkiyyətlə heç bir əlaqəsi yoxdur.

Axı dini təmsil edən və Allaha dua edən ibadət yeri olan kilsədən başqa məqsədlər üçün təbliğat işi, dinlə uzlaşmayan bir mövzuda sərgi və muzey kimi istifadə etmək absurddur. Çünki, bu soyqırım iddiası qeyri-real və sübut olunmamış bir iddiadır. Bundan başqa, iranlı və əcnəbi turistlər, uşaqlar, gənclər, qondarma soyqırım səhnəsini ilk dəfə görənlər, mövzunu bilməyən, məlumatı olmayan, həqiqəti bilməyənlər də axı buna inanacaqlar, ibadət yerində həqiqətlərin əks olunduğunu, qarşı tərəfin, yəni türklərin ermənilərə qarşı necə vəhşiliklə davrandıqlarını düşünəcəklər.

Hətta əsl soyqırımı, Holokost vəhşiliklərini yaşamış yəhudilərin dini ibadət yeri olan sinaqoqlarda belə bu soyqırımla bağlı heç bir vizual və ya virtual effektə rast gələ bilməzsiniz.

İbadət yerləri sərgi məkanı deyil, Allaha dua etmək yeridir, onlardan sui-istifadə etmək olmaz, başqa məqsədlər üçün istifadə edilməsi isə dini qaydalara tamamı ilə ziddir”.

Gördüyünüz kimi, İran molla rejimi ermənilərin qondarma soyqırım yalanlarını təbliğ etməsinə rahat şərait yaratmaqla yanaşı, Güney Azərbaycanda yaşayan türklərin ən elementar hüquqlarını belə əlindən alıb. Belə baxanda, xüsusilə İsfahandakı abidə-muzeydə türklərə, Türkiyəyə açıq-aşkar böhtan atılır, təhqir olunur. Ancaq rəsmi Tehran bunlara nəinki göz yumur, əlavə dəstək də verir.