Müasir Azərbaycan Respublikasının çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda Asiya-Sakit okean regionunun dominant güc mərkəzi, eyni zamanda dünyanın ikinci güclü iqtisadiyyatı olan Çin Xalq Respublikası ilə çoxşaxəli sıx münasibətlərin daha da inkişaf etdirilməsi başlıca yer tutur. Özünün coğrafi və geoiqtisadi mövqeyi, zəngin təbii ehtiyatları ilə fərqlənən respublikamız fövqəldövlətlərin, o cümlədən Çinin geostrateji maraq dairəsində hər zaman irəlidə olub və hazırkı şəraitdə bu maraqlar daha da böyüməkdədir.
Azərbaycan Cənubi Qafqaz regionunda söz sahibi olan lider dövlətdir və mürəkkəb geosiyasi, geoiqtisadi şəraitdə milli maraqlara cavab verən müstəqil siyasət yürütməkdə, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak etməkdədir. Çin isə Asiyanın və dünyanın iqtisadi güc mərkəzlərindən biri kimi dünya siyasətində və iqtisadiyyatında xüsusi yeri və rolu  ilə mühüm qlobal proseslərə təsir imkanları ilə seçilməkdədir. Bu baxımdan Cənubi Qafqazın lider ölkəsi Azərbaycanla dünyanın iqtisadi qütblərindən biri olan Çini bir sıra geosiyasi-iqtisadi ortaq baxış və strateji maraqları tamamlayır. 
Müstəqil Azərbaycanla ikitərəfli münasibətlərin əsası 1992-ci ildə qoyulsa da, birbaşa siyasi təmaslar Ümummilli Lider Heydər Əliyevin 1994-cü il 7-10 mart tarixində Çin Xalq Respublikasında rəsmi səfərdən sonra inkişaf etməyə başlayıb. Səfər zamanı iki dövlət arasında 8 müqavilə imzalanıb ki, bu da gələcək çoxşaxəli əlaqələrin dinamikası üçün möhkəm sütuna çevrilib.

Çin hökuməti açıq siyasi iradə nümayiş etdirərək Azərbaycanın dövlət suverenliyini və torpaqlarının toxunulmazlığını tanıdığını, Azərbaycan-Ermənistan münaqişəsində ölkəmizin yanında olduqlarını bəyan edib. Sonrakı illərdə Çinin hökumət nümayəndə heyətinin ölkəmizə səfərləri tərəflər arasında siyasi dialoqun güclənməsi, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də parlamentlər arasında əlaqələrin daha da inkişaf etməsinə səbəb olub. istinad

1998-ci il sentyabrın 7-8-də Bakıda 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının Zirvə görüşünün keçirilməsi Azərbaycan və Çinin beynəlxalq nəqliyyat tranzitlərində yaxından iştirakına möhkəm zəmin yaradıb. 

2000-ci ilin iyun ayında Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Pen Azərbaycana səfəri və Bakı şəhərində Çin Xalq Respublikası səfirliyinin yeni binasının təməlqoyma mərasiminin keçirilməsi çoxşaxəli əlaqələrin dinamikasında yeni səhifə açıb. istinad

Prezident İlham Əliyevin rəsmi səfərləri və Çinin dövlət və hökumət başçıları ilə faydalı görüşləri Azərbaycan-Çin münasibətlərinin yaxın dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində inkişaf edərək son illərdə ən yüksək səviyyəyə çatmasını təmin etmişdir. 2005-ci il martın 17-19-da Prezident İlham Əliyevin Çin Xalq Respublikasında rəsmi səfəri və ÇXR-in sədri Xu Szintao ilə görüşü iki ölkə arasında münasibətlərin tarixində çox mühüm hadisə kimi yadda qalıb. Cənab Xu Szintao Azərbaycanın Cənubi Qafqazda lider ölkəsi kimi mövqeyini yüksək qiymətlənidirib. istinad

Azərbaycan Prezidentinin 2008-ci ildə Çinə səfəri qarşılıqlı münasibətlərin müasir inkişafında əlamətdar olub. Dövlət başçısının 2015-ci ilin dekabr ayında bu ölkəyə səfəri zamanı dövlətlər arasında “Dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə” imzalanıb. Həmçinin, “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun imzalanması “Bir kəmər, bir yol” təşəbbüsündə respublikamızın açıq niyyət və məramını təsdiqləmiş oldu. istinad


2019-cu il aprelin 24-də Azərbaycan Prezidentinin Çinə növbəti səfəri və Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib. Səfər çərçivəsində çinli iş adamları ilə keçirilən görüşlər iqtisadi əlaqələrin yeni mərhələyə keçid almasında mühüm əhəmiyət kəsb edib. mənbə

BMT-nin beş daimi üzvündən biri olan Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləmiş, Qarabağ Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan etmişdir. Öz növbəsində, Azərbaycan "Vahid Çin" məsələlərində Çinin mövqeyini dəstəkləyir. Bu mövqe 1996, 2005 və 2015-ci il səfərləri zamanı qarşılıqlı sürətdə təsdiqlənmişdir. 2015-ci il dövlətlərarası Birgə Bəyanatda tərəflər bir-birinin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı ittifaq və ya blokda iştirak etmədiklərini, ərazilərində digər tərəfin dövlət suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə zərər vuracaq təşkilat və qruplaşmaların yaradılmasına yol vermədiklərini və ərazilərində onların fəaliyyətini qadağan etdiklərini bir daha bəyan ediblər. mənbə

Azərbaycan-Çin əməkdaşlığını hərbi sahədə də uğurlu hesab etmək mümkündür. 2009-cu ilin dekabrında “Çin tərəfindən Azərbaycana təmənnasız hərbi yardım göstərilməsi haqqında” saziş imzalanıb. Üç maddədən ibarət sənəddə Çinin Azərbaycana 3 milyon yuan məbləğində təmənnasız hərbi əmlak yardımı göstərməsi əksini tapıb. istinad


Növbəti belə bir saziş 2013-cü ilin yanvarında Pekində imzalanıb və Çin tərəfindən Azərbaycana 3 milyon yuan məbləğində təmənnasız hərbi əmlak yardımı göstərilib. mənbə

Eyni məzmunlu sonuncu anlaşma da 2018-ci ilin aprelində Pekində imzalanıb. 2019-cu ilin yanvarında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ÇXR-in Milli Müdafiə naziri, general-polkovnik Vey Fenxenlə Pekinə rəsmi səfəri zamanı keçirilən görüşdə hərbi sahədə əməkdaşlığa dair digər sənədlər imzalanıb. Bununla da Azərbaycan-Çin əlaqələrində hərbi sahədə yeni mərhələ başlanıb.

İki ölkə arasında iqtisadi əlaqələrin gündəliyi də hədsiz dərəcədə zəngindir. 2009-cu ildə Azərbaycan-Çin Hökumətlərarası İqtisadi Komissiya yaradılmasından sonra iqtisadi münasibətlərın dinamikasında əsl dönüş  yaranıb və həm ticarət dövriyyəsinin, həm də qarşılıqlı sərmayə qoyuluşlarının həcmi kəskin şəkildə artıbdır. mənbə

Hökumət Komissiyasının birgə tədbirləri və qarşılıqlı iqtisadi anlaşmaların artması davamlı şəkildə mal və sərmayə dövriyyələrinin həcminin də yüksəlməsinə səbəb olub, iqtisadi əlaqələr 2010-cu ildən sonra ən yüksək səviyyəyə çatıb. 2015-ci ildə isə qarşılıqlı mal dövriyyəsinin həcmi 500 milyon dolları ötüb. Belə ki, 2015-ci ildə ticarət dövriyyəsi 561 milyon dollar, 2016-cı ildə 975 milyon dollar, 2017-ci ildə 1 milyard 300 milyon dollar, 2018-ci ildə 1 milyard 310 milyon dollar, 2019 və 2020-ci illərdə 2,1 milyard dollar olub. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,2 milyard dollar təşkil edib. Əvvəlki illərdə ticarət partnyorluğunda əsas tərəf Çin idi, yəni Azərbaycana məhsul ixracında xüsusi paya sahib idi, ancaq son illərdə qarşılıqlı ticarət dövriyyəsində Azərbaycanın Çinə ixracı artmağa başlayıb. (istinad) Müqayisə üçün qeyd edək ki, 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi cəmi 1,5 milyon dolları təşkil edirdi, yəni bugünki günlə müqayisədə əmtəə dövriyyəsinin həcmi 1500 dəfə böyüyüb.  Çinin Cənubi Qafqaz ölkələri ilə ticarət portfelinin 47-48 % Azərbaycanın payına düşür.

Hazırda Çin Azərbaycanın 5 böyük ticarət tərəfdaşından biridir, 4-cü yerdə qərarlaşır. İdxalda isə 3-cü yeri tutur. Çin həm də ölkəmizdə potensial investorlardan hesab edilir. İndiyə qədər ölkəmizə 1 milyard dollara qədər sərmayə yatırıılıb. Öz növbəsində, Azərbaycan bu Asiya-Sakit region ölkəsinə çoxhəcmli investisiya qoyuluşlarında xüsusi paya malikdir, investisiyaların həcmi 1,7 milyard dolları ötməkdədir.

Çin şirkətləri ölkəmizin neft, sənaye, energetika, maliyyə, bank, rabitə, İKT, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrində təmsil olunur və hazırda onların sayı 120-yə yaxındır. Hazırda Azərbaycanın Çindəki Səfirliyində ticarət nümayəndəsi fəaliyyət göstərir, eləcə də Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb. Bu fəaliyyətlər sayəsində iki ölkə arasında həm siyasi təmaslar daha da möhkəmlənir, həm də iqtisadi əməkdaşlığın coğrafiyası və strukturu genişlənir.

Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olub və Bank ölkəmizdə çoxsaylı iqtisadi layihələrə sərmayə yatırıb. Asiya Bankının ən irimiqyaslı sərmayə krediti isə TANAP layihəsinə 600 milyon dollar ayırması olub. Ümumilikdə Asiya İnkişaf  Bankı ötən müddət ərzində Azərbaycana 4 milyard dollar kredit ayırıb. istinad

Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir. Vizanı Azərbaycanın beynəlxalq hava limanlarında əldə etmək olar. Azərbaycan və Çin arasında müntəzəm birbaşa uçuşlar həyata keçirilir.
Çin-Azərbaycan münasibətlərinin humanitar şaxəsi də genişdir. COVID-19 pandemiyası dövründə hər iki ölkə güclü iradə nümayiş etdirərək, bu qlobal bəlaya qarşı mübarizədə həmrəylik nümayiş etdirdi, bir-birini dəstəklədi, Çin əldə etdiyi peyvəndi ilk ölkələrdən biri kimi Azərbaycana təqdim edib.
İki ölkə arasında nəqliyyat-logistika sahəsində də sıx faydalı əməkdaşlıq mövcuddur. Azərbaycan Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşir və bu strateji mövqe ölkəzmiz üçün çoxlu imkanlar yaradır. Azərbaycan Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub və Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı Azərbaycan və Çin arasında “İpək Yolu İqtisadi Kəməri”nin reallaşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb. 

Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb və Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizləri ailəsinin fəal üzvü olan Azərbaycan “Bir kəmər, Bir yol” layihəsinə qoşulduqdan sonra öz nəqliyyat infrastrukturunu tam yeniləyib. Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturlarının şaxələndirilməsi və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi yeni layihələrin yaradılması da “Bir kəmər, bir yol” təşəbbüsünə xidmət edir.
Beləliklə, Orta Dəhliz quruculuğunda çox vacib rol oynayan Azərbaycan Bakı-Tbilisi-Qars və digər nəhəng nəqliyyat-logistika qovşaqlarını istifadəyə hazırlamaqla  “İpək Yolu İqtisadi Kəməri” konsepsiyasının bütün hədəflərini gerçəkləşdirməyə nail olub.

Hesablamalara görə, “Bir kəmər, Bir yol” layihəsi tam işə düşdükdən sonra hazırda il ərzində Xəzər dənizi vasitəsilə 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücü 25-30 milyon tona qədər artırılacaq. Nəticədə Azərbaycan tranzit daşınmalarından böyükhəcmli valyuta gəlirləri əldə edəcəkdir. mənbə
Həmçinin, regionun digər nəhəng polad magistralı olan Bakı-Tbilisi-Qars da “Bir kəmər, Bir yol” layihəsində daşınmlar üçün ən əlverişli və rentabelli qovşaqlardan birinə çevrilməkdədir. 2015-ci ildən etibarən Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gəlib və 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşınmalarının həyata keçirilməsi faktiki olaraq bu dəhlizin fəaliyyətə başladığını təsdiqləyir. 


İmkanlar daha böyükdür, qarşıda Zəngəzur xəritəsi var, Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bu coğrafiyanın logistika xəritəsi də dəyişməkdədir. Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Bu dəhlizinin istifadəyə verilməsi Azərbaycan üzərindən illik olaraq təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Bu isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücündən də böyük trans-logistika mənbəyi deməkdir.

Zəngəzur dəhlizinin “Bir kəmər, bir yol” layihəsinə reinteqrasiyası artıq masadadır və rəsmi Pekin də bu xətti Yei İpək Yolunun əsas həlqələrindən biri hesab edir.

Bu dəhlizin ən strateji xətlərindən biri Naxçıvan ilə quru əlaqələrin bərpası və Naxçıvanın Xəzər-Aralıq dənizini birləşdirən körpüyə çevrilməsidir. Naxçıvanla kommunikasiya sisteminin qurulması İpək yolunun məsafə və yüklərin çatdırılma sürəti baxımından əhəmiyyəti daha üstündür. Naxçıvan yolu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uzunluğundan 1,7 dəfə, təxminən 343 kilometr az olmaqla daşınmaların xərcini və müddətini azaldır və Mərkəzi Asiya və Avropa arasında ən rentabelli körpü rolunu oynaya bilər. Beləliklə, Zəngəzur dəhlizinin “Bir kəmər, bir yol” layihəsinə birləşdirilməsi 30-dan artıq ölkənin mənafeyinə xidmət edir. Zəngəzur dəhlizinin “Bir kəmər, bir yol”la birləşdirilməsi gerçəkliyi Çinin ölkəmizdəki Səfiri ilə Bakıda dövlət rəsmiləri səviyyəsində müzakirə edilib və hədəf  bu nəhəng nəqliyyat arteriyasının çoxşaxəliliyinin təmin edilməsidir. istinad


Bir neçə ay əvvəl ölkəmizdə səfərdə olan Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo ilə görüşdə Baş nazir Əli Əsədov “Şərq-Qərb”, “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq üçün imkanların müzakirə edib. istinad

Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında region ölkələrini bu dəhlizin iqtisadi imkanları barədə məlumatlandıraraq qoşulmağa çağırıb. Sitat:

“Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.

Həmçinin, Azərbaycan İstanbulda keçirilən Avtomobil Nəqliyyatı Assosiasiyaları Birliyinin 38-ci Baş Assambleyasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİTƏT) üzv ölkələrinə Zəngəzur dəhlizinin imkanlarından istifadəni təklif edib. Bu dəhlizin QDİTƏT-ə üzv ölkələrin beynəlxalq yükdaşıma imkanlarının stimullaşdırılması və iqtisadi sərfəliliyi baxımından səmərəliliyi diqqətə çatdırılıb

Xəzəryanı və Avrasiya bölgəsinin əksər ölkələri artıq Zəngəzur dəhlizinin həqiqətən də ən asan, təhlükəsiz, rentabelli və daşınmalar baxımından ucuz və sərfəli olmasını qəbul edirlər. 2021-ci noyabrın 28-də Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin reallığa çevrildiyinə diqqət çəkərək İƏT-ə üzv ölkələrin bu dəhlizdən istifadə edəcəklərinə əminliyini ifadə edib. istinad

Həmin Toplantının yekununda bəyannaməyə imza atan ölkələr Avrasiya regionunda yeni nəqliyyat dəhlizləri üzrə birgə fəaliyyətin əlaqələndirilməsinə razılıqlarını ifadə ediblər. Bu, Mərkəsi Asiya-TranXəzər-Avropa marşrutunun əsas həlqəsinə çevrilən Zəngəzur dəhlizinə qoşulmağa razılığın ifadəsidir.

Zəngəzur dəhlizinə İranın mane olması bəllidir, Tehran Azərbaycan və Türkiyənin birbaşa quru yolu ilə nəqliyyat bağlantısını istəmədiyindən Ermənistanı da tarixi iqtisadi fürsətlərdən məhrum etməyə çalışır. Bu dəhliz, onsuz da gec-tez açılacaq. Ona görə də, Ermənistan məntiqsiz və ağılsız siyasətindən əl çəkərək bu dəhlizin daha tez bir zamanda işə düşməsinə könüllü razılıq verməklə özünün gələcək təhlükəsizliyini və açılan iqtisadi fürsətlərdən qazanacağı faydaları, dividentləri düşünməlidir.

Yeni dövrün əməkdaşlıq proqramında başlıca xətlərdən biri “yaşıl enerji” konseptidir. Azərbaycan hökuməti 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ölkəmizin enerji siyasətində prioritetdir. Dövlət başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” imzaladığı sərəncama əsasən, azad edilmiş ərazilərində “yaşıl enerji” konsepsiyanın və baş planın hazırlanması nəzərdə tutulub.

Bu sahədə planlaşdırılan texnohədəflərin tətbiqi üçün əsas partnyor ölkələrdən biri kimi Çinlə əməkdaşlıq ön planda dayanır. Hazırda Çin bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin istehsalına görə dünya lideridir və bu göstəriciyə görə ən yaxın rəqibi ABŞ-ni 2 dəfə qabaqlayır. Bu ölkədə bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı 1000 giqavatta çatıb ki, bu da ümumi generasiya gücü potensialının 43,5 faizi deməkdir. Çin hökuməti 2030-cu ilədək günəş və külək mənbələrindən 1200 giqavatt enerjiyə çatdırmağı hədəfləyib. Dünya institutlarının hesablamasına görə, yaxın vaxtlarda dünya üzrə bərpa olunan enerji potensialının təxminən 43 faizini Çin təmin edəcək. istinad

Prezident İlham Əliyev Davosda “Yaşıl enerji” konsepsiyasının həyata keçirilməsində Çinlə əməkdaşlığa xüsusi önəm verildiyini bir daha xatırlatdı: Sitat: “Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Beləliklə, biz bu səyləri birləşdirməliyik. Bizim prioritetlərə gəldikdə, bərpaolunan enerji mənbələri bizim üçün indi əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində biz 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Çünki Avropada baş verən yaşıl enerjiyə keçiddən xəbərimiz var. İndi biz yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırırıq.Təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var. Biz ixrac etmək imkanına malik olmaq üçün həm də ötürücü xətlərə də sərmayə yatırmalıyıq, çünki bizim özümüzə bu qədər enerji lazım deyil”.

“Yaşıl enerji” texnosistemində portfelin əsas sütunlarından biri azad edilmiş ərazilərdir. Bu bölgə zəngin bərpaolunan enerji mənbələrinə malikdir, təsdiqlənmiş potensial günəş və külək enerjisi ilə birlikdə təxminən 10.000 MVt-a yaxındır. Azərbaycanın bərpa olunan enerji mənbələrinə tələbat 7.900-8 .000 MVt təşkil edir, yəni azad edilmiş ərazilərin potensialı yerli tələbatı ödəməkdən savayı, həm də ixrac üçün imkan verir. mənbə

Bölgəyə Çin iş adamlarının marağı da az deyil, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bu bölgənin dünya sərmayəçilərinə açılım xəritəsini təqdim etdikdə ilk mesajlardan biri Pekindən gəlib. Zəngilanın Ağalı kəndində inşa olunmuş “Ağıllı kənd” layihəsində tətbiq edilən yeni texnologiyalar, qurulan infrastrukturlarda və hazırlanan alternativ enerji mənbələrində Türkiyə, İtaliya və İsrail şirkətləri ilə yanaşı, Çin şirkətləri də təmsil olunub. Çinin “Huawei” şirkəti hazırda digər rayonlarda da “Ağıllı şəhər və kəndlərin”in yaradılmasında tətbiq edilən texnologiyaların əsas təchizatçılarından biridir. Digər texno-layilərin icrasında da Çin şirkətlərinin və texno-investorların ön planda olması istisna deyil. mənbə

2023-cü il martın 7-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edən Prezident İlham Əliyev Çin şirkətlərinin bərpaolunan enerji sahəsindəki böyük texnoloji imkanlarını nəzərə alaraq işğaldan azad edilmiş ərazilərimizdə aparılan işlərə dəvət edib. mənbə

Çin şirkətlərinin Sənaye Parklarına da marağı böyükdür və Azərbaycan hökuməti 2023-cü il yanvarın 1-dən xarici investorlar üçün vergi-gömrük güzəştləri tətbiq edib, böyük iqtisadi stimullar verib. Bu amillər də çinli iş adamlarının investisiya yatırımları üçün yeni imkanlar, innovativ layihələrdə yaxından iştirakı üçün ən etibarlı dövlət zəmanətidir.
Hazırda dünyanın dövlətlərarası münasibətlərin balansını qorumaq, xarici siyasət kursunda qarşılıqlı dinamikanı saxlamaq olduqca təmkinli və müdrik siyasət yürüdülməsini tələb edir. Çoxvektorlu və praqmatik xarici siyasət kursu həyata keçirən Azərbaycan Prezidenti Cənubi Qafqaz kimi mürəkkəb bir regionda yerləşən Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində mövqeyini gücləndirmək üçün çox ağıllı və çevik, eyni zamanda uzaqgörən siyasətin müəllifi kimi qəbul edilməkdədir. Hazırkı mürəkkəb geosiyasi şəraitdə Şimal-Cənub, Şərq-Qərb, Qafqaz, Xəzər-Qara-Baltik dənizləri hövzələri və Mərkəzi Asiya vektorları üzrə həmahəngliyi təmin etmək, eyni zamanda regional və qlobal xarakterli proseslərin dərin xarakter aldığı xəritədə milli maraq və mənafeləri qorumaq olduqca müdriklik və məharət tələb edir. Bu baxımdan Azərbaycan Cənubi Qafqazın ən güclü aktoru olaraq Qərbin və Şərqin maraq kəsişməsində özünün tarazlı siyasi iradəsini nümayiş etdirir və bu siyasi xətt Çinin də maraqlarına cavab verir. Çin Cənubi Qafqazda Rusiyanın maraqlarına toxunmadan “yumşaq iqtisadi güclə” özünün hakim mövqeyini möhkəmləndirməklə həm də yaranmış siyasi boşluğu da doldurmaqadadır.

Rəsmi Bakı və Pekin bu mürəkkəb dövrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, regional və beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf, mədəni əlaqələrin genişləndirilməsi baxımından həm region dövlətləri, həm də dünya üçün faydalı təşəbbüskarlıqda bərabər niyyət və məramlarla çıxış edir. Prezident İlham Əliyev 2023-cü ilin yanvarın 17-də Davosda Çinin “CGTN” televiziya kanalına müsahibəsində dünyada və regionda yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Çin münasibətlərinin müasir vizyonunu və irəlidə dayanan hədəflərin mesajını verərkən bildirdi ki, 30 il ərzində davam edən siyasi münasibətlər etibarlı təməllər yaradıb. Sitat: “Əməkdaşlığımız üçün tərəfimizdən çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz, həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz, çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq”.

Yekun olaraq Azərbaycan-Çin münasibətlərinin Xülasəsini aşağıdakı kimi xarakterizə etmək mümkündür:

  • ♦ Azərbaycan və Çin qarşılıqlı etimad və dostluq mühiti əsasında uğurlu əməkdaşlığı yeni müstəviyə qaldırmaq əzmindədir. Bu əməkdaşlıq ölkələr arasında tarixən mövcud olan tarixi İpək Yolu sayəsində iqtisadi-ticari əlaqələrin ən yüksək səviyyəyə çatması ilə siyasi münasibətlərin də strateji nöqtəyə çatmasına əlverişli şərait yaratmaqdadır.
  • ♦ Hər iki ölkənin rəhbərləri səviyyəsində səmti yeni əməkdaşlıq portfelinin bütün potensial imkanlarını əlaqələndirməyə, humanitar diplomatiyanı genişləndirməklə qlobal sülhə töhfə verməyə yönəltmişdir. Son 5 ilin geoiqtisadi-tranzit xəritəsi hər iki ölkənin həyata keçirdiyi xarici iqtisadi siyasət kursunun istiqamətlərinin tam şəkildə bir-birini tamamladığını şərtləndirir.
  • ♦ İki ölkə arasında yeni texnokrat təşəbbüslərin artırılması, Azərbaycanda “yaşıl enerji” kosepsiyasının inkişaf etdirilməsi və azad edilmiş ərazilərdə ən son iqtisadi modellərin və texnologiyaların tətbiqində Çin Xalq Respublikasının zəngin  təcrübəsindən istifadəyə üstünlük verilməsi Qarabağ və Şərqi-Zəngəzurun  Çinli iş adamlarına açılımında mühüm rol oynaya bilər.
  • ♦ Azərbaycan və Çin yeni nəqliyyat, enerji və tranzit marşrutlarının yaradılması və şaxələndirilməsi, Şərq-Qərb təhlükəszilik və əməkdaşlıq dəhlizinin formalaşmasımda maraqlı dövlətlər kimi yaxından əməkdaşlıq edərək Zəngəzur dəhlizinin yaradılması fonunda regionda möhkəm dostluq və birlik formatı yaratmaqda qərarlı və iradəlidir. Avrasiya regionu ölkələri üçün strateji əhəmiyyət kəsb edən bu təşəbbüslər Şərqdən Qərbə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, sülh və tərəqqinin artmasına töhfə verməyə xidmət edir.