EAFJD adlı tvitter hesabından “33 il öncə Bakıda dövlətin dəstəyi ilə Sovet Azərbaycanında “erməni talanları” təşkil olundu. Ermənilər döyülüb, öldürülüb, qovulublar. 200 min erməni zorla Bakıdan qovulublar” məzmunlu tvit atılıb. Həmin tvitə azərbaycanlılara yaxşı tanış olan məşhur foto və Avropa Birliyinin rəhbər vəzifəliləri Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Komitəsinin rəhbəri, AvroKomissiyanın vitse-prezidenti Josep Borrel (@JosepBorrellF),  AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar (@ToivoKlaar)  Avropa Komissiyasının prezidenti Ursula von der Leyen @EU_Commission, Avropa Şurasının prezidenti Şarl Mişel, (@CharlesMichel), Avropa Parlamentinin Sosialistlər və demokratlar Qrupu (S&D Group), Renew Europe , EPP Group,   ECR Group, Greens/EFA in the EU Parliament böyük fraksiyaların tvit hesabları əlavə olunub.

Faktyoxla Lab. bu paylaşıma əlavə edilmiş foto və ümumiyyətlə, tvitdəki məlumatlar haqda məhz əcnəbilər üçün fakt-araşdırma aparıb.

Əvvəlcə, tvitin müəllifi haqda. EAFJD- Ədalət və Demokratiya Naminə Erməni-Avropa Federasiyası erməni lobbisinin əsas fəaliyyət mərkəzlərindən biridir. Əsas məqsədi Avropa Birliyi ilə Ermənistan arasında əlaqələri gücləndirmək olsa da, daha çox, qara PR və pulla ələalma üsulları ilə Azərbaycan və Türkiyə əlehinə iş aparmaqdan ibarətdir. 2013-cü ildə Avroparlamentdə Ermənistanla dostluq qrupu “Ermənistanın Avropa Dostları” (EuFoA) yaradılıb. 2014-cü ildə AvroParlamentə keçirilən seçkilərdən sonra tərkib dəyişilib. Hazırda qrupda 50 avropalı deputat var.

Təşkilatın rəhbəri adı bir çox qalmaqallarda hallanan, erməni milyarder Kaspar Karampetyandır. Bu persona haqda ətraflı məlumatı bu mənbələrdən (mənbə1) (mənbə2) almaq olar. Yalnız onu xatırladaq ki, 9 dekabr 2022-ci ildə Avropa Parlamentinin üzvlərinə qarşı başlanmış “Qətərqeyt” adlı istintaq hərəkətlərində adı hallanan 5 deputatın sponosoru həmən bu Karampetyandır. 

İndi qayıdaq tvitə.

Öncə 13-15 yanvar 1990-cı ildə Bakıda baş verən hadisələr haqda.

Əgər 1987-ci ildə SSRİ-nin çöküşünün təməli qoyulmuşdusa, 1988-ci il Sovetlər Birliyinin tabutuna ilk mismarların vurulması hadisələri ilə yadda qaldı. Mütəxəssislər hesab edirlər ki, SSRİ-nin çöküşünün başlandığı 1988-ci ildə ölkə ərazisində 20-yə qədər münaqişəli ərazilər var idi. Bunlardan ən səs-küylüsü “Dağlıq Qarabağ”ətrafında başlanmış müzakirələr idi. (Александр Яковлев. Перестройка: 1985—1991. М., Международный фонд «Демократия», 2008. С.182). 1988-ci ilin fevralında Dağlıq Qarabağ muxtar vilayətində separatçı meyllərin açıq müstəviyə keçməsi və xüsusilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında vilayət sovetinin qərarı gərginliyi son həddə çatdırdı. Stepanakertdəki (Xankəndi) hadisələri qiymətləndrərkən Sov İKP MK-nın Baş Katibi Qorbaçov Siyasi Büronun iclasında etiraf edirdi ki, “impuls Ermənistandan gəlir”. (Session of the Politburo: on events in Azerbaijan and the Armenian SSR.29.02.1988.// The National Security Archive at the George Washington University. Doc. 13152, p.89). Lakin bu “impulsun” qarşısını almaq üçün praktiki olaraq heç bir iş görülmür, hətta Moskva tərəfindən ermənilərin separatçı tələbləri bəzən “aşkarlıq və plüralizm şousunda” himayə edilirdi.

İlk olaraq 1988-ci ilin fevral ayının 28-də Sovet xüsusi xidmət orqanlarının birbaşa təşkilatçılığı və idarəçiliyi ilə Sumqayıt hadisələri baş verdi. Bu hadisələrdə  26 erməni və 6 azərbaycanlının qətlə yetirilməsi (iğtişaşları milliyyətcə erməni Eduard Qriqoryan təşkil edib, yönəltdiyi faktlarla sübut olunub) milli qarşıdurmaları barışmaz müstəviyə yönəltdi. Həmin ilin payızında Ermənistan SSR-dən qovulmuş azərbaycanlı qaçqınlara Dağlıq Qarabağ muxtar vilayəti ərazisindən qovulmuş azərbaycanlı qaçqınlar da əlavə olundu. (həmin hadisələr zamanı Ermənistanın yalnız Quqark rayonunda 70 azərbaycanlı dinc vətəndaş qətlə yetirilmişdi). Qaçqın dalğası altında respublikanı xaos bürüdü. 1989-cu il dekabr ayının 1-də Ermənistan Ali Sovetinin “Dağlıq Qarabağın Ermənistan SSR-yə birəşdirilməsi haqqında” qərar qəbul etməsi Azərbaycanda vəziyyəti Sovet orqanlarının nəzarətindən çıxardı. Dekabr ayının 31-i axşamı isə Araz çayı boyunca 137 km-lik məsafədə SSRİ-nin İranla Azərbaycandan keçən sərhəd qurğuları dağıdıldı. Arazın hər iki sahilində yaşayan azərbaycanılar çayı keçərək görüşdülər. Maraqlıdır ki, tam heyətdə xidməti yerində olan sərhəd qoşunları baş vermiş hadisəyə biganə qaldılar və Azərbaycan SSR tərəfindən İranla sərhəd xəttinin dağıdılmasına müdaxilə etmədilər.

Münaqişə başlayandan bəri Ermənistanda azərbaycanlıların yaşadığı 185 kənd dağıdılmış, qovulan əhalinin sayı 230 min nəfər çatmış, 31 min yaşayış evi, 165 kolxoz və sovxoz qarət edilmiş, əsasən Quqark və Masis rayonlarında 216 nəfər azərbaycanlı öldürülmüş, 1154 nəfər yaralanmışdı. 

Sov.İKP MK katibi Andrey Girenko Bakıya gələn kimi 1990-cı il yanvar ayının 6-da respublika partiya təşkilatında müşavirə keçirir və Moskvanın mövqeyini açıqlayır. Elə həmin gün Mərkəzi Komitədəki müşavirə ilə eyni vaxtda, Azərbaycan SSR Elmlər Akademiyasının binasında Xalq Cəbhəsinin qurultay səlahiyyətli III konfransı işə başlayır. Əbülfəz Əliyev (Elçibəy) başda olmaqla əsasən hərəkat daxilindəki liberal düşərgəni təmsil edən 14 nəfərdən ibarət yeni idarə heyəti seçildi. Lakin hərəkat daxilində olan radikal xəttin tərəfdarları bununla razılaşmır və yanvarın 13-də keçirilən mitinqdə Milli Müdafiə Şurasının yaradılması elan edilir. “Bu mahiyyəti etibarilə paralel hakimiyyət strukturu elan etmək idi. O, öz üzərinə erməni təcavüzünə silahlı müqavimət göstərməklə yerlərdə şəraitə nəzarət etməyi götürmüşdü”. (Агаев Р., Али-заде З. Азербайджан. Конец второй республики (1988–1993 гг.), с.166).

Mitinqin gedişində Bakıda erməni talanlarının başlandığı və hakimiyyət orqanlarının, xüsusilə milis orqanlarının hadisələrə müdaxilə etmədikləri barədə məlumatlar yayılır. Talanlar başlandıqdan sonra SSRİ Daxili işlər nazirinin Bakıda olan müavini Liskauskas, Daxili qoşunların Bakıda yerləşdirilmiş 12 min şəxsi heyətindən talançılara qarşı istifadə edilməsinə icazə vermədi və ona qarşı deyilən tənqidlərə çox qısa olaraq belə cavab verdi: “Məsələni Moskva ilə həll edin. Qayda-qanun yaratmaq üçün mənə əmr və əlavə qüvvələr lazımdır”.( Гусейнов Вагиф. Больше, чем одна жизнь. Книга вторая, с.276).

Yanvarın 13-dən 14-nə keçən gecə baş vermiş hadisələr zamanı erməni millətindən olan 32 nəfər qətlə yetirilmişdi. Hakimiyyət orqanlarının, xüsusilə, daxili qoşunların Bakıda olan hissələrinin qətllərin qabağını almağa heç bir cəhd göstərməməsi Moskvanın hansısa niyyətindən xəbər verirdi.  “13 yanvar 1990-cı il axşam və 14 yanvar 1990-cı ilə keçən gecə Bakı şəhərinin ayrı-ayrı yerlərində şəhərin erməni əhalisinə qarşı zor işlədilməsi halları olmuşdur. Növbəti gün ərzində də kiçik miqyaslı cinayətlər olmuşdur. Rəsmi məlumatlara görə, iki gün ərzində 32 erməni öldürülmüşdür. Azərbaycanlılar arasında da qurbanlar var. …Faktların ilkin araşdırması göstərir ki, cinayətlər hadisə yerindən dərhal yoxa çıxan xüsusi adamlar tərəfindən törədilmişdir. Bu, həmin adamların qabaqcadan hazırlandığını göstərir. Bəs onların arxasında hansı qüvvələr dayanır, təşkilatçı kimdir?” (Balayev Aydın, Rasim Mirzə. 20 yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər. Bakı, 2000. S.56-57).  Hadisələrin Bakıda fövqəladə vəziyyət elan etmək istəyən qüvvələrin gizli əli ilə təşkil olunduğu bir fakt idi.

Beləliklə, Bakıda əvvəldən hazırlanmış plana uyğun olaarq kütləvi talanlar baş verdi, qətllər, qarətlər törədildi. Şəhərdə başıpozuqluq, hərc-mərclik höküm sürürdü. Bütün bunlar sonrakı günlərdə- yanvar 18-19-da səngidi, tamamilə dayandı. Bu hadisələr, həmin vaxt Bakı şəhərində yerləşən SSRİ Daxili İşlər Nazirliyinin qoşunlarının, Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin və Daxili İşlər Nazirliyinin gözü qarşısında baş verirdi. Bütün bunlar məkrli bir oyundan xəbər verirdi. Hakimiyyət strukturları, güc nazirlikləri bu xaosu yalnız seyr etməklə kifayətlənirdi. Moskvaya göndərilən axın-axın məlumatlarda Bakıda vəziyyətin idarəolunmaz xarakter aldığı göstərilir, kömək istəyirdilər. Əslində, bunun bir məqsədi vardı: Bakıya qoşun yeritmək...!

Yanvarın 19-u gecə saatlarında xalqdan xəbərsiz Bakıda fövqəladə vəziyyət elan edilir və yanvarın 20-i Bakıda kütləvi insan qətli törədilir. Bütün bunlar onu deməyə əsas verir ki, 13-15 yanvarda Bakıda baş verən talanlar SSRİ DTK-sı və rəhbərlikdə olan erməni əsilli vəzifəlilər tərəfindən 1 həftə sonra Bakıya qoşun yeridilməsinə zəmin yaratmaq üçün təşkil olunub.

İndi isə paylaşılan foto haqda.

Maraqlıdır ki, tək EAFJD deyil, digər erməni istifadəçilər də davamlı olaraq Azərbaycanda baş verən faciəvi hadisələri öz adlarına çıxıb, öz başlarına gəlibmiş kimi təqdim edir, hadisələrdən məlumatsız oxucuları rahatlıqla aldadırlar.

Əslində bu fotolar 21 yanvar 1990-cı ildə Bakıda çəkilib. Fotonun müəllifi isə Azərbaycanlı fotoqraf Asim Talibdir.

Həmin fotoda görünən gənc haqda belə məlumat əldə etmişik. Adı Ələddindir, 2-ci “Taksimotornı” deyilən idarədə taksi sürücüsü işləyirmiş. Əslən Ermənistan SSR Amasiya rayonundandır.  

Onu da qeyd edək ki, erməni mənbələr bu fotonu nəinki 13-15 yanvar 1990-cı il hadisələrinə, hətta bir az geri gedərək 1988-ci ildə SSRİ DTK-sı və erməni millətçiləri tərəfindən təşkil olunmuş "Sumqayıt provakasiyalarına" da aid edirlər. Mənbə1, Mənbə2, Mənbə3

Nəticə: 

EAFJD- Ədalət və Demokratiya Naminə Erməni-Avropa Federasiyasının tvitter hesabında paylaşılan məlumat saxta, fotonun "Bakı talanlarına" aid edilməsi yalandır. Foto 21 yanvar 1990-cı il tarixdə azərbaycanlı fotoqraf tərəfindən Bakıda çəkilib.